AZE | RUS | ENG |

Ustalığı kürəkənimdən öyrəndim – Sadə peşə adamı

Ustalığı kürəkənimdən öyrəndim – Sadə peşə adamı
Sevinc Sadıqova: “Ev təmiri incəlik tələb etdiyindən kişi deyil, məhz qadın işidir”


Atalarımız deyib ki, aslanın erkəyi dişisi olmur. Doğurdan da elədir. Azərbaycan qadınlarının tarix boyu çox cəsur, mərd addımlar atdıqları, qadın işləri ilə bərabər kişi işlərinin də öhdəsindən məharətlə gəldikləri danılmaz faktdır. Bu gün də həmin cəsur, işgüzar qadınları cəmiyyətimizdə görmək mümkündür. Müasir dövrdə kişilərin çalışdığı sahədə qadınların olması təəccüblü qarşılansa da, ölkəmizdə “kişi işi” sayılan sahədə çalışan qadınlar da az deyil. Belə qadınlardan biri də “Sadə peşə adamı” rubrikamızın zərif qəhrəmanı Sevinc Sadıqovadır. Zərif qəhrəman dediyimə baxmayın. O, ən çətin peşələrdən olan ustalıq sənətini bəzi kişi ustalardan daha yaxşı görməyi bacarır. Artıq işinin peşəkarına çevrilən Sevinc 12 ildir ki, tikintidə usta kimi kişilərlə birlikdə çiyin-çiyinə çalışır.

“Pul qazanmalıyam...”

Müsahibimiz Şəki şəhərində anadan olub. Uşaqlıqdan oğlan kimi böyüdüyünü deyən həmsöhbətiniz orta məktəbi bitirdikdən sonra ailə həyatı qurub. Sevinc o zamanlar hansısa işlə məşğul olacağını təsəvvürünə belə sığışdıra bilmirmiş. Lakin özünün dediyi kimi, taleyi gətirməyib və həyatın çətinlikləri ilə gənc yaşında mübarizə aparmalı olub: “Heç kim başına gələcəklərdən xəbərdar deyil. Buna görə qadın ayaqları üzərində durmağı bacarmalı, hansısa peşənin ardınca getməlidir. Bəziləri, xüsusilə rayon yerində yaşayanlar düşünür ki, qadın ancaq evinin qadını, uşaqlarının anası olmalıdır. Mən bu fikirlə razı deyiləm. Kişidən çox qadına sənət lazımdır ki, sabah tək qalanda heç kimdən asılı olmasın. Mən də ailə qurdum, evimin qadını, uşaqlarımın anası olmaq istəyirdim. Ağlıma gəlməzdi ki, nə vaxtsa çalışa bilərəm. Amma yoldaşım və qızım rəhmətə getdikdən sonra, həyatda tək qaldım. Düşündüm ki, həyat davam edir və mən yaşamaq üçün pul qazanmalıyam”.

“Ustalıq qadın sənətidir”

Ailə qurana kimi heç bir sənətlə məşğul olmayan müsahibimizə kürəkənləri dəstək olub və ona ustalıq sənətinin sirlərini öyrənməkdə kömək edib: “Kürəkənimiz türk ustalarla birlikdə tikintidə işləyirdi. Məni də sənəti öyrənmək üçün yanında apardı. Mən ustaların əl işlərinə baxır, onlara kömək edirdim. Bir gün tam hazır olduğumu hiss etdim və otağın birini özüm təmir etdim. Türk ustalar əl işimi çox bəyəndi. O gündən sonra tikintidə təmir işləri ilə məşğul oluram. İlk günlər tikintidə qadın görmək çoxlarına təəccüblü gəlsə də, işi bacardığımı görüb sonradan hamı alışdı”.
Sevinc düşünür ki, ev təmir etmək əslində kişi deyil, məhz qadın işidir: “Ev təmiri ustadan zəriflik, incəlik tələb edir. Bəzən bu iş kiməsə asan görünə bilər. Lakin insan əlinin bacarıqlarını divarda nümayiş etdirir. Ev təmir etmək o demək deyil ki, əlinə aləti götürüb boyanı divara necə gəldi sürtmək lazımdır. Əgər bir dəfə səliqəsiz etsən, onda bütün ev səliqəsiz görünəcək. Kişilər kobud olduğu üçün bu iş onlarda o qədər də yaxşı alınmır. Çünki kişilərin əl işi qadınlarda olduğu qədər səliqəli deyil. Onlar iş görərkən əlləri əsir. Amma qadın o qədər incəliklə işləyir ki, işinin haqqını verir. Məncə, təmir işləri qadınlara məxsusdur”.

“Zeynəb Xanlarovanın vilasında işləmişəm”

Sevincin əl işləri bəyənildiyi üçün heç vaxt işsiz qalmayıb. Hətta o, səriştəli usta kimi ölkədə tanınmış simaların evlərini də təmir edib: “Kim deyirsə ki, iş tapa bilmirəm, bu, onun öz günahıdır. Əlinin zəhməti ilə çörək qazanmaq istəyənə hər vaxt iş var. Mən indiyə kimi çox yerdə işləmişəm. İşimi məsuliyyətlə gördüyüm üçün hər zaman işim bəyənilib. Tanınmış simalardan Məleykə Əsədova, Zeynəb Xanlarovanın villalarında çalışmışam”.

Diqqət, səbr, qabiliyyət

Sənətinin incəliklərindən danışan həmsöhbətimiz düşünür ki, hamı usta ola bilməz. Onun sözlərinə görə, sənətkar işini bilirsə, sənətkardır: “Sənətin qadını, kişisi olmur. Sənətkar işini bacarırsa, cinsindən asılı olmayaraq o, işində uğur qazana bilər. Yaxşı usta olmaq üçün gözəl əl qabiliyyəti ilə yanaşı, diqqətli, səbrli olmaq şərtdir. Əgər bu xüsusiyyətlər səndə varsa, deməli, işini bacaracaqsan”.
Uzun illərdir kişilərlə birlikdə işləyən Sevinc deyir ki, bu, onu heç vaxt narahat etməyib. Onun sözlərinə görə, cəmiyyət içində necə ad qazanmaq qadının özündən asılıdır: “Qadın kişinin gördüyü hər işi bacara bilər. Elə kişi ustaları var ki, onlardan qat-qat güclü, həm də yaxşı iş görürəm. Adətən iş yoldaşlarım kişilər olduğu üçün bəzən pis baxanlar da olur. Amma hər şey qadının özündən asılıdır. Əgər qadının əxlaqı yerindədirsə, ona heç bir kişi yan baxa bilməz. Əxlaqı yerində olmayan qadını isə qapalı sandığa bağlasan da, o öz işini görəcək. Mən özüm kişilərlə işləməkdən özüm də kişi kimi olmuşam. Heç bir kişinin hünəri çatmaz ki, mənim otağıma ayağını qoysun və məni narahat etsin”.

“Acizlik bizə yaraşmır”

Halal zəhmətilə çörək qazanan həmsöhbətimiz bəzi qadınların acizliyini qəbul edə bilmir. Onun sözlərinə görə, çalışmaq ayıb deyil: “Qadınlar var ki, oğurluq, əl-qolu olduğu halda dilənçilik edir. Əgər Allah mənə əl-qol, ağıl veribsə, nəyə görə işimi görüb pul qazanmayım? Həmişə demişəm ki, küçə süpür, kiminsə evində xidmətçi işlə, hansısa restoranda qab yu, bu, ayıb deyil. Əsas odur ki, halal zəhmətinlə pulunu qazan. Qadınların aciz olmasını götürə bilmirəm. Heç kəs işi ana bətnində öyrənmir. Əgər qadının ürəyində işləmək, halal zəhmətlə pul qazanmaq varsa, o pul qazanacaq. Mən heç bir işi özümə ayıb bilməmişəm. Bəzən olub ki, qonşunun həyətinə maşınla torpaq gəlib, gedib o torpağı həyətə daşıyıb zəhmətimin haqqını almışam. Pulu əziyyətlə qazanmaqdan zövq alıram. Çünki o zaman qazandığımın qədrini bilirəm”.
Müsahibimiz sonda vurğuladı ki, qadın zərif yox, zəif məxluqdur: “Yoldaşım rəhmətə getdikdən sonra evimin həm kişisi, həm də qadını oldum. Ondan sonra anladım ki, qadın zəif yox, zərif məxluqdur. Heç bir kişinin qadına zəif deməyə haqqı yoxdur. Çünki elə kişilər var ki, özləri qadın kölgəsində gəzirlər. Allah kişiyə də, qadına da iki əl, iki ayaq verib. Niyə biz aciz, kimdənsə asılı olmalıyıq?! Azərbaycan qadınları mərd, zəhmətkeş, qürurlu və halallığı sevəndirlər. Acizlik bizə yaraşmır”.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056