Uşaqlara oyun seçərkən nələrə diqqət etməliyik? - Gənclərə məsləhət
Yəqin ki,
hər birimiz uşaq vaxtı "Bənövşə, bənövşə”, "Gizlənqaç”, "Yeddi şüşə”
oyunlarını oynamışıq. O vaxtı bizə
əyləncə kimi gələn bu oyunların əslində, uşaqların fiziki və emosional inkişafına çox böyük təsiri var. Bu mənada,
uşaqların oynadığı oyunları da düzgün şəkildə seçməyi bacarmaq lazımdır. Bəs
görəsən, yaş dövrünə uyğun olaraq uşaqlar üçün oyunları necə seçməliyik?
Təlimçi Fəxri Məmmədlideyir ki, uşaq erkən yaş dövründə daha çox valideynləri ilə ünsiyyət quracağı
oyunlar oynamalıdır: "Biz Təhsil Nazirliyində işlədiyimiz zaman oyunları
təsnifatına görə müxtəlif qruplara bölmüşdük. Diqqətin, qavrayışın, təfəkkürün,
emosional ünsiyyətin inkişafı və sosiallaşma baxımından oyunlar 6 qrupa
bölünür. Əslində, bu qrupların sayını bir qədər də artırmaq olar. Amma ümumi
kriteriyalar bu qrupların hər birində cəmlənib. Yəni hər oyun bu
xüsusiyyətlərdən birini özündə əks etdirir. Elə oyunlar var ki, hərəkətlidir,
həm də uşaqların sosiallaşmasına, yeni sözlər öyrənməsinə yardımçı olur.
Əslində, uşaqların hansı oyunları oynaması onların yaş dövründən asılı olan
məsələdir. Yəni istənilən yaşda istənilən oyunu oynamaq düzgün deyil. Uşaqların
inkişaf mərhələsinin ilk pilləsində valideynləri ilə bağlı olan oyunlar
oynaması tövsiyə edilir. Ümumiyyətlə, ilkin mərhələdə uşaqların valideynlərlə
birgə fəaliyyəti onun nitqinə, emosional zəkasına və təfəkkürünə, o cümlədən,
valideynləri ilə arasında olan bağların möhkəmlənməsinə kifayət qədər təsir
göstərir”.
Müsahibim
deyir ki, növbəti mərhələdə uşaqların əhatəsi daha da genişlənir. Ona görə də,
daha çox kollektiv oyunlara üstünlük verilməlidir: "Müəyyən mərhələdən sonra,
adətən, 4 yaşında uşaqların bağça dövrü başlayır. Bu zaman uşaq, ailə
üzvlərindən başqa yeni insanlar tanımalıdır. Valideynlərlə yanaşı, bu dövrdə
uşaqlar parkda öz yaşıdları ilə oynamaq istəyir. Bu, onların ünsiyyət
tələbatının ödənilməsi baxımından da çox mühümdür. Daha sonra isə uşaqların
məktəb dövrü gəlir. Bu dövrdə uşağın əhatəsi bir qədər də genişlənir. Ona görə
də onların oynadığı oyunlar da dəyişir. Biz xarici ölkələrdə təlim keçərkən
müxtəlif yaş qrupları üzrə işləyirdik. Orada hər yaş qrupu üçün tamam fərqli
oyunlar oynanılırdı. İlkin yaş dövrlərində kiçik oyuncaqlarla oynanılan oyunlar
tövsiyə edilir. Bu mərhələdə daha çox hansısa əşyaları gizlədib uşaqlardan onu
tapmağı istəyirik. Bu da onların diqqətini yoxlamaq üçündür. Belə oyunlar
adətən, bağçaya getməyən uşaqlar üçün nəzərdə tutulur. Həmçinin, parkda olarkən
ağac qozalarının yığılması tapşırılır. Bu zaman uşaqlar həm təbiət qoynunda
olur, həm də ətraf mühitlə bağlı müəyyən bilgilər qazanır. Əslində, sadə
şeyləri belə, valideyn öz uşağı üçün
oyun halına sala bilər. Uşağı öyrədərkən və tərbiyə edərkən bunu oyun
halına çevirə bilmək öz əlimizdədir. Bu halda həm uşaqlar əylənir, həm də
onlara verilən tapşırıqları asanlıqla qavraya bilir”.
Həmsöhbətim
bildirdi ki, uşaqlarla oyun oynayarkən onlara öz dəyərlərimizi aşılmalıyıq: "Uşağa
nəyisə öyrətmək üçün oyunlardan istifadə ən yaxşı üsullardan biridir. Amma
hətta oyun olsa belə, biz onlara doğru və dürüstlüyün fəlsəfəsini izah
etməliyik. Onları başa salmaq lazımdır ki, oyunu uduzmağın heç bir əhəmiyyəti
yoxdur, bu sadəcə əyləncədir. Çünki bəzən uşaqlar oyunu qazanmaq xatirinə
cığallıq edir, yaxud yalan danışır. Ona görə də uşaqlarımıza öz dəyərlərimizi
aşılayan oyun növlərini seçməliyik. Diqqət və qavrayışın inkişafı baxımından
bir neçə oyunu, məsələn, "Yaqub deyir ki”, "Sehrli çubuq” oyunlarını misal
göstərmək olar. Sosiallaşma baxımından «Donma», "İp atlama” oyunları da
uşaqların sevimli oyunlarından sayılır. Yaş qrupu artdıqca oyunların xarakteri
də bir qədər dəyişir. Önəmli olan bu mərhələdə onların komanda və fərdi şəkildə
işləmə bacarığını daha da artırmaqdır. Amma oyun oynayarkən bəzi məqamlara
diqqət etmək lazımdır. Ən kiçik detal belə, uşaqların psixologiyasına mənfi
təsir göstərə bilər. Bəzən bir uşaq dəfələrlə eyni oyunu uduzur və qanı
qaralır. Bu zaman ona başa salmaq lazımdır ki, bu sadəcə bir oyundur və buna
görə pis olmağa dəyməz. Növbəti oyunlarda onun qalib olacağı bir oyun seçmək
daha məqsədəuyğun olar. Təfəkkürün inkişafı ilə bağlı maraqlı oyunlar çoxdur.
Bu oyunların əsas xüsusiyyətindən biri də uşaqların hərəkətdə olmasıdır.
Hərəkətli oyunlar həm də uşaqların enerjisinin düzgün şəkildə paylanmasına
müsbət təsir göstərir. Sonda onu da qeyd edim ki, oyunların seçimi zamanı
maksimum diqqətli olmaq lazımdır. Çalışmalıyıq ki, oyun oynayarkən onlara öz
sevgi və dəyərlərimizi aşılayaq. Əsas məqsəd uşaqları əyləndirməkdir. Biz
böyüklər sadə dildə uşaqlara nələrisə öyrətməli, onların vaxtının yaxşı
keçməsinə çalışmalıyıq”.
Şəbnəm Mehdizadə