AZE | RUS | ENG |

Uşaqlardan çox, valideynlərə maraqlı gələn kurs - Reportaj

Uşaqlardan çox, valideynlərə maraqlı gələn kurs - Reportaj
Və ya qumla rəsm çəkilən dərsdən reportaj

Durmadan inkişaf edən texnika və texnologiya son dövrlər tamamilə həyatımıza nüfuz edib desək, yanılmarıq. Həyatımızı kompütersiz, telefonsuz, planşetsiz təsəvvür etmək qeyri mümkündür. Günümüzdə valideynlərin əksəriyyəti uşaqlarının kompüterə, telefona, planşetə olan aludəçiliyindən şikayətlənirlər, "uşaqları bu texnologiyadan uzaq tutmaq çətindir” deyirlər. Amma düşünsək, uşaqlarda maraq oyadacaq əyləncələr tapmaq mümkündür. Elə qum üzərində rəsm çəkmək kimi...
 
Uşaqlar torpaq, qumla oynamağa həvəsli olduqları üçün bunun onlar üçün maraqlı olacağını əminliklə demək olar. Amma "yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib həm böyüklərə, həm də kiçiklərə maraqlı gələcək qumla rəssamlıq studiyası olan "Sandland Azerbaijan”a baş çəkdik.
 
 
Həm birdəfəlik, həm də müntəzəm dərslər olur
 
Bizi studiyanın baş rəssamı Cəmilə Salmanlı qarşıladı, studiya ilə tanış edərək maraqlı məlumatlar verdi: "Studiya 3 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk olaraq qumla rəssamlıq studiyası kimi yaradılsa da, sonradan başqa rəsm dərsləri əlavə edilib. Bura ebru sənəti, kətan və daş üzərində rəsmlər daxildir. Biz uşaqlar üçün hər cür şəraiti yaratmışıq. Dərslərimizdə həm birdəfəlik, həm də kurs kimi yazılaraq müntəzəm olaraq iştirak etmək mümkündür. Bakıda qumla rəssamlıq studiyasını ilk olaraq biz yaratmışıq deyə, bu rəsm dərsinə maraq daha çoxdur. Amma kətan, su və daş üzərində rəssamlığa da gələnlər var”.
 
 
Uşaqlardan çox valideynlərə maraqlı gəlir
 
Cəmilə xanım deyir ki, qumla rəsm dərsi bəzən uşaqlardan çox, valideynlərə maraqlı olur: "Valideynlər zəng vurub maraqlananda ilk sualları bu, olur ki, uşaqlar qumla necə rəsm çəkir? Dənizdə olduğu kimi eləcə qumla oynayır? Amma biz onlara izah edirik ki, yox, bu, tamam başqadır. Biz uşaqlara qumla rəsm çəkməyi öyrədirik. Görürəm ki, valideynlərə daha maraqlı gəlir. Ona görə studiyamızda ailə dərsləri də təşkil etmişik. Yəni ailə gəlir, uşaqlarla valideynlərə bir yerdə dərs keçirilir. İlk dərsə qədər onlara müəmmalı gəlir ki, görəsən, qum üzərində rəsmi necə çəkirlər”. 
 
Çəkməyi bacaran, marağı olanlar hamısını edə bilər
 
Cəmilə xanımla studiyadakı ekskursiyamız yekunlaşır və artıq saatlar qumla rəsm dərsinin başlanğıc vaxtını göstərir. Uşaqlar da yavaş-yavaş gəlirlər. Bir saatlıq dərsin başlamasına dəqiqələr qalıb. Övladını gətirən valideynlərin kimisi gözləmə salonunda oturub dərsin bitmə vaxtını gözləyir, kimisi də uşağı qoyub gedir. Biz də uşaqlarla birlikdə dərs otağına daxil oluruq. Hər kəs stolunun arxasında əyləşir və yavaş-yavaş quma ilk toxunuşlarını edir.
 
Qeyd edim ki, otağın gözəl ab-havası vardı və çox həzin, insana sakitlik verən musiqi dərs boyunca bizi müşayiət etdi. Dərsin ilk mövzusu dəniz oldu. Uşaqlar qumla dənizi, günəşi, dənizdəki balıqları çəkməyə başladılar. Müxtəlif yaş aralığında uşaqlar var idi. Cəmilə xanım deyir ki, 4-5 yaşından başlayaraq bütün uşaqlar bura gələ bilər. Həmsöhbətimiz bayaq studiyada bir neçə rəsm dərsinin adını çəkdi. Maraqlıdır, uşaqlar eyni anda digərlərini də bacara bilərmi: "Bu rəsm dərsləri arasında müəyyən fərqlər var. Amma çəkməyi bacaran, marağı olanlar hamısını edə bilər. Bu, uşaqların seçimindən asılıdır. Məsələn, elə uşaqlar var su üzərində, eləsi də var qumla rəsm çəkməyi daha çox sevir. Mənim üçün ikisini də öyrətmək asandır”. 
 
 
Uşağın dərsə marağı olmadığını görəndə...
 
Cəmilə xanım bildirdi uşaqlarla işləməyi, onlara nə isə öyrətməyi çox sevir deyə, bu iş onun üçün elə də çətin gəlmir. Amma bəzən çox kaprizli uşaqlar olur ki, onlarla dil tapmaq bir az asan olmur: "Uşağın dərsə marağı olmadığını görəndə ilk olaraq onunla fərdi söhbət edirəm. Ona necə rəsm çəkəcəyimizi, hansı işləri görəcəyimizi izah edirəm. Sonra studiyadakı otaqlarımızı gəzdirib başqa uşaqların çəkdiyi rəsmləri göstərirəm. Beləcə, onunla əlaqə qurmağa, dil tapmağa cəhd edirəm. Yəni uşaqla müəllimlə kimi yox, dost kimi danışıram”. 
 
Təmizlənmiş, gigiyenik cəhətdən zərərsiz qum
 
Uşaqların əlindən tutub qum üzərində müxtəlif təsvirləri çəkməyi öyrədən Cəmilə xanım qeyd edir ki, istifadə etdikləri qum sifarişlə gəlir və təmizlənmiş, gigiyenik cəhətdən zərərsizdir. Qumla işləməyin uşaqlar üçün əhəmiyyətindən danışaraq söhbətinə davam edir: "Qumla işləmək çox xeyirlidir. Onun terapevtik faydası var. Bəzən studiyamıza autizmli uşaqlar da gəlir. Qumla işləmək uşaqlara səbir etməyi, təmkinli olmağı öyrədir. Ona görə də valideynlər çox dinamik olan uşaqlarını bizim kursa yazdırırlar”. 
 
Həmsöhbətimiz uşaqların doğum günləri üçün də xüsusi təklifləri olduğunu bildirir: "Biz doğum günlərinə də gedirik. Məsələn, ad günü olan balaca üçün 10 dəqiqəlik bir rəsm şousu hazırlayırıq. Bir və ya iki stol aparılır, qumla tort, şam və şarlar çəkilir, daha sonra ad günü olan uşaq dəvət edilir və onunla birlikdə müxtəlif təsvirlər yaradılır. Bu, uşaqlara daha maraqlı gəlir”. 
 
 
Uşaqların həm zehni, həm sosial inkişafı
 
Artıq dərsin bitməyinə 15 dəqiqə qalıb. Cəmilə xanım deyir ki, son 15 dəqiqə sərbəstdir. Yəni uşaqlar nə istəsələr, onu çəkirlər. Biz də son dəqiqələri gözləmə zalında əyləşən valideynlərlə həmsöhbət olmaq üçün dərs otağından çıxırıq. Valideynlər arasına həm xanımlar, həm də bəylər var. İlk olaraq bəylərə yaxınlaşıb kurs haqqında fikirlərini öyrənirik. 
 
İlkin Məcidov qızı Sofiyanı gətirib. O deyir ki, uşaqların asudə vaxtlarının daha necə səmərəli keçirtməyi ilə bağlı davamlı olaraq axtarış edir: "Övladlarımın həm sosial, həm də zehni inkişafı mənim üçün çox önəmlidir. İşlərimin çox olmasından asılı olmayaraq, həftəsonu onlarla vaxt keçirməyi sevirəm. Bu, həm onlarda özünəinam, güvən hissinin daha sürətli inkişafına səbəb olur, həm də mənim həftə sonlarında istirahətimin faydalılığına gətirib çıxarır. Təbii ki, bu istirahət təkcə ev şəraitində olmur, uşaqların asudə vaxtlarının daha necə səmərəli keçirtməyim üçün davamlı olaraq axtarış edirdim. Birdən qarşıma qum rəsmləri kursu çıxdı və maraqlı gəldi, həm də bu çoxdankı planım idi. Qızım rəsm çəkməyi çox sevir. Onun da fikrini aldım, bəyəndi və getmək istədiyini dedi. Məkan, şərait, müəllimələrin uşaqlarla rəftarı mənim üçün çox önəmlidir. Getdiyim yer isə bütün sadalananları özündə əks etdirdiyi üçün yenidən ora gedəcəyimizə əminəm. Çox istərdim ki, uşaqların və valideynlərin asudə vaxtlarının belə səmərəli keçməsi üçün yerlər daha çox olsun”.
 
 
 
Əgər, bəyənsələr növbəti həftəsonlarında da gələ bilərik 
 
Gilə xanım da övladının inkişafına xüsusi önəm verən valideynlərdəndir. O da qızları Aysun və Aytacı gətirmişdi: "İlk dəfədir uşaqları bura gətirirəm. Məkanın gözəl aurası var. Uşaqların həm sosial, həm psixoloji inkişafına böyük önəm veririk. Həftə içi bağçada, məktəbdə olurlar deyə, onlarla birlikdə çox vaxt keçirə bilmirik. Amma şənbə və bazar günü istirahət günüdür, bu fürsətdən istifadə edərək uşaqlarla birlikdə oluruq. İstirahət günlərində boş vaxtlarını internetdə keçirməsinlər deyə, onları belə maraqlı, əyləncəli yerlərə aparırıq. Həm də düşünürəm ki, uşaq fərqli məkanda, mühitdə olanda daha yaxşı inkişaf edər, dünyagörüşləri genişlənər. Yaşıdları ilə birlikdə olmaq onları həvəsləndirir. Məncə, rəsm beynin inkişafı üçün faydalıdır. Əvvəllər müxtəlif rəsm kurslarına getmişdik, bu dəfə istədik ki, qumla rəsmi sınayaq. Buranı mənə rəfiqəm tövsiyə etdi. Valideyn olaraq mənim xoşuma gəldi, qarşılama, uşaqlara münasibət çox yaxşıdır. Görək, qızlar nə deyir. Əgər, bəyənsələr, növbəti həftəsonlarında da gələ bilərik”.
 
Daha sonra dərsdən çıxan uşaqlara yaxınlaşırıq. Uşaqlardan Aytacla həmsöhbət oluruq. Aytac kursu çox bəyəndiyini deyir: "Mən əslində, fırça ilə rəsm kursuna da getmişəm. Amma qumla rəsm mənə daha maraqlı gəldi. Qumla istədiyimiz rəsmi çəkməyə cəhd edirik, alınmayanda pozub yenidən çəkirik (gülür)”.
 
Beləcə, qumla rəssamlıq studiyasına əyani səyahətimiz başa çatdı. Ümid edirik ki, reportajımız bəzi valideynləri uşaqlarının boş vaxtlarını səmərəli keçməsi üçün müəyyən addımlar atmağa sövq edəcək.
 
Günel Azadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311