• cümə axşamı, 18 aprel, 22:25
  • Baku Bakı 21°C

Xaricdə təhsil planlaşdıran abituriyentlər qeyri-müəyyənlik içində - Araşdırma

12.06.20 11:00 7839
Xaricdə təhsil planlaşdıran abituriyentlər qeyri-müəyyənlik içində - Araşdırma
Bəziləri növbəti imtahanları gözləyir, bəziləri isə arzularının reallaşdırılmasını gələn ilə kimi təxirə salmaq məcburiyyətindədirlər
Pandemiyanın ən çox zərər vurduğu sektorlardan biri də təhsildir. Bu il tələbə adını qazanmaq üçün çalışanların daha çox əziyyət çəkdiyini də deyə bilərik. Bu qrupun içərisində isə ən qeyri-müəyyənini seçsək, bu, xaricdə təhsil planlayanlardır. Fərqli ölkələrdə, fərqli şərtləri olan universitetlərdə təhsil planlayanların problemləri, tərəddüdləri, sualları da fərqlidir. Bəs necə olacaq?

Metropol YÖS Kurslarının Azərbaycan şöbəsinin nümayəndəsi Zaur Məmmədzadədeyir ki Türkiyə universitetlərində təhsil almaq istəyənlər stressə girməsinlər: "YÖS imtahanları adətən, aprel-may aylarında olurdu. Bu il isə iyul-avqust, hətta İstanbul Universiteti sentyabr aylarında imtahan edəcəklər. Bu səbəbədən də Türkiyə universitetlərinə hazırlaşan abituriyentlər stressə girməsinlər. Çünki universitetlər imtahanları keçirəcəklər. Düzdür, pandemiyaya görə xarici ölkələrə çıxışlar bağlı olduğu üçün bəzi universitetlər həqiqətən imtahanı ləğv ediblər. Amma bəzi universitetlər avqust ayında - ən vacibi İstanbul Universiteti sentyabr ayında imtahan edəcək. TQDK, YÖS, SAT hətta attestat nəticələri ilə Türkiyə universitetləri tələbə qəbul edəcəklər. Prosesdə bir az ləngimə olacaq. Bu il Türkiyə Ali Təhsil Şurası (Türkiye Yüksek Öğretim Kurumu) da qərar verdi ki, bəzi ölkələrdə diplomların, yəni attestatların verilməsində gecikmələr var. Yəni bu prosesi uzadacaq. Universitetlər oktyabr, noyabr ayında da tələbə qəbul edəcəklər. Hətta attestatını gec alan ölkələrdəki tələbələrin ilk qeydiyyatını alacaq və sənədlərində əskiklik olan tələbələrə qeydiyyatını tamamlamaq üçün dekabrın 20-nə kimi vaxt verəcək”.


Təhsildə normalar dəyişir

Xaricdə təhsilin tədrisdən başqa da müsbət tərəfləri var. Proses davam edərsə, xaricdə alınan distant bakalavr təhsili ənənəvi təhsilin effektini verəcəkmi? Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, onlayn təhsil normal təhsilin yerini verməyəcək: "Görünən odur ki, hazırkı vəziyyətdə insanlar buna məcbur qalacaqlar. Ali təhsilin dərs izahı qismi – mühazirələr onlayna çevrilir. Kembric, Oxford universitetləri gələn il bütün tədris ilini onlayn təhsil vermək qərarına gəlib. Elə görünür ki, tələbələr eksperimantal, təcrübi, laboratoriya işləri üçün universitetə gedəcəklər, mühazirələr üçün yox. Bu isə sosiallaşmanın aradan qalxmasına gətirib çıxaracaq. Universitetdə insanlar sadəcə dərs öyrənmir, dünyagörüşü, mədəniyyət də alır, başqa mədəniyyətlərin qaynaşması həyata keçir. Bunlar onlayn təhsildə olmayacaq. Sırf mövzunun, dərsin öyrənilməsi istiqamətində işlər davam edəcək. Bəlkə norma dediyimiz bu olacaq. Artıq normalar dəyişir. İnsanlar öyrəşəcəklər ki, hansısa təhsili almaq üçün auditoriyaya yığılmağa ehtiyac yoxdur. Bu anlayış insanlarda hakim olacaqmış kimi görsənir. Distant təhsildə məsuliyyətin daha çoxu öyrənənin üzərinə düşür. Cem Yılmaz reklamların birində belə bir ifadə deyir: "Stadion adamı oynadır”. Yəni stadion o qədər gözəldir ki, insanı oynamağa sövq edir. Bəzi universitetlərin həqiqətən də belə bir klassik ənənəsi var idi ki, insanı oxumağa, öyrənməyə, araşdırmağa sövq edirdi. Elə bir şey olmadığı üçün bizim mədəni kodlarımızda bir kitab oxuma, kitabın içərisində dalıb getmə var. Kompüter, telefon, planşet ekranında bunların klassik ənənənin yerini nə dərəcədə verəcəyi qeyri-müəyyəndir. Ona görə düşünmürəm ki, sırf onlayn ənənəvi təhsilin yerini verəcək. Ancaq təhsilin qarışdırılmış növü sanki artıq qaçılmaz durumdur”.

Qeyri-müəyyənlik olsa da, xaricdə təhsil istək və arzularının arxasınca getməkdə qərarlı olan gənclər çoxdur. Onlara bu yolda uğurlar arzulayırıq.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər