AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Uşaq məktəbdə ailənin, ailədə də müəllimin güzgüsüdür”

“Uşaq məktəbdə ailənin, ailədə də müəllimin güzgüsüdür”

Gənclik qəzeti
10 Aprel 2020, 14:30 1618
 
Elgün Şahbazov: Cəmiyyətə nümunəvi, bacarıqlı, vətənpərvər vətəndaş yetişdirməyi qarşıma məqsəd qoymuşdum
 
Deyir ki, müəllim öyrədən və hətta öyrənəndir. Müəllim öyrətdiyi qədər də öz üzərində çalışmalı, hər an yeniliklərə hazır olmalı, hər şagirdə fərd, şəxsiyyət olaraq yanaşmalıdır. Ən əsası da, hər şagirdin içindəki peşə sevgisini kəşf etməlidir. Qarşılıqsız olsa belə, şagirdləri sevməlidir. 
 
Müsahibimiz Cəlilabad rayon Hacıcavad kənd ümumi orta məktəbinin müəllimi Elgün Şahbazovdur.
 
E.Şahbazov 1991-ci il yanvarın 20-də Cəlilabad rayon Çünzəli kəndində anadan olub. 2008-ci ildə Çünzəli kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ibtidai sinif müəllimliyi üzrə təhsil alıb. 2014-cü ildə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanını versə də, bəzi çətinliklərə görə tələb olunan balı toplaya bilməyib. Həvəsdən düşməyib, 2017-ci ildə yenidən imtahan verərək 47 bal toplayıb və Cəlilabad rayon Ləzran kənd ümumi orta məktəbində ilk peşə fəaliyyətinə başlayıb. İşlədiyi məktəb yaşadığı kənddən uzaq məsafədə yerləşdiyi üçün 2019-cu ildə yenidən MİQ-ə qatılıb və 58 balla yaşadığı kəndə yaxın olan Hacıcavad kəndində yerləşən məktəbə yerdəyişmə edib. Hazırda Hacıcavad kənd ümumi orta məktəbində müəllimlik fəaliyyətimi davam etdirir.
 

 
- Təhsilinizi 2014-cü ildə başa vursanız da, 2017-ci ildən işləməyə başlamısınız. Maraqlıdır, nə üçün arada 3 il fasilə olub?
- Bunun səbəbi öz üzərimdə işləyə bilməməyim oldu. Məlum olduğu kimi, MİQ-də minlərlə namizəd müəllim adını qazanmaq uğrunda mübarizə aparır. Əlbəttə ki, bu mübarizədə yalnız öz üzərində işləyənlər, potensialını genişləndirənlər, ən əsası da sistemli, məqsədyönlü çalışanlar istədiklərinə nail olurlar. Yaşanan maddi sıxıntılar, ailəyə maddi dəstək olmaq baxımından özünü inkişaf etdirmək mənim üçün münasib deyildi. Yalnız 2017-ci ildə bütün çətinliklərə baxmayaraq, özümü inkişaf etdirməyi qarşıma məqsəd qoydum və arzuladığım peşə fəaliyyətinə yiyələndim. Uşaqlıq arzum olan müəllimlik peşəsinə olan sevgimə heç bir daha yüksək gəlirli peşə üstün gələ bilməzdi. Çünki əvvəldən müəllim olmaq, cəmiyyətə nümunəvi, bacarıqlı, vətənpərvər vətəndaş yetişdirməyi qarşıma məqsəd qoymuşdum. Bu vəzifəmi layiqincə yerinə yetirmək üçün əlimdən gələni edirəm və edəcəyəm də.
 
- Uşaq vaxtı ancaq müəllim işləməyi arzu etmisiniz? Çünki uşaqların bu cəhətdən fikri tez-tez dəyişə bilir.
- Hər uşaq kimi, mənim də uşaqlıqdan müəyyən peşələrə sevgim olub. Xüsusən də şərəflə işləyən hər bir peşə sahibini gördükdə həmin, sahəyə sevgim daha da artırdı. Müəllimlik peşəsinə sevgim isə dördüncü sinifdə oxuyarkən başladı. Bunun da əsas səbəbi, əlbəttə ki, ilk dəfə əlimdən tutaraq mənə yazmağı öyrədən Nigar müəllimimdir. Onun bu peşəni necə şərəflə, sevgiylə icra etdiyinin şahidi olduqca, müəllimlik peşəsinə daha da sevgim artırdı. Bəlkə də bu bir təsadüfdür ki, ibtidai sinif müəllimimin qoyduğu irsi davam etdirmək üçün mən də bu peşə üçün seçilmişəm. Hər bir kəs hansı peşənin sahibi olursa-olsun, o vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirməlidir. 
 

 
- Günümüzdə oğlanların müəllim olmağa marağı çox azdır. 
- Müəllimlik elə peşədir ki, burada mütləq qadın və ya kişi seçimi tamam yanlışdır. Çünki burada insanın mənəvi gücü, səbri və dözümü olmalıdır. Nəzərə almaq lazımdır ki, bir sinifdə neçə şagird varsa, o qədər də ailə var. Fərz edin ki, müəllim hər gün o ailənin qonağı olur. Uşaq məktəbdə ailənin güzgüsü olduğu kimi, ailədə də müəllimin güzgüsüdür. Buna görə də müəllim son dərəcə diqqətli olmalıdır ki, hansısa yanlış fikirləri ilə şagirdləri yanlış istiqamətə yönəltməsin. 
 
- Sizin üçün "müəllim” nə deməkdir? Bu sözün mənasını necə izah edə bilərsiniz?
- Müəllim öyrədən və hətta öyrənəndir. Müəllim öyrətdiyi qədər də öz üzərində çalışan, yeniliklərə hər an hazır olan, tərbiyə edəndir. Hər şagirdə fərd, şəxsiyyət olaraq yanaşmalıdır. Ən əsası da, hər şagirdin içindəki peşə sevgisini kəşf etməlidir. Müəllim qarşılıqsız da olsa, şagirdləri sevməlidir. İnanın ki, ilk vaxtlar müəllimi sevməyən şagird, sonunda o müəllimini sevəcək. Bunu öz təcrübəmə əsasən deyirəm. Müəllim öz davranışlarıyla nəinki sinifdə, həm də cəmiyyətdə nümunəvi olmalıdır. Çünki təkcə şagirdlər deyil, cəmiyyət də müəllimdən nümunə götürə bilər. Müəllim sinfə girdikdə, şagirdlərin qarşısına çıxdıqda, bütün problemlərini, qayğılarını unudaraq dərsinə başlayan güclü varlıqdır.
 
- Hər peşənin çətinlikləri olur. Xüsusilə də ibtidai sinif müəllimliyi daha kiçik yaşda uşaqlarla işləməyi tələb edir. Bu zaman qarşınıza hansı çətinliklər çıxır, onları necə aşırsınız?
- İbtidai sinif şagirdləri ilə işləməyin çətinlikləri hər kəsə məlumdur. Amma hər bir çətinlik kimi, bunu da aradan qaldırmaq mümkündür. Nəzərə almaq lazımdır ki, ibtidai sinif şagirdləri evlərindəki rəngarəng, maraqlı dünyadan ayrılıb yeni həyata, məktəbə adaptasiya olmalıdır. Hansı ki, orada oyuncaq, gəlincik yoxdur. Dərs prosesini elə qurmaq lazımdır ki, şagird evindəki rəngarəng mühitdən tam ayrıldığını hiss etməsin. Belə olduqda, şagird nəinki darıxmaz, əksinə, dərsə marağı daha da artar, hər keçilən mövzunu mənimsəyər.
 
 
 
- Sizcə, şagird müəllimə qorxduğuna görə hörmət etməlidir, yoxsa sevdiyinə görə?
- Bəzən çətinliklər, yorğunluqlar olsa belə, səbr etmək, şagirdi diqqətlə dinləmək, onun probleminin kökünü araşdırmaq lazım gəlir. Hansısa şagirdin bu çətinliklərini araşdırmaq üçün onunla dost olmaq, doğmalıq münasibəti qurmaq lazımdır. Elə olanda, müəllim də bir o qədər çətinliklə üzləşməz və yaranan problemin həllini asanlaşdırmış olar. Əksini düşünəndə, yəni şagirdin qorxusu olsa, o öz problemini deməkdə, anlamadığı mövzulara görə müraciət etməkdə, hətta fikirlərini açıq bildirməkdə çətinlik çəkəcək. Beləcə, müəllim-şagird münasibətləri heç də səmimi olmayacaq. Bir müəllim keçilən dərs prosesinə sevgi qatmazsa, o dərsdə nə keyfiyyət, nə də peşəkarlıq olar. Buna görə də, hökmran deyil, dost müəllim olmaq lazımdır. Onların qorxusunu deyil, sevgisini qazanmaq lazımdır. Xoşbəxtəm ki, bu sevgini qazanmışam.
 
- Çalışdığınız kənddə təhsilə olan münasibət necədir?
- Hazırda fəaliyyət göstərdiyim Hacıcavad kənd ümumi orta məktəbində həm uşaqlar, həm də valideynlər təhsilə böyük maraq göstərirlər, çox məsuliyyətlidirlər. Bu kimi hallar müəllimin də fəaliyyətini asanlaşdırır. Valideynləri tanımaq, onlarla müəllim-valideyn münasibətləri qurmaq, təhsillə, övladları ilə bağlı bir sıra maarifləndirici iclaslar keçirmək həm təhsilin keyfiyyətini yüksəldir, müəllimin fəaliyyətini genişləndirir, həm də müəllim-şagird-valideyn münasibətlərini dərinləşdirir. Burada uşaqların da təhsilə olan yanaşmalarını xüsusilə qeyd etmək olar. Ucqar kənd olmağına, qışın soyuğuna baxmayaraq, onlar böyük həvəslə, sevgiylə məktəbə gəlirlər. İndi karantin vəziyyətində olmağımıza baxmayaraq, biz dərslərimizi onlayn keçirik, çox gözəl də alınır. Hətta onlayn sınaqlar, testlər tərtib edib həftənin qaliblərini də müəyyənləşdiririk. Karantin uşaqların təhsilə olan sevgisini öldürməyib.
 


- Bəs məktəbinizdə şərait necədir?
- 2019-cu ildə təhvil verilən modul tipli məktəbdir. Yeni avadanlıqlarla təmin olunub, istilik sistemi ilə təchiz edilib. Sinif otaqları şagird sayı üçün münasibdir. Təzə parta və lövhələr, gözəl, təmiz sinif otaqları həm mənim, həm də şagirdlərimin dərsə olan marağını daha da artırır.
 
- Müəllimlik peşəsini seçmək istəyən gənclərə məsləhətiniz nələrdir?
- Müasir dövrdə müəllimlik peşəsini seçən kifayət qədər gənclərimiz var. Bu, əsl qürurverici haldır. Amma əsas olan seçim etmək deyil, düzgün seçim etdiyinə əmin olmaqdır. Sevməyəcəyi peşəni seçən gənclərin bu addımını düzgün hesab etmirəm. Çünki gələcəkdə o müəllimi yüzlərlə, hətta minlərlə şagird gözləyir. Həmin şagirdlərin o müəllimin sevgisinə böyük ehtiyacları olacaq. Buna görə də şagirdlərimizə təkcə təhsil-tərbiyə deyil, həm də öz sevgimizi verək. Şagirdlər bizim həm bu günümüz, həm də gələcəyimizdir. Biz gələcəyimizi bu yolla inkişaf etdirə bilərik.
 
Günel Azadə