• cümə, 26 Aprel, 23:44
  • Baku Bakı 22°C

“Uğur acıyam” - Portret

08.06.15 12:20 2167
“Uğur acıyam” - Portret
Ülviyyə Şərifova bizim gənclərin başqalarından geri qalmadığını düşünür
Ölkəmizdə fərdi idman növlərində qazanılan uğurlar göz qabağındadır. Güləş, cüdo, boks, karate və başqalarında qitə, dünya və Olimpiya çempionu və medalçılarımız yetərincədir. Komanda növləri haqda isə eyni sözləri söyləyə bilmirik. Bəli, futbol, voleybol, otüstü hokkeydə müəyyən qələbələr qazanılıb. Ancaq bəzi ənənələri olan növlərimizdə durğunluq dövrü sürür. Həndboldakı kimi. Rəfiqə Şabanova kimi əfsanəni yetişdirmiş Azərbaycan, müstəqillik dövründə zirvələri fəth etməkdə çətinlik çəkir. Şərait yetərli olmasa da, Şabanovanın davamçıları yox da deyil. Bu gün onlardan biri – Ülviyyə Şərifova ilə söhbət edəcəyik. ABU HK-nın şərəfini qoruyan gənc həndbolçu ilə bir çox məqamlara toxunduq.
Sadəcə həndbol olduğuna görə həndbol
- Ülviyyə xanım, idmana gəlişiniz necə alınıb?
- 1994-cü il iyunun 4-də Bakıda anadan olmuşam. İdmana təsadüf nəticəsində gəlmişəm. Bir dəfə idman məktəbi olan stadiona getmişdim. Baxdım, iştirak etmək istədim. Gördülər, dəvət etdilər, yazıldım və məşqə başladım. Bu qədər sadə.
- Seçiminiz həndbolun üzərində dayandı...
- Düzü, konkret səbəb yox idi. Məşqi izlədim, maraqlı gəldi. Özümü sınamaq qərarı verdim. Sonranı düşünməmişdim. Fikirləşmirdim ki, belə karyera quracağam.
- Ailənizdə sizdən başqa idmançı varmı?
- Yox, yolunu idmandan salan tək mənəm.
- Həndboldakı nəyə görə bu idmanı sevirsiniz? Sürət, mübarizə, adrenalin və s…
- Bunlardan heç biri. Sadəcə, həndbol olduğu, var olduğu, mənim də bu gözəl oyunu oynamaq imkanım olduğu üçün sevirəm.
- Bir kumiriniz, keçmişdə, yaxud indi xüsusi azarkeşlik etdiyiniz biri varmı?
- Əvvəllər ABU-da Nino Tsivtsivadze oynayırdı. Həqiqətən də güclü, kumir hesab edilməyə layiq olan biri idi.
Əvvəl öz qapın...
- Meydanda hansı mövqedə oynayırsız?
- Komandada xətt oyunçusuyam, ancaq məşqçi tez-tez məni sağ və sol cinahda “döyüşə atır”.
- Meydanda oynadığınız mövqe daha çox hücum üçün yararlıdır, yoxsa müdafiə üçün? Özünüz daha çox taktiki mübarizəni sevirsiniz, yoxsa hücum etməklə qələbəni qazanmağı?
- İlk növbədə təbii ki, müdafiəyə fikir vermək lazımdır. Əsas qapını qorumaqdır. Qol vurmağa isə həmişə vaxt tapmaq olar.
- Bir az fərqli sual olacaq: adi həyatda da müdafiə olunmağı üstün tutursunuz, yoxsa başqa cürsünüz?
- Həyatda idmanda olduğu kimi müxtəlif məqamlar olur. Bu zaman ağıllı davranıb hücum etmək, yaxud hərəkətsiz qalmağı seçmək lazımdır.
Qeyri-populyar həndbol
- Bu günə qədər hansı yarışlarda iştirak etmisiniz, hansı nəticələriniz var?
- Gənclər yığmasının heyətində seçmə oyunlarda iştirak etmişəm. ABU klubuna gələndən sonra isə bir çox turnirlərdə meydana çıxmışam: “Çağırış Kuboku”, ölkə çempionatı, ölkə kuboku. Rusiyada keçirilən turnirlərdə, həmçinin ölkədaxili yarışlarda medallarım var.
- Xeyli vaxtdır ki, Azərbaycanda həndbol populyarlığını itirib. Buna səbəb nədir?
- Bizə başqa idman növlərindən daha az diqqət yetirilir. İkinci plandayıq.
- Həndbolumuzu Avropa səviyyəsinə qaldırmaq üçün nələr etmək lazımdır? İdmançı potensialımız varmı?
- Avropa səviyyəsində rəqabət apara biləcək yetərincə perspektivli idmançımız var. Onlar çoxdurlar. Ancaq əsas bu deyil. İnkişaf olmadıqca, hər şey əhəmiyyətsiz olacaq. Məhz o zaman uğurlar, nəticələr, kuboklar gələcək.
- Bəlkə, yeganə çıxış yolu ölkə xaricinə getməkdir?
- Yox, ölkəmizin şərəfini qorumaq hər şeydən üstündür.
- Mən klub olaraq nəzərdə tuturdum…
- Fərq etməz.
- Hər halda bir həndbolçu kimi inkişaf etmək üçün gələn təkliflərə diqqətlə yanaşmaq olar. Məsələn, bizdə Rusiyanın lider klublarından birində əsas heyət oyunçusu olacaq qızlar varmı? Siz özünüzü buna hazır sayırsınızmı?
- Özümü başqalarından heç də zəif saymıram. Gec-tez bu məsələ yenidən gündəmə gələcək. Hazırda mən bu suala tam cavab verməyə hazır deyiləm.
Uğur acı...
- Aydındır. Mövzunu dəyişək. Həndbolçu, ümumiyyətlə idmançı olmaq çətindir. Gününüzün neçə saatını məşqlərə sərf edirsiniz?
- Düz deyirsiniz ki, idmançı həyatı çətindir. Bütün məşq, hətta boş vaxtlarımı da həndbola sərf edirəm. Bu, vacibdir.
- Cəmi 20 yaşınız olsa da, çox sayda oyun keçirmisiniz. Meydançada əsas olan nədir: fərdi ustalıq, komanda oyunu, təcrübə və s...
- Hamısı bir yerdə. Məncə, komanda ruhu, dostluq olmalıdır, bu da birlik, peşəkarlıq və böyük qələbə istəyini özü ilə gətirməlidir.
- Məşqlər ağır olur. Heç "bezdim, daha idmanla məşğul olmaq istəmirəm" demisinizmi, özünüzə?
- Çətin məşqlərin olması normaldır. Ancaq bu, hər şeyi atıb getməyə yox, növbəti məşqə motivasiya edir.
- Zədələriniz olubmu?
- Bir-iki dəfə kiçik zədəm olub. İdmanda bu, normaldır. Olub, bundan sonra olması da təbiidir. Şükürlər olsun ki, ciddi deyil.
- Ümumiyyətlə, çətinliklər olanda - istər zədə, istərsə də başqa - bunun öhdəsindən necə gəlirsiz? Motivasiyanızı necə saxlayırsınız?
- Mən qarşıma hədəf qoymuşam! Bilirəm ki, idmandayamsa, zədələr, yıxılmalar, məğlubiyyətlər – bütün bunlar normaldır. Bunu qəbul etmək, belə çalışmaq lazımdır.
- Hədəf demişkən. Bir idmançı kimi qarşınıza qoyduğunuz hədəf nədir?
- İdmandan hər gün məşqlərdə qoyduğumun əvəzini artıqlaması ilə almaq! Çempionluqlar, böyük qələbələr qazanmaq istəyirəm. Uğur acıyam!
Məşqlə təhsil bir-birinə mane olmur
- İdmanla bərabər təhsilinizi davam etdirə bilirsinizmi? Ümumiyyətlə, məktəbi necə oxumusunuz?
- Məktəbi normal oxudum. İndi isə universitetlə (Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası) məşqləri bir yerdə davam etdirirəm.
- Necə çatdırırsan?
- Heç bir problem yoxdur. Asandır.
“Bizim gənclər heç kimdən geri qalmırlar”
- Yəqin ki, ölkə xaricində çox olmusunuz. Oradakı gənclərlə bizim gənclər arasında fərqləri hiss etmisiniz. Onların və bizim üstün və zəif tərəflərimiz hansılardır?
- Təbii ki, fərq hiss olunur. İdmanda onların inkişaf imkanı daha çoxdur, çünki daha çox oyun keçirmək imkanı əldə edirlər. Belədə daha çox təcrübə qazanırlar. Bu da inkişafa böyük müsbət təsir göstərir.
- Bəs idmandan kənardakı gənclər necə?
- Bizim gənclik onlardakından heç nədə geri qalmır.
- Məsələn, onların boş vaxtlarını keçirməkləri ilə bizimkilər arasında yəqin böyük fərqlər var
- Hər kəs bacardığı kimi istirahət edir. Böyük fərq hiss etməmişəm burada.
- Maraqlıdır. Bəs geyim, danışıq tərzi, savad. dünyagörüşü?
- Bu sual idmana aid deyil.
- Bəli, mən sizin məhz ümumi fikirləriniz də öyrənmək istədim. Çünki cəmiyyət təkcə idmandan ibarət deyil.
“Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur!”

- Necə düşünürsünüz, Bakıda keçiriləcək Avropa Oyunları Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkəmiz xeyli məşhurlaşıb. Bakı və digər şəhərlərimiz çox qonaqpərvər olduqlarından xarici qonaqları böyük məmnuniyyətlə qəbul etməyə hazırıq.
- Sizcə, həndbol bu oyunlara salınsaydı, yığmamız hansı nəticəni qazana bilərdi?
- Hesab edirəm ki, bizə belə şans düşsəydi, komandamız ən yüksək pillələr uğrunda mübarizə aparardı. Ən azından var gücümüzü qoyub, doğma divarlar arasında azarkeşləri sevindirməyə çalışardıq.
- Həndbol yığmamızın nə vaxtsa Olimpiada və ya dünya çempionatında iştirak etmək şansı nə qədərdir?
- Şans həmişə var. Əsas böyük istək və əzmkarlıqdır. Biz bunu istəyirik. Hər şey yaxşı olacaq.
Futbol, dostlar, əyləncə...
- Həndboldan başqa idman növləri ilə də maraqlanırsınızmı?
- Bəli, demək olar ki, bütün idman növləri ilə maraqlanıram. Futbolu daha çox fərqləndirə bilərəm.
- Konkret azarkeşlik etdiyiniz klub və futbolçu hansıdır?
- Madrid “Real”ı və Serxio Ramosun azarkeşiyəm.
- Lap yaxşı. Başqa hobbiləriniz nədir? Boş vaxtlarını necə keçirirsiniz?
- Əsasən dostlarımla birlikdə əylənirik.
Portret
Ülviyyə Şərifova ilk baxışdan ciddi, soyuq birinə bənzəyir. İşinə münasibətdə məhz belədir. Məşqlərə münasibəti, çalışqanlıq və əzmkarlığı, peşəkarlığı bunu deməyə əsas verir. Adi həyatda isə gülərüz, şən və ünsiyyətcildir. Vətənpərvər, istiqanlı biri olduğuna şübhə yoxdur.
Yəni iki qütbü olan kürə kimidir. İsti-soyuq, şimal-cənub... Lazım olanda bir, lazım olanda digər qütbə yönəlib qələbə qazanmağı bacarır. Hələ təcrübəsi çox deyil. Ancaq bir neçə ildən sonra ölkə həndbolunun ulduzu olmaq üçün heç bir maneəsi qalmayacaq.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər