• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Ucuz avtomobilə bahalı görünüş verən xidmət - Reportaj

19.06.20 13:30 14862
Ucuz avtomobilə bahalı görünüş verən xidmət - Reportaj
"Bu üsulla avtomobili həm daxildən, həm də xaricdən dəyişmək mümkündür”
Son dönəmlər şəhərdə şütüyən maşınlar arasında fərqli rənglərə və görünüşə sahib olanları çoxdur. Danılmaz faktdır ki, gözümüzün alışdığı ağ, qara, qırmızı və bozdan fərqli bir rəngdə avtomobil diqqətimizi daha çox cəlb edir. Məsələni bir az araşdırdıqda, bu fərqliliyin "tuninq” vasitəsilə əldə olunduğunu öyrənirik. Xüsusilə də gənclərin seçilən rəngdə və görüşdə avtomobilə olan marağını nəzərə alaraq, "AZART” avto-tuninq servisinə baş çəkib işləri ilə yaxından tanış olduq. Həmsöhbətimiz isə servisin rəhbəri Arif Zeynalovdur.
"Tuninq” nədir?

Arif bəylə ilk olaraq "tuninq”in nə olduğu və mahiyyəti haqqında danışırıq. Həmsöhbətim deyir ki, "tuninq” seçilmək, fərqlilikdir: "Hər insan daha gözəl görünmək, geyimi, imici ilə seçilmək istər. Xüsusilə də gənclərimiz hansısa aksesuarla öz geyimlərinə rəng qataraq fərqlilik yaradır. Bu, avtomobillər üçün də keçərlidir. Öz xarici görkəminə önəm verən şəxslər, maşınlarına da bu cür yanaşırlar və avtomobilləri ilə seçilməyi sevirlər. Məsələn, Avropada belə bir tendensiya yoxdur. Onlar maşını salondan və ya ikinci əldən hansı rəngdə, formada alırlarsa, o cür də sürürlər. Amma bizdə elə deyil. Müştəri maşını alıb bizim yanımıza gətirir və onu bəzəməyimizi, xarici görünüşünü dəyişməyimizi istəyir. Bazarda elə maşın var ki, tam şəkildə hər cür aksesuarı ilə yığılmış vəziyyətdə 100 minə satılır. Amma eləsi də var ki, natamamdır və 70 minə satılır. Müştəri həmin 70 minlik maşını alıb gətirir və ona "yaraşıq” verməyimizi, natamam olan hissələrini tamamlamağımızı istəyir. Biz də o maşını "tuninq” edib 100.000-lik avtomobil görünüşü qazandırırıq. Qarşılığında isə 3000, 2000, 1500 dollar alırıq. Yəni düşünün ki, biz estetik cərrahıq və maşınlara həm daxildən, həm də xaricdən, gözəl estetik görünüş qazandırırıq”.

20 minlik maşın 30-35 minlik qiymətə olur
Müsahibimlə söhbət edə-edə servisi gəzirik və ustaların maşınları necə "yaraşığa” saldığını izləyirik. Həmsöhbətim bəzi maşınlar haqqında məlumat verir. İlk olaraq "Mercedes-Benz W212 E-class” markalı avtomobilin üzərində görülən işlərdən danışır: "Bu maşın 2010-cu il modeldir. Biz bunu yığıb 2016-cı ilin "Mercedes-Benz E-63 class AMG” modeli halına gətirdik. Maşının həm arxa, həm də qabaq hissəsində ciddi dəyişiklik olub. Buferləri, kapotu, faraları yenidən işlənib. Bu maşının hazırda bazarda ikinci əl olaraq qiyməti 20 min manatdır. Biz 3500 dollara başa gələn "tuninq” işi ilə onu 30-35 min dollarlıq avtomobil halına gətiririk”.
Beləcə, bir neçə maşın üzərində görüləcək "tuninq” işi ilə tanış oluruq. Aydın olur ki, "Gözəllik ondur, doqquzu dondur” atalar sözünü maşınlar üçün də istifadə edib "Gözəllik ondur, doqquzu "tuninq”dir” deyə bilərik.
Günel Azadə

banner

Oxşar Xəbərlər