Uşaqlarda internet asılılığını necə tarazlamaq olar? - Gənclərə məsləhət
Texnologiya hər gün bir az daha inkişaf edir və
uşaqların onlardan istifadə yaşı günü-gündən azalır. Hətta əsasən Avropa ölkələrində
insanlar digər gündəlik iş bölgülərini "ağıllı” vasitələrlə izlədikləri kimi,
uşaqları da bu vasitələrlə izləyirlər. Azərbaycanda da bu, yavaş-yavaş öz
yerini almağa başlayır. Uşağı "sakit saxlamaq” üçün telefon və ya planşetlərdən
istifadə olunur. Hətta yemək yedirtməkdə çətinlik çəkdiyi zaman belə, valideynlərin
köməyinə bu vasitələr gəlir.
Bəs bu
texnoloji vasitələr həqiqətən valideynlərin işini asanlaşdırır, yoxsa sadəcə "saxta
kontrol”da saxlamaq hissi yaradır?
Psixoloq Günel Qurbanova deyir ki, körpələrin inkişaf dövründə valideynlərin
diqqət etməli olduğu üç nüans var: "İnsan orqanizmi və psixologiyası çox həssasdır.
Körpələr dünyaya gəldiyi gündən, bir yaşına kimi olan dövrdə öz ehtiyaclarını
ödəmək üçün valideynlərindən asılı olur. Sonrakı dövrdə isə yeriməyə, danışmağa
və artıq özü-özünü idarə etməyə başlayır. Həmin bu inkişaf dövründə, valideynlərin
diqqət etməli olduğu 3 nüans var. Uşağın yanında telefon və ya planşetdən
mümkün qədər istifadə etməmək, uşaqla çox ünsiyyətdə olmaq, uşağı real
oyunlarla oynamağa cəlb etmək. Əks təqdirdə, uşaqda nitq gec formalaşacaq,
emosiyaları zəif inkişaf edəcək. Bir nüansı da unutmaq olmaz ki, uşaqlar, xarakter
tam formalaşana qədər valideynlərini təkrarlayır və onların istifadə etdiyi hər
şeyə maraq göstərirlər”.
Psixoloqun
sözlərinə görə, uşaqları bu vasitələrdən tamamilə məhrum etmək olmaz: "Nəzərə
alsaq ki, 2010-cu ildən bəri bütün yaş təbəqələri informasiya
texnologiyalarının aktiv şəkildə istifadəçisidir, uşaqları bu vasitələrdən
tamamilə məhrum etmək də düzgün addım olmazdı. Bəzi valideynlər həll yolu
olaraq, texnologiya vasitələrini birdəfəlik qadağan edir. Bu səbəbdən isə uşaqda
özünə və valideynə qarşı aqressiya yaranır. Uşaqlarda internet asılılığının
qarşısını almaq üçün ilk olaraq, uşağın texnoloji vasitələrə ayırdığı vaxt təyin
edilməlidir. Bu vaxt, məktəbəqədər dövründə olan uşaqlarda (5 yaşına kimi) 1
saat, məktəb dövrü uşaqlarında isə (6 yaşından sonra) 2 saatdan çox
olmamalıdır. Uşaqların texnologiya vasitələrindən istifadəsi ən tez 3 yaşından
olmalıdır. Valideynlər, övladlarının texnologiya dünyasında sağlam
informasiyalar əldə etməsi üçün nəzarətdə saxlamalıdır. Məsələn, videolar izlədikdə
hansı tip videolara baxdığına nəzarət etməlidir. Rəngləri və rəqəmləri öyrətdiyini
düşündüyünüz bəzi videoların tərkibində şiddətin təbliği ola bilər. Bundan əlavə,
valideynlər, uşaqlardan, istifadə etdikləri proqram və oyunların onlara da öyrətməsini
istəyə bilərlər. Beləliklə, uşaq valideyninə nəyisə öyrədə bildiyi üçün özünü
yaxşı hiss edəcək, valideyn isə bu üsulla övladının istifadə etdiyi oyunları öz
nəzarəti altında saxlaya biləcək”.
Psixoloq
sonda vurğuladı ki, "telefonla az oyna”, "kompüterdə vaxt öldürmə”, "dərsinə
vaxt ayırmırsan!” - kimi ifadələrdən
istifadə etmək yerinə, valideyn uşağa vaxt ayırmalıdır: " Onu birlikdə oyun
oynamağa, söhbət etməyə, parkda gəzməyə dəvət edə bilərsiniz. Beləliklə, o,
sizinlə vaxt keçirdiyi üçün texnologiya vasitələrinə daha az istifadə edəcək. Texnologiya
vasitələrindən aşırı istifadə edən uşaqlarda emosional boşluq olur. Bu boşluğu
isə neqativ və inkişafdan saxlayan vasitələr deyil, valideyn sevgisi və
dostluqlar doldurmalıdır”.
Aygün Əziz