Ucqar kənd məktəbində müəllim işləyən gənc
Çox qısa
müddət ərzində ucqar kəndin çətinliklərinə sinə gərməyi bacarıb. Deyir ki, səbir
və inamla bütün çətinliklərin öhdəsindən gəlmək olar. Əsas olan özünə inanmağı
bacarmaqdır. Bu iki bacarıq sayəsində insanın edə bilməyəcəyi heç nə yoxdur.
Düşünür ki, insan özünü əvvəlcədən çətinliyə hazırlamalıdır ki, sonradan gözü
qorxmasın. Bu prinsipləri öz həyatında tətbiq edən müsahibimiz Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin
müəllimi Ehtiram Safquliyevdir.
Qeyd edək
ki, E.Safquliyev 1993-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-ci ilə elə həmin kənddə orta məktəbə
gedib, 2011-ci ildə orta məktəbi başa vurur və qəbul imtahanında 508 bal
toplayaraq Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin coğrafiya müəllimliyi
ixtisasına qəbul olur. 2015-ci
ildə universiteti bitirdikdən sonra hərbi xidmətə
yollanır. Hərbi xidmətini də başa
vurduqdan sonra ixtisası üzrə işləməyə qərar
verir. Elə bu məqsədlə 2017-ci ilin avqust ayında Təhsil Nazirliyinin müəllimlərin
işə qəbulu ilə bağlı keçirdiyi imtahanda 52 bal toplayaraq Zaqatala rayonu
Üçüncü Tala kənd tam orta məktəbində müəllim işləmək hüququ qazanır. Təxminən
dörd aydır ki, həmin məktəbin coğrafiya müəllimidir.
Həmsöhbətim
deyir ki, onun müəllim olmasını daha çox ailəsi istəyib: "Düzünü desəm, müəllim olmağımı ilk olaraq ailəm istəmişdi.
Elə ixtisas seçimi ərəfəsində məni bu
yola onlar istiqamətləndirdilər. Nədənsə, mən də onlarla razılaşdım.
İkinci-üçüncü kurslarda oxuyanda isə məndə
müəllim işləmək üçün güclü bir istək, həvəs
yarandı. Bu işdə universitet müəllimlərimin və o zamanlar ətrafımda
olan insanların rolu böyük olub. Elə mənim
də içimdə "sən müəllim olmalısan” kimi
bir hiss vardı. Elə hər şey ondan sonra başladı”.
Ehtiram
müəllim deyir ki, bu peşə heç də kənardan göründüyü qədər asan deyil: "Ucqar kəndi
seçməkdə məqsədim o yerlərdə bizlərə - gənclərə
ehtiyacın olmasıdır. Hiss edirəm ki, gənclər
getdiyi yerlərə yeni nəfəs gətirir. Onlar fərqlilik yaratmağı bacarır. Mən
də bura gəlməzdən əvvəl çalışacağım məktəbdə
nə isə maraqlı işlər görəcəyimi, fərqli ab-hava yaradacağımı düşünərək
getmişdim. Bu təhsil ocağına hər hansı bir işimlə töhfə verə biləcəyimi düşünmüşdüm. Amma bu,
göründüyü qədər də asan bir iş deyil. Deyərdim ki, ümumiyyətlə, bu işin asan tərəfi yoxdur. Mənə elə gəlir ki, dünyada ən çətin işlərdən biri insanla işləməkdir.
Müəllim də uşaqlarla işləyir. Biz müəllimlər təkcə şagirdlərimizin təhsili ilə
məşğul olmuruq. Həm də çalışırıq ki, uşaqların təlim-tərbiyəsi ilə maraqlanaq,
onları bir növ, həyata hazırlaya bilək. Çünki müəllim öz şagirdlərinin gözündə
bir nümunə, örnəkdir. Ona görə də,
çalışmalısan ki, təlim prosesində maksimum şəkildə səhvsiz işləyəsən.
Əgər səhv etsən, bu, şagirdin
psixologiyasında sarsılmaz iz qoya bilər”.
Həmsöhbətimiz
deyir ki, çətinliklərə əvvəlcədən özünü psixoloji olaraq hazırlayıbmış: "Düzü, çətinliklərə
əvvəlcədən tam hazır idim. Daha doğrusu, özümü
psixoloji olaraq hazırlayırdım ki, sonradan bu, mənə sarsıntı yaşatmasın. Mən özüm də bu bölgənin insanı olduğum üçün, bu
yerlərin çətinliklərinə bir növ əvvəldən bələd idim. Ona görə də xüsusi
bir problem yaşamadım. Əksinə, daha tez
uyğunlaşdım desəm, doğru olar. Çünki öz rayonuma bağlı bir insanam. Öyrəndiklərimi
məhz burada tətbiq etmək mənim arzum
olub. Şükürlər olsun ki, buna da nail ola bildim. Həm də düşünürdüm ki,
rayonumuzda təhsilin inkişafına töhfə verə bilərəm. Bu duyğu və düşüncə ilə gəlib buralara çatdım”.
Ehtiram
müəllim dərs dediyi orta məktəbin şəraitindən razı olduğunu bildirdi: "Burada hər
şey normaldır. Dediyim kimi, artıq mən hər şeyə öyrəşmişəm. Məktəbimiz tədris vəsaitləri
il təmin olunub. Şükürlər olsun ki, elə bir ciddi çətinliyimiz yoxdur. Düzdür, hərdən xırda
çatışmazlıqlar olur, onların da yaxın
günlərdə aradan qaldırılacağına ümid edirəm. Artıq məktəbin kollektivinə
də yavaş-yavaş öyrəşməyə başlamışam. Düşünürəm ki, burada olduğum qısa müddət ərzində
şagirdlərimin etimadını müəyyən qədər də olsa, doğrulda bilmişəm. Şagirdlərim də məni təkcə müəllim kimi yox, özlərinə
dost, yoldaş olaraq görürlər. Onlara ilk gəldiyim gündən yaxın
olmağa çalışmışam. Onlardan da eyni şeyi gözləyirəm. İndi əksər şagirdim çəkinmədən
mənə yaxınlaşıb özlərinə maraqlı olan mövzuda
soruşurlar, sərbəst şəkildə fikirlərini
bildirirlər. Mənim tərzimi, dərs
metodumun necə olduğunu bilirlər. Çalışırlar ki, dərslərə də daim hazırlıqlı
gəlsinlər. Bu isə məni həqiqətən sevindirir. Çünki artıq əziyyətimin nəticəsini
görməyə başlamışam”.
Müsahibim
deyir ki, yaxın illərdə burada
qalmağı planlaşdırır: "Düzdür,
çox az bir müddət olsa da, mən özümü bu kəndə, bu insanlara bağlanmış kimi hiss edirəm. Eləcə də burada mənə ehtiyacın olduğunu
hiss edirəm. Gələcəkdə isə nələrin baş
verəcəyini bilmək olmaz. Gələcəkdə Zaqatala rayonunun təhsilinə əlimdən
gəldiyi qədər töhfələr vermək istəyirəm. İstəyim direktor olmaqdır. Bildiyiniz
kimi, direktor olmaq üçün 5 ilə qədər pedaqoji stajım olmalıdır. Odur ki, bu
illərdən maksimum dərəcədə yararlanmağa
çalışacağam. Növbəti illərdə də yenilikləri
öyrənib məktəbimizdə tətbiq
etməyi planlaşdırıram. Çünki
burada təhsilə, elmə böyük maraq var. Məni ən çox təəccübləndirən məsələ isə
ucqar kənd yeri olmasına baxmayaraq,
valideynlərin burada övladları ilə ciddi şəkildə maraqlanması, tez-tez dərslərdə iştirak etməsidir. Bu amil mənim
ilk gəldiyim vaxtlardan bəri çox diqqətimi çəkdi və düşünürəm ki, çox təqdirəlayiq
haldır”.
Gənc müəllim
Zaqatalada olduğu müddət ərzində başına gələn maraqlı bir əhvalatı da bizimlə
bölüşdü: "Bir dəfə dərsə gecikirdim. Həmin günü marşruta gecikmişdim.
Yoldan ötən maşınlardan biri ilə
getməli oldum. Məktəbə çatan kimi ani olaraq tez gedib sinfə girdim. Hər kəs qəribə halda
mənə tərəf baxdı. Dərs yenicə
başlayıbmış. Bir də gördüm ki, sinifdə başqa müəllim var. Həmin vaxt anladım
ki, tələsdiyim üçün yanlış sinfə girmişəm. Sonradan vəziyyəti düzəltdik”.
Sonda
Ehtiram ucqar kəndlərə müəllim kimi getmək istəyənlərə öz tövsiyələrini də
verdi: "Möhkəm və səbirli olsunlar. Şəraitə uyğunlaşdıqdan sonra işlər gec-tez
yoluna düşəcək. Düzdür, getməzdən əvvəl
onları bir çox problemlər narahat edir.
Bu təbiidir. Əsas olan yalnız işini sevmək, öz yoluna inamla davam etməyi
bacarmaqdır. Bunu edə bildikdən sonra hər şey asandır. İnanın ki, gənclərə
ucqarlarda çox böyük ehtiyac vardır. Onlar
bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq
hüququ var. Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs
borcumuzdur”.
Şəbnəm
Mehdizadə