Uşaq məktəbə gəlməyəndə, axşam gedib dərsi evində soruşan müəllim – Örnək

Uşaq məktəbə gəlməyəndə, axşam gedib dərsi evində soruşan müəllim – Örnək

Gənclik qəzeti
13 Dekabr 2019, 15:42 1791
Elxan Cəbiyev: "Valideyn bir dəfə məktəbə gəlirsə, övladı bir ay çox yaxşı oxuyur”
 
Dərs keçdiyi məktəbdə hazırda 47 şagird təhsil alır. Bir sinifdə isə 3-7 arası şagird olur. İlk baxışdan belə görünür ki, sinifdə bu qədər az şagird varsa, müəllimin işi asandır, amma heç də elə deyilmiş. Bunun da öz çətinlikləri var imiş. "Belə siniflərdə uşaqları oxumağa motivasiya etmək çətindir” – deyən müsahibimiz Şamaxı rayonu Qonaqkənd kəndində tarix müəllimi işləyən Qobustan rayon sakini Elxan Cəbiyevdir.

Qeyd edək ki, E.Cəbiyev 1992-ci ildə Qobustan rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb.
 
- Müəllim olmaq uşaqlıq arzunuz idi?
- Müəllim ailəsində doğulmuşam. İbtidai sinif müəllimim anam olub. Böyük bacım tarix müəllimidir, eyni zamanda mənim sinif rəhbərim idi. Atam da tarix müəllimidir. Əkiz qardaşım var, o, coğrafiya müəllimliyi üzrə təhsil alıb. Bir müddət dərs dedi, indi təhsillə bağlı sahədə çalışır. Mən də 6-cı sinifdən müəllim olmağı arzulamışam. Universitetə sənəd verəndə də məqsədim müəllimlik idi. Ancaq elə oldu ki, birinci il kəsildim. İkinci il hazırlıq müəllimim məni polis akademiyasına yönəltdi. Anam da polis olmağımı çox istəyirdi. Sənədlərimi verdim, ilkin mərhələdən də keçdim. Ancaq sonra gedib sənədlərimi götürdüm. Çünki o sahədə özümü görmürdüm.

- Niyə müəllim olmaq istəyirdiniz?
- Müəllim ailəsində böyüdüyüm üçün cəmiyyətdə bu peşəyə, müəllimlərə olan hörməti, yanaşmanı görürdüm. Mən də özümü bu sahədə təsəvvür edirdim.
 
- Universitetə 2010-cu ildə qəbul olubsunuz. O vaxt müəllimlərin maaşı indiki kimi deyildi. Bu, sizi fikrinizdən daşındırmadı?
- Bu gün belə, mən işimdə maddiyatı düşünmürəm. Müəllim kimi ilk maaşım 180 manat idi. Bəlkə də, bu, kiməsə az gələ bilər, amma mənim üçün çox əziz idi. Öz zəhmətimin bəhrəsi idi və sevdiyim sahədən qazanmışdım. Düzdür, sonra insanın fikri dəyişə, başqa sahəyə yönələ də bilir. Amma hələ özümü müəllimlikdən başqa yerdə görmürəm.
 


- Universiteti bitirən ili elə ucqar kənd məktəbində işlədiniz?
- Təhsili başa vurub hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Qobustan rayon Dərəkənd kəndindəki məktəbdə bir il tarix müəllimi işlədim. 2017-ci ilin sentyabrından artıq Şamaxıdakı məktəbə getdim.

- Ucqar kənddə işləmək çətin deyil?
- Mən ucqara meyilliyəm, ona görə, çətin tərəfi varsa da, gözümə görünmür. Şam işığında odun sobası yanında oturub bədii əsər oxumaq mənə zövq verir.
 
- 3-cü tədris ilidir ki, ordasınız. Ailədən uzaqda, tək...
- (Gülür) Orda heç vaxt tək olduğumu hiss etməmişəm. Hər işi görə, hər yeməyi bişirə bilirdim. Kəndə öyrəşmək də çətin olmadı. Vaxt keçdikcə daha rahat olur, insanlar daha yaxın gəlir.

- İndi işlədiyiniz məktəbin yerləşdiyi kənddə şərait necədir?
- Mən gəldiyim il kəndə qaz çəkilməmişdi. Evləri odun sobası ilə isidirdik. Mənim də belə şeylərə həvəsim var. İkinci il qaz çəkildi, amma mən odun sobasına üstünlük verirdim.

- Hətta dostlarınız deyirlər ki, onunla telefonda danışanda, şəbəkə problemi yaşayırıq. Telefonu yuxarıda bir yerə qoyur, elə danışırıq.
- Hə, şəbəkə problemi var. Əvvəllər yenə bir az normal idi, zəlzələdən sonra zəiflədi.

- İşlədiyiniz kənd şəhərdən çox uzaqdır?
- Asfalt yol çəkilsə, şəhərlə 20 dəqiqəlik məsafə olar. Yolları pis olduğu üçün 45-50 dəqiqəyə ancaq gedib çıxırsan.
  
- Balaca kənddir?
- Kənd əhalisinin çoxu köçüb gedir. Hardasa 200-250 adam qalıb.

- Məktəbdə şagird sayı nə qədərdir?
- Hazırda məktəbdə 47 şagird təhsil alır.

- Maraqlıdır, sinifdə neçə şagird olur?
- 3-7 arası. Bizdə tam orta məktəb olsa da, ibtidailər komplekt sinif gedir. 1-4-cü sinifləri birləşdirib dərs keçirlər. Məsələn, 1 və 3-cü sinfin ana dili dərsi bir yerdə olur. 45 dəqiqəni iki yerə bölürlər. Yarısını 1-cilərə, yarısını da 3-cülərə sərf edirlər.
 

 
- Sinifdə şagirdin az olması müəllimin işini asanlaşdırır?
- Əskinə, çətinləşdirir. Çünki uşaq nə qədər çox olarsa, orda oxuyanların sayı da artır. Oxumayan şagirdlər də digərlərinə baxıb həvəslənərlər. Sinifdə üç uşaq olur, onun biri yaxşı oxuyur, bəzən heç biri də yaxşı oxuyan şagird olmur. Bu zaman kimə baxıb rəqabət aparsınlar? Belə siniflərdə uşaqları oxumağa motivasiya etmək çətindir. Gərək birini həvəsləndirəsən, digərləri ona baxa, oxumaq istəyə. Elə sinif var ki, heç kim dərs oxumur.

- Balaca kənddirsə, yəqin ki, valideynlərlə də tez-tez ünsiyyətdə olursunuz...
- Mən sinif rəhbəriyəm. Məktəbdə hər sinif üçün valideyn iclası təşkil edirik. Bu iclaslarda valideynlərə övladları haqqında məlumat verilir. Birinci dəfə valideyn iclası keçirəndə gördüm ki, valideynlərin çoxu buna laqeyd yanaşır, gəlmək istəmirlər. Kənddə bir-iki valideyn, uşaqlarının təhsili ilə məşğul olur, qalanları məktəbin ixtiyarına buraxıb, nə olar olar. Amma mən valideyn iclasına görə hər valideynin evinə gedirdim. Deyirdim ki, niyə gəlmirsiniz? Uşaq məktəbə gəlməyəndə, axşam gedib dərsi evlərində soruşmuşam. Düzdür, direktor da bizə bu işləri görməkdə dəstək göstərirdi. Yeni getdiyimdə kəndi tanımırdım, deyirdim ki, elə bir adam olsun ki, mənimlə getsin. Yerli müəllimlərdən birini mənə qoşurdu, gedib dərsi soruşurdum. Belə-belə, bu il valideynlərin hamısını iclasa yığmağı bacarmışam. Bu il iki valideyn iclası olub, ikisində də hamısı gəlib.

- Sizə görə, valideynin məktəbə gəlməyi niyə vacibdir?
- Uşağın inkişafı üçün valideynin məktəbə gəlməsi önəmlidir. Valideyn bir dəfə məktəbə gəlirsə, övladı bir ay çox yaxşı oxuyur. Hiss edir ki, valideyn onun təhsili ilə maraqlanır.

- Maraqlıdır, evlərdə dərs soruşmağa gedəndə valideynlərin reaksiyası necə oldu? 
- Təbii ki kəndə gedən kimi bunu etmədim, 5 aydan sonra o prosesə başladım. Kəndə getdiyim ilk iki ayda kəndin 80 faizini tanıdım. Zamanla bütün kəndlə tanış oldum, hamının adını öyrəndim, kimin kimlə qohum olduğunu belə bildim. Ondan sonra artıq çətin deyildi. Yerli müəllimin biri ilə gedib qapını döyürdüm, deyirdim ki, uşağı yoxlamağa gəlmişəm. Deyirdilər ki, gəl. 5 fənn keçilirsə, uşaqdan 3-nü evdə soruşurdum. Evlərə  anidən getdiyimizdə uşaqlar çox vaxt dərslərə hazırlıqlı olmurdular. Mütəmadi olaraq evə getdiyimi görəndə, artıq uşaqlar dərsə hazır olurdular. Çünki valideynlərin yanında pis olmaq istəmirdilər.
 
- O məktəbdən hər il neçə nəfər məzun olur? Ali məktəblərə qəbul necədir? 
- Mən gəldiyim il 3 nəfər məzun oldu. Biri Sumqayıt Dövlət Universitetinə qəbul oldu, biri attestat balı ilə Türkiyədə təhsil almağa getdi. İkinci il də 3 nəfər məzun oldu, ikisi universitetə qəbul olmağı bacardı. Adətən 3 uşaqdan ikisi qəbul olur. Keçən il 3 uşaqdan 3-ü də qəbul ola bilmişdi.
 
- Tarix müəllimi olsanız da, dedilər ki, məktəbdə bir neçə fənni tədris edibsiniz. Bu, necə olur?
- Ucqar kənddə işləyirəm. Məsələn, orda 9 saat kimya dərsi var. Bəzən bir kimya müəlliminin gəlib kənddə bu fənni tədris etməsi bir az çətin məsələ olur. Bu zaman müəllim problemi yaranır. İlk il tarixlə yanaşı, informatika fənnini tədris edirdim. Qrup yoldaşım Rəsul kompüterlə bağlı məlumatlıdır, mən də ondan öyrənmişdim. Kompüterdən istifadə qaydalarını uşaqlara öyrədirdim. Növbəti il kimya müəllimi olmadı, iki ay bu fənni tədris etməli oldum. Fizika müəllimi olmayanda, bu fənni də tədris etdim.

Təbii ki mən kimya, fizika müəllimi kimi o fənləri tədris edə bilməzdim. Ancaq təhsildə belə qanun var ki, dərs yerdə qalmamalıdır. Əgər ixtisas müəllimi yoxdursa, başqa bir müəllim onu keçməlidir. Həyat bilgisi, texnologiya, musiqi və s. hardasa 10-11 fənni tədris etməli olmuşam.
 


- Sizin ixtisasınız olmayan bir sahədə müəllim işləmək də məsuliyyət tələb edir axı.
- Buna görə, bir gün əvvəl keçəcəyim dərslərə hazırlaşırdım. Düzdür, uşaqlar sual verəndə, bilmədiyim çox məqam olurdu, deyirdim ki, növbəti dərsdə bunu deyərəm. Gedib evə oturub oxuyurdum, sabah uşaqlara öyrədirdim. Bu il fizika müəllimi olmadı, mən götürmədim. Çünki bu fənn sənin ixtisasın deyilsə, tədris etmək çox çətindir. Fizikada düsturdan düstur alınır, ordan başqa bir düstur çıxır. Mən fizikanı tədris edəndə, başqa bir yerdə işləyən fizika müəllimindən kömək istəyirdim, sonra gedib uşağa izah edirdim.

- Bu da vaxt aparan prosesdir.
- Kənddə evdə oturub nə edəcəyəm ki? Kənddə insanın vaxtını alacaq elə çox şey yoxdur. Məktəbdə fənlərarası yarış keçirməyə hazırlaşıram. Həm özüm inkişaf edirəm, həm də şagirdlər. Mən indi hər bir sinif üçün dərsdən sonra ayrıca məşğələ keçirəm. Özü də pulsuz. Başqa müəllimlər də bunu edirlər.
 
Bunu niyə edirsiniz?
- Kənd yerində işləyən müəllim davamlı şəkildə məşğul olmasa, passivləşəcək. Nə qədər yaxşı tarix müəllimi olsan da, bilmədiyin nələrsə var. Şagirdlə məşğul olduqca, həm onlar daha çox öyrənirlər, həm də müəllim özünü inkişaf etdirir. 

- Tədrisdə əsas nəyə önəm verirsiniz?
-  Şagirdin sərbəstliyinə. Bir dərsi qısa-qısa və bir neçə formada izah etməyə çalışıram. Bir dəfə lövhəyə yazıb izah edirəm, bir dəfə eləcə, danışaraq. Bir dəfə xəritə üzərindən izah edirəm. Eyni cümlələri hər variantda istifadə edirəm. Çünki uşaqlar müxtəlifdir. Biri xəritəyə baxanda öyrənir, digəri danışdığımda, o biri, lövhəyə yazanda. Biri isə ancaq oxuyanda öyrənir. Ona da üzündən oxutdururam. 4 uşaq olan sinifdə bunu etmək mümkündür. Çünki 4 uşaqdan dərsi soruşmaq elə də çox vaxt aparmır.

- Kənddə işlədiyiniz müddətdə baş verən elə bir hadisə varmı ki, hələ də unutmayıbsınız?
- Kəndə getdiyim ikinci il 3 müəllim yoldaşı bir yerdə qalırdıq. Bir dəfə telefonda nəyəsə baxırdım, onlar da nərd oynayırdılar. Birdən gördüm ki, şkaf yelləndi. Dedim ki, bunu kim etdi? Dedilər ki, zəlzələdir. 6,5 gücündə zəlzələ oldu. Qapı yerində durmurdu. Gecə səhərə qədər çöldə qaldıq. Çox soyuq hava idi. Bir müddət biz o zəlzələni unutmadıq. Yatırdıq, oyanıb qışqırırdıq ki, zəlzələdir, qaçın çölə. Dururduq ki, zəlzələ yoxdur, yuxuda görmüşük. Sonra da zəlzələ olub, amma onlar o dərəcədə güclü olmayıb. 

- Gələcəklə bağlı nə düşünürsünüz?
- O sualı bu 3 ildə mənə çox veriblər. Qismət, deyək. Hələ ki ordayam, yorulmamışam. Amma gələcəkdə öz rayonumuzda çalışmağı düşünürəm.
 
Aygün Asimqızı