• cümə, 19 Aprel, 17:26
  • Baku Bakı 25°C

Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın siyasi maraqlarına uyğun gəlir

12.01.20 16:21 531
Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın siyasi maraqlarına uyğun gəlir
Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Sözsüz ki, bu yaxınlaşma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müsbət istiqamətdə həllinə də təsirsiz ötüşməyəcək. Bu baxımdan, 2020-ci ildə münaqişənin həlli istiqamətində əsaslı irəliləyişlər əldə oluna bilər.
Bunu Trend-ə beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın mühüm rolunun nəzərə alındığı təqdirdə Türkiyənin də mövcud münaqişənin həllindəki fəallığı artır: "Belə olan halda Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycan tərəfi üçün müsbət hal kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılması ehtimal olunur ki, bu da Azərbaycan tərəfi üçün son dərəcə mühüm amildir".
Politoloq xatırladıb ki, yanvarın 8-də Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutan "Türk axını” boru kəmərinin ("TurkStream”) rəsmi açılışı baş tutdu: "Bununla da Türkiyənin İstanbul şəhərində "Türk axını" layihəsinin birinci hissəsi icra edilmiş oldu. Əgər boru kəmərinin birinci hissəsi qazın Türkiyə bazarına tədarükünü təmin edirsə, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. "Türk axını” layihəsinin mahiyyətində təkcə Cənubi Avropanı Rusiya qazıyla təmin etmək dayanmır. Heç şübhəsiz ki, layihənin baş tutması ilə Rusiyanın siyasi təsir mexanizmlərinin artması da istisna olunmur. Ona görə də "Türk axını”nın təkcə iqtisadi yox, siyasi dividendləri də mövcuddur. Beləliklə, S-400 raketlərinin alınması ilə başlanan Türkiyə - Rusiya münasibətlərində açılan yeni səhifəyə bu layihənin reallaşması ilə yeni bir nəfəs gələcək. Bu reallıqlar fonunda rus qazının Türkiyə vasitəsilə Avropaya nəql olunması Qərb dairələri tərəfindən narahatlıqla qarşılanır. Qərb illərdir ki, Türkiyəni öz daxilinə buraxmır. İstər ABŞ-la, istərsə də Qərblə gərginləşən münasibətlər kontekstində Türkiyənin Rusiya ilə yaxınlaşması həm özünün, həm də Azərbaycanın siyasi maraqlarına uyğun gəlir.
Ümumiyyətlə, son illərdə Türkiyə və Rusiya arasında ciddi yaxınlaşma, əməkdaşlıq müşahidə olunur. Strateji əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsinin şahidi oluruq. Hətta Putin çıxışında qeyd etdi ki, beynəlxalq aktorlar tərəfindən ciddi müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı nəinki enerji, bütün sahələrdə inkişaf edir. Bu isə Rusiya ilə Türkiyə arasında başqa məsələlərin həllini də sürətləndirə bilər. Bundan əlavə, təkcə "Türk axını” deyil, TANAP layihəsinin də uğurla reallaşması fonunda Türkiyənin regiondakı münaqişələrə təsir mexanizminin daha da artacağı gözlənilir. Belə olan təqdirdə Türkiyənin Moskvaya təsirinin artması fonunda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında Türkiyə-Rusiya yaxınlaşması vacib amildir. Türkiyə qaz idxal etməklə Rusiya tərəfindən müəyyən güzəştlərdən də yararlana bilər".
Ş.Həsənovanın sözlərinə görə, məsələnin başqa bir tərəfi də odur ki, Türkiyə son illərdə təkcə Rusiyadan qaz idxal etmir, digər ölkələrdən də qaz idxalını artırır: "Beləliklə, Türkiyə bir tərəfdən də Rusiyadan asılılığı xeyli azaltmağa müvəffəq olub. Bu, onu deməyə əsas verir ki, Türkiyə özünün enerji siyasətində şaxələndirməni uğurla həyata keçirir. Azərbaycan da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması istiqamətində son tamamlanma işlərini həyata keçirir. Bütün bu siyasi reallıqlar fonunda Ermənistan istər regionda, istərsə də beynəlxalq aləmdə nüfuzunu itirir".
Siyasi şərhçi əlavə edib ki, bəzi siyasi dairələr "Türk axını”nı Cənub Qaz Dəhlizinə rəqib kimi dəyərləndirirlər: "Ümumiyyətlə, "Türk axını” ilə Cənub Qaz Dəhlizi bir-birinə rəqib hesab edilməməlidir. Cənab Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi - Azərbaycanın enerji təhlükəsizliyi siyasəti heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməmişdir. Azərbaycanın bu istiqamətdəki siyasətinin uğurunu təmin edən əsas səbəb odur ki, enerji siyasətinin əlində alətə çevrilmir, bu, azad rəqabət və uğurlu təhlükəsizlik layihəsidir”.
banner

Oxşar Xəbərlər