Uğuru şəxsi keyfiyyətlər və qazandığın nailiyyətlər gətirir- Uğur hekayəsi
Aristotelin prinsipi ilə hərəkət edir. Deyir ki, ən
xəsis adam olmaq da arzu olunan deyil, ən əliaçıq da. Ona görə uğurun sirri
məhz qızıl ortanı tapa bilməkdir. Xoşbəxt olmaq üçün insan çox ciddi, rasional
şəkildə düşünməlidir. Əgər düzgün düşünə bilirsənsə, düzgün qərarlar verəcək və
xoşbəxt olacaqsan.
Müsahibimiz İtaliyanın Florensiya şəhərində
yerləşən Avropa İttifaqının sosial və humanitar elmlər üzrə tədqiqat mərkəzi
sayılan Avropa Universiteti tədqiqat institutunda hüquq üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almış, ADA Universitetinin
İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun baş müəllimi, həmçinin Lille
Universiteti hüquq fakültəsinin hüquq və fəlsəfə üzrə qonaq professoru Rəşad
İbadovdur.
Gəncədə, müəllim ailəsində dünyaya gəlib. Atası
Nadir İbadov Gəncə Dövlət Universitetinin riyaziyyat elmləri üzrə dosenti,
anası Rəfiqə İbadova isə orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. Məktəbi
bitirdikdən sonra Xəzər Universitetinə qəbul olub və ali təhsil almaq üçün
Bakıya gəlib. Deyir ki, Xəzər Universitetinə gəlməyi tam təsadüf olub: "Polis
Akademiyasına hazırlaşırdım, lakin imtahanda kəsildim. Həmin balla Xəzər Universitetində
pulsuz oxuya bilərdim. Amma yenidən Polis Akademiyasına hazırlaşmaq istəyirdim.
Qohumumuz Həsən müəllim məni fikrimdən daşındırdı. Xarici ölkələrdən müəyyən
şəkillər göstərdi və mənə dedi ki, əgər buralara getmək istəyirsənsə, Xəzər
Universitetində oxumalısan. "Xəzər”də əlaçı oxudum. Həqiqətən, universitet
gözümü açdı və mühit məni xaricdə oxumağa sövq edirdi. Universitetdə oxuduğum
illərin yay aylarını Azərbaycanda keçirmirdim. Ukrayna, Almaniya, Türkiyə,
İtaliya və digər başqa ölkələrdə yay məktəblərində, treninqlərdə iştirak
edirdim. Həm də aktiv tələbə həyatım var idi və "Khazar View” jurnalında
mütəmadi məqalələr yazırdım”.
Magistraturanı bitirdikdən sonra, akademik təhsil
almaq üçün yenidən bir neçə universitetə sənəd göndərib və tam təqaüdlə qəbul
olub. Bu dəfə Florensiyada yerləşən Avropa İttifaqının sosial və humanitar
elmlər üzrə tədqiqat mərkəzi sayılan Avropa Universiteti tədqiqat institutunu
seçib (European University Institute).
İtaliyada yerləşməsinə baxmayaraq,
təhsil ingilis və fransız dillərində olub. 2006-cı ildə qəbul olub, 2012-ci
ildə universiteti bitirib. Bu müddət ərzində bir il Amerikada Harvard hüquq
fakültəsində doktorant araşdırmaçı (2009-2010), bir il isə Berkeley şəhərində
yerləşən Kaliforniya Universitetində araşdırmaçı alim kimi təhsil alıb (2008-2009).
Ümumilikdə, 4-ü xaricdə olmaqla, 5 universitetdə təhsil alan müsahibimiz
2013-cü ildən, ADA-da hüquq sahəsində baş müəllim kimi işləyir.
- Rəşad bəy, xaricdə
işləmək imkanlarınız çox olub. Necə oldu ki, Azərbaycana qayıtdınız?
- Dünyanın hansı ölkəsində yaşasaq da, Azərbaycana
qayıtmaq hissi həmişə olur. Biz təbiətcə, torpağabağlı insanlarıq. Amerikada,
Avropada o qədər azərbaycanlı görmüşəm ki, orada yaşayır, amma gününü
Azərbaycanla keçirir. Azərbaycan qəzetləri oxuyur, facebookda ölkəmiz haqqında
şərhlər yazır. Mən də beləyəm. Hələ xarici ölkələrdə yaşayarkən, ADA
Universitetinin rektoru Hafiz Paşayevlə tanışlıq imkanım yarandı. Universitet
üçün akademik layihələr həyata keçirirdim. ADA Universitetinin ilk akademik
proqramı sayılan "Avropa Birliyi Hüququ və Siyasəti” adlı yay məktəbini Türkiyə
və Gürcüstan da daxil olmaqla, gənc dövlət işçiləri üçün 2007-ci ilin yayında
təşkil etdik. Daha sonra 2008-ci ildə ikinci akademik layihəni həyata keçirdik
– xaricdə sosial elmlər sahəsində PhD dərəcəsi üzrə təhsil alan azərbaycanlı
gəncləri toplayıb ADA-da konfrans təşkil etdik. ADA Universiteti ilə sıx
əlaqələrimin olmasına baxmayaraq, Sidney Universitetində işləmək istəyirdim.
Elmi rəhbərim, Wojciech Sadurski bu
universitetin hüquq nəzəriyyəsi üzrə professoru idi və mənə universitetdə
işləmək imkanı yaratmışdı. Azərbaycanda işləmək, hüquq elmləri sahəsinə elmi
araşdırmalarla töhfə vermək kimi arzularım var idi və bu səbəbdən Azərbaycana
qayıtmağa qərar verdim.
- ADA-da yeni layihələrə
davam edirsiniz. Bu ildən universitetdə hüquqşünaslıq ixtisası açılır və
ixtisasın yaradılmasının təşəbbüskarlarındansınız. Bu ixtisas bir neçə
universitetdə var. Bəs ADA-da hansı zərurətdən yarandı?
- Biz yeni nəsil hüquqşünasların yetişməsində maraqlıyıq.
Aristotel deyir ki, qanunlar insanları formalaşdırır. Burada söhbət həm təbiət,
həm də cəmiyyət qanunlarından gedir. Məsələn, təbiət qanunu ölüm olduğuna görə,
bizim həyatımız da mövcud vəziyyətdə formalaşıb. Sosial mənada isə qanunlarımız
bizi müəyyən forma və keyfiyyətlərə malik cəmiyyət üzvünə çevirir. Müasir
dünyada yeni qanunların yaranmasında hüquq ixtisası aparıcı rollardan birini
oynayır. Biz istəyirik ki, elə bir hüquq
məktəbi yaradaq ki, qanunların formalaşmasında çox ciddi rol oynaya bilsin.
Hüquq elmləri sahəsində ciddi tədqiqatların aparılmasını təşviq edəcəyik.
Beynəlxalq səviyyədə tanınan və hörmət ediləcək akademik hüquq jurnalının çap
edilməsini planlaşdırırıq. Hüquqşünaslar cəmiyyətdə və siyasi sistemdə ədaləti
qoruyan, onu təmin edən əsas şəxslərdəndir. Biz analitik hüquq düşüncəsinə
sahib olan, qanunlara tənqidi yanaşa bilən, hüquq və cəmiyyətin digər
sahələrindəki əlaqəni çevik və analitik dəyərləndirə bilən, yerli
qanunvericiliyi mükəmməl bilən, müxtəlif hüquq sistemləri haqqında məlumatı
olan, müqayisəli hüquq yanaşması apara bilən, qlobal hüquq çağırışlarına hazır
olan, Azərbaycan və ingilis dillərində peşəkar - effektiv kommunikasiya və
hüquq yazısı bacarıqlarına malik olan və nəhayət, güclü etik davranışlar
nümayiş etdirə bilən kadrların yetişməsində israrlıyıq!
- Rəşad müəllim, siz
həm də hər il Fransada hüquq fəlsəfəsindən dərs deyirsiniz.
- Keçən il yay aylarında "İnsan Elmləri Fondu
(Fondation Maison des sciences de l’homme)”, "Atlas Proqram” təqaüdünün qalibi
olaraq Fransanın Lille Katolik Universiteti hüquq fakültəsində 3 ay müddətində
"konstitusional neytrallıq” mövzusunda elmi tədqiqat aparırdım. Orada bir elan
diqqətimi çəkdi. Universitet hüquq fakültəsində hüquq tarixi və fəlsəfəsini
deyəcək qonaq professor axtarırdı. Mən də sənədlərimi verdim və seçildim. Bu il
mart ayında "Hüquq tarixi və fəlsəfəsi” dərsini bakalavr proqramında tədris
etdim. İndi bunu hər il davamlı olaraq edəcəyəm.
- Fransızlar
azərbaycanlının Fransada dərs deməsini necə qarşılayırlar?
- Birinci dəfə dərsə gələndə həyəcanlandım. 52 tələbə
var idi və ilk baxışdan normal qarşılamadılar. Birinci dərsdən sonra kofe
fasiləsi oldu, bir neçə tələbə mənə yaxınlaşdı ki, Rəşad müəllim, biz həmişə
fikirləşirdik ki, niyə məhz bizə Əfqanıstandan müəllim dərs deməlidir.
Azərbaycanla Əfqanıstanı qarışdırırdılar. Onlara ölkəmiz haqqında məlumat
verdim. Dərs boyu internetdə Azərbaycanı araşdırdılar və onlarda müsbət fikir
formalaşdı. Fransızlar həmişə özlərinə qarşı münasibətə daha fərqli yanaşırlar
və müəyyən mənada eqoları daha yüksək olur. Amma zaman keçdikcə, məni yaxından
tanıdılar və münasibətləri dəyişdi. Daha sonra tələbələr məni bir neçə dəfə
günorta yeməyinə də dəvət etdilər. Dekan zarafatla deyirdi ki, 5 ildir burada
işləyirəm məni hələ günorta yeməyinə dəvət edən olmayıb. Fransızlar çox mədəni
və savadlıdırlar. Lakin sosial ünsiyyət baryerini aşıb, onlarla dost olmaq bir
qədər çətindir. Onların psixologiyasını anlamalı və damarını tuta bilməlisiniz.
- İstər Azərbaycanda,
istər Fransada tələbələrin sevimli müəllimi olmusunuz. Bunun sirri nədir?
- Bunu eşitmək xoşdur. Fikrimcə, yaxşı dərs deyə
bilmək, insanın təbiətində olmalıdır. Ailə, ətraf mühit və tədris aldığın
yerlərin böyük əhəmiyyəti var. Mən müəllim ailəsində doğulmuşam, atam daimi
olaraq "ailə mühazirəsi” deyirdi. Evimizdə ən böyük otağımız kitabxana idi və
orada lövhələr var idi. Tapşırıqlarımız olurdu və yazdığımızın həllini atama
izah edirdik. Dərs deməyi, ünsiyyət qurmağı atam bizə uşaqlıqdan öyrədirdi.
Digər tərəfdən müxtəlif yerli, Avropa və Amerika universitetlərində təhsil
aldım. Dünya hüquq elminin çox məşhur alimləri müəllimim olub. Hər birindən tədrislə
bağlı müxtəlif nüanslar öyrənmişəm. Ümumiyyətlə isə, Kant pedaqogikasına
inanıram. 3 əsas konseptual ideya üzərində qurulub: 1) qayğı - tələbələrin hər
zaman qayğısına qalmalısan 2) Öyrətmək- tələbələri ən yaxşı formada
öyrətməlisən, 3) intizam – nizam-intizama riayət etmək lazımdır.
- Riyaziyyatçı
ailəsində böyümüsünüz və hüququ seçmisiniz. Hüquq sevgisi sizdə necə yaranıb?
- Atam riyaziyyatçı olmağımı istəyirdi. Mən də
əslində 11-ci sinfin ortalarına qədər riyaziyyata hazırlaşırdım. Gəncədə riyaziyyat
olimpiadasının qalibi olmuşam. Ola bilsin ki, cəmiyyətdə, ailəmizdə hansısa
hadisələr oldu və mən istiqamətimi dəyişdim. Biz müharibədən sonrakı dövrdə
böyümüş insanlarıq. Bu dövrdə cəmiyyət sosial mənada təlatümlü olur və həmin
dövr üçün ədalətsizliklər də qaçılmazdır. Düşünürəm ki, uşaqlığımın bu dövrə
təsadüf etməsi məni hüquqşünaslığa gətirdi.
- 35 yaşınız var 5
universitet bitirmisiniz. İnsanların əksəriyyəti vaxt azlığından şikayətlənir.
Vaxt problemi yaşamısızmı?
- Mən bu fikirlə razı deyiləm. Həyat intizamı ilə
yaşayandan sonra hər şeyə vaxt qalır. Ciddi universitetdə PhD proqramı çox
ağırdır. Hər gün səhər 9-da kitabxanaya gedirdim və axşam 8-də çıxırdım. Bütün
günü oxuyub yazırdım, hər şeyi də çatdırırdım. Azərbaycanda insanlar düzgün rejimdə
yaşaya bilmirlər və ona görə də vaxtdan şikayətlənirlər. Avropada insanların
hamısı müəyyən bir rejimdə işlədiklərinə görə, cəmiyyət olaraq buna alışıblar.
Məsələn, əksəriyyət insan 5 gün işləyir amma həftəsonu istirahət edir. O
cəmiyyətdə yaşayanda artıq siz də 5 gün işləyir, həftəsonu istirahət edirsiniz.
Sizə heç kim həftə içi zəng vurub deməyəcək ki, gəl restorana gedək,
yeyib-içək. Amma Azərbaycanda tez-tez olur. Həftə içi zəng vururlar ki, gedək
yemək yeyək, bu gün hansısa günü qeyd edirəm. Avropada ən böyük uğur da əldə edənlər
də çalışırlar ki, bunu həftə içi qeyd etməsinlər. Çünki əksər insanlar konsept
olaraq bu yaşam tərzini bölüşürlər. Bu mənada insanlar müəyyən rejimdə olsalar,
kifayət qədər istirahət də edəcəklər, hər şeyə də vaxt qalacaq. Mən tələbələrə
deyirəm ki, həftədə 5 gün 6-8 saat oxusanız, ADA Universitetini əlaçı
bitirərsiniz. Sadəcə, vaxtı düzgün bölüşdürmək lazımdır.
- Təhsil aldığınız
universitetləri əlaçı bitirirsiniz. Bütün universitetlərə təqaüdlə qəbul
olmusunuz. Hər şeyi üst səviyyədə etməyi necə bacarırsınız?
- Rəqabətli mühitdə mütləq inkişaf edirsiniz. Qrup
yoldaşlarınız uğur qazanırsa, siz də qazanmalısınız. Rəqabət inkişafa məcbur
edir. Ailənin də çox böyük rolu var. Atam kifayət qədər elm sahəsində uğurlu
adam olub. Xarici konfranslara gedirdi və ingilis dilini bilirdi. Mənə də
oxumağı daim aşılayırdı. Anam da hər zaman xaricdə oxumağımla bağlı məni
həvəsləndirirdi. Gəncədə adi orta məktəbdə oxuyurdum. Müharibədən sonra Gəncədə
vəziyyət çox çətin idi. Elektrik enerjisi və təbii qaz demək olar ki, yox idi.
Qışda həyətimizdə odun doğrayardım. Məktəbdə otaqlar çox soyuq olurdu, isitmə
sistemi yox idi. Elə bir məktəbdən bura qədər gəlmək, düşünürəm ki normal
şərtlər altında çətindir. Mənim oxuduğum uşaqlardan çox cüzi hissəsi uğur əldə
edə bildi. Bəzi insanları cəmiyyət "əritdi”, bəzilər isə ailəsinin dəstəyi ilə
bu çətinlikləri atlada bildi. Təbii, insanı özü də çox iradəli olmalıdır.
Avropada isə mənə ətraf mühit kömək oldu. Ətrafımda həmişə rəqabət mühiti hökm
sürürdü. Bir qrup yoldaşım var idi, portuqal dilli dünyanın ən varlı insanın
tək nəvəsi idi. Faktiki milyarder idi. Amma özü uğur qazanmaq üçün dayanmadan
oxuyurdu. İnsan öz zəhməti hesabına uğur qazana bilməlidir. Bu, bizim də
psixologiyamızda möhkəmlənməlidir və həyatda nailiyyətləri özümüz əziyyət çəkib
əldə etməliyik. Atam da həmişə deyirdi ki, insan kimi sənin uğurun həyatda
şəxsi keyfiyyətlərin və qazandığın nailiyyətlərlə bağlıdır. Avropada, Amerikada
bu çox vacib, beyinlərə otuzdurulmuş yanaşma tərzidir. İnsan özü özünü inkişaf
etdirməyi bacarmalıdır. Belə mühitdə inkişaf etməmək mümkün deyildi.
- Uğur sirriniz
nədir. Yalnız ağıllı olmaq kifayət edirmi?
- Yox, tək ağıl kifayət etmir. Məncə, bir çox şərt var.
İlk olaraq düzgün düşünə bilmə qabiliyyətin olmalıdır. Aristotel deyir ki,
həyatın mənası xoşbəxt olmaqdır. Xoşbəxt olmaq üçün insan çox ciddi, rasional
şəkildə düşünə bilməlidir. Əgər düzgün düşünə bilirsənsə, düzgün qərarlar
verəcək və xoşbəxt olacaqsan. İngilislər deyir ki oxduğunuz kitablar,
görüşdüyünüz insanlar və səyahət etdiyiniz ölkələr uğurlu karyeranın sirridir.
Bununla razıyam və əlavə edirəm ki, insanın müstəqil şəkildə qərar vermə
keyfiyyəti uğurun başlanğıcıdır.
- Ailə qurmaq
karyeraya mane olurmu?
- Gənclərlə çox ünsiyyətdə olmusunuz. Sizcə, Azərbaycan gəncliyində çatışmayan cəhət nədir?
- Məncə, bizim gənclikdə arzu edə bilmək keyfiyyəti yaxşı inkişaf etməyib. Onlar ciddi məsələlərlə bağlı arzu edə bilmirlər. Bəzən belə bir fikir yaranır ki, cəmiyyət sürətlə materialistləşir. Pulun dəyəri bütün dəyərlərin üzərinə qalxır. Bu, vəhşi kapitalizmə bənzəyir. Bütün insani dəyərlərin üzərinə pul çıxır və bütün arzuları öldürür. İnsanların arzuları yalnız pulla əlaqəlidir. İnsanlar arzulamağı bilməlidirlər. Məncə, Azərbaycanda gənclər ədalətli olma hissini itirirlər. Bu, mənəvi keyfiyyətdir və hər bir insan bunu özünə daimi aşılamalıdır. 3-cü "yaxşı nədir” onu dərk etmə keyfiyyəti olmaldır. Yaxşısını pisdən ayıra bilmək çox dəyərli fəzilətdir. Adətən, ilk gün dərsə başlayarkən tələbələrə ilk sualım "həyatda arzunuz nədir?” olur. Böyük əksəriyyət tələbə bu suala cavab verməkdə çətinlik çəkir. Cavablar adətən, texniki məsələlərlə bağlı olur. Məsələn, universiteti bitirmək, yaxşı iş tapmaq və sair. Cəmiyyət kontekstindən arzulamaq bizdə çatışmır. Şəxsi maraqlarla bağlı insanlar daha çox arzulayır və bunlar çox vaxt texniki məsələlərlə bağlı olur. İnsan düzgün arzular qura bilərsə, mütləq uğurlu olacaq.
Aygün ƏZİZ