Türkiyə Hollandiya ilə diplomatik münasibətləri kəsir
Türkiyə
ilə Hollandiya arasında münasibətlər kritik həddə çatıb. Türkiyə baş nazirinin
müavini Numan Kurtulmuş Hollandiya ilə yüksək səviyyəli rəsmi əlaqələrin təxirə
salındığını söyləyib. Baş nazirin müavini Hollandiyadakı son hadisələrlə bağlı
deyib: "Türkiyənin Hollandiyaya qarşı verəcəyi qərarlar ciddi şəkildə müzakirə
olunur. Bu ölkə etdiklərini kompensasiya edənə qədər yüksək səviyyəli əlaqələr
dayandırılacaq və planlaşdırılmış yığıncaqlar təxirə salınacaq. Nazirlərimizə
qarşı rəftarlar insan hüquqlarına, siyasi əlaqələrə, demokratiyaya və Avropada
tez-tez dilə gətirilən ortaq dəyərlərə uyğun gəlmir. Biz bundan üzüldük, yaşananlara
məna verə bilmədik. Hollandiyada 460 min türk var. Bu insanların hər birinin
haqqını, hüququnu qoruyacağıq. Türkiyə Hollandiyaya lazımi cavabı verəcək
tədbirləri ortaya qoyacaq”.
Numan
Kurtulmuş baş nazir Binəli Yıldırımın Danimarkanın baş naziri Lars Lokke
Rasmusse ilə 20 martda olacaq görüşünün də təxirə salındığını bildirib.
Prezident
Rəcəb Tayib Ərdoğan isə A-Haber telekanalına müsahibəsində Merkeli Ankara
tərəfindən göndərilmiş 4500 dosye barədə heç bir tədbir görməməkdə
günahlandırıb. Bu dosyelər Ankaranın nəzərində terrorçu sayılan şəxslər barədə
idi. Bundan başqa, Ərdoğan televiziya müsahibəsində Hollandiyanı "demokratiyanı
anlamamaqda” ittiham edib. "Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılması
gündəmdə qalmaqdadır. Lakin hazırda ən önəmli məsələ 16 apreldə Konstitusiyaya
dəyişiklik üzrə referendumdur”. "Mənim Avropa İttifaqı ilə
bağlıfikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır.
Onlar ikiüzlülük nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard
avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması
məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı”, -
deyə Ərdoğan bildirib. Almaniya kansleri Angela Merkelə isə bu sözləri
ünvanlayıb: "Hollandiyanın tərəfindəsiniz. İstədiyiniz qədər olun. Onsuz
terrorçulara da dəstək verirsiniz. Niyə siz terror təşkilatı üzvlərini
ölkənizdə saxlayırsınız?”
Ərdoğan,
həmçinin Hollandiyada türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə
Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib.Dövlət başçısı
Hollandiyanın baş naziri Mark Ruttenin seçki kampaniyasında özünü hədəf alan
çirkin hərəkətinə də reaksiya göstərib. Ərdoğan Ruttenin dediyi kimi, bu
ölkənin sahibininözü deyil, millətin olduğunu, bu şəxsin hələ demokratiyanı
başa düşmədiyini, öncə demokratiyanı öyrənməsinin vacibliyini vurğulayıb. "Müharibənin də
bir əxlaqı, qayda-qanunu var, məsələn, həkimlərə, tibb bacılarına atəş açmaq
olmaz. Hollandiyalı isə atəş açar. Biz
Hollandiyanı Srebrenitsadan tanıyırıq. Orada 8 min bosniyalını necə qətlə
yetirdiklərini bilirik. Heç kim bizə mədəniyyət dərsi verməsin. Bu millətin
tarixi ağdır, amma onlarınkı qapqara. Türkiyənin böyüməsi bəziləri üçün ümid,
bəziləri üçünsə faciə oldu: Hollandiya, Almaniya kimi. Dözə bilmirlər. Türkiyə
güclənir, nəhəng şəhər xəstəxanaları tikilir. Gözləyin, görün hələ daha nələr
olacaq”, - Ərdoğan bildirib.
Maraqlıdır
ki, bir sıra ölkələr Hollandiyanın atdığı qərarı pisləməkdədirlər. Məsələn, Polşanın
xarici işlər naziri Vitold Vaşikovski hesab edir ki, Türkiyənin iki nazirinə
Rotterdamda mitinq keçirməyə icazə verməyən hollandlar olduqca sərt
davranıblar. Bu barədə nazir Polşa radiosuna müsahibəsində bildirib. O qeyd
edib ki, Türkiyə və Niderland arasındakı diplomatik böhran Avropa İttifaqı üçün
faydalı deyil. Ankara Brüsselin əhəmiyyətli müttəfiqlərindən biridir. "Hollandlar
səhv ediblər, çünki belə kəskin reaksiya verməyə heç bir lüzum yox idi. Bu
səfərləri minimum məhdudlaşdırmaq olardı” - deyə o qeyd edib. Polşanın XİN
rəhbəri vurğulayıb ki, rəsmi Ankara Avropaya qaçqın axınının qarşısının
alınmasında mühüm rol oynayır: "Əgər Türkiyə ilə ötən il əldə olunmuş saziş
pozulsa, bu ölkə əsasən Suriyadan olan miqrant dalğasının qarşısını almasına
gözlərini yumacaq. Onda bu dalğa Avropanı yenidən bürüyəcək”.
Yeri
gəlmişkən, Türkiyə Nazirlər Kabinetinin keçirdiyi toplantıdan sonra
Hollandiyaya tətbiq olunacaq sanksiyaların açıqlanmasını gözləyərkən ekspertlər
iqtisadi sanksiyaların Türkiyə üçün ciddi nəticələrə gətirib çıxaracağını da
söyləyirlər. "Reuters”-in yaydığı xəbərə görə, Hollandiya 22 milyard dollar ilə
Türkiyəyə birbaşa investisiya qoyan ölkədir. Türkiyəyə birbaşa gələn xarici
investisiyada ən böyük pay Hollandiyanındır. İqtisadçı Özgür Altuğun fikrincə,
diplomatik böhran qısa zamanda iqtisadi münasibətlərə ciddi şəkildə təsir göstərməyəcək.
"Lakin təzyiqlər artarsa və ölkələr bir-birinə sanksiyalar tətbiq etməyə başlayarsa,
o zaman Türkiyə iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara bilər”, - deyə
Altuğ bildirb. Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2016-cı ildə
Türkiyə Hollandiyaya 3,6 milyard dollarlıq ixracatı reallaşdırıb. Bu isə
Hollandiyanı Türkiyə malları üçün ən böyük 10-cu bazar edib. 2016-cı ildə
Hollandiyadan idxal edilən malların dəyəri isə 3 milyard dollar
səviyyəsindədir. "Reuters” hollandiyalı turistlərin İŞİD və PKK hücumları
nəticəsində təhlükəsizlik səbəbiylə çətin vəziyyətdə olan turizm sənayesi üçün
də önəmli olduğuna diqqəti çəkib. Məlumata görə, ötən il 900 min hollandiyalı
Türkiyəni ziyarət edib. 2015-ci ildə isə bu rəqəm 1,2 milyon təşkil edib.
Hökumətə
yaxın bir mənbənin Reuters-ə verdiyi açıqlamada, sanksiyalar tətbiq olunacağı
təqdirdə, bunun nəticələri iqtisadiyyatla məhdudlaşmayacaq: "Sanksiyalar tətbiq
olunarsa, doğru olmağa diqqət etməliyik. Qapını tamamilə bağlamırıq. Amma yenə
də Türkiyəyə edilən bu davranışların bir qarşılığı olduğunu göstərmək istəyirik”.
Azər
NURİYEV