“Uğurumun sirri yalnız işləməkdir”- Uğur hekayəsi

İşdən
qorxmur. Deyir ki, əgər hansısa bir işi görməlidirsə, saatına baxmadan, hətta
evdə də işləyir. Hətta bacaracağı bir işi görmək üçün tapşırıq verilməsini də
gözləmir. Uğurun sirri də ona görə yalnız və yalnız işləməkdir. Müsahibimiz 25
yaşında Azərbaycan Dövlət Pedaqoji Universitetinin inzibati təsərrüfat işləri
üzrə prorektoru təyin edilən Ümid Mehdiyevdir.Məlumat
üçün qeyd edək ki, Ümid Mehdiyev 1991-ci il avqustun 10-da Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunda dünyaya gəlib. 3 yaşı olanda ailəsi Moskvaya
köçür. Buna görə də orta təhsilini 6-cı sinfə qədər orda alır. Sonra ailəsi
Bakıya qayıdır və o təhsilini N.Nərimanov rayonunda 258 saylı məktəbdə davam
etdirir. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetlində
inkişaf edən texnologiyaların iqtisadiyyata tətbiqi
ixtisasında alır. Magistr təhsilini Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə
Böyük Britaniyanın Liverpul Universitetində davam etdirib.
- Yeni təyin olunmusunuz, təbrik edirik. İşləriniz
necə gedir?
- Təşəkkür
edirəm. Düzü, təyinat imtahan ərəfəsində oldu deyə, bir az gərginlik varıydı.
Amma işə tam uyğunlaşmağa çalışıram. Kollektiv də bunun üçün mənə böyük kömək göstərir.
İşləri normal qaydada görməyə, imtahanda, tədrisdə hansısa arakəsmə, maneələr
olmamasına çalışırıq.

- Əvvəllər bizdə nəinki prorektorlar, dekanlar, hətta
müavinləri belə müəyyən bir yaşa çatmış, illərin təcrübəsini qazanmış şəxslər
olurdular. Amma artıq gənclərin təyinatı ilə bağlı xəbərləri tez-tez eşitməyə
başlayırıq. Əvvəlki yanaşma ilə desək, indiki işiniz yaşınıza görə çətin deyil
ki?
- Hər
bir işə yeni başlayanda müəyyən çətinlik ola bilər. Buna çətinlik də yox,
kollektivə tam uyğunlaşma mərhələsi deyərdim. Amma sağ olsun burdakı kollektiv
həmin mərhələnin bir neçə gündən çox olmasına qoymadı. Yaşlı və ya gənc
olmasından asılı olmayaraq, kadrın özündən, bacarığından çox şey asılıdır.
Düzdür, əvvəl siz dediyiniz o stereotip varıydı. Amma indi ölkədə islahatlar
gedir, həmin stereotiplər də yavaş-yavaş aradan qalxır. Təhsil nazirimiz özü də
37 yaşında təyin olunmuşdu. Ən cavan nazir idi. Azər İmanquliyev isə 31 yaşında
Bakı Mühəndislik Universitetinə prorektor təyin olunub. Kadrların cavanlaşdırılması
siyasəti gedir. Bu, zamanla öz töhfəsini verəcək. Gənc kadr olaraq biz də öz
bacarığımızı əsirgəməyərək, əlimizdən gələni edəcəyik ki, çalışdığımız sahədə
irəliləyişə nail olaq.
- Təyinat olanda "birdən bacarmaram” kimi içinizdə
qorxu yaşadınızmı?
-
Qorxusuz insan olmur. Amma yenə də məni bu yerə layiq görüblərsə, ən əsası, bu
etimadı göstəriblərsə, iş görmək lazımdır. Bizdən qorxu yox, iş tələb edirlər.
Ona görə qorxunu kənara qoyub işə başladım. Qorxu hissi də bir az məsuliyyətdən
doğur, məsuliyyət isə hər bir işdə olmalıdır.

- Qeyd etdiniz ki, uyğunlaşmaq çətin olmadı. Nə qədər
vaxtdır bu universitetdə çalışırsınız?
- Ötən
il avqustun 1-dən burda çalışıram. Əvvəl rektorun köməkçisi idim.
- Universitetdən əvvəlki iş təcrübənizdən danışaq.
Gənc yaşda belə bir təyinatdan öncəki təcrübə də maraqlıdır...
-
Ümumilikdə iş təcrübəm 2010-cu ildən başlayıb. Universitetdə oxuya-oxuya
yarımştat Amerikanın LT Scientific şirkətinin Bakı filialında çalışırdım. Yenə
də təhsil, elm sahəsində işləyirdim. Həmin şirkət universitetləri, elmi
institutları laboratoriyalarla və digər avadanlıqlarla təchiz edirdi. 4 ilə
yaxın orda təchizat mütəxəssisi işləmişəm. Sonra 7 ay ofis adminstratoru işləmişəm.
Sonra artıq magistr təhsili üçün xaricə getdim. ADPU-ya gəlməmişdən əvvəl isə 4
ay Silk Way Technicsşirkətində təchizat logistika departamentində inventarın
baş koordinatoru işləmişəm.

- İş təcrübəniz əslində az deyil, amma nədənsə
adama elə gəlir ki, hər şey bir az sürətli gedib...
- Təvazökarlıqdan
uzaq olmasın, amma mən evdə də işləyirəm. Özümü iş saatında işləmək kimi bir
rejimə kökləməmişəm də. İş varsa, mən onu saata baxmadan görəcəyəm.
- İşləməkdən qorxan insan deyilsiniz, yəni?
- İş
varsa, onu yarımçıq qoymağı, yola verməyi sevmirəm. İş görülürsə, məsuliyyətlə
yanaşıram ki, sabah problemi olmasın.

- Universitetdə oxuyan tələbələrdən bir neçəsindən
maraqlandım. Deyirlər ki, məsuliyyətli adamdır. Prorektor olmamışdan öncə hansısa
xırda bir iş üçün gedəndə zəng etmirdi, özü durub birbaşa bizimlə gedib həll
etməyə çalışırdı...
- Tələbələrə
yanaşma məsələsi var. Mən özüm də tələbə olmuşam. Əvvəllər hər yerdə tələbələrə
qarşı müəyyən stereotiplər varıydı. İdarəedici heyət dəyişdikcə bu problemlər
aradan qalxır. Amma yenə də bəzi müəllimlərim tələbələrlə münasibətində SSRİ
dövründən qalma yanaşmalar olur. Tələbə isə yetkin insandır, öhdəlikləri ilə
yanaşı hüquqları var. Bəzən tələbə ilə müəllim arasında xırda problemlər olur.
Tələbələrin öz problemləri olduğu üçün bir az emosional yanaşırlar. Mən də az
qala tələbələr yaşdayam, ona görə çalışıram ki, elə şəkildə kömək edim ki, hər
iki tərəf razılığa gəlsinlər.
- İş rejiminiz necədir? Çünki bayaq qeyd etdiniz ki
evdə də işləyirəm...
-
Düşünürəm ki, rəhbər hələ işdədirsə, iş saatı bitsə belə, mənim evə getməyim
düz alınmır. Çünki rəhbər burdadırsa, deməli, iş görülür və mən hər an lazım
ola bilərəm. İş varsa, rektor gedəndən sonra da qalıb işləyirəm, rəhbər gedəndən
sonra çıxmıram (gülür A.A). Bizdə iş səhər 9.00-da başlasa da, mən 15-20 dəqiqə
əvvəl gəlib, universiteti gəzirəm, problem və ya çatışmazlıq olub-olmaması ilə maraqlanıram.

- Dəyişikliyə, yeniliyə nə dərəcə meyilli insansız?
- Bizdə
adətən hansısa yeniliyi gözləyəndə düşünürlər ki, "dəyişin” deməklə yenilənir.
Amma bu, elə olmur. Dəyişiklik tədricən olur. Ola bilər işləri görən adam özü
fikir vermir, dəyişikliyi görmür, amma kənardan bu görünür. Dəyişiklik heç nədən
ortaya çıxmır, edəndə də gərək elə edəsən ki, sonra problemi çıxmasın. Planlı
olaraq hansısa bir işin görülməsi, yenilənməsi aparılmalıdır. Bütün aspektlər nəzərə
alınmalıdır. Etmək istədiyim yeniliklər çoxdur, amma bunun üçün mənə vaxt
lazımdır.
- Plan məsələsini vurğuladınız. Bir çox insanlar müəyyən
bir plan tərtib edirlər və karyeralarında, işlərində onu tətbiq edirlər. Siz də
planla işləyirsiniz?
- Ümumi
götürəndə strateji və taktiki yanaşma var. Strateji daha uzunmüddətli, təxminən
3-5 ilə hesablanır. Strategiya elə qurulmalıdır ki, həmin müddətdə iş mükəmməl
şəkildə icra olunsun. Taktiki plan isə hansısa işin qısa müddətli dövrdə
icrasını nəzərdə tutur. Tutaq ki taktiki olaraq adam özü üçün müəyyən bir plan
qurur ki, həyətin abadlaşmasını 3-4 aya görəcək. Ümumilikdə götürəndə
universitetdə tam istədiyim imicin qurulması, fikirləşdiyim işləri görmək üçün
mənə 3 il lazım olacaq. Zamanlara görə bölmüşəm ki, hansı dövrdə hansı işləri
görəcəyəm.

- Bu universitetdə təhsil alanların çoxu
xanımlardır. Xanımlarla dil tapmağın isə çətin olduğunu deyirlər. Bu cəhətdən
probleminiz olmur ki?
- (Gülür
A.A) İndiki işimdə xanımlarla elə təmasım olmur. Amma əvvəl rektorun köməkçisi
olanda olurdu. Adətən xanımla xanımın yola getməsi çətin olur. Amma onlar tələbədirlər,
mən də tələbə olmuşam, problemlərini anlayıram. Bu, sadəcə işdir və həmişə
çalışmışıq ki, məsuliyyətlə yanaşıb kömək edək. Qadınlar daha emosional olur. Məsələn,
müəllimlərlə problemləri olanda müəllimə zəng vurmaqla onları yola salsaq, dil
tapmaqda problem olardı. Amma durub özüm gedirdim ki, xanım bu işə diqqətli
yanaşma olduğunu hiss etsin.

- Yaşınız və olduğunuz yerə görə sizi uğurlu
adlandırmaq olar?
- Etimad
göstərib bu yerə təyin edənlərə təşəkkürümü bildirirəm. Mənə həvalə edilən
hazırkı işin öhdəsindən lazımınca gəlsəm və hiss olunacaq dəyişikliklərə nail
olsaq, bunu uğur adlandırmaq olar. Hazırda bu yaşım üçün olduğum yer uğurdur.
Bu yaşda bu yerdə olmaq böyük etimaddır, qürurvericidir, amma həm də böyük məsuliyyətdir.
Bu məsuliyyəti uğurla başa çatdırmaq üçün iş görmək lazımdır. Yalnız ondan
sonra karyeramda uğurun davam etdiyini demək olar. Karyeram indiyə qədər uğurla
davam edir. Bundan sonrasını gətirmək üçün də çalışmalıyam.
- Uğurlu insan sizə görə kimdir?
- Uğur
haqqında hər kəsin öz fikri ola bilər. Mənə görə ailəmin hansısa nailiyyətimə
sevinməsi mənim üçün uğurdur. İş görərkən prinsipim hansısa vəzifə olmayıb. Mən
bu prinsipi qəbul edirəm ki, işini görəndən sonra insanlar onu qiymətləndirəcəklər.
Lazım gəldikdə rəhbər şəxslər sizi irəli çəkəcəklər. Özünü göstərmək, yaxud
başqa nə iləsə gözə girmək mənlik deyil. Başımı aşağı salıb işimi görmüşəm, vəzifə
xatirinə çalışmamışam.

- Uğurunuzun sirri də işə bu cür yanaşmanızdır?
- Bəli,
mən heç kimdən nə vəzifə gözləmişəm, nə də görə biləcəyim işi etmək üçün
tapşırıq verilməyini. Əgər universitetdə hansısa bir problem varsa, mənim sahəmə
aidiyyəti olmasa belə, əgər bacarıramsa, o işi görmək üçün tapşırıq verilməsini
gözləmirəm. Uğurumun sirri yalnız işləməkdir.
Aygün
Asimqızı
