• çərşənbə axşamı, 19 mart, 13:21
  • Baku Bakı 8°C

Uşağı yedirdib-içirdib, yatırtmaqla iş bitmir... - Reportaj

16.03.18 10:00 3510
Uşağı yedirdib-içirdib, yatırtmaqla iş bitmir... - Reportaj
Uşaqlar üçün dayə tapmaq, öz övladlarını günün böyük bir hissəsini kiməsə əmanət etmək valideynlərin ən çətin sınaqlarından biridir. İşləmək məcburiyyətində olan analar uşaqlarını tanımadığı qadına əmanət etməyin asan olmadığını deyirlər. Amma işinin peşəkarı, sənəti yalnız uşaqları sevməklə çərçivələməyən dayələr də var. Belə dayələri Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə Narel Dayə Məktəbi yetişdirir. Biz də onların dərs prosesini izləmək üçün sözügedən məktəbə yollanırıq.

Nə analar əvvəlki kimidir, nə də uşaqlar...

Uşaqların erkən inkişafı üzrə mütəxəssis Seyidli Fərqanənin dərsindəyik. Gənc müəllimə uşaq inkişafı nəzəriyyələri, uşaqlarla ünsiyyətin və əməkdaşlığın, inkişafetdirici və öyrədici mühitin qurulması, uşaq oyunları, mütaliə, yaradıcılıq məşğələləri ilə bağlı dayələri bilgiləndirir. Müəllim deyir ki, dayənin işi uşağı təmiz saxlayıb, yedirdib, yatırtmaqla bitmir. Müasir dövrdə dayənin təmizkar olması, uşağı təmiz saxlaması ilə yanaşı, onun praktiki bilikləri də olmalıdır. O, gəlinciyin üzərində uşağı necə tutmaq, sakitləşdirmək lazım olduğunu göstərir. Dayələr maraqla qulaq asıb, suallarını verirlər. Hətta uşağın qucaqda saxlanılma formasında belə, ən xırda məqamın önəmli olması onları təəccübləndirir.
Dərsdən sonra Fərqanə xanımla söhbətləşirik. Deyir ki, dayələr arasında pedaqoji tərbiyə ilə bağlı böyük boşluqlar var: "İndi tələblər çox dəyişib. Nə analar əvvəlki kimidir, nə də uşaqlar... Hər bir ana övladının düzgün inkişafını istəyir. Ən böyük problem isə uşağın anayla bağının itməsidir. Ətrafımızda analar uşaqların dayəni öz anası bilməsindən narazılıq edirlər. Amma dayə məsələnin psixoloji və praktiki tərəflərini bilsə, belə problemlər yaranmaz. Uşağın anayla bağının itməməsi onun yetişməsində çox vacibdir. Əvvəllər dayədən daha çox xidmətkar olmaq tələb edilirdisə, indi vəziyyət dəyişib. Dayə uşağın gigiyenasını nə qədər düşünürsə, inkişafını da bir o qədər düşünməlidir. Bizim dayələrdə uşağa yanaşmada, onu şəxsiyyət kimi görməkdə problemlər var. Dayə daim uşağın özünü yaxşı hiss etməsi üçün nə etmək lazım olduğunu düşünməlidir. Biz bu məsələlərə daha çox fikir veririk”.


"Dayə ana deyil...”

Müəllim deyir ki, uşağın anayla bağının qırılmaması məsələsində dayənin üzərinə çox yük düşür, uşaqla münasibətdə ən primitiv görünən məsələlər belə, onun həyatında çox önəmlidir: "Hamı uşağı qucağına alır və hər kəs də onu sakitləşdirə biləcəyini düşünür. Bilirsiniz ki, uşaq hər kəsin qucağında sakitləşmir. Yaşından asılı olmayaraq, uşaqla ünsiyyət çox vacibdir. Uşaqla yaşamaq üçün onun həyatında birbaşa iştirakçı olmalısınız. Yaxud valideynlərin hansısa problemini uşağa yansıtmaq olmaz. Şəxsi münasibətləri işə qarışdırmamalıyıq. Yuxarıda da qeyd etdiyim kimi, anaların ən çox narahat olduğu məsələ uşağın dayəni ana kimi bilməsidir. Bu problemlə rastlaşmamaq üçün ana evdə olarkən əgər uşaqla oynayırsa, dayə onu almağa çalışmamalıdır. Dayə düşünür ki, ana uşaqla vaxt keçirdikdə, əgər uşağa müdaxilə etməsə, ana düşünəcək ki, dayə işini yaxşı görmür. Yaxud, ana uşağa yemək vermək istəyir, dayə gəlir əlindən alır ki, mən edəcəm, narahat olmayın. Dayə ana deyil, anaya köməkdir”.


"Dayələr hər şeyi bildiyini düşünür”

Məktəbin direktoru Nərminə Cəfərovanın iki övladı var. Dayə tapmağın çətinliklərini gördükdən sonra, belə bir məktəb açmaq qərarına gəlib. Deyir ki, dayənin uşaqları sevməsi hələ onun uşağa yaxşı baxacağı demək deyil: "Həkim olduğum üçün evimdə işləyəcək xanımla bağlı istəklərim, şərtlərim var idi. Bir neçə qadını nəzərdən keçirdikdən sonra anladım ki, bu sahədə boşluq var. Çünki güvəndiyim xanımı tapsam belə, bu sahədə bilik və bacarıqları yox səviyyəsində idi. Öz uşağını böyütməklə, başqasının uşağına tərbiyə vermək arasında çox böyük fərq var. Mən məcbur olub güvəndiyim bir xanımı seçdim və işə getməyib ev şəraitində onu öyrətməyə başladım. Bəzən deyirlər ki, əgər bir insan uşaqları sevirsə, dayə işləyə bilər, amma təcrübə göstərir ki, bu, kifayət deyil. Uşağı sevməklə yanaşı, modern biliklərin və təcrübən də olmalıdır. Hətta uzun müddət dayə işləyən xanımlar belə, bizə müraciət edirlər və məlum olur ki, hər şeyi bildiyini düşünən onların bilmədikləri də çoxdur”.

Dərs proqramının həcmi 60 akademik saatdır. Bunlardan 20 saat 1-ci istiqamətə (uşağa qayğı, qidalanma, gigiyena, təhlükəsizlik), 16 saat 2-ci istiqamətə (psixoloqun məşğələləri), 24 saat 3-cü istiqamətə (erkən uşaq inkişafı üzrə mütəxəssisin məşğələləri - 16 saat, yaradıcılıq - 4 saat, musiqi mədəniyyətinin formalaşdırılması - 4 saat) ayrılıb.

Proqramın 70 faizi bacarıq və vərdişlərin formalaşmasına, 30 faizi isə zəruri nəzəri biliklərin verilməsinə yönəlib. Proqramda körpənin anatomik-fizioloji xüsusiyyətləri, qidalandırmanın xüsusiyyətləri, gigiyenik prosedurlar, ilk tibbi yardım, uşağın gününün planlaşdırılması, təhlükəsizlik qaydaları, nağıllar, uşağın yaşına uyğun yaradıcı fəaliyyət məşğələlərinin qurulması, uşaqda musiqi mədəniyyətinin formalaşdırılması kimi dərslər keçirilir.

Nərminə xanım deyir ki, Azərbaycanda dayələrin ən böyük problemi yaşı əsas gətirib hər şeyi bildiklərini düşünmələridir: "Bizdə dayələr anlamır ki, yaşımızdan asılı olmayaraq öz üzərimizdə hər zaman işləməliyik. Ana adətən, dayədən cavan olduğu üçün nə isə göstəriş verəndə, dayənin xətrinə dəyir. Kursda psixoloqumuz dayələrlə işləyir. O, həm ailədə konfidensiallığı başa salır, həm də valideynlərlə düzgün ünsiyyəti öyrədir. Bəzən olur ki, ailədə nənə, baba, ana müxtəlif təkliflər verir. Dayə 3 odun arasında qalır. Biz onlara bu zaman düzgün mövqeyi necə tutmaq lazım olduğunu öyrədirik”.


"Dayə uşağı cəmiyyətə hazırlamalıdır”

Samirə Məmmədova kursun aktiv tələbələrindədir. O, həm də 4 il Rusiyada dayə işləyib. Deyir ki, dayəlik təcrübəsi olsa da, əslində düzgün bildikləri çox şeyin səhv olduğunu anlayıb: "İşin pedaqoji tərəfi tam fərqlidir. Uşaqların psixologiyasını öyrənirəm. Onlarla necə təmas qurmağı, hansı yaşda hansı söhbətləri etməyi, hansı nağılı danışmağı, hansı oyunları oynamağı burada öyrəndim. Adi bir nüans belə, çox önəmli imiş. Uşaq valideynin ən dəyərli varlığıdır. Mənə onu həvalə edirsə, işimi mükəmməl bilməyə borcluyam”.

Yasəmən Rzayeva isə uzun müddət Türkiyədə ailə psixoloqu işləyib. O adətən, psixoloji problemləri olan uşaqlarla işlədiyini deyir: "Türkiyədə uşaqları mənə həvalə edirdilər, 3-4 saat onları qəbul edirdim. Valideyn mənə uşağın problemini deyirdi və sırf o işlə məşğul olurdum. Seansım qurtarana qədər həmin problemi aradan qaldırırdım. Uşağı yedirib-içirdib, yatırtmaqla iş bitmir. Dayə uşağı sosial cəmiyyətə hazırlamalıdır”.

Məlumat üçün bildirək ki, kurslar ödənişlidir və 3 həftə davam edir. "Dayə məktəbi”nə qəbul üçün müraciət edən şəxslər xüsusi psixoloji test mərhələsindən keçir. Müsbət nəticə göstərən şəxslər proqramda iştirak edir və sonda hər bir iştirakçıya sertifikat, yazılı xasiyyətnamə verilir, işlə təmin olunur. "Dayə məktəbi” proqramının məqsədi əmək bazarında ciddi tələbat olan dayəlik peşəsinin milli standartlarının beynəlxalq standartlar əsasında müəyyənləşdirilməsini, həmin standartlara əsasən peşəkar dayələrin hazırlanmasını təmin etməkdir.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər