AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətəndaş məmnunluğu yüksək səviyyədə təmin olunur

Vətəndaş məmnunluğu yüksək səviyyədə təmin olunur

Cəmiyyət
23 May 2020, 11:00 169
"Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açan DOST mərkəzlərinin yaradılması buna əyani  nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev yeni açılan DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə Dost mərkəzlərinin yaradılmasını çox gözəl sosial təşəbbüs kimi dəyərləndirib”.
 
Bu fikirləri yap.org.az-a Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov  bildirib ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi idarəetmənin optimallaşdırılmasına, vətəndaşlara göstərilən sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasına, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Millət vəkilinin sözlərinə görə, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır: "Respublikamızda ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib. "Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib. DOST mərkəzlərində vətəndaşlara 130-dan çox xidmət göstərilir”.

YAP İdarə Heyətinin üzvü  deyib ki, DOST mərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir: "Bu, Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır. DOST mərkəzlərində müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasını şərtləndirir”.