AZE | RUS | ENG |


Uşaqların tərbiyəsində kimin rolu daha böyükdür? - Polemika

Uşaqların tərbiyəsində kimin rolu daha böyükdür? - Polemika

Uşaqlar millətin gələcəyidir. Bunu əsas götürsək, deyə bilərik ki, uşaqların tərbiyəsi gələcək nəsillərin yetişməsində nə qədər mühüm rol oynayır. Lakin hər bir millətin özünəməxsus adət-ənənələri olduğu kimi, özünəməxsus psixologiyası da var. Məhz bu amil ailələrin həyatında, uşaqların tərbiyəsində rol oynayır. Uşaqların tərbiyəsi cəmiyyətlə yanaşı, həm də ailələrdən asılı olur. Məsələn, bir çoxları fikirləşir ki, uşaqların tərbiyəsində əsas pay atanın üzərinə düşür. Onlar iddia edir ki, uşaq atasından daha çox çəkindiyi üçün onun verdiyi öyüd-nəsihətə daha çox əməl edir. Digər bir qisim isə deyir ki, uşaqların tərbiyəsində önəmli rol ananındır. Çünki uşaq bütün günü anası ilə birlikdə olur. Bəs gənclərimiz necə düşünür, görəsən, uşaqların tərbiyəsində məsuliyyət əsasən kimin üzərinə düşür?
 
Tərəziyə qoysaq, ananın rolu ağırlıq gətirər...
Pərvin Bəhramoğlu, bloqer
 

Pərvin fikirləşir ki, bu tendensiya cəmiyyətdən asılı olaraq dəyişə bilər: "Azərbaycan və Qərb cəmiyyəti arasında bu mövzuda fərqlər çoxdur. Azərbaycan cəmiyyətində qadınlar daha çox evdə, kişilərsə işdə olduğundan qadınlar uşaqlarla daha çox vaxt keçirir. Hətta elə atalar var ki, pul qazanmaq üçün başqa ölkələrə gedir, dənizdə işləyirlər və ya fiziki cəhətdən ağır işdə çalışdıqlarından evə çox yorğun gəlir və uzun müddət övladı ilə ünsiyyət qura bilmirlər. Belə olan təqdirdə, ailədə bütün mənəvi yük ananın üzərinə düşür və uşaqlar da daha çox onun verdiyi tərbiyə ilə böyüyür. Bu baxımdan yanaşsaq, deyə bilərəm ki, bizdə övladın tərbiyəsində anaların rolu daha çoxdur. Bundan əlavə, valideynlərin təhsili və dünyagörüşü də çox böyük rol oynayır. Təhsilli olan tərəfin təsiri daha çox hiss olunur. Lakin özümüzü digərləri ilə müqayisə etsək, görərik ki, başqa ölkələrdə bu, heç də belə deyil”.
Müsahibimiz bəzi fərqli məqamları da vurğuladı: "Avropa vəziyyət xeyli fərqlidir. Orada hər iki valideynin uşağın tərbiyəsində rolu bərabərdir. Hətta valideynlər ayrılmış olsalar belə, yenə də eyni dərəcədə uşaqları ilə maraqlanırlar. Çünki bu,  uşağın psixologiyasına və tərbiyəsinə çox böyük təsir edən faktordur. Əslinə qalsa, uşağın tərbiyəsində hər iki valideyninin rolu var və mütləq şəkildə olmalıdır. Amma bu təsiri tərəziyə qoysaq, ananın rolunun çox olduğunu görə bilərik. Belə bir deyim var ki, bir qadına verilən təhsil bir nəslə verilən təhsil deməkdir. Ana, ata ilə müqayisədə övladı ilə daha yaxın olur. Doğrudur, övladın qız və ya oğlan olmasının da rolu böyükdür. Qız övladı anaya, oğlan isə atasına daha meylli olur. Bu da onların tərbiyəsinə təsirini göstərir. Amma istənilən halda, heç kim bu məsələdə atanın rolunu inkar edə bilməz. Məsələn, atanın anaya hörməti və həmfikir olması uşaqda daha çox məsuliyyət yaradır. Bəzən tərəflər bir çox mövzuda ayrı-ayrı baxış bucağına malik olurlar. Bu zaman uşaq iki tərəf arasında qalır və bu, onun davranışlarına yansıyır. Belə olan təqdirdə əksər uşaqlar özünün düz bildiyi, lakin əslində zərərli addımlar ata bilər, müxtəlif mənfi davranış və hərəkətlərə yol verə bilərlər”.
 
Atanın rolu daha çoxdur
Nazilə Əsgərova, tələbə

 
Nazilə fikirləşir ki, uşaqların tərbiyəsində atanın payı daha çoxdur: "Məncə, uşağın tərbiyəsində atanın rolu anadan böyükdür. Çünki bizim cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailədə ata anadan üstün statusa malikdir. Ona görə də uşaqlar hələ körpə yaşlarından bəri atanın evdə dediyinə qanun kimi baxırlar. Bu isə çox hallarda anaya qarşı fərqli münasibət yaradır. Bəzən atalar ailədə bu tarazlığı qoruya bilir. Lakin bir çox ailələrdə bu mövzuda ciddi problemlər yaşanır. Bu problemlər də sonradan özünü uşağın tərbiyəsində büruzə verir”
Həmsöhbətim fikirləşir ki, bir çox ailələrdə uşaqların tərbiyəsi qaneedici səviyyədə deyil: "Qeyd etdiyim kimi, uşaqlar atadan daha çox qorxur, daha  çox çəkinir. Uşaq atanın dediklərini daha çox önəmsəyir. Elə buna görə də uşaqların hərəkətlərinə fikir versək, görərik ki, onlar atalarını yamsılamağa çalışır, onların hərəkətlərini təkrarlayırlar. Hətta hansısa bir sözü atanın tələffüz etdiyi kimi deyirlər. Çünki uşaqlar sözdən çox əmələ göz qoyurlar. Lakin təəssüf  ki, bir çox hallarda valideynlər öz övladları ilə istənilən səviyyədə məşğul olmurlar. Demək olar ki, çox az ailələrdə atalar uşaqların tərbiyəsi ilə məşğul olur. Uşaqlar valideynlərindən gizli-aşkar şəkildə çox şey öyrənir. Bəzən ana uşağa acıqlananda ata uşağı müdafiə edir, lakin sonra özü qadağalar qoymağa başlayır. Bu da uşağa mənfi təsir edir. Uşağa oxumaq vərdişlərinin aşılanmasında, zəhmətə alışdırılmasında atanın rolu böyükdür”.
 
Hər iki tərəfin rolu önəmlidir
Güney Fridunbəyli, müəllimə        
                     
 
Güney özü də gənc valideyndir. O, fikirləşir ki, övladın tərbiyəsində hər iki valideynin rolu əvəzsizdir: "Məncə, bütün ailələrdə uşağın tərbiyəsində hər iki tərəfin rolu mühüm və əvəzsizdir. Ümumiyyətlə, bu məsələdə kiminsə daha çox önəmli olduğunu fikirləşmək düzgün deyil. Çünki uşağın tərbiyə təməlini bir tərəf təkbaşına istənilən səviyyədə qura bilməz. Uşaq həm atasından, həm anasından hər gün yeni nələrisə öyrənir. Buna görə də uşağın tərbiyəsində hər iki tərəf mütləq və əvəzolunmaz rol oynayır. Çalışmaq lazımdır ki, həm ata, həm ana övladına düzgün olanı başa salsın”.
Müsahibimiz deyir ki, uşağın tərbiyəsində hansısa tərəfin üstünlüyü vacib deyil. Əsas odur ki, onların fikirləri bir-birini tamamlasın və uşaqlara düzgün istiqaməti başa sala bilsin: "Düşünürəm ki, ailədə tərəflərin bir-birini başa düşməsi çox önəmlidir. Məhz bu, uşağın tərbiyəsinə çox mühüm təsir göstərir. Əgər atanın dediyini ana qəbul etməzsə və ya əksinə, ananın dediyini ata səhv kimi göstərirsə, bu zaman ailədə tarazlıq pozulur və uşaqların ərköyün, eqoist yetişməsinə səbəb olur. Əsas odur ki, övladı tərbiyə zamanı hər iki valideyn bir-birinin fikrini dəstəkləsin. Tutalım, ana övladına nəyisə qadağan edir, lakin ata ananın fikrinin doğru olmadığını deyirsə, bu zaman övladda anaya qarşı mənfi münasibət yarana bilər. Bu zaman uşaqda "ata məni daha çox istəyir” kimi fikir yaranır. Ona görə valideynlərdən biri hər hansı səhv yanaşma etsə belə, digəri bunu uşağın yanında da bildirməməlidir. Fikir ayrılıqları valideynlərin öz aralarında həll edilməlidir. Eyni zamanda, gələcəkdə oğlanın kişi, qızın isə xanıma xas xasiyyətlərlə formalaşmasında atanın və ananın müstəsna rolu var”.
Şəbnəm MEHDİZADƏ
Günel AZADƏ
                        
                                                                            
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202