• cümə, 26 Aprel, 09:54
  • Baku Bakı 12°C

Uğur heç vaxt təsadüfən gəlmir - Uğur hekayəsi

25.01.19 11:00 3638
Uğur heç vaxt təsadüfən gəlmir - Uğur hekayəsi
Çətinliklər ona motivasiya verir. Deyir ki, maneələrdə belə, pozitiv nüans axtaranda, mütləq xeyir tapırsan. Ona görə, uğur qazanmaq üçün maddi cəhətdən imkanlı ailədən çıxmaq şərt deyil. Gecələr yatmağa qoymayan hədəflərin olmalıdır. Bu, hər zaman səni dartıb istədiyin istiqamətə aparır. Müsahibimiz biznes konsultant, təlimçi, PAŞA Bankın Strategiya Departamentinin əməkdaşı Fuad Cəfərovdur.

Xocavənd rayonunda ziyalı ailəsində anadan olub. Məcburi köçkün düşdükdən sonra Ağcabədidə məcburi köçkünlər üçün yaradılan xüsusi düşərgədə yaşayıb və orta məktəb təhsili da elə orada başlayıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə yüksək balla daxil olub. Özünü inkişaf etdirmək üçün tələbəlik illərindən könüllü şəkildə işləyib: "O vaxt tələblər üçün könüllü işləmək imkanları yeni başlayırdı. Könüllülük fəaliyyəti xarici dil və kompüter proqramlarında işləmək bacarıqlarımı inkişaf etdirmək üçün önəmli təcrübə oldu. Universitet vaxtı artıq iş təcrübəsinə yiyələndim. Universitetdən sonra marketinq sahəsində çalışdım. Daha sonra ABŞ-ın Sülh Korpusunda İcmanın İqtisadi İnkişafı proqramında işləməyə başladım. 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Boston şəhərində 4 aylıq təhsil almaq üçün təqaüd qazandım. Təhsil, bilikləri artırmaq məqsəd deyil, vasitədir. Ona görə təhsil prosesi hər zaman insanın karyerasının, həyatının bir parçası olmalıdır. Bu, formal elmi dərəcələrlə, məsələn bakalavr, magistr təhsili olaraq həyata keçirilə bilər. Formal təhsil karyeraya başlamazdan öncə daha uğurlu və faydalı olur. Təcrübəli insanlar üçün isə hər yaşda və tutduğum mövqedən asılı olmayaraq, qısa və effektiv kurslar, təlimlər hava, su kimi lazımdır. 2012-ci ilin iyul ayında Mərkəzi Avropa Universitetində təqaüdlə bir aylıq menecment və liderlik proqramı üzrə kurs keçdim. Qısa zamanda çox şey öyrəndim və ən əsası, yeni bilikləri birbaşa işimə tətbiq edə bildim. Yerli şirkətlərdə bir müddət işlədikdən sonra magistr təhsili almaq üçün yenidən xaricə yollandım. 2011-ci ildə ailə həyatı qurdum. 2012-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə olunması üzrə magistr dərəcəsində təhsil almağa başladım. Mən xaricə təhsil üçün gedəndə, qızım 40 günlük idi. 1 il yarım təhsil aldıqdan sonra Azərbaycana qayıtdım”.

- Adətən karyera arxasınca gedənlər ailə qurmaqdan çəkinirlər. Ailədən uzaq olmaq və darıxmaq hissi təhsilinizə mane olurdumu?
- Məhz həmin vaxt və həmin proseslərdə məni dəstəkləyən, xaricə getməyim üçün motivasiya verən həyat yoldaşım idi. Biz təhsili fərdi fəaliyyət kimi deyil, ailəmizin inkişafı kimi görürdük. Həyat yoldaşımla birlikdə, valideynlərim də həmin vaxt dəstək oldular. Təhsil vaxtı psixoloji rahatlıq çox önəmlidir. Dərslər o qədər intensiv idi ki, bəzən gündə 2-3 saat yatırdım, bununla bərabər ailədən kənar yaşamaq hissi əlbəttə ki, çətin idi. Təhsilim bitdikdən sonra orada qalmaq və yaşamaq imkanım var idi. Orada komfortlu həyat qurmaq mümkün idi. Amma öz öyrəndiklərimi ölkəmdə xərcləmək istəyirdim. Dünyanın nüfuzlu ölkələrində qazanılmış təhsil həmin ölkələrdən daha çox, inkişaf etməkdə olan ölkələr üçün faydalı olur. Bizim kimi gənc və dinamik ölkələrdə müasir metodları istifadə etmək daha çox fayda gətirir, nəinki inkişaf etmiş ölkələrdə.

- Öyrəndiyinizi öyrətməyə meyillisiniz.
- Hər bir insan öz ölkəsinə, cəmiyyətə, insanlara faydalı olmaq üçün çalışmalıdır. Doymuş, inkişaf etmiş cəmiyyətlərə bizim o qədər dəyər qatmaq imkanımız olmur. Dünyanın hansı ölkəsinə getsən belə, "öz ölkəm üçün nə edə bilərəm” sualı ətrafında düşünməlisən. Dəyişiklik, inkişaf elə kiçik nüanslardan başlayır. Əvvəl özümüz dəyişməliyik, sonra ətrafımız, daha sonra cəmiyyət. Öyrənmə davamlı olmalıdır. Bəlkə də uğurun bir sirri də budur. Hazırda da aktiv formada strateji idarəetmə, innovasiyaların tətbiqi, rəqəmsal transformasiya üzrə biliyimi inkişaf etdirməyə çalışıram. Eyni zamanda, təcrübəmi yazdığım məqalələrlə, müxtəlif layihələrdə iştirakımla gənclərimizlə bölüşürəm.

- Məcburi köçkün həyatı bir çox insanın təhsilində boşluqlar yaradıb. Amma siz o düşərgədən Amerikaya, Niderlanda qədər getmişsiniz. Bu, necə baş verdi?
- Məncə, insanın düzgün vizyonu varsa və nə istədiyini bilirsə, ona getdiyi yolda heç nə maneə ola bilməz. Bəlkə də uşaq yaşlarında insanın dünyaya baxışı, istədikləri bir o qədər aydın olmur. Amma inkişaf, yenilik arzuları həmişə olmalıdır. Bunlar olanda, yaş və sosial statusdan asılı olmayaraq, yaranan maneələrə həll yolları tapmaq olur. Orta məktəb illərində yaşadığımız düşərgədə bəzən işıq olmurdu və dərslərimi lampa işığında oxuyurdum. Onun da müsbət tərəfləri var. Lampa işığında dərs hazırlamaq daha effektivdir. Sənin konsentrasiyan o işığın trayektoriyasından kənara çıxa bilmir və daha yaxşı öyrənirsən. Əslində çətinlik də insanın baxış bucağından asılıdır. Pozitiv düşünsən, mütləq xeyir tapacaqsan. Əlbəttə ailənin, valideynlərin dəstəyi çox vacibdir. Amma düşünürəm ki, insanın özünün daxilindən gələn hisslər də önəmlidir. Hər zaman fantaziya qurmaq qabiliyyəti olmalıdır. Mən həmişə "Mən kim olmaq” istəyirəm sualına özlüyümdə xəyallarla cavab verirdim. Bütün fantaziyalarım pozitiv idi. Baryerlər karyera qurmağa maneə deyil. Uğur qazanmaq üçün hansısa kübar, yaxud imkanlı ailədən çıxmaq da şərt deyil. Məqsədin və istəyin olsa, hər şey mümkündür. Səni gecələr yatmağa qoymayan arzular, istəklər olmalıdır. Bu, hər zaman səni dartıb o istiqamətə aparır. Arzular inkişafa aparan meyardır. Əsas qarşındakı yox, beynindəki maneələri yıxmaqdır.

- Xaricdə təhsil almağı prioritet götürmüsünüz. Xaricdə təhsil sizə nə verdi?
- Düşünürəm ki, xaricdə təhsilin böyük dividendləri var. Bu, yalnız mənim akademik biliklərimi artırmadı, həmçinin dünya görüşüm artdı, fərqli və kritik düşünmək qabiliyyətim inkişaf etdi, fərqli mədəniyyətlərlə tanış oldum, özümü daha yaxşı tanıdım və özümə güvən yarandı. Avropa təhsil sistemi və biznes mühiti ilə yaxından tanış ola bildim. Orada həm təhsildə, idarəetmə sahəsində tətbiq olunan yeniliklərlə, həm də onların yaratdığı dəyərlə tanış oldum.

Gənclərimizə məsləhət görərdim ki, xaricdə təhsil almaq şansları varsa, mütləq istifadə etsinlər. Çünki bu, onların həyatlarında unudulmaz bir mərhələyə çevriləcək və ən əsası, karyeralarında müsbət dəyişikliyə səbəb olacaqdır. Rəqəmsal texnologiyalar təhsili müasir insan üçün daha yaxın edib. Bəlkə insanlar düşünər ki, xaricdə təhsil almaq bahalı seçimdir. İndi internet üzərindən ən güclü universitetlərin ən nüfuzlu professorlarından dərs almaq mümkündür. Bakıda oturub, məsələn, Harvard, MİT, Caltech və başqa universitetlərdə təhsil ala bilərik. Gənclərimiz bu şansdan da mütləq mənada istifadə etməlidir.


- Biznes idarəçiliyi sahəsində 10 il təcrübəniz var. Sizcə, risksiz biznes mümkündürmü?
- Biznesdə belə bir deyim var ki, biznes nə qədər risklidirsə, o qədər də mənfəətli olur. İnvestorlar daha çox mənfəət qazandıqları üçün bəzi riskləri üzərlərinə götürməyə hazır olurlar. Amma riski düzgün dəyərləndirmək və iş əsnasında düzgün idarə etmək lazımdır. Önəmli olan risk etmək deyil, risklərin qarşısını almaq planlarınızın və o risklərə uyğun alternativ variantlarınızın olmasıdır. Belə bir deyim var: Risk etməyən şampan içməz. Amma risk özü prosesin doğurduğu effektdir. Biznesin düşünməli olduğu ən önəmli meyar hansı problemi həll edəcəyimizdir. Yəni biznes riskindən daha çox hansı problemi həll edəcəyini düşünməlidir. Əgər şirkət insanların problemini həll edirsə, daha asan, faydalı məhsul və xidmətlər təklif edirsə, risk öz-özlüyündə azalır və prioritet olmur. Başqa cür desək, indi biznes "cəmiyyətə, insanlara nə faydam olacaq” sualına cavab verməlidir. Bu halda uğur qazanmaq daha rahatdır.
- Uğurlu olmaq üçün tək ağıllı olmaq kifayət edir?
- Bizdə ağıllı olmaq, savadlı olmaq anlayışı çox ümumiləşib. Digər cəmiyyətlərdə ümumi savadlılıq anlayışı yoxdur. Yəni insan bir sahədə peşəkarlaşır. Bizdə isə belə bir düşüncə var ki, savadlı insanlar hər şeyi bilməlidir. Amma ağıllılığın göstəricilərinə baxsaq, daha dəqiq nəticəyə gələ bilərik. Misal üçün, insanın hanısısa spesifik sahədə bilikli olması, risklərin düzgün idarə edilməsi, fərqli və kritik düşünmə bacarıqlarının və s. ağıllı olmağın meyarıdırsa, uğurlu olmaq üçün ağıllı olmaq kifayətdir.

İnsanların ən böyük səhvi uğursuzluqla qarşılaşanda geri addım atmağıdır. İnsan uğusuzluqları düzgün analiz edir, öz zəif tərəflərini müəyyən edir və buna öyrənilmiş dərs kimi baxırsa, bunun üzərində növbəti uğurunu qura bilər. Uğursuzluq bir çox hallarda uğura təkan verən amildir.


- Həm təlimçi, həm də müəllim kimi çalışırsınız. Auditoriya gənc təlimçini ilk baxışdan necə qarşılayır?
- Öyrənmə və öyrətmək həvəsi məndə inkişaf layihələrində təlimçi kimi işləməyə stimul yaratdı və bir neçə ildir ki, Azərbaycanda icra olunan beynəlxalq layihələrdə təlimçi kimi fəaliyyət göstərirəm.

İş saatlarında PAŞA Bank ASC-də işləyir, axşam 6-dan sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC Biznes Məktəbi) magistratura pilləsində (MBA proqramı) təhsil alan tələbələrə strategiya modulundan dərs deyirəm. Baxmayaraq ki, dərslərim işdən sonra olur, auditoriyaya daxil olanda yeni enerji əldə edirəm, tələbələrlə işləməkdən zövq alıram. Bu, həm də özümün davamlı öyrənməyimə stimul yaradır. Auditoriyanın gənc təlimçini və müəllimi necə qarşılaması çox önəmlidir. Auditoriya böyük tənqidçidir. Hər dəfə o tənqidlərdən necə uğurla keçə bilirəm deyə, düşünürəm.

- Strateji planlaşdırma üzrə ixtisaslaşmışsınız. Maraqlıdır öz həyatınızı da planlaşdırırsınızmı?
- Şirkətlərdə olduğu kimi, insanların özü üçün də strategiyanın olması çox faydalıdır. Strategiyada belə bir deyim var ki, hara getdiyinizi bilmirsinizsə, deməli, heç bir yerə getmirsiniz. Davamlı olaraq nəticələrin əldə olunması üçün planlaşdırmanın olması lazımdır. Strateji nöqteyi-nəzərdən baxdıqda, uzaq arzular strateji hədəfiniz olmalıdır, amma o hədəflərə çatmaq üçün yaxın təşəbbüsləri icra etməlisiniz. Misal üçün 30, 40 yaşımda harada olacağımı planlaşdırıram. Amma qarşıma yaxın təşəbbüslər qoyuram. Məsələn, növbəti, 3 ayda nələri edəcəyimi qarşıma məqsəd qoyuram və ona doğru gedəcək fəaliyyət planım (addımlarım) olur.

Öz həyatımız üçün strateji əhəmiyyəti olan işləri planlaşdırmalıyıq, amma bu o demək deyil ki, gündəlik həyat tərzimizin 100 faizi planlaşdırılmalıdır. Dünyada 60/40 prinsipi var. Tövsiyə olunur ki, insanlar günün 100 faizini deyil, 60 faizini planlaşdırmağa çalışsınlar. Yerdə qalan 40 faizini isə planlaşdırmasınlar. Amma planlaşdırılmamış 40 faizi asudə vaxt kimi deyil, gözlənilməz risklərin qarşısını almaq üçün istifadə etsinlər. Gününüzün 100 faizini də planlayırsınızsa, gündəlik həyatda baş verən gözlənilməz hadisələr qarşısında aciz ola bilərsiniz və planlaşdırdığınız işləri icra edə bilməyəcəksiniz. 40 faiz planlaşdırılmamış vaxt sizi gərginlikdən xilas edir və imkan yaradır ki, özünüzü itirmədən və planlı şəkildə gününüzü idarə edəsiniz.


- Ənənəvi sualımız, uğur sirriniz nədir?
- Uğur əldə etmək üçün ilk növbədə insanın hərtərəfli düşünülmüş məqsədi olmalıdır. Bu məqsədə çatmaq üçün əlbəttə ki, çətinliklərin olması qaçılmazdır. Amma insan qarşıya qoyduğu məqsədə çatmaq üçün inamlı və dözümlü olmalıdır. Gənclərə məsləhətim odur ki, qarşılarına düzgün təhlil olunmuş məqsədlər qoysunlar. Həmin məqsədlər üzərində sona qədər çalışsınlar, hətta uğursuzluqla üzləşəndə də geri çəkilməsinlər, məqsədlərinə doğru irəliləsinlər. Nəticədə uğur əldə etdikdə bu, davamlı olacaq və bundan daha çox zövq alacaqlar.

Uğur heç vaxt təsadüfən gəlmir. İnsan əzm, iradə və zəhmətin nəticəsində uğura çatır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər