• cümə, 26 Aprel, 08:48
  • Baku Bakı 12°C

Velosiped yarışlarının yeni ünvanı: BMX veloparkı

22.05.15 07:26 3596
Velosiped yarışlarının yeni ünvanı: BMX veloparkı
I Avropa Oyunları zamanı 20 ölkədən 49 idmançı bu məkanda medallar uğrunda mübarizə aparacaq
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır. Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin icadına ehtiyac yaranması ilə stimullaşıb və 1842-ci ildə müasir görünüşlü velosipedlər ortaya çıxıb. İlk velosiped yarışı isə 1819-cu ildə İsveçdə keçirilib. Almaniyada da 1829-cu ildə belə yarışın baş tutmasından sonra Avropa ölkələrinin əksəriyyətində bu idman növü üzrə yarışlar keçirilməyə başlanılıb. 1893-cü ildən başlayaraq velosiped idmanı üzrə dünya, Avropa və digər yarışları keçirilib. Sonradan velosiped yarışları ilk Olimpiya Oyunları proqramına da daxil olunub. Hazırda velosiped idmanında şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var.
Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayır. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha irimiqyaslı velosiped yarışlarının keçirilməsi isə ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında Avropada olduğu kimi, 4 ildən bir spartakiadalar keçirilməyə başlanılıb. Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunub. 1950-ci illərdən başlayaraq, Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunub. Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayıblar.
1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilib. 1990-cı illərdən etibarən Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatlarında iştirak ediblər. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması, 1996-cı ildə ölkəmizin müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılması idmanın bütün sahələrində olduğu kimi, velosiped idman növünün də inkişafına səbəb olub.
Ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra isə Azərbaycanda Olimpiya hərəkatı daha sürətlə inkişaf etməyə başlayıb. Milli Olimpiya Komitəsinə uğurla rəhbərlik edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə MOK-un təşkilati və quruculuq işləri sürətlə inkişaf edib. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq, idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) yaradılıb. Bu federasiyanın sistemli fəaliyyəti, velosipedçilərimizin əzmkarlığı sayəsində son illərdə Azərbaycan idmanının bu növünün tarixinə də şanlı səhifələr yazılıb. Bu tempi saxlamaq, gələcəkdə yeni-yeni uğurlara imza atmaq, Azərbaycanda velosiped idmanı növünü daha da inkişaf etdirmək üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirilib, AzVİF-in veloparkı tədricən yeniləşdirilib. Bütün bunlar sayəsində Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə başlanılıb.
Azərbaycanda velosiped idmanına marağın böyük olması, həmçinin Bakıda reallaşacaq I Avropa Oyunları çərçivəsində velosiped idmanı yarışlarının da keçiriləcəyi səbəbindən bu günlərdə paytaxt ərazisində yeni velopark istifadəyə verilib. Qeyd edək ki, bu veloparkın yerləşdiyi ərazidəki park da 1970-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. Lakin 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi AzVİF-ə təhkim edilib. Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində I Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı inşa edilib.
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə bu günlərdə bir neçə idman obyektinə, o cümlədən yeni velopark ərazisinə də mediatur təşkil olundu. Veloparkın baş meneceri Umar İkram idman obyekti barədə jurnalistlərə ətraflı məlumat verərək dedi ki, sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub. Sahəsi 6700 kvadratmetr olan meydança, burada görülən işlər Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri də yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Baş menecer Umar İkram burada keçirilən yarışların özəlliyi, onların tarixi barədə də qısa arayış verərək bildirdi ki, dünya idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə edən və maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür. Ötən əsrin 70-ci illərində əsası qoyulan bu idman növü indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.
U.İkram BMX veloparkın Azərbaycan üçün tamamilə yeni bir məkan, bu idman növü üzrə yarışların da yenilik olduğunu qeyd etdi. O, I Avropa Oyunları başa çatdıqdan sonra sözügedən məkanın Azərbaycan vətəndaşlarının istifadəsinə açıq olacağını söylədi. Onu da əlavə etdi ki, iyunun 26-dan 28-nə kimi davam edəcək yarışlar zamanı burada 20 ölkədən 49 idmançı öz məharətini göstərəcək. Qadın və kişi velosipedçilər 2 dəst, yəni 2 qızıl, 2 gümüş və 2 bürünc medal uğrunda mübarizə aparacaqlar: “Velosiped idmanının BMX növündə BMX tipli velosipedlərdən istifadə olunur. Qaydalara görə, bu cür yarışlar torpaq yolda keçirilməlidir. Start 1,5 metrdən 4 metrədək hündürlükdə olan yamacdan verilir və bir qayda olaraq dörd düz, üç əyri hissədən ibarət yolda müxtəlif maneələr yerləşdirilir. Bunlar “stol”, ikiqat tramplin, üçqat tramplin, “pilləkən”, dalğalar və sair ola bilər. Yürüşdə eyni vaxtda səkkiz idmançı iştirak edir. I Avropa Oyunları zamanı Bakıda keçiriləcək bu növ yarışlarda da müxtəlif yollar nəzərdə tutulub. Bu zaman istifadə olunacaq maksimum hündürlük 8 metr nəzərdə tutulub. Yarış zolağının ümumilikdə uzunluğu 350 metr təşkil edir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər