AZE | RUS | ENG |

Uşağın üstündə heç vaxt əsmirəm

Uşağın üstündə heç vaxt əsmirəm
Aytəkin Mərdanova: “İstəyirəm ki, övladlarım xasiyyət cəhətdən mənə oxşayıb diribaş, gözüaçıq olsunlar”

"Mənim balam” rubrikamızın qonağı Xəzər televiziyasının "Evdəkilərə salam” verilişinin sevilən aparıcısı Aytəkin Mərdanovadır. Müsahibimizin ötən həftə qızı Nərgizin 4 yaşı tamam oldu. İki övlad sahibi olan Aytəkin xanımın oğlu Fəridin isə 11 yaşı var. İşlərinin çoxluğuna baxmayaraq, daim övladlarına da diqqət ayıran müsahibimizi bir də ana kimi tanımağa çalışdıq.
 
- Aytəkin xanım, uşaqla işləmək çətin deyil ki?

- Bəzi insanlara çətindir. Amma çox şükür ki, mənə evdə kömək edən anam var. İşsiz qalsam, həyat yoldaşım məndən çox narahat olar. Çünki universiteti bitirəndən bəri öz ixtisasım üzrə çalışıram. 

- Övladınızı böyüdərkən hansı üsuldan yararlanırsınız?

- Hər bir valideynin uşağa öz yanaşma tərzi var. Misal üçün, uşaqları vurmağın tərəfdarı deyiləm. Oğlumun 11 yaşı var, yadıma gəlmir ki, ona nə vaxtsa əl qaldırmışam. Açığı, o özü də dəcəl uşaq olmayıb. Amma yıxılarsa, onun üstündə heç vaxt əsmərəm. Deyirəm ki, adam yıxılar, bunun üçün yerişinə diqqət etməlisən, dur, düzgün şəkildə gəz.
 
- İndi müəllimlər şagirdlərdən çox valideynlərdən şikayət edirlər. Valideyn müəllimə hədə-qorxu gəlir.

-  Əgər müəllimləri övladlarımdan şikayət edərsə, onlara icazə verərəm ki, uşaqlarımı cəzalandırsın. Uşağın üstündə heç vaxt əsmirəm. Uşaq bu gün səhər onu, günorta bunu, axşam filan şeyi yeməlidir deyərək, anamın işlərinə qarışmıram. Şükür ki, övladlarım sağlam böyüyür. Mən ən çox onların təhsilinə fikir verirəm. Övladlarımın təhsili mənim üçün önəmlidir. Oğlumu şahmata, əlavə hazırlıqlara yönəltmişəm. Deyirəm ki, eybi yox, şahmatçı olmasın, amma dostları ilə bir yerdə oturanda boş vaxtlarında desinlər ki, "gəl bir şahmat oynayaq”. Yaxud həyətə düşürsə, desin ki, gedək bir futbol oynayaq. Mən istəyirəm ki, övladımın həm təhsili gözəl olsun, həm də hər şeydən anlayışı, dünyagörüşü formalaşsın.
Qızımın 4 yaşı var, bağçaya gedir. Baxmayaraq ki anam baxırdı, mən istədim ki, bağçada ətrafı geniş olsun, orada gimnastikaya, rəssamlığa yazdırmışam. Yoldaşım da, mən də onların yaxşı təhsil alması və övladlarımıza gözəl gələcək verə bilmək üçün çalışırıq. Biz həmişə çalışırıq ki, maaşımızdan kənara qoyaq və yayda övladlarımızla dincəlməyə gedək. Valideynlər var, istirahətə tək gedirlər ki, təki rahat olsun və istədiyi kimi istirahət edə bilsinlər. Mən bunun tərəfdarı deyiləm. Özüm dincəlməsəm də olar, əsas uşaqlar dincəlsinlər. Hər şeyi görsünlər, onlar üçün maraqlı olsun.

- Uşaqlarla nə qədər zaman keçirirsiniz?

- Təəssüflər olsun ki, onlarla çox az zaman keçirə bilirəm. Bu da mənim işimlə əlaqədardır. Ancaq mütləq həftə sonları uşaqlarımı istirahətə aparıram. Geyimlərini özüm seçirəm, hər bir şeylərinə diqqət yetirirəm. 
 
 
- Efirdə sizi görəndə hansı reaksiyanı verirlər?

- Qızım deyir ki, mən də efirə çıxmaq istəyirəm. Amma oğlum heç sevmir. Hərdən onların sinfinə gedəndə qızlar qaçıb mənimlə şəkil çəkdirmək istəyirlər. Oğlum bu vaxt əsəbiləşir (gülürük).

- Bəlkə onda kişi qısqanclığı var?

 - Oğlumda o dediyiniz qısqanclıqdan yoxdur. Ancaq qızımda var. Hətta qardaşını belə mənə qısqanır.

- Deyirlər atalar qızına, analar oğluna meyilli olur.

- Məndə belə deyil. Qızım məni daha çox istəyir. Amma istəmirəm ki, mənə qarşı bu qədər istəyi olsun. Məni görəndə əl çəkmir, hara gedirəmsə mənimlə getmək istəyir. Mən öz sevgimi, məhəbbətimi büruzə verən insan deyiləm. İstər övladlarıma, istər bacı-qardaşlarıma. Amma hər zaman istəyirəm ki, onlara kömək, dayaq olum. Hətta qardaşımın təhsili üçün hər şeyə razıyam ki, təki təhsilini yaxşı mənimsəsin. Təhsil heç zaman ziyana getmir. Bu məsələdə həssasam. Təhsillə bərabər övladlarıma sərbəstlik də verməyə çalışıram. Oğlumu çox sərbəst böyütmüşəm. Əgər futbola gedirsə və yol uzaq deyilsə, deyirəm ki, Fərid, özün get.
 
- İndiki zəmanədə bu sərbəstlik o qədər yaxşı deyil.

- Onsuz da diqqətimiz hər zaman övladlarımızın üzərindədir. Məncə, uşağı çox sıxıb, diqqət göstərməyə lüzum yoxdur. Bu, gendən gələn bir şeydir, hər kəs öz ailəsinin tərbiyəsini büruzə verir. Oğlum çox həssasdır. Hər şeyə fikir verir. Ailədə yoldaşımla heç vaxt dedi-qodu, söz-söhbət, dava-dalaş etmirik. Çünki bu, uşaqların psixologiyasına təsir edir. Şükürlər olsun, çox sivil, rahat ailəmiz var. Uşağın ailədə valideynlərindən görüb-götürməsi də vacibdir. 


- Övladlarınızın incəsənətlə məşğul olmalarını istəyərsinizmi?   

- Açığını desəm, istəmərəm. İstəyirəm ki, övladlarım başqa sənətin sahibi olsunlar. Qızımın həkim, oğlumun da pilot, bank işçisi, ya da kompyuter mütəxəssisi olmasını istəyirəm.
 
- Övladlarınızın istəyi hansı peşəyədir? 

- Oğlumun çox gözəl rep demə qabiliyyəti var. Sərbəst şəkildə rep deyir. Düzdür, istəmərəm ki, gələcəkdə reper olsun. Vaxt yoxdur ki, onu gitara, skripka, qızımı skripkaya qoyum. İnşallah, onları musiqi alətlərinə yönəldəcəyəm. Məşğul olsalar, çox gözəldir. Qızım gözəl rəqs edir. Amma rəqqasə olmağını istəmərəm. Qoy savadlı, ali təhsilli olsun. Sonra nə istəyir eləsin.
 
- Övladlarınızın hansı sizə daha çox oxşayır? Həm xasiyyət, həm də görkəm baxımından?

- Heç biri. Onlar daha çox atalarına oxşayırlar.

- Bu sizə xoş gəlir, yoxsa pisinizə gedir?

- Mənim üçün fərq etmir. Ataları bir az sakit təbiətli insandır. İstəyirəm ki, övladlarım xasiyyət cəhətdən mənə oxşayıb diribaş, gözüaçıq olsunlar (gülürük).
 
- İnsanı mühit, çevrə yetişdirir. Yəqin ki, uşaqlarınızın çevrəsinə diqqət yetirirsiniz. 

- Elə ona görə də təhsilləri ilə ciddi məşğulam ki, hətta təhsil aldıqları məktəb belə nizam-intizamlı, tərbiyəli olsun. Uşağın düşdüyü mühit önəmlidir. Valideynlər özləri görsün ki, necə etsələr, uşaqları üçün düzgün olar. Buna görə də qərara gəlmişəm ki, ibtidai sinfi bitirəndən sonra elə bir yerdə təhsil alsınlar ki, gələcəkdə psixologiya, ağıl, dərrakə və peşə seçimlərinə müsbət təsir göstərsin.

- Övladlarınızın dost seçiminə nəzarət edə bilirsinizmi?

- Qadağalar qoymuram. Dost seçimində sərbəstdirlər. Özüm hər zaman ətrafıma, dostlarıma diqqət etmişəm. Ətrafımda tanışlarım çoxdur, amma dostum çox azdır.
 

- Dostlarınız sənət adamlarıdır?

-  Dostlarım qrup, sinif yoldaşlarımdır. Hansı ki, onları uzun illərdir tanıyıram. Sənət aləmində sadəcə, yoldaşlıq etdiyim adamlar var. Özümü çox qapaya bilmərəm, çünki tədbirdirsə gedirik, söhbət edirik, ünsiyyət qururuq.
 
- Dostluq etdiyiniz insanın özəl həyatı sizin üçün nə qədər önəm daşıyır?

-  Mənə heç vaxt dostluq, yoldaşlıq etdiyim insanların şəxsi həyatı önəmli olmayıb. Düzdür, onun oturuşuna, duruşuna, həyat tərzinə diqqət etmişəm. Mənim əgər onunla dostluğum, sözüm-söhbətim tutubsa tutsun. Onun şəxsi həyatı özünə aiddir.
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000