• çərşənbə axşamı, 16 aprel, 19:50
  • Baku Bakı 18°C

“Türkiyənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir”

08.11.16 11:31 2474
“Türkiyənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir”
Türkiyə Böyük Millət Məclisində bu ilin mart ayında qəbul edilən Konstitusiya dəyişikliyindən sonra müxtəlif partiyalardan olan 148 deputatın toxunulmazlığı qaldırılıb.Bu deputatlar arasında Xalqların Demokratik Partiyası (HDP) üzvləri də var. Ümumilikdə isə Böyük Millət Məclisində 550 deputatdan 59-u HDP-dən olan millət vəkilləridir. Həmin millət vəkillərindən bəziləri terrorizm xarakterli cinayətlərin istintaqı çərçivəsində dəfələrlə istintaqa çağırılmalarınabaxmayaraq, ifadə verməyə getməyiblər. Ona görə də bir neçə gün bundan öncə həmin deputatlardan 12-si həbs edilib. Türkiyə rəsmi qurumlarının bu addımından sonra ölkədə yeni terror hadisəsi törədilib, Qərb dairələri Ankaranın ünvanına müxtəlif bəyanatlarla çıxış ediblər. Türkiyədəki son hadisələrlə bağlı "Kaspi”nin suallarını siyasi şərhçi Vüqar Zifəroğlu cavablandırır.
- Vüqar bəy, Türkiyə parlamentində HDP deputatlarının sayına görə üçüncü partiyadır. Bir neçə gün bundan öncə bu partiyadan olan millət vəkilləri həbs olunub. İlk öncə bu həbslərlə əlaqədar Sizin münasibətinizi öyrənmək istərdik...
- Türkiyə son zamanlarda bölgədə aktiv siyasi xətt yürüdən bir ölkə olaraq, daxilində gedən proseslərə də duyarlı yanaşmaq məcburiyyətində idi. Bu ələlxüsus özünü 15 iyul hadisələrindən sonra daha ciddi şəkildə göstərmiş oldu. Ölkənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir. Diyarbəkir və eləcə də güney-doğu bölgəsində baş verən son terror olayları ilə bağlı HDP-li həmsədrlərin ifadəsinin alınması üçün çağırışa məhəl qoymamaları, onların saxlanmasına səbəb oldu. Ümumiyyətlə, HDP hər zaman kürd bölücü qruplaşmalarının, eləcə də PKK-nın siyasi ruporu funksiyasını icra edib. Təsəvvür edin ki, günahsız insanların qatili olan terrorçuların dəfnini belə təşkil edir, mərasimlərdə iştirak edərək onları qəhrəman kimi təbliğ edirdilər. Bu səbəbdən istər ölkənin daxilində, istərsə də bölgədə baş verənləri nəzərə alarsaq, bu həbslərin səbəblərini asanlıqla anlamaq mümkündür.Sözügedən partiyaəslində öz fəaliyyətini PKK-nın siyasi qanadı olaraq qurdu və bunun da bir nəticəsi olmalı idi. Həbs edilən millət vəkilləri ilə bağlı istintaq davam edir, amma düşünmürəm ki, onların kürd terror birləşmələri ilə hər hansı bir bağlantılarının olduğunu sübut etmək bir o qədər çətin olsun. Zatən həmin şəxslər, belə bağlantılarının olduqlarını gizlətmirdilər də. Bu birmənalıdır ki, terrora, bölücülüyə dəstək verən hər kim olursa olsun, cəzasını çəkməlidir.
- Bu həbslərdən sonra Diyarbəkirdə polis idarəsinin qarşısında terror aktı törədilib. Bu terror aktını rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək olarmı?
- Bəli, olar. Baş verən terroru birmənalı şəkildə rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək mümkündür. Hətta mən deyərdim ki, bu proses müəyyən narazılıqlara da təkan verəcək və baş verən terror hadisələri ölkənin cənub-şərq bölgəsi ilə məhdudlaşmaya da bilər. İri şəhərlərdə də terror təhlükəsi gözləniləndir. Unutmayaq ki, Türkiyənin son zamanlar bölgədə yeritdiyi aktiv siyasət fonunda belə təhlükələr həmişə mövcud olub. Bu səbəbdən qardaş ölkənin belə addım atmazdan əvvəl istənilən nəticələri hesabladığını və bu kimi ssenarilərə də hazır olduğunu düşünmək olar.
- Həmin hadisələr zamanı Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı və facebook, whatsap, twitter, youtube-yə ancaq kompyuter vasitəsilə giriş mümkün oldu. Demokratik bir ölkədə belə bir məhdudlaşdırma nə dərəcədə düzgündür?
- Sosial media alətləri yalnız öz fikrini sərbəst şəkildə ifadə etmək üçün bir vasitə deyil, eyni zamanda, sürətli xəbərləşmə imkanıdır. Bu tip əməliyyatların keçirildiyi zaman müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, heç şübhəsiz ki, təhlükəsizlik baxımından və planlaşdırılan əməliyyatın özünün qarşıya qoyulan hədəfə çatmaqla sonuclandırılması baxımından çox önəmlidir. Bu hal, sırf təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından önəmli olduğundan, burada hər hansı demokratik fikir məhdudiyyətindən söhbət gedə bilməz. Birincisi ona görə ki, bu, müvəqqəti xarakter daşıyır və müəyyən vaxtdan sonra bu məhdudiyyətlər götürülür. İkincisi isə, bu məhdudiyyətlər tam tətbiq edilmir və müəyyən çərçivəni və ya dairəni əhatə edir. Siz özünüz də qeyd etdiyiniz kimi, bilgisayarlardan sosial şəbəkələrə daxil olmaq üçün heç bir məhdudiyyətlər yox idi. Bu səbəbdən də, hər hansı bir şəkildə məsələyə demokratiya acısından baxmaq yanlış olardı. Hələ onu da nəzərə alaq ki, aparıcı Qərb ölkələrində, ABŞ-ın özündə belə bu kimi əməliyyatlar həyata keçirildiyi zaman FTB və MKİ tərəfindən belə məhdudiyyətlər tətbiq edilir və bu, normal qarşılanır.
- Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bölgəyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün adamların gətirildiyini, həmçinin bunun beynəlxalq bir layihə olduğunu, Türkiyəyə, insanlığa, müsəlmanlığa qarşı yönəldiyini bildirib. Kimlər bu layihəni yönəldirlər?
- Bölgədə marağı olan hər dövlətin baş verənlərə öz baxışı var. Elə bir faktı qeyd edim: Bu gün İraqda 62 ölkənin əsgəri var. Bu gün Yaxın Şərqdə baş verənləri yalnız ayrı-ayrı ölkələrdə mövcud olan daxili, siyasi-hərbi müxalifət qarşıdurması olaraq səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal çərçivədən çıxıb. Suriyada, İraqda cərəyan edənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri, məsələn, İran, İsrail, Səudiyə Ərərbistanı və ya Qətər, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər – ABŞ, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Problemin açılması müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb, müxtəlif ölkələrin orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Bu ölkələrdən hər birinin özünə məxsus "həqiqətləri” var və bu "həqiqətlər” hər ölkə üçün tamamən fərqli səciyyə və xüsusiyyətlərə malikdir.
- Sizcə, nə üçün beynəlxalq ictimaiyyət terrorla mübarizədə Türkiyəyə yetərincə dəstək vermir?
- Çünki terror təşkilatlarına yanaşmada ikili standart var. Məsələn, nə üçün əsrin əvvəllərində olmayan bir soyqırımı nağılına həvəslə inanan Qərb, Xocalını görməzdən gəlir və ya elə 1918-ci il mart soyqırımı tarixi həqiqətini bütün faktlara rəğmən qəbul etmir? Yəni, eyni yanaşma hər zaman özünü, müxtəlif fərqli məqamlardan olsa belə, göstərməkdədir. Lozanna razılaşmasından sonra Qərb həmişə Türkiyəyə qarşı erməni və kürd kartlarından istifadə edib. İndi də istifadə etməkdədir. Çünki ortada maraqlar, hədəflər var. Həmin maraqların təmin edilməsi, o hədəflərə çatmaq üçün əgər, məsələn, Brüsselin mərkəzində PKK üçün siyasi çadır qurmaq və hətta onu polislərin mühafizəsinə almaq lazımdırsa, o zaman belə də olacaq, necə ki, oldu, sən buna etiraz etsən də. Türkiyənin regional güc olaraq ortaya çıxması, Yaxın Şərqdə öz maraqlarını müdafiə etməsi, milli və dövlət maraqlarından çıxış edərək öz qırmızı cizgilərini elan etməsi, heç şübhəsiz ki, digər gücləri qane etmir. Belə olan halda terror, etnik separatizm, bölücülük – bu zaman qardaş ölkəni daxildən yıpratmağa, gücdən salmağa hesablanmış ən effektiv üsul kimi istifadə edilir. Burada eyni zamanda fərqli maraqlar çərçivəsində mövcud olan baxışların müxtəlifliyi də ciddi məqamdır. Ümumiyyətlə, Yaxın Şərqdə marağı olan, iştirakçı olan qüvvələrin hər biri etnik-dini ideoloji istiqamətli radikal qruplaşmaların "xidmətlərindən” hər zaman istifadə edirlər. Bu zaman həmin təşkilatlara vahid münasibət bəslənmədiyindən, bir ölkə üçün terror təşkilatı kimi qəbul edilən silahlı birlik, digəri üçün az qala müttəfiq səviyyəsində olur. Məsələn, YPG və ya "Haşti-şaabi” kimi.
- HDP-dən olan deputatların həbsinə Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pari, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, eləcə də Avropa İttifaqı və ABŞ-dan olan digər şəxslər dərhal reaksiyalar verdilər. Hətta Türkiyə prezidentinin ünvanına müəyyən aşağılayıcı ifadələr də səsləndirildi. Maraqlıdır, Avropa İttifaqı və bəzi ölkələr hansı haqla Türkiyəyə demokratiya dərsi keçməyə çalışırlar? Onların buna mənəvi haqları çatırmı?
- Fikrimcə, heç bir ölkənin digər ölkənin daxili məsələlərinə qarışmaq haqqı yoxdur. Türkiyə bu gün açıq şəkildə terrorla müharibə aparır. Baş verənlər fonunda Suriyanın ikinci Əfqanıstan, Türkiyənin isə Pakistana çevrilməsi təhlükəsinin qarşısı alınmalıdır. Əgər bunun yolu, daxildə müxtəlif dağıdıcı fəaliyyətdə olan siyasi qruplaşmaların məsuliyyətə cəlb edilməsindən keçirsə, bu, mütləq olmalıdır. Daha yaxşı olardı ki, Avropa Birliyi, öz yaradılış dəyərlərini bir daha xatırlayaraq, terror və etnik separatizm məsələlərinə beynəlxalq hüquq müstəvisində baxış sərgiləyə, nəinki terror təşkilatlarına qucaq açmaqla, bundan təzyiq elementi kimi istifadə edə. Bu ilin martında Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Lakin Avropa hələ də bu mesajları doğru oxumaq istəmir.
- R.T.Ərdoğan son açıqlaması ilə Qərbi birbaşa terrora dəstək verməkdə ittiham edib. Belə sərt açıqlama Qərblə Türkiyə arasındakı münasibətlərə necə təsir edə bilər?
- Hər halda, son bir neçə ayda bu münasibətlərin heç də normal olmadığı ortadadır. Əslində Türkiyə prezidentinin öz çıxışında qeyd etdiyi məqamlar və irəli sürdüyü ittihamlar əsaslıdır. Bu gün Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniyaya sığınıblarsa, demək ki, buna etiraz etmək azımdır. Qərb Türkiyəyə terrorla mübarizədə dəstək verməlidir.Qərb birmənalı şəkildə terrorla mübarizə sahəsində gördükləri işlərə və götürdüyü öhdəliklərə nə dərəcədə əməl etdiyinə nəzər yetirməlidirlər.
- Hazırda İŞİD-in dayaqlarına qarşı hücum əməliyyatına start verilib. Bu əməliyyatlarda Türkiyənin bir qədər arxa planda saxlanıldığının şahidi oluruq. Sizcə, bu, Türkiyənin mövqelərini zəiflətmirmi?
- Zəiflətmir, təbii ki. Rakkaya hücumu təşkil edən "Suriya Demokratik Qüvvələri” yaxın keçmişdə biri-biriləri ilə kəskin şəkildə qarşıdurmalar yaşayan qüvvələrin Qərbin rəhbərliyi ilə bir araya gəlməsi nəticəsində formalaşıb. Əslində belə bir koalisiyanın uzunömürlü olacağı şübhəlidir. SDQ adından verilən açıqlamada PYD-YPG qüvvələrinin adlarının xüsusi vurğulanması faktı isə, Türkiyənin bu hücuma bir qədər kənardan dəstək verəcəyini düşünməyə əsas verir. Xatırlayırsınızsa, təqribən bir həftə əvvəl Türkiyə prezidentinin hətta müvafiq açıqlaması olmuşdu ki, Türkiyə və ABŞ Rakkanı birgə azad edə bilərlər və bunu etmək üçün "YPG"-yə ehtiyac yoxdur. Lakin görünür Qərb, xüsusən də ABŞ, iki ay bundan əvvəl Fəratın sol sahili ilə bağlı verdiyi qərarla incik saldığı kürd müttəfiqlərinin könlünü, "Fəratın qəzəbi” ilə təkrar qazanmağa çalışır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər