• cümə, 04 Iyul, 08:26
  • Baku Bakı 22°C

“Türkdilli dövlətlərin birliyi bir daha nümayiş etdirildi”

04.09.18 14:50 859
“Türkdilli dövlətlərin birliyi bir daha nümayiş etdirildi”
Ulu öndər Heydər Əliyev dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib. Dahi rəhbər Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən eyni mədəni və dini köklərə malik türkdilli dövlətlər arasında münasibətlərin ən yüksək səviyyədə qurulmasını, ümumtürk həmrəyliyinin təmin olunmasını prioritet sayıb, daima diqqət mərkəzində saxlayıb. Ümummilli lideriin əsasını qoyduğu və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı ölkəmizin türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yeni təkan verəcək. Deputatın sözlərinə görə, bu gün dünyada türkdilli xalqlar və onları təmsil edən dövlətlər sülhün və təhlükəsizliyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Millət vəkili deyib ki, türkdilli dövlətlərin bir araya gəlməsi siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edəcək.
Deputat N.Həmzəyev vurğulayıb ki, sammit çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni bir təkan verəcək: "Prezident İlham Əliyev sammitdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Dövlətimizin başçısı dedi ki, bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və bütün istiqamətlər üzrə gözəl nəticələr görünür. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Azərbaycan prezidenti gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacağına əminliyini dilə gətirdi. Cənab prezidentin fikirləri bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyinin təsdiqidir. Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkdiyini, Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağın və onun ətrafında yerləşən 7 rayonun Ermənistanın işğalı altında olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır. İnanırıq ki, kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasındakı birliyin möhkəmlənməsinə xidmət edən sammit türk birliyinin daha da güclənməsinə mühüm töhfə olacaq. Çünki beynəlxalq səviyyədə böyük əhəmiyyəti daşıyan sammitdə verilən birgə bəyanatlar, türkdilli dövlətlərin ortaq mövqeyini göstərdi, türkdilli dövlətlərin bütün istiqamətdə birliyini bir daha nümayiş etdirdi”.
banner

Oxşar Xəbərlər