Unudulmuş tikmə növünü tanıtmağı hədəf seçən xanım - Peşə

Unudulmuş tikmə növünü tanıtmağı hədəf seçən xanım - Peşə

Gənclik qəzeti
12 Oktyabr 2019, 11:15 397
"Sanama” tikiş növü ilə onu, uşaq vaxtı nənəsi tanış edib. Bu tikiş ona maraqlı gəldiyi üçün nənəsindən ona da öyrətməyi xahiş edib. Lakin nənəsi bu işin asan olmadığını, böyüyəndən sonra öyrənə biləcəyini deyir. Və tələbə vaxtı otaq yoldaşının bu tikmə növü ilə məşğul olduğunu görür və ondan bu işi öyrənməyə başlayır. Söhbət gənc xanım Sonaxanım Əzizovadan gedir. Sonaxanım hazırda "Sanama collection” adlı "instaqram” səhifəsini yaradıb, əl işlərini orda satır, sifarişlər götürür.
 
Qeyd edək ki, Sonaxanım Əzizova 1992-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında filologiya fakültəsində  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıb.

Düşündüm ki, axı mən nəsə edə bilərəm

Sonaxanım, bildirdi ki, başqa sahədə iş qursa da, ali təhsil aldığı sahədən uzaqlaşmaq fikrində deyil: "Filologiya sevdiyim sahədir. Ailə qurmağım institutu yeni bitirdiyim vaxta düşdü deyə, işləyə bilmədim. Sonra da övladım oldu və ona vaxt ayırmalı idim. Körpəlik dövrlərində də işləməyim alınmazdı. Hətta növbəti ildə müəllimlərin işə qəbul imtahanında iştirak etməyə hazırlaşıram. Müəllim işləməyi çox istəyirəm. Öz ixtisasım üzrə magistr təhsili almaq fikrim də var”.
Daha sonra "Sanama collection”ı qurmaq ideyasının yaranmasından danışdı: "Mən iki il evdə (2016-2018) tort və şirniyyat sifarişləri qəbul edib, hazırlamışam. Çünki ixtisasım üzrə işləmək imkanım yox idi, amma nə isə etmək istəyirdim və bu, o zaman üçün ən ideal variant idi. Oğlum yavaş-yavaş böyüyürdü və mən bu işi çox davam etdirə bilməyəcəkdim. Çünki çətin olması ilə birgə, həm də çox məsuliyyətli iş idi. Bu zaman özümü "işsiz" gördüm. Birdən, daha əvvəl "sanama” tikmə növünü öyrəndiyimi xatırladım. Düşündüm ki, axı mən nəsə edə bilərəm. Belə oldu ki, getdim ləvazimatlar axtardım və evə gəlib tikməyə başladım. Beləliklə, 2018-ci ilin iyun ayında "Sanama collection” quruldu”.
 


Parçanın üzərindəki xanaları sayırıq

Sonaxanım bildirdi ki, heç vaxt pul qazanmaq məcburiyyəti olmayıb. Hətta gördüyü bütün işlərdə həyat yoldaşı ona dəstək göstərib: "Həm maddi, həm mənəvi cəhətdən həyat yoldaşım mənə dəstək göstərib. Sadəcə özüm bir işlə məşğul olmaq istəyirdim. Biz fərqli sahələrdən, işlərdən rahat şəkildə pul qazana bilərik. Lakin bir sənətlə məşğul olarkən, ilk ağıla gələn şey pul qazanmaq olmamalıdır. Əgər belə düşüncə olursa, həmin insan sənətkar olmaz. İxtisasım da elədir. Müəllim də pul qazanmaq arzusunda olmamalıdır. Müəllimin arzusu insan qazanmaq və yetişdirmək olmalıdır”.

Müsahibimiz öz işlərinin təqdimatı üçün "Sanama” adını seçməsinin səbəblərindən də danışdı: "Müxtəlif tikmə növləri var. Təkalduz, güləbətin, saya tikmə, xovlu tikmə, sanama tikmə və s. "Sanama tikmə” "xaçşəkilli tikmə” və ya "krest tikiş” də adlanır. "Sanama tikmə”nin də növləri vardır. Sadə xaç, yarı xaç, uzunsov xaç, düyü xaçı və s. "Sanama” bizim dildə həm də saymaq mənasının verir. Biz də bu tikiş növündə parçanın üzərindəki xanaları sayırıq. "Sanama collection” adını ona görə seçmişəm ki, həm öz milli sözümüz olsun, həm də hər hansı xarici dildə tələffüzü asan olsun. "Collection” sözü də ingilis dilində kolleksiya deməkdir və iki söz birlikdə Azərbaycan milli tikmə növləri və ya əl işləri kolleksiyası deməkdir. Bu sahədə çox geniş arzularım və planların var. Gələcəkdə milli tikmə növlərimizi dünyaya tanıtmaq üçün belə ad seçmişəm”.

Sənət dərindir

Sonaxanım deyir ki, bu tikmə növü ilə onu nənəsi tanış edib: "Bu tikişi, xatirələrimin daha çox olduğu o xanımdan görmüşəm. Bizdə divanın üzərində iki dənə balaca balış olardı. Uşaq olanda həmişə ona sual verərdim ki, nənə, bunun üzərindəki naxışları kim tikib? Necə tikiblər? Deyirdim ki, mənə də öyrət. Ancaq o vaxt əl işləri ilə məşğul olmaq dəbdə deyildi. Ona görə, bu işin ləvazimatlarını tapmaq da müşkül məsələ idi. Nənəm mənə bu işin asan olmadığını, lakin böyüyəndən sonra öyrənə biləcəyimi deyirdi. Bax, elə həmin günlərdən mənə bu sənətə maraq yaranıb. Elə oldu ki, bu tikməni tələbə vaxtı otaq yoldaşımdan öyrəndim. Daha sonra professional şəkildə öyrənmək üçün internetdə rus, türk, ingilis dilində olan videolara baxdım, çox araşdırdım və öyrəndim. Hələ də öyrənirəm. Sənət dərindir, öyrənməklə bitməz. Ona görə, hər zaman axtarışda olmalıyıq. Təəssüf ki, məhz bu sahədə tikmə kursları və s. yoxdur”.

Bu tikmə növünün adı çəkiləndə çox adama tanış gəlmir. Sonaxanım bildirdi ki, bunun səbəbi bir az da başqadır: "Çünki bu adı həmişə rusca "krestik”, "krest tikiş” ya da "vışivka” deyə səsləndiriblər. Məhz mən bu adı "Sanama” olaraq tanıtmağa çalışdım və bu istiqamətdə fəaliyyətim davam edir. Bu cəhətdən Mehriban Xəlilzadənin də rolunu qeyd etmək istərdim. O, müxtəlif tikmə növlərimizin həm bərpası, həm təbliği, həm də inkişaf etdirilməsi ilə məşğul olur. Onlardan biri də "sanama”dır. Ümumiyyətlə, əvvəllər bu sahə ilə məşğul olan xanımlara rast gəlmirdim. İndi ətrafımdan çox az sayda bu sənətlə  məşğul olan xanımlar var. Hamısı da məndən sonra başlayıblar. Öyrənmək üçün də müraciət edirlər, suallarını verirlər. Əlimdən gələn köməyi əsirgəmirəm”.
 


Sifarişlər hazırlayıb gəlir əldə edə bilirəm

Müsahibimiz deyir ki, bu tikmə növü səbir tələb edən sənətdir: "Səbir və əmək tələb edir. Mən deyərdim ki, bütün sənətlər səbir və əmək tələb edir. Elə buna görə də, gözəl alınır. Bir müəllimim demişdi ki, qədim zamanlarda psixoloji problemlər az olurmuş. Ona görə ki, insanlar əlavə məşğuliyyət kimi, sənət növləri ilə məşğul olarmışlar. Bu da insanı səbirli və dözümlü edirmiş. Məsələn, mənə bir panonu hazırlamaq üçün bir həftə vaxt lazım olur. Ancaq vaxtım olsa, iki günə də bitirə bilərəm”.

Sonaxanım bu sahədən gəlir əldə etməyin mümkün olduğunu deyir: "Sanama collection” hələ ki, işini aramla həyata keçirir. Bu işdə maddi gəlir əldə etmək mənim üçün qeyri-adi bir qazanc deyil, məhz motivasiyadır. "İnstaqram”da "Sanama collection” adlı səhifəm var, işlərimi orda paylaşıram, sifarişlər hazırlayıb gəlir əldə edə bilirəm”.

Müsahibimizin sözlərinə görə, "Sanama collection” hazırda ictimai layihə kimi yalnız sərgilər təşkil edə bilir: "Zərif toxunuş" adlı ilk sərgimiz bu ilin mart ayında keçirildi. Sərgiyə əl işləri ilə məşğul olan 40-a yaxın xanım cəlb etmişdik. Təxminən 300 nəfər qonaq sərgini ziyarət etmişdi. Məqsəd, evdə əl işləri ilə məşğul olan xanımların bir addım irəli atması və unudulmuş sənət növlərimizi yenidən canlandırmaq idi. Birincidə gördüyümüz maraq, aldığımız enerji növbəti sərgiləri təşkil etmək üçün bir stimul oldu. Artıq növbəti sərgimizin hazırlıq işlərinə başlamışıq. Noyabrın 10-da baş tutmalıdır”.

İnsan nə qədər çalışarsa, o qədər planlı olar

S.Əzizova deyir ki, müəllimlik fəaliyyətinə başlayanda da, hər iki işini paralel şəkildə aparacaq: "Mən indi də bir neçə işi eyni anda görürəm. Tikmə ilə məşğul oluram, eyni zamanda, müxtəlif mövzularda məqalələr yazıram, müsabiqələrdə iştirak edirəm, MİQ imtahanına hazırlaşıram, eyni zamanda sərgilər təşkil edirəm. Qarşıma qoyduğum hədəflər gələcək planlarımdır və bu planlar həyata keçdikcə, hər şey qaydasına düşəcək. Həm də bütün bunları edərkən bir şeyi anladım: insan nə qədər çalışarsa, bir o qədər planlı olar”.

Sonaxanım onu da əlavə etdi ki, nə qədər işi olsa da, övladına vaxt ayırmağı arxa plana atmır: "Arzular, hədəflər uğrunda çalışırıq, bunlar olmalıdır. Amma bunları edərkən ailəyə, övlada da vaxt ayırmalıyıq. Məsələn, işlərimi bir az da oğluma görə nizamlayıram. Əl işləri hazırlamağı oğlumun yuxuda olan vaxtına salıram. Gündüzlər onu bağçaya aparmıram, rəsmi işdə çalışmadığım üçün buna ehtiyac görmürəm. Oğlumla mümkün qədər çox vaxt keçirirəm. Bir yerdə oyunlar oynayırıq, parka gedirik, mətbəxdə keks bişiririk və s.”.

Aygün Asimqızı