Vyetnamda müəllim işləyən azərbaycanlı ailə - Soydaş

Sakit Abdullayev: "Cibimizdə pulumuz olsaydı,
gəldiyimiz gün geri qayıdardıq”
Nərmin Musazadə: "Burda uşaq müəllimi sevmədisə, onu
bir aya işdən çıxarırlar”
6 aydan
sonra işləməyə getdikləri ölkəyə alışıblar. Deyirlər ki, əgər, ciblərində
pulları olsaydı, dərhal təyyarəyə minib geri qayıdardılar. Amma həm də
bildirirlər ki, geri qayıtmaq hissi qısamüddətlidir, tez gəlib keçir.
Gələcəkləri üçün bir az da orda qalıb işləməyi planlayırlar. "Soydaş” rubrikamızın budəfəki
qonaqları Vyetnamda yaşayan həmyerlilərimiz Sakit Abdullayev və həyat yoldaşı Nərmin Musazadədir.
İlk olaraq
cütlüyümüz haqqında məlumat verək. Hər ikisi Gəncədə doğulub və ali təhsilini
ingilis dili üzrə alıb. Bir müddət Türkiyədə müəllim kimi işlədikdən sonra
Vyetnama gediblər və 2 ildən çoxdur ki, orada yaşayırlar.
- Necə oldu xaricə getmək, xüsusilə də Asiya
ölkələrindən birində işləmək qərarına gəldiniz?
Sakit: Düzü,
universitet vaxtından bu fikirdə idik. Həmin dövrdə müxtəlif təqaüd
proqramlarına müraciət edirdik, amma ya seçilmirdik, ya da tam təqaüd ala
bilmirdik. Özümüzü inkişaf etdirmək üçün uzunmüddətli xarici təcrübə almaqda
qərarlı idik. İlk getdiyimiz ölkə Türkiyədə İstanbul şəhəri oldu. Gedəndə
gördük ki, Azərbaycanla Türkiyə arasında elə də ciddi fərq yoxdur. Biz isə daha
fərqli bir mühitdə yaşamağı düşünürdük. Yəni nə qədər ki gəncik, həyatın daha
fərqli üzlərini görmək istəyirdik. Ona görə, qərara gəldik ki, Asiyaya üz
tutaq. 2 ildən çoxdur ki, burdayıq. Deyə bilərəm ki, burada həyat tamamilə
fərqlidir. Bu müddət ərzində yaşadıqlarıma və gördüklərimə əsasən deyirəm ki,
hər kəs, xüsusən də Qərbdə yaşayan biri mütləq Asiyanı görməlidir.
Nərmin: Əslində,
bu sualı dostlarımız da verir (gülür). Avropa ölkələri demək olar ki, eynidir.
Yəni həmin ölkələrin 60-70 faizi eyni mədəniyyətə, düşüncəyə sahibdir. Amma
Asiya istər mədəniyyət, istər təhsil, insanlara yanaşma baxımından fərqlidir.
Ona görə, qərara gəldik ki, Asiya ölkələrindən birini seçək. Çinin əhalisi çox
idi, bu da bizi bir az qorxutdu. Tailand, Yaponiya, Koreyanı seçməməyimizə bəzi
nüanslar səbəb oldu. Vyetnam bizim üçün ideal variant idi. Həm də uzun müddət
burada qalan bir tanışımız var idi, onun da bizə çox dəstəyi oldu. Getdiyin
ölkədə tanış birinin olması böyük üstünlükdür.

- Vyetnam maraqlı ölkədir?
Sakit: Bəli,
amma bəzi nüanslar var ki, onlar hamı üçün maraqlı olmaya bilər. Məsələn,
rahatlığı sevən, tənbəl insanlar üçün maraqlı deyil. Hətta, deyərdim ki,
qarabasma kimi bir yerdir. Vyetnama gələn, buradakı şəraitə, mühitə dözməlidir.
Yəni dözmək deyəndə, ən əsas məsələ havadır. Burada hava həddindən artıq isti
və kirli olur. Digər problem isə nəqliyyatdır. Bu ölkədə bəlli bir nəqliyyat
sistemi, qayda-qanun yoxdur. İstənilən an hər şey edə bilərlər. Məsələn, bir
motosikletdə iki nəfərin oturmağı mümkündürsə, Vyetnamda 7 nəfərin oturduğunu,
bir ailənin bir motosikletdə toya getdiyini, bir motosikletin üstündə başqa bir
motosikletin olduğunu görə bilərsiniz. Həmçinin burada qırmızı və ya yaşıl işıq
söhbəti yoxdur. Belə danışmağım, insanlarda Vyetnam haqqında mənfi fikirlər
yarada bilər, amma yox, maraqlı tərəfləri də var. Bu danışdıqlarım sadəcə,
gördüyümüz fərqliliklərdir. Çünki biz əvvəl yaşadığımız cəmiyyətdə bunu görməmişik.
İki ildir ki, burdayıq və sadaladıqlarım bizə adi gəlir.
- Təyyarədən düşdükdən sonra ilk təəssüratlarınız
necə oldu, Vyetnam sizi necə qarşıladı?
Nərmin:Oy, icazənizlə onu mən danışım. Demək təyyarədən düşdük, sənəd işlərini
həll etdik. Qapıdan çıxanda üzümüzə nəmli, isti külək necə vurdusa, Sakitlə
bir-birimizə baxıb hara gəldiyimizi düşündük (gülür). Elə bil bizi qaynar
hamama atdılar. Nəfəs almaq mümkün deyil. Düşünün, evə gəlmişik kondisioneri
qoşublar, yenə də dəhşət istidir. Biz iyul ayında gəlmişdik və həmin dövr də
Asiya, xüsusilə də Vyetnam üçün ən isti vaxtlardır. Nəqliyyatı ilə bağlı da ilk
təəssüratımız yaxşı olmadı. Düzdür, bizə deyilmişdi, amma bu qədərini təsəvvür
etmirdik. Burada əsas nəqliyyat vasitəsi motosiklet və velosipeddir. Avtobus
var, lakin yox kimidir. Demək olar ki, hər ailənin motosikleti var. Biz gəzməyi
çox sevirik, amma burada gəzməyə yer yoxdur.
- Bu qədər çətinlikdən danışırsınız, heç qayıtmağı
düşünübsünüz?
Nərmin: Hər gün
(gülür). Hər səhər tezdən "qayıdaq” deyirik. Amma bir neçə saniyə sonra
fikrimizi dəyişirik ki, yox, gələcəyimiz üçün bir az daha qalmalıyıq.
Sakit: Tam səmimi
deyirəm, cibimizdə qayıtmaq üçün pulumuz olsaydı, elə gəldiyimiz gün qayıdardıq
(gülür). Amma gördüyünüz kimi, 2 ildir ki, burdayıq. Əslində, bu qayıtmaq hissi
qısamüddətlidir, gəlib, keçir. Çünki düşünəndə, görürsən ki, sənin əlində böyük
şans var. Buradan bəzi Asiya ölkələrinə çox ucuz səyahətə edə bilirik.

- Bir az Vyetnamın müsbət tərəflərindən danışaq.
Nərmin: Əlbəttə, müsbət
tərəfləri də çoxdur. Məsələn, insanları çox mehribandır. Burada gender
bərabərliyi əsasdır. Hətta, deyərdim bəzi ölkələrdən fərqli olaraq, qadın daha
üstün tutulur. Heç bir ayrı-seçkilik qoyulmur. Burada sürücü, tikintidə fəhlə
kimi işləyən xanımlar görə bilərsiniz. İdarəçilik daha çox qadınlardadır.
Sakit: (Gülür)təbii ki, o qədər də deyil. Patriarxal cəmiyyətdir, kişilərin hegemonluğu burda
da var, amma bu, kağız üzərindədir. Qısa olaraq izah edim ki, Vyetnamda aparıcı
işçi qüvvəsi xanımlardır. Məsələn, evdəki münasibətlərdə, pulun idarəsində belə,
əsas qüvvə qadındır. Yəni kişinin qazandığı pulu qadına verməsi, sonra ondan
xərclik kimi gündəlik pul alması normal qarşılanır.
- Yeni ölkə, fərqli dad, başqa bir dil deməkdir. Bu
fərqliliklərə uyğunlaşma müddəti nə qədər oldu?
Nərmin: Adaptasiya
dönəmi təxminən 6 ay oldu. 6 aydan sonra yeməklərə də, havaya da alışdıq.
Yeməkləri çox dadlıdır. Sonra yavaş-yavaş ərzaqlarının adını öyrəndik. O barədə
problem olmadı, amma gigiyenik baxımdan bir az güvənli deyillər.
Sakit: Burada
dilə alışmağımız bir az çətin oldu. İlk vaxtlar kommunikasiyada çətinlik
yaşadıq. Bununla bağlı başımıza o qədər maraqlı hadisələr gəlib. Onu qeyd edim
ki, burada ananas çox ucuzdur. Həm dadını əvvəldən bilirdik, həm də qiyməti münasib
idi, ona görə, ananas yeməyə, şirəsini içməyə üstünlük verirdik. Bu söz Vyetnam
dilində "za” demək idi. Amma burada dilin 6 fərqli tonu var. Yəni bir sözü
müxtəlif tonlarda deyəndə başqa mənaları olur. "Za” sözü də səsləndirməyə görə
həm qarpız, həm ananas, həm də kokos deməkdir. Bir gün kafeyə getdik və "za”,
yəni ananas sifariş verdik. Bizə qarpız gətirdilər, onu qaytardıq. Yanlış
tələffüz etdiyimizi düşünüb, sözü fərqli tonda uzadaraq "zaaa” dedik. Onda da
kokos gətirdilər, onu da istəmədik. Sonra birtəhər internetdən ananasın şəklini
tapıb göstərdikdən sonra ofisiant anladı və "hə, zıa” dedi. Yəni bizim üçün
fərqi olmayan bu iki hərfdən ibarət söz onlarda fərqli tonlarda müxtəlif
mənalar kəsb edir.
- Vyetnamlılarda hansı fərqli adət-ənənəni müşahidə
edibsiniz?
Sakit: Adət yox,
amma qəribə inancları var. Məsələn, bu xalq 13, 14 rəqəminin uğursuz olduğunu
düşünür. Liftlərdə belə 13 rəqəmi yoxdur. Hazırda bizim qaldığımız mərtəbə 12-B
adlanır. 12-dən sonra 13, 14 yoxdur. 12-B, 12-A var. Bir də ən çox güldüyüm,
heç cür tolerant yanaşa bilmədiyim digər inancları isə xanımların 26 yaşında
evlənməməkləridir. Yəni bir xanım 25, 27 yaşında evlənə bilər, amma 26-da yox.
Həmin yaşda evlənməyi çox böyük uğursuzluq hesab edirlər.
Nərmin: Ümumiyyətlə,
rəqəmlərə qarşı xüsusi həssaslıqları var. Telefon və ya maşına nömrə alanda
rəqəmlərə ciddi fikir verirlər. 3 olmamalıdır, 0 və 8-i çox sevirlər. Digər
inancları isə Yeni ilin 3-cü günü etdikləridir. Belə ki, həmin gün ibadət
yerlərinə gedib yeni ilin onlara uğur və sevinc gətirməsini arzu edirlər və nə
isə əşya yandırırlar. Bir əşyanın saxtasını yandırmaqla, onun əslinin özlərinə
qayıdacağına inanırlar. Məsələn, saxta pul, kompüter, telefon yandırırlar.
Təsəvvür edin, həmin dövrdə hər yerdən yanıq iyi gəlir (gülür). Yəni bu adət
kimidir deyə, yandırılan əşyaların saxtasını satan xüsusi mağazalar var.

- Maraqlıdır, vyetnamlıların gəlmələrə münasibət
necədir?
Nərmin: Mərkəzdə
münasibət normaldır, amma bir az kənar bölgələrdə özünüzü məşhur ulduz kimi
hiss edə bilərsiniz. Əgər dərinizin rəngi ağdırsa, saçınız sarıdırsa, asiyalı
görünüşünə sahib deyilsinizsə, onlar üçün fərqlisiniz. Onların gözündə çox
möhtəşəm görünürsənsə, sənə gözəl, yaraşıqlı olduğunu deməkdən çəkinmirlər. Çox
mehriban münasibət göstərirlər.
Sakit: Burada heç
vaxt xaricdə olmayan, özlərindən fərqli birini görməyənlər, hətta, yaxınlaşıb
sənə toxunmaq istəyirlər. Asiyalılarda tük az və ya heç olmadığından, qolunda
tükü olan adama yaxınlaşıb əl vururlar. Bunu, xüsusən, uşaqlar edir. Çünki
bizim görünüşümüz onlara maraqlı gəlir.
- Bir az oradakı işinizdən danışaq.
Sakit: Burada
ingilis dili dövlətin qəbul etdiyi proqramla bütün orta məktəblərdə məcburi
şəkildə xarici müəllimlər tərəfindən tədris edilir. Ondan əlavə də özəl təhsil
mərkəzləri var. Bu ölkəyə gələn birinin iki seçimi olur. Ya özəl bağçalarda,
məktəblərdə, ya da dövlətə məxsus təhsil ocaqlarında dərs deyir. Mən hazırda
orta məktəbdə dərs deyirəm. Vyetnamlılar
üçün Avropa dilini öyrənmək çox çətin olur. 11 il məktəb oxumuş biri ən sadə
sözləri belə bilmir. Azərbaycanda ingilis dilindən hazırlığa gedən uşaq bir
neçə aya müəyyən səviyyəyə qədər yüksələ bilir, amma burda uşaqlar çox zəifdir.
Uşaqların belə zəif olması təhsil sistemindən asılıdır.
- Təhsil sistemi necədir?
Sakit: Burada
təhsil sistemi çox fərqlidir, dəyişkəndir. Bəzən il ərzində iki dəfə dəyişir.
Məsələn, siz imtahana hazırlaşırsınız və bir ay qalmış hər şey dəyişə bilər.
Hazırda Vyetnam təhsil sahəsində ən yaxşı sistemi qurmağa çalışır, buna görə də,
istədiyini əldə etmək üçün bütün mümkün sistemləri təcrübədən keçirdir.
Nərmin: Vyetnamda
heç vaxt sinfə irib deyə bilməzsən ki, kitabları açın, filan səhifəni oxuyaq.
Dərsi uşağa müxtəlif oyunlarla, əyləncəli yolla öyrətməlisən. Əks təqdirdə
uşaqlar səni sevməzlər. Burda uşaq müəllimi sevmədisə, onu bir aya işdən
çıxarırlar. İngilis dilini öyrənməyə çox önəm verirlər. Mən bağçada işləyirəm
və ora bəzən çox balaca uşaqları gətirirlər ki, ingilis dilini öyrənsin. Hətta,
elə olur ki, uşaqlar dil açanda ilk sözləri vyetnamca yox, ingiliscə olur.
- Gələcək planlarınız nədir?
Sakit: Böyük
ehtimalla, 1-2 il burada qalacağıq. Daha sonra isə Avropa ölkələrindən birində
təhsilimizi davam etdirməyi düşünürük və təhsil ala-ala işləməyi planlayırıq.
- Bəs, ölkəyə qayıtmağı düşünmürsünüz?
Sakit: (Gülür).
Bu, bizim hansı şərtlərlə dəvət olunacağımızdan asılıdır. Yəni bu, tək bizə aid
deyil. Hazırda ölkəmizdən kənarda böyük işlər görən, yüksək səviyyədə təhsil
alan gənclərimiz var. Bu kimi şəxslərin ölkəyə qayıtması, öyrəndiklərini
gənclərlə bölüşməsi üçün ortada çox yaxşı motivasiya mənbəyi olmalıdır.
Günel
Azadə




