• cümə, 19 Aprel, 22:24
  • Baku Bakı 24°C

Uğuru şəxsi keyfiyyətlər və qazandığın nailiyyətlər gətirir- Uğur hekayəsi

01.06.18 09:00 14979
Uğuru şəxsi keyfiyyətlər və qazandığın nailiyyətlər gətirir- Uğur hekayəsi
Aristotelin prinsipi ilə hərəkət edir. Deyir ki, ən xəsis adam olmaq da arzu olunan deyil, ən əliaçıq da. Ona görə uğurun sirri məhz qızıl ortanı tapa bilməkdir. Xoşbəxt olmaq üçün insan çox ciddi, rasional şəkildə düşünməlidir. Əgər düzgün düşünə bilirsənsə, düzgün qərarlar verəcək və xoşbəxt olacaqsan.

Müsahibimiz İtaliyanın Florensiya şəhərində yerləşən Avropa İttifaqının sosial və humanitar elmlər üzrə tədqiqat mərkəzi sayılan Avropa Universiteti tədqiqat institutunda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun baş müəllimi, həmçinin Lille Universiteti hüquq fakültəsinin hüquq və fəlsəfə üzrə qonaq professoru Rəşad İbadovdur.

Gəncədə, müəllim ailəsində dünyaya gəlib. Atası Nadir İbadov Gəncə Dövlət Universitetinin riyaziyyat elmləri üzrə dosenti, anası Rəfiqə İbadova isə orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. Məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olub və ali təhsil almaq üçün Bakıya gəlib. Deyir ki, Xəzər Universitetinə gəlməyi tam təsadüf olub: "Polis Akademiyasına hazırlaşırdım, lakin imtahanda kəsildim. Həmin balla Xəzər Universitetində pulsuz oxuya bilərdim. Amma yenidən Polis Akademiyasına hazırlaşmaq istəyirdim. Qohumumuz Həsən müəllim məni fikrimdən daşındırdı. Xarici ölkələrdən müəyyən şəkillər göstərdi və mənə dedi ki, əgər buralara getmək istəyirsənsə, Xəzər Universitetində oxumalısan. "Xəzər”də əlaçı oxudum. Həqiqətən, universitet gözümü açdı və mühit məni xaricdə oxumağa sövq edirdi. Universitetdə oxuduğum illərin yay aylarını Azərbaycanda keçirmirdim. Ukrayna, Almaniya, Türkiyə, İtaliya və digər başqa ölkələrdə yay məktəblərində, treninqlərdə iştirak edirdim. Həm də aktiv tələbə həyatım var idi və "Khazar View” jurnalında mütəmadi məqalələr yazırdım”.

Həmsöhbətimiz universiteti bitirdikdən sonra Yunanıstanda insan hüquqları sahəsində bir təşkilatda könüllü kimi işləyib. Hüquq üzrə magistr təhsilini isə İsveçin Lund Universitetində alıb: "İsveçdən başqa, digər ölkələrə də tam təqaüdlə qəbul oldum. Amma Skandinaviya mənim üçün maraqlı idi. Burada təkcə universitet yox, cəmiyyət də öyrədir. Belə bir deyim var ki, Avropa bir dünyadır, Skandinaviya başqa dünyadır. Skandinaviyada oxumaq həqiqətən xoşbəxtlik idi”.
Magistraturanı bitirdikdən sonra, akademik təhsil almaq üçün yenidən bir neçə universitetə sənəd göndərib və tam təqaüdlə qəbul olub. Bu dəfə Florensiyada yerləşən Avropa İttifaqının sosial və humanitar elmlər üzrə tədqiqat mərkəzi sayılan Avropa Universiteti tədqiqat institutunu seçib (European University Institute).
İtaliyada yerləşməsinə baxmayaraq, təhsil ingilis və fransız dillərində olub. 2006-cı ildə qəbul olub, 2012-ci ildə universiteti bitirib. Bu müddət ərzində bir il Amerikada Harvard hüquq fakültəsində doktorant araşdırmaçı (2009-2010), bir il isə Berkeley şəhərində yerləşən Kaliforniya Universitetində araşdırmaçı alim kimi təhsil alıb (2008-2009). Ümumilikdə, 4-ü xaricdə olmaqla, 5 universitetdə təhsil alan müsahibimiz 2013-cü ildən, ADA-da hüquq sahəsində baş müəllim kimi işləyir.

- Rəşad bəy, xaricdə işləmək imkanlarınız çox olub. Necə oldu ki, Azərbaycana qayıtdınız?

- Dünyanın hansı ölkəsində yaşasaq da, Azərbaycana qayıtmaq hissi həmişə olur. Biz təbiətcə, torpağabağlı insanlarıq. Amerikada, Avropada o qədər azərbaycanlı görmüşəm ki, orada yaşayır, amma gününü Azərbaycanla keçirir. Azərbaycan qəzetləri oxuyur, facebookda ölkəmiz haqqında şərhlər yazır. Mən də beləyəm. Hələ xarici ölkələrdə yaşayarkən, ADA Universitetinin rektoru Hafiz Paşayevlə tanışlıq imkanım yarandı. Universitet üçün akademik layihələr həyata keçirirdim. ADA Universitetinin ilk akademik proqramı sayılan "Avropa Birliyi Hüququ və Siyasəti” adlı yay məktəbini Türkiyə və Gürcüstan da daxil olmaqla, gənc dövlət işçiləri üçün 2007-ci ilin yayında təşkil etdik. Daha sonra 2008-ci ildə ikinci akademik layihəni həyata keçirdik – xaricdə sosial elmlər sahəsində PhD dərəcəsi üzrə təhsil alan azərbaycanlı gəncləri toplayıb ADA-da konfrans təşkil etdik. ADA Universiteti ilə sıx əlaqələrimin olmasına baxmayaraq, Sidney Universitetində işləmək istəyirdim. Elmi rəhbərim, Wojciech Sadurski bu universitetin hüquq nəzəriyyəsi üzrə professoru idi və mənə universitetdə işləmək imkanı yaratmışdı. Azərbaycanda işləmək, hüquq elmləri sahəsinə elmi araşdırmalarla töhfə vermək kimi arzularım var idi və bu səbəbdən Azərbaycana qayıtmağa qərar verdim.

- ADA-da yeni layihələrə davam edirsiniz. Bu ildən universitetdə hüquqşünaslıq ixtisası açılır və ixtisasın yaradılmasının təşəbbüskarlarındansınız. Bu ixtisas bir neçə universitetdə var. Bəs ADA-da hansı zərurətdən yarandı?

- Biz yeni nəsil hüquqşünasların yetişməsində maraqlıyıq. Aristotel deyir ki, qanunlar insanları formalaşdırır. Burada söhbət həm təbiət, həm də cəmiyyət qanunlarından gedir. Məsələn, təbiət qanunu ölüm olduğuna görə, bizim həyatımız da mövcud vəziyyətdə formalaşıb. Sosial mənada isə qanunlarımız bizi müəyyən forma və keyfiyyətlərə malik cəmiyyət üzvünə çevirir. Müasir dünyada yeni qanunların yaranmasında hüquq ixtisası aparıcı rollardan birini oynayır. Biz istəyirik ki, elə bir hüquq məktəbi yaradaq ki, qanunların formalaşmasında çox ciddi rol oynaya bilsin. Hüquq elmləri sahəsində ciddi tədqiqatların aparılmasını təşviq edəcəyik. Beynəlxalq səviyyədə tanınan və hörmət ediləcək akademik hüquq jurnalının çap edilməsini planlaşdırırıq. Hüquqşünaslar cəmiyyətdə və siyasi sistemdə ədaləti qoruyan, onu təmin edən əsas şəxslərdəndir. Biz analitik hüquq düşüncəsinə sahib olan, qanunlara tənqidi yanaşa bilən, hüquq və cəmiyyətin digər sahələrindəki əlaqəni çevik və analitik dəyərləndirə bilən, yerli qanunvericiliyi mükəmməl bilən, müxtəlif hüquq sistemləri haqqında məlumatı olan, müqayisəli hüquq yanaşması apara bilən, qlobal hüquq çağırışlarına hazır olan, Azərbaycan və ingilis dillərində peşəkar - effektiv kommunikasiya və hüquq yazısı bacarıqlarına malik olan və nəhayət, güclü etik davranışlar nümayiş etdirə bilən kadrların yetişməsində israrlıyıq!

- Rəşad müəllim, siz həm də hər il Fransada hüquq fəlsəfəsindən dərs deyirsiniz.

- Keçən il yay aylarında "İnsan Elmləri Fondu (Fondation Maison des sciences de l’homme)”, "Atlas Proqram” təqaüdünün qalibi olaraq Fransanın Lille Katolik Universiteti hüquq fakültəsində 3 ay müddətində "konstitusional neytrallıq” mövzusunda elmi tədqiqat aparırdım. Orada bir elan diqqətimi çəkdi. Universitet hüquq fakültəsində hüquq tarixi və fəlsəfəsini deyəcək qonaq professor axtarırdı. Mən də sənədlərimi verdim və seçildim. Bu il mart ayında "Hüquq tarixi və fəlsəfəsi” dərsini bakalavr proqramında tədris etdim. İndi bunu hər il davamlı olaraq edəcəyəm.

- Fransızlar azərbaycanlının Fransada dərs deməsini necə qarşılayırlar?

- Birinci dəfə dərsə gələndə həyəcanlandım. 52 tələbə var idi və ilk baxışdan normal qarşılamadılar. Birinci dərsdən sonra kofe fasiləsi oldu, bir neçə tələbə mənə yaxınlaşdı ki, Rəşad müəllim, biz həmişə fikirləşirdik ki, niyə məhz bizə Əfqanıstandan müəllim dərs deməlidir. Azərbaycanla Əfqanıstanı qarışdırırdılar. Onlara ölkəmiz haqqında məlumat verdim. Dərs boyu internetdə Azərbaycanı araşdırdılar və onlarda müsbət fikir formalaşdı. Fransızlar həmişə özlərinə qarşı münasibətə daha fərqli yanaşırlar və müəyyən mənada eqoları daha yüksək olur. Amma zaman keçdikcə, məni yaxından tanıdılar və münasibətləri dəyişdi. Daha sonra tələbələr məni bir neçə dəfə günorta yeməyinə də dəvət etdilər. Dekan zarafatla deyirdi ki, 5 ildir burada işləyirəm məni hələ günorta yeməyinə dəvət edən olmayıb. Fransızlar çox mədəni və savadlıdırlar. Lakin sosial ünsiyyət baryerini aşıb, onlarla dost olmaq bir qədər çətindir. Onların psixologiyasını anlamalı və damarını tuta bilməlisiniz.

- İstər Azərbaycanda, istər Fransada tələbələrin sevimli müəllimi olmusunuz. Bunun sirri nədir?

- Bunu eşitmək xoşdur. Fikrimcə, yaxşı dərs deyə bilmək, insanın təbiətində olmalıdır. Ailə, ətraf mühit və tədris aldığın yerlərin böyük əhəmiyyəti var. Mən müəllim ailəsində doğulmuşam, atam daimi olaraq "ailə mühazirəsi” deyirdi. Evimizdə ən böyük otağımız kitabxana idi və orada lövhələr var idi. Tapşırıqlarımız olurdu və yazdığımızın həllini atama izah edirdik. Dərs deməyi, ünsiyyət qurmağı atam bizə uşaqlıqdan öyrədirdi. Digər tərəfdən müxtəlif yerli, Avropa və Amerika universitetlərində təhsil aldım. Dünya hüquq elminin çox məşhur alimləri müəllimim olub. Hər birindən tədrislə bağlı müxtəlif nüanslar öyrənmişəm. Ümumiyyətlə isə, Kant pedaqogikasına inanıram. 3 əsas konseptual ideya üzərində qurulub: 1) qayğı - tələbələrin hər zaman qayğısına qalmalısan 2) Öyrətmək- tələbələri ən yaxşı formada öyrətməlisən, 3) intizam – nizam-intizama riayət etmək lazımdır.

- Riyaziyyatçı ailəsində böyümüsünüz və hüququ seçmisiniz. Hüquq sevgisi sizdə necə yaranıb?

- Atam riyaziyyatçı olmağımı istəyirdi. Mən də əslində 11-ci sinfin ortalarına qədər riyaziyyata hazırlaşırdım. Gəncədə riyaziyyat olimpiadasının qalibi olmuşam. Ola bilsin ki, cəmiyyətdə, ailəmizdə hansısa hadisələr oldu və mən istiqamətimi dəyişdim. Biz müharibədən sonrakı dövrdə böyümüş insanlarıq. Bu dövrdə cəmiyyət sosial mənada təlatümlü olur və həmin dövr üçün ədalətsizliklər də qaçılmazdır. Düşünürəm ki, uşaqlığımın bu dövrə təsadüf etməsi məni hüquqşünaslığa gətirdi.

- 35 yaşınız var 5 universitet bitirmisiniz. İnsanların əksəriyyəti vaxt azlığından şikayətlənir. Vaxt problemi yaşamısızmı?

- Mən bu fikirlə razı deyiləm. Həyat intizamı ilə yaşayandan sonra hər şeyə vaxt qalır. Ciddi universitetdə PhD proqramı çox ağırdır. Hər gün səhər 9-da kitabxanaya gedirdim və axşam 8-də çıxırdım. Bütün günü oxuyub yazırdım, hər şeyi də çatdırırdım. Azərbaycanda insanlar düzgün rejimdə yaşaya bilmirlər və ona görə də vaxtdan şikayətlənirlər. Avropada insanların hamısı müəyyən bir rejimdə işlədiklərinə görə, cəmiyyət olaraq buna alışıblar. Məsələn, əksəriyyət insan 5 gün işləyir amma həftəsonu istirahət edir. O cəmiyyətdə yaşayanda artıq siz də 5 gün işləyir, həftəsonu istirahət edirsiniz. Sizə heç kim həftə içi zəng vurub deməyəcək ki, gəl restorana gedək, yeyib-içək. Amma Azərbaycanda tez-tez olur. Həftə içi zəng vururlar ki, gedək yemək yeyək, bu gün hansısa günü qeyd edirəm. Avropada ən böyük uğur da əldə edənlər də çalışırlar ki, bunu həftə içi qeyd etməsinlər. Çünki əksər insanlar konsept olaraq bu yaşam tərzini bölüşürlər. Bu mənada insanlar müəyyən rejimdə olsalar, kifayət qədər istirahət də edəcəklər, hər şeyə də vaxt qalacaq. Mən tələbələrə deyirəm ki, həftədə 5 gün 6-8 saat oxusanız, ADA Universitetini əlaçı bitirərsiniz. Sadəcə, vaxtı düzgün bölüşdürmək lazımdır.

- Təhsil aldığınız universitetləri əlaçı bitirirsiniz. Bütün universitetlərə təqaüdlə qəbul olmusunuz. Hər şeyi üst səviyyədə etməyi necə bacarırsınız?

- Rəqabətli mühitdə mütləq inkişaf edirsiniz. Qrup yoldaşlarınız uğur qazanırsa, siz də qazanmalısınız. Rəqabət inkişafa məcbur edir. Ailənin də çox böyük rolu var. Atam kifayət qədər elm sahəsində uğurlu adam olub. Xarici konfranslara gedirdi və ingilis dilini bilirdi. Mənə də oxumağı daim aşılayırdı. Anam da hər zaman xaricdə oxumağımla bağlı məni həvəsləndirirdi. Gəncədə adi orta məktəbdə oxuyurdum. Müharibədən sonra Gəncədə vəziyyət çox çətin idi. Elektrik enerjisi və təbii qaz demək olar ki, yox idi. Qışda həyətimizdə odun doğrayardım. Məktəbdə otaqlar çox soyuq olurdu, isitmə sistemi yox idi. Elə bir məktəbdən bura qədər gəlmək, düşünürəm ki normal şərtlər altında çətindir. Mənim oxuduğum uşaqlardan çox cüzi hissəsi uğur əldə edə bildi. Bəzi insanları cəmiyyət "əritdi”, bəzilər isə ailəsinin dəstəyi ilə bu çətinlikləri atlada bildi. Təbii, insanı özü də çox iradəli olmalıdır. Avropada isə mənə ətraf mühit kömək oldu. Ətrafımda həmişə rəqabət mühiti hökm sürürdü. Bir qrup yoldaşım var idi, portuqal dilli dünyanın ən varlı insanın tək nəvəsi idi. Faktiki milyarder idi. Amma özü uğur qazanmaq üçün dayanmadan oxuyurdu. İnsan öz zəhməti hesabına uğur qazana bilməlidir. Bu, bizim də psixologiyamızda möhkəmlənməlidir və həyatda nailiyyətləri özümüz əziyyət çəkib əldə etməliyik. Atam da həmişə deyirdi ki, insan kimi sənin uğurun həyatda şəxsi keyfiyyətlərin və qazandığın nailiyyətlərlə bağlıdır. Avropada, Amerikada bu çox vacib, beyinlərə otuzdurulmuş yanaşma tərzidir. İnsan özü özünü inkişaf etdirməyi bacarmalıdır. Belə mühitdə inkişaf etməmək mümkün deyildi.

- Uğur sirriniz nədir. Yalnız ağıllı olmaq kifayət edirmi?

- Yox, tək ağıl kifayət etmir. Məncə, bir çox şərt var. İlk olaraq düzgün düşünə bilmə qabiliyyətin olmalıdır. Aristotel deyir ki, həyatın mənası xoşbəxt olmaqdır. Xoşbəxt olmaq üçün insan çox ciddi, rasional şəkildə düşünə bilməlidir. Əgər düzgün düşünə bilirsənsə, düzgün qərarlar verəcək və xoşbəxt olacaqsan. İngilislər deyir ki oxduğunuz kitablar, görüşdüyünüz insanlar və səyahət etdiyiniz ölkələr uğurlu karyeranın sirridir. Bununla razıyam və əlavə edirəm ki, insanın müstəqil şəkildə qərar vermə keyfiyyəti uğurun başlanğıcıdır.

- Ailə qurmaq karyeraya mane olurmu?

- Akademik karyera ailəyə vaxt ayırmağa imkan vermir. Akademik dünyada olan insanlar üçün ailə problem ola bilər. Fikrimcə, ciddi PhD elmi işi yazmaq istəyən insanlar bunu bitirdikdən sonra ailə qursalar daha yaxşı olar. İnsan gərək ailəyə normal vaxt sərf etsin. Ailə qurmaq xatirinə ailə qurmaq olmaz.
- Gənclərlə çox ünsiyyətdə olmusunuz. Sizcə, Azərbaycan gəncliyində çatışmayan cəhət nədir?
- Məncə, bizim gənclikdə arzu edə bilmək keyfiyyəti yaxşı inkişaf etməyib. Onlar ciddi məsələlərlə bağlı arzu edə bilmirlər. Bəzən belə bir fikir yaranır ki, cəmiyyət sürətlə materialistləşir. Pulun dəyəri bütün dəyərlərin üzərinə qalxır. Bu, vəhşi kapitalizmə bənzəyir. Bütün insani dəyərlərin üzərinə pul çıxır və bütün arzuları öldürür. İnsanların arzuları yalnız pulla əlaqəlidir. İnsanlar arzulamağı bilməlidirlər. Məncə, Azərbaycanda gənclər ədalətli olma hissini itirirlər. Bu, mənəvi keyfiyyətdir və hər bir insan bunu özünə daimi aşılamalıdır. 3-cü "yaxşı nədir” onu dərk etmə keyfiyyəti olmaldır. Yaxşısını pisdən ayıra bilmək çox dəyərli fəzilətdir. Adətən, ilk gün dərsə başlayarkən tələbələrə ilk sualım "həyatda arzunuz nədir?” olur. Böyük əksəriyyət tələbə bu suala cavab verməkdə çətinlik çəkir. Cavablar adətən, texniki məsələlərlə bağlı olur. Məsələn, universiteti bitirmək, yaxşı iş tapmaq və sair. Cəmiyyət kontekstindən arzulamaq bizdə çatışmır. Şəxsi maraqlarla bağlı insanlar daha çox arzulayır və bunlar çox vaxt texniki məsələlərlə bağlı olur. İnsan düzgün arzular qura bilərsə, mütləq uğurlu olacaq.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər