AZE | RUS | ENG |

“Uşaqlığımı, gəncliyimi istədiyim kimi yaşamışam” – Keçmişdəki mən

“Uşaqlığımı, gəncliyimi istədiyim kimi yaşamışam” – Keçmişdəki mən
Siyavuş Kərimi: “Hər bir insan üçün ən xoşbəxt dövr öz atasının-anasının yaşadığı zamandır”

Hamı kimi, uşaqlıqda tək məqsədi həyətdə oynamaq, qaçmaq, top qovmaq olub. Özünün də dediyi kimi, heç bir uşaqdan fərqlənməyib. Saf, təmiz, qayğısız, mənalı uşaqlıq illəri... Düşünür ki, hər bir insanın ən xoşbəxt anları valideynləri ilə birlikdə keçirdiyi anlardır. Çünki valideyn sənə arxa-dayaq olduğu üçün sən heç bir şeyin fikrini çəkmirsən.

Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kərimidir.

“Atamın hüzurunda heç vaxt oturmamışam”

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda anadan olub. Balaca Siyavuş mülayim xarakterli, atasının hər zaman hörmətini saxlayan uşaq olub: “Atamı çox sevirdim. O, çox sərt, zəhmli insan idi. Mən hər zaman onun hörmətini saxlayırdım... 50 yaşıma qədər atamın hüzurunda heç vaxt nə oturmuşam, nə də uzanmışam. Hər zaman o olan yerdə ayaq üstə dayanırdım. Bu, bizim ailədə qanun idi. Atam siyasi mühacir idi. 1946-cı ildə İrandan Azərbaycana keçib burada məskən salmışdı. Anam isə gəncəli idi. Anamın vasitəsilə mən mədəniyyətə, incəsənətə daha çox maraq göstərmişəm. Anam elə bir müəssisədə çalışırdı ki, orada mən uşaq vaxtlarımdan bütün Azərbaycanın fəxr edə biləcəyi insanları görmüşəm. O zaman Adil İsgəndərovu, Leyla Bədirbəylini, kinostudiyadakı rejissorları tanıdım. Demək olar, kinostudiyada böyüdüm. Həmin kinostudiya indi də var. İmkan olanda ora baş çəkib, havasını uduram. Ora mənim üçün doğmadır”.

“Ora-bura top qovurduq”

Müsahibimiz uşaq vaxtlarında idmana həvəs göstərib. Qəribəsi odur ki, bu gün Azərbaycanın məşhur bəstəkarı uşaqlıqda musiqiçi olmağı ağlının ucundan belə keçirməyib: “Əslində lap əvvəl mənim musiqiçi olmaq kimi həvəsim olmayıb. İdmanla məşğul olurdum. Ya idmançı ola bilərdim, ya da atam kimi neftçi. Bütün uşaqlar kimi həyətdə oynamağı sevirdim. Oğlan uşaqlarının ən sevimli məşğuliyyəti futbol oynamaqdır. Başqa uşaqlardan heç nə ilə fərqlənmirdim. Digər oğlanlar kimi, mənim də fikrim həyətdə oynamaqda, qaçmaqda idi. Ora-bura top qovurduq. Amma uşaqlıqdan idmana həvəsim var idi. Məktəb vaxtı gimnastika ilə məşğul olurdum. Sonralar intellektual oyunlara maraq göstərməyə başladım. Rus daması üzrə Bakı şəhərində keçirilən çempionatda qalib oldum. Bundan başqa, hətta müəyyən normativləri də yerinə yetirirdim. Tələbəlik illərində ox atır, basketbolla məşğul olurdum. Gənc, yeniyetmə həyatı çılğın olur. Oğlan uşağında xüsusilə cəldlik, qaçmaq kimi xüsusiyyətlər daha çoxdur. Bu xüsusiyyətlərin hamısını daşıyırdım” (gülür).

“Xəmirim musiqi ilə yoğruldu”

Atası neftçi olsa da, oğlu Siyavuşun musiqiçi olması üçün əlindən gələni edib: “Atamın sənəti neftçi olsa da, gözəl səsi var idi, oxumağı bacarırdı. Musiqiyə böyük məhəbbəti var idi. Hələ mən uşaq olarkən, artıq atam qərar vermişdi ki, musiqi təhsili alım. 5-6 yaşında uşaq idim. O zaman sənətimlə bağlı qərar verə bilməzdim. Atam mənə tar aldı və müəllim yanına getdim. İstəsəm də, istəməsəm də tarda ifa etməyi öyrənirdim. Daha sonra Bülbül adına Musiqi Məktəbinə daxil oldum. Hər gün avtobuslarla müəllim yanına gedib-gəlirdim. Bundan sonra xəmirim musiqi ilə yoğruldu. Atam musiqiçi olmağımı çox istəyirdi. Musiqi ilə məşğul olmağım üçün hər şey etdi. Mənimlə, təhsilimlə çox ciddi məşğul olurdu. Oğlan uşağı nə qədər yaxşı oxusa da, həmişə fikri həyətdə olur. Yay vaxtı uşaqlar həyətdə oynayır, onların səsləri gəlir, sən də oturub evdə tarda ifa edirsən... Atama minnətdaram. O, sərtliyi ilə mənə yol göstərdi. Təhsilli olmağımı istədi, buna nail ola bildi”.

“Heç kəs öz qatığına turş deməz”

Həmsöhbətimiz məktəb illərində də sakit təbiətli şagird olub: “Heç kəs öz qatığına turş deməz” (gülür). Şagird necə olur – tənbeh də olunurdum, təriflənirdim də. Yaxşı müəllimlərimiz var idi. Onları çox sevirdim. Məktəbi də yaxşı qurtardım. Kimya fənnindən çətinliyim var idi. Əvvəl həndəsə fənnini çox sevirdim. Amma daha çox musiqi ilə maraqlandığım üçün dəqiq fənlər problem yaratmağa başladı. Davranış qaydalarına gəlincə, heç vaxt dərsdən qaçmamışıq. Çünki anlayırdıq ki, dərsdən qaçmaqla yalnız özümüzə yamanlıq edəcəyik”.

“Tələbəlik illərim sırf yaradıcılıqla keçib”

Müsahibimiz 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olub. Onun sözlərinə görə, tələbəlik illəri sırf yaradıcılıqla keçib: “Bütün il boyunca tam əlaçı olmasam da, imtahanların hamısını əla qiymətlərlə verdiyim semestrlər olub. Həmişə öz istedadıma güvənmişəm. Tələbəlik illərim sırf yaradıcılıqla keçib. Hamı oxumalı, hər hansı bir sənətə, peşəyə yiyələnməli və işlə təmin olunmalı idi. Şəhərdə maraqlı qruplar var idi. Məni həmin qruplara dəvət edirdilər. Sovet dövründə bəzi musiqi mədəniyyətləri var idi ki, bizim ərazilərdə qadağan olunmuşdu. Gənclik ehtiraslı olduğu üçün peşəkar kollektivlərdən yığılıb özfəaliyyət adı ilə istədiyimiz, sevdiyimiz musiqiləri ifa edirdik. Elə əsər yazmaq həvəsi də həmin kollektivlə işləyəndə oyanmışdı. Mən o vaxtdan yazmağa başladım. Konservatoriyanı bitirdikdən sonra hərbi xidmətə yollandım. Bu illər ərzində də vaxtımı boş keçirmədim. Orada mənə tam tanış olmayan alətləri mənimsəməyə başladım. Həmin alətlər gələcək həyatımda mənə çox kömək oldu”.

İlk maaş...

İlk maaşından söhbət açan həmsöhbətimiz deyir ki, ilk qazandığı pulla dostları ilə birlikdə ölkə xaricinə gəzməyə gediblər: “İlk qazancım universitetdən aldığım təqaüdüm idi. Konservatoriyada oxuyarkən 50 rubl təqaüd alırdım. Bu, o vaxt üçün yaxşı pul idi. Konservatoriyanı bitirəndən hərbi xidmətə yollanana qədər 4-5 ay vaxtım var idi, heç yerə gedə bilmirdim. Bu zaman biz dostlarımızla birlikdə restoranda işləməyə başladıq. Yaxşı pul da qazanırdıq. Həmin pul ilə dostlarımızla Azərbaycandan kənara çıxıb hansısa ölkədə dincəlirdik. Qiymətlər indiki kimi deyildi. 200-300 manat bizə kifayət edirdi. Tələbatımız böyük deyildi”.

Xoşbəxt illər...

Müsahibimiz deyir ki, insanın ən çox xoşbəxt olduğu illər uşaqlıq və gənclik illəridir: “Uşaqlığımı, gəncliyimi istədiyim kimi yaşamışam. O illər, əlbəttə, xoşbəxt illərdir. Hər bir yeniyetmə, gənc üçün öz atasının-anasının yaşadığı zaman ən xoşbəxt zamandır. Sən heç bir şeyin fikrini etmirsən. Sadəcə, hara gedəcəyini, hansı dostlarınla görüşəcəyini fikirləşirsən. Ev problemin yoxdur. O vaxt çox sərbəst zaman idi. Ailə qurduqdan sonra məsuliyyət artır. Başa düşürsən ki, sən artıq təkcə özünə yox, ailənə də cavabdehsən. Öz sənətinlə də məşğul olursan, çünki ailəni saxlamağa sənin sənətin kömək edir”.

“Zaman gedir və qayıtmır”

Konservatoriya rektoru sonda gənclərə məsləhət verdi. Vurğuladı ki, gənclər gedən hər saniyənin, dəqiqənin geri qayıtmayacağını anlamalı və vaxtlarından səmərəli istifadə etməlidirlər: “Zaman gedir və qayıtmır. Hər dəqiqələrini biliklərini zənginləşdirmək və özlərini inkişaf etdirmək üçün istifadə etsinlər. Bilik daha sonra insana çox lazım olur. Vaxtlarını boş keçirməsinlər. Biz boş vaxtımızdan səmərəli istifadə edirdik. Düzdür, çayxanada da otururduq, amma bu vaxtda belə, hansısa mövzuda polemika, diskussiya aparırdıq. Öz sənətimizlə bağlı maraqlı söhbətlər edir, orada da özümüzü inkişaf etdirirdik. Mənim dostlarımın hamısı musiqiçi idi, eyni işlə məşğul olurduq. Bizim üçün bu, daha maraqlı idi. İnsan öz gələcəyi haqqında əvvəlcədən düşünməli, öz cığırını açmalı və o yolda getməlidir. Əlbəttə, bu, asan deyil. Bu, illərdir, bu, zamandır, bu, həyatın bir hissəsidir... Unutmasınlar ki, həyat həm çox uzun, həm də çox qısadır. Onu mənalı yaşamaq lazımdır. Ən əsası, insanlara yaxşılıq etmək lazımdır. Çünki yaxşılıq edəndə yaxşılıq görürsən”.

Aygün ƏZİZ
Keçmişdəki mən">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967