• cümə, 26 Aprel, 20:13
  • Baku Bakı 22°C

“Uğuru qismətlə, şansla əlaqələndirən deyiləm” - Uğur hekayəsi

27.09.18 14:08 3381
“Uğuru qismətlə, şansla əlaqələndirən deyiləm” - Uğur hekayəsi
Rəhbər olaraq işçilərdə əsas fikir verdiyi məqam işi vaxtında görmələri, məsuliyyətlə yanaşmalarıdır. Bundan sonra işin keyfiyyəti gəlir. O, adi işçi kimi çalışdığı zamanlarda da özünə qarşı bu cür tələbkar olub. Buna görə işçi olarkən rəhbərindən "Nəyə görə filan iş olmayıb?”, "Nəyə görə hazır deyil?” kimi sözləri eşitməyən müsahibimiz"Mercedes-Benz”in ölkəmizdə rəsmi distribütoru olan "Autocapital-Azerbaijan” şirkətinin baş dirketoru Orxan Hacıyevdir.

Qeyd edək ki, Orxan Hacıyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra 2010-2011-ci illərdə Böyük Britaniyada "Queen Mary University of London”da hüquq üzrə magistr təhsili alıb.

- İlk işiniz hələ tələbəlik illərində olub. Tələbələr universitet vaxtı ya maliyyəyə görə işləyirlər, ya da təcrübə üçün. Sizin təcrübənizdə necə olub?
- Hüquq sahəsində nəzəri olaraq öyrəndiyim bilikləri təcrübədə istifadə etmək üçün işləmək istəyirdim. İkinci kursun ortalarından işləməyə başladım, universitet bitənə qədər bu, davam etdi. Gəlir məsələsini vurğuladınız, amma mən maaş almırdım, sadəcə, daha təcrübəli, peşəkar hüquqşünasların yanında işin gedişatını izləyirdim.


- Adətən, universitet vaxtı gəncləri valideynləri işləməyə qoymurlar ki, bu, dərsə ayrılan zamanın azalmasına gətirib çıxara bilər.
- Mənim də valideynlərim çatdırmayacağımla bağlı fikirlər səsləndirirdilər. Bu mövzuda mübahisəmiz də düşürdü. Sadəcə, mən də başa salırdım ki, biliyin daha da təkmilləşməsi, bərkidilməsi üçün təcrübə təkrardan daha yaxşıdır. Onları razı salıb işlədim. Dərslərimdə heç bir axsama qalmırdı. Əksinə, universiteti fərqlənmə ilə qurtara bildim.

- Vaxtı necə idarə edirdiniz?
- Mənim indiki rejimimə baxanda o vaxt daha rahat idi. Boş vaxtımı bəzi gənclər kimi orda-burda, çayxanada və s. keçirmirdim. İstirahətə əsasən, həftə sonları vaxt ayırırdım.

- İş cəhətdən müəyyən təcrübə yığsanız da, universiteti bitirəndən sonra magistr təhsilinə başlamısınız. Magistratura təhsilinə iş mühitində ehtiyac hiss etdiniz, yoxsa əvvəldən belə bir plan var idi?
- Bakalavr təhsilini xaricdə almaq fikrim var idi. Amma seçdiyim sahəyə görə fikirləşdim ki, bakalavrı hüquq sahəsində xaricdə alsaydım, Azərbaycanda çalışmaq mənə çətin ola bilər. Çünki hüquq sistemi ayrı, qanun-qaydalar fərqlidir. Fikirləşdim ki, bakalavr sahəsini bitirim, sonra magistri davam edərəm. Əvvəldən planlaşdırmışdım. Bunu daha çox gələcək karyeram üçün etmək istəyirdim. İşlədiyim müddətdə magistr pilləsi olanların üstünlüyünün də nə olduğunu görürdüm. Dil biliyinin təkmilləşdirilməsi cəhətdən isə xaricdə magistr təhsili almaq bir üstünlükdür.


- Təhsil alandan sonra gənclərin bir qismi iş imkanı olanda elə həmin ölkədə qalmağa üstünlük verirlər. Elə imkanlar oldumu sizdə?
- Oxuduğum universitetdə qalıb təhsilin növbəti pilləsini davam etdirmək şərtilə orda mənim işləmək imkanım var idi. Universitetdə dərs saatı da ayıracaqdılar. 3 illik proqram idi. Fikirləşdim ki, 3 il bitəndən sonra onsuz da vətənə qayıdacağam. Niyə vaxt itirim ki? Çünki mən ölkəyə qayıtmaq fikrindəydim.

- Profilinizdə 6 ay könüllü kimi çalışdığınızı qeyd etmisiniz. Bu işlədikdən sonrakı dövrə təsadüf edib…
- Təhsilimi başa vurub ölkəyə qayıdandan sonra işə düzəlmək bir az çətin oldu. Ailə içində "Hardan, necə başlayım?” – deyə bir müzakirəmiz oldu. Çünki işəgötürənlər daha çox təcrübəli hüquqşünasları cəlb etməkdə maraqlı olurlar. Yəni, mənə bir az da təcrübə lazım idi. Fikirləşdim ki, boş oturmaqdansa, bu sahədə könüllü də olsa, çalışım. Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində 6 ay layihələr üzərində işlədim. Təbii ki bu işin müvəqqəti olduğunu bilirdim. Başqa təklif, imkan olarsa, getmək fikrindəydim, sadəcə, boş qalmamaq, daha da təkmilləşmək istəyirdim.

- İlk vaxtlarda necə bir rejimlə çalışırdınız?
- İlk vaxtlar işi öyrəndiyim dövr çox çətin olub. Məcburi qaydada istirahət, qeyri-iş vaxtlarında da çalışırdım. Heç vaxt qəbul edə bilmirəm ki, kimsə mənə desin ki, nəyə görə filan iş olmayıb? Nəyə görə hazır deyil? Bu məsələ həmişə beynimdə fırlanıb. Ona görə də nə olur-olsun, həmin gün, gecə çalışmaqla, lazım olsa kimdənsə məsləhət almaqla işi görməliyəm. Şiri qəfəsə salanda ki, rahat ola bilmir, bax, mən o cür olurdum. Görəndə ki iş nəsə istədiyim kimi alınmayıb rahat ola bilmirdim.


- Rəhbərdən "niyə alınmayıb” sualını eşitməmisiniz?
- Yox.

- Qeyd etdiniz ki, indiki rejiminiz tələbəlik illərindəkindən daha ağırdır. İndiki rejiminiz necədir ki?
- Bunu sistemləşdirmə, planlaşdırma mənasında dedim. Tələbəlik illərində rejimim bəlli idi. Dərs, iş, istirahət saatlarımı öncədən bilirdim. Amma işdə bu, heç də həmişə alınmır. Bəzən axşam 9-10-a qədər iş saatım çəkir. Çünki iş varsa, bitməlidir. Məndə belə bir xüsusiyyət var ki, hansısa işi yarımçıq qoyub gedəndə rahat ola bilmirəm. Fikrim işin yanında qalır. Ona görə də çalışıram ki, bitirim.

- Karyeranıza nəzər salanda görünür ki, rəhbər vəzifəni elə də çox gözləməmisiniz. Gənc yaşda rəhbər vəzifəyə gedən yoldan danışaq.
- 2013-cü ildə "Mersedez Benz”in Azərbaycan nümayəndəliyi olan "Autocapital Azerbaijan LLC”də hüquqşünas vəzifəsinə keçdim. 2016-cı ildə iqtisadi durğunluq avtomobil sektoruna da təsir etmişdi. Bizdə də rəhbərlik səviyyəsində bu durğunluğun qarşısını almaq üçün başqa bir diler açılması plana salındı. 2016-cı ilin sonlarına yaxın ikinci diler nöqtəsi – "Absheron” Avtomobil Mərkəzi açıldı və oranın rəhbərliyi mənə təklif olundu. Diler şirkətin direktoru vəzifəsində çalışandan 6-7 ay sonra təklif olundu ki, artıq eyni vəzifəni nümayəndəlikdə icra edim.


- İşə yeni başlayan adama rəhbərin işi asan gəlir, amma müəyyən təcrübə qazanıb, vəzifə artımı olandan sonra görürsən ki, heç də elə deyil. Rəhbər vəzifə ilə bağlı əvvəllər təsəvvürünüz necə idi?
- Artıq şirkətdə çalışdığıma və rəhbərlə daim ünsiyyətdə olduğuma görə təbii ki, çətinlikləri bilirdim. Ola bilsin ki, rəhbər vəzifəyə başlamamışdan əvvəl düşünürdüm ki, şirkətin içindən gələn adamam, ona görə mənə asan olacaq və s. Amma işə başlayandan sonra gördüm ki, rəhbər vəzifəni icra etmək üçün üzərimdə çalışmağa ehtiyac var. Çünki indiyə qədər mən daha çox hüquq üzrə fəaliyyət göstərmişdim, indi isə avtomobil bazarı, iqtisadi vəziyyət, analiz qabiliyyətim daha çox olmalı idi. Bu sahədə özümdə axsamalar hiss etdiyim üçün üzərimdə çalışmağa başladım. İndi də mən özümü bu cəhətdən inkişaf etdirmək üçün üzərimdə işləyirəm. İnsan yalnız çalışdıqca daha çox çalışmalı, daha da təkmilləşməli olduğunu anlayır.

- Rəhbər sizə görə daha hansı xüsusiyyətlərə malik olmalıdır?
- Fikrimcə, rəhbər təmkinini qorumalı, hövsələsini cilovlamağı bacarmalıdır. Eyni zamanda, hər bir məsələyə kompleks yanaşma bacarığı, lazımi anda düzgün qərar qəbul edə bilmə keyfiyyəti də olmalıdır. Rəhbər üçün bunlar önəmlidir.

- Rəhbəri olduğunuz şirkətdə əvvəllər işçi olmusunuz. Rəhbərin kollektivin içindən çıxmasının üstünlüyünü nədə gördünüz?
- Çətin tərəflərinin daha çox olduğunu deyərdim. Üstün cəhətləri odur ki, kollektivdə hər kəsin keyfiyyətini kollektivin içindən çıxan şəxs kimi bilirdim. İşə yanaşmasından tutmuş, şəxsi keyfiyyətlərinə qədər kollektivdəkiləri daha yaxından tanımaq şansın olur. Və ola bilsin keçmiş rəhbərin kollektiv içində müzakirə olunan mənfi cəhətlərini də bilirsən, istər-istəməz sən rəhbər olanda çalışırsan ki, onlar olmasın (Gülür).


- Necə düşünürsünüz, işçiləriniz rəhbər olaraq sizdən razıdırlar?
- Əgər işçi rəhbərdən razıdırsa və gündə iki dəfə işdən çıxmağı düşünmürsənsə, demək, işin getmir, dayanıb. Deməli, işdə problem, durğunluq var. Gündə iki dəfə işdən çıxmağı fikirləşirsənsə, deməli, işləyirsən. İki dəfədən az da yaxşı deyil, çox da.

- Görülən işdə əsas nəyə fikir verirsiniz?
- Vaxtında görülməsinə, məsuliyyətlə yanaşılmasına. İşin təhvil verilməsi üçün müəyyən vaxt qoyulubsa, işçi işə səthi yanaşırsa, burada problemimiz yarana bilər. Sonra artıq işin keyfiyyəti gəlir. Peşəkarlıq cəhətdən işi istədiyimiz kimi görməyə də bilər. Bu zaman biz yığışıb onu müzakirə edib zəif cəhətlərini aradan qaldırarıq. Amma işə məsuliyyətsiz yanaşmanı qəbul edə bilmirəm.

- Belə məqamlar olanda necə reaksiya verirsiniz?
- Belə məqamlarda təmkinli formada işçini çağırıb söhbət etməyə üstünlük verirəm. Əgər işçidə bir balaca məsuliyyət varsa, özündə qeyd aparır, yoxdursa, töhmət də versən, işdən azad etsən də, xeyri yoxdur.


- Rəhbərlər həm də öz işçi olduqları dövrə nəzər salıb qərar verirlər. Bu cür yanaşma sizdə varmı?
- Hər bir məsələdə özümü işçinin yerinə qoymağa çalışıram. İşin həcmini təbii ki görürəm və onu da bilirəm ki, işçi bunu nə qədər vaxta çatdıra bilər. Amma mən yenə də soruşuram ki, bunu etmək lazımdır, bu qədər vaxtımız var, çatdıra bilərsiniz? Əgər desə ki, bu qədər mümkün deyil, təbii ki, anlayışla yanaşıram. Mən o sualı verəndə artıq bilirəm ki, mümkün deyil. O sualı verirəm ki, işçi desin ki, mənə bu qədər artıq vaxt lazımdır. Son təhvil verilmə tarixini müəyyənləşdirim.

- Səbrli adamsız?
- Çalışıram. Çünki iş mühiti bunu tələb edir.

- İş, ev balansını necə, qoruya bilirsiniz?
- Mən hesab edirəm ki, qoruya bilirəm, amma həyat yoldaşımdan soruşsanız deyəcək ki, yox (Gülür). Çünki sən saat altıda işdən çıxa bilərsən, amma evdə olub fikrin işdə qalırsa, əlində telefon ona-buna zəng edirsənsə, sən artıq ailədə deyilsən, işdəsən.

- Ənənəvi sualımız: uğurunuzun sirri nədir?
- Mənə görə uğurun bir sirri var, o da çalışmaqdır. Daim və dayanmadan çalışmaq. Uğuru qismətlə, şansla əlaqələndirən var, amma mən bu tərəfə çox da yönəlməzdim. Sırf bir sahədəsənsə, yalnız verilən tapşırıq üzərində işləyib öz üzərində işləmirsənsə, o, çalışmaq deyil. Sənin öz təşəbbüsün, baxış bucağın, daha da təkmilləşmək istəyin yoxdursa, uğur səni tapa bilməyəcək.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər