Türk seriallarının məşhur parodiyaçısı - Fenomen
Nahid Abbaszadə: "Niyyətim heç də sevilmək və izlənmə rekordu qırmaq deyildi”
O, sosial şəbəkənin yaratdığı imkanlardan fərqli
şəkildə yararlanıb. İstedadı və həvəsini birləşdirərək türk seriallarını fərqli
şəkildə parodiya edir. Zaman-zaman Türkiyənin məşhur serialları ilə bağlı etdiyi
parodiyalara reaksiyalar gəlir. Serial qəhrəmanlarını fərqli şəkildə, öz yozum
tərzi ilə tamaşaçılara təqdim edir. İnstagram səhifəsində 329 min, Youtube-da isə
320 mindən çox izləyicisi olan Nahid Abbaszadənin hədəfi üç milyon izləyici
toplamaqdır. Türkiyənin ən ucqar bölgəsində belə tanınan azərbaycanlı
parodiyaçı N.Abbaszadə rubrikamızın qonağı oldu.
- Sosial şəbəkədə fenomen
olmaq necə bir hissdir?
- Layihəyə başlayanda, niyyətim heç də fenomen olmaq
deyildi. Belə ki, kamera önündə işləməyi çox sevirəm. Məktəb yaşlarımdan kiçik səhnəciklər
hazırlayır, özümü həmin səhnəcikdə realizə etməyə çalışırdım. Parodiyanın isə
həyatımda yeri ayrıdır. Parodiya etməyi də, izləməyi də çox sevirəm. Daha çox türkiyəli
şoumen Bəyazın verilişini sevərək izləyirdim. Bununla bərabər, yotuberlərə baxır,
özümü bu sahədə sınamaq istəyirdim. Nəhayət, istəyimi reallaşdırdım. Parodiya etməyə
başladıqda, niyyətim heç də sevilmək və izlənmə rekordu qırmaq deyildi. Məqsədim
sadəcə əylənmək idi. Fenomen olmaq gözəl hissdir. Təsəvvür edin, hava limanında
və yaxud harasa getdikdə, insanlar sənə yaxınlaşır və "o parodiyaları edən
oğlan sizsiniz” deyə mənimlə söhbət etməyə çalışırlar. O an, açığı, bir az
utanıram, əlim-ayağıma dolaşır. Hətta bir kənara çəkilib "o oğlan mən deyiləm” demək
istəyirəm. Gizlətməyəcəm, insanların bu reaksiyası xoşuma gəlir. Videolarım
Türkiyənin ən ucqar kəndlərinə belə yayılıb. Teatrda çalışıram və hər həftəsonu
qastrol səfərlərim olur. Demək olar ki, Türkiyənin hər bir bucağını qarış-qarış
gəzmişəm. Bu səfərlərdə insanların mənə qarşı münasibətini görürəm. Türkiyədə
getdiyim ən ucqar kəndlərdə belə videolarımı izləyənlər var.
- İzləyicilərin
maraq dairəsini necə müəyyən edirsiniz?
- İnsanların maraq dairəsində seriallar olduğunu əminliklə
deyə bilərəm. Azərbaycanın Youtube trendlərində nələrin ön sırada yer aldığını deyə
bilməsəm də, Türkiyədə trendə ancaq serialları düşür. Bu da onu göstərir ki, insanların
seriallara böyük tələbatı var. Mən də Türkiyədə məşhur olan serialların parodiyasını
etdikcə, onların Youtube-da izlənmə sayının çox olduğunu gördüm. Hazırda videolarım
milyonluq izləyicisi olan youtuberlərlə ayaqlaşır. Artıq 8 aydır ki, Youtube-da
parodiyalar edirəm.
- Videoların hazırlanma
prosesində televiziya təcrübəniz nə qədər köməyinizə çatır?
- 2 il ARB televiziyasında çalışmışam. 2016-cı ilin
aprelində oradan ayrıldım və Türkiyəyə gəldim. Buna səbəb orda xoş olmayan hadisələrdən
dolayı işdən çıxmağım oldu. Nə yaxşı ki, həmin hadisə oldu və mən belə bir qərar
verdim. Gəldim, burda xüsusi təhsil addım. İş yerində aldığım praktikanın mənə heç
bir köməyi olmadı. Televiziyada işləyəndə özümdən nələrsə əlavə etməyə çalışırdım,
yenilik etməyə cəhd göstərirdim. Təkcə canlı yayım praktikamı ordan öyrəndim. Həyatımın
ən maraqlı illərini Şəki televiziyasında keçirmişəm.
- Videolarınız qınaqlara
səbəb olubmu və sizi ən çox nədə qınayıblar?
- Əslində məni qınamayıblar. Normalda mən bir çox obrazlar
dəyişirəm. Yeri gələndə qadın obrazında da çıxış etmək məcburiyyətində qalıram.
Qrim də edirəm, parik də taxıram. İlk dəfə bu addımı atanda, düşünürdüm ki, yəqin
ki, insanlar tərəfindən qınağa səbəb olacam. Deyəcəklər ki, bu nədi, böyük oğlansan,
gələcəyin atasısan. Yəni videolarıma klassik şərh yazan insanların da olacağını
gözləyirdim. Bu gün isə belə qınaq çox nadir hallarda yazılır. Heç bir zaman şərhi
silmirəm. Pis şərhi belə saxlayıram. Canlandırdığım obrazlarla bağlı xoş sözlər
alıram. İnsanlar anlayır ki, bu, işdi və mən obraza girirəm. Min şərhdən yalnız
biri qınaq olur.
- Niyə daha çox türk
seriallarını parodiya edirsiniz?
- Bura Türkiyə bazarına girmək üçün gəlmişəm. Azərbaycanlıyam
və bununla qürur duyuram. Ancaq bu, bir hədəfdir. Türk izləyicilərimin sayının çoxalmasını
istəyirəm. O kütləyə çatmaq üçün də türk seriallarından başlamaq lazım idi. Bizim
10 milyon, Türkiyənin isə 80 milyon əhalisi var. Mən Azərbaycanda bunu etsəm, 6
aya bütün Azərbaycanda tanınan biri olardım. Bizim serialların aktyorlarını parodiya
etsəydim, qısa müddətdə məşhurlaşardım. Türkiyə kimi bir ölkədə daha böyük kütlə
tərəfindən tanınmağa üstünlük verdim. İstədiyim səviyyəyə gəldikdən sonra Azərbaycanın
köhnə və tarixi filmlərindən parodiyalar edəcəm. Mənə görə, bu daha çox məntiqlidir.
Mənim bir hədəfim var. İşlərim planım üzrə gedərsə, bir milyon olacaq. Bir ili keçmədən
bir milyon olduqda, öz filmlərimizlə bağlı video paylaşacağam. Videolarımda Azərbaycan
musiqisi, Azərbaycana aid xırda nələrsə göstərirəm. Hədəfim Türkiyədəki izləyicidir.
Bunun mənim Azərbaycan dilini və Azərbaycan seriallarını sevməməyimlə heç bir əlaqəsi
yoxdur. Türkiyə cəmiyyətini yaxşı bilirəm. Çünki uşaqlığım burda keçib. Hədəfim
böyük bir kütləyə çatdıqdan sonra istədiyimi onlara təqdim etməkdir. 3 milyon izləyicim
olanda, öz dilimdə daha çox video paylaşa biləcəm və istədiyim hədəfə çatmaq
daha asan olacaq.
- Obrazlarını
yaratdığınız türk sənət adamlarının reaksiyaları necə olur?
- Türk sənət adamlarının reaksiyaları çox yaxşıdır.
Demək olar ki, parodiyasını etdiyim serialların hamısının aktyorları ilə
münasibət saxlayıram. Onlar serialların parodiyasını istədiklərini bildirirlər.
Misal üçün, "Zalim İstanbul”, "Bir zamanlar Çukurova”, "Avlu”, "Hərcai” və
başqa serialların baş rol aktyorları öz münasibətlərini bildiriblər. Hətta
onlar daha çox parodiyalar etməyimi xahiş ediblər. Hətta "Kimse bilmez”
serialının aktyorları məndən xahiş etmişdilər ki, onların serialını parodiya
edim.
-
İzləyicilərinizin sayının birdən-birə artmasında yəqin ki, o məşhur
qəhrəmanların da rolu az olmayıb.
- İzləyicilərimin hamısı real izləyicilərdir. İndi
layk da, izlənmə də pulla alınır. Statuslarda şərhlərin yazılışından onun yalan
olub-olmaması bilinir. Oradan başa düşülür ki, bu profilin izləyiciləri
realdır, yoxsa qeyri-real. Mənim izləyicilərimin hamısı realdır. Hətta 9 minə
qədər şərh olunan videolarım var. Heç vaxt saxta izləyici almağa cəhd
etməmişəm. İzləyicilərimin yüzdə səksəni türk, yüzdə iyirmisi də azərbaycanlılardır.
- Hazırda Türkiyədə
hansı işləri görürsünüz?
- Hazırda Türkiyədə Sadri Alışık teatrında çalışıram.
Bizim qastrol səfərlərimiz olur. Maraqlı repertuarımız var, yeni tamaşalar üzərində
çalışırıq. Teatr sevgidir, mən də bunun xəstəsiyəm. Məndən çox soruşurlar ki, niyə
serial və filmlərdə oynamırsınız. Mənim serial və filmlərdə olmama səbəbim çalışmaq
icazəmin olmamasıdır. Çünki mən Türkiyə vətəndaşı deyiləm. Hansısa serial və filmə
təsdiqlənirəm və son mərhələ gəldikdə, problemlər yaranır. Burada o işlər çox çətindir.
Əgər burda sənətsiz çalışsam, həm şirkətə, həm də mənə böyük cərimə yazılar. Cərimənin
də məbləği 100 min manatdan başlayır. Ona görə öz yolumu, istiqamətimi tapmışam,
işlərimi görürəm. İnanıram ki, öz istiqamətim üzrə tanındıqdan sonra artıq film
prodakşınları özləri mənə müraciət edəcəklər. Düzdür, mənə xırda təkliflər gəlir,
ancaq qəbul etmirəm. Olursa yaxşı olsun, olmursa da öz kanalımda 100 min adam mənə
baxsa, kifayət edir. Teatrda çalışıram, artıq Youtube-ni hobbi olaraq deyil, işim
olaraq görürəm. Məşhur seriallardakı insanlarla, rejissorlarla çox yaxşı əlaqəm
var. Onlar mənim fikirlərimə önəm verirlər. Ətrafımdakı insanların hamısı hazırda
seriallarda oynayırlar. Azərbaycandan gəlib burada məskunlaşmışam və bu qədər qısa
müddətdə milyonlarca insana çata bilmişəm. Öz sənətim üzrə ətrafıma bu sənətdə çalışan
insanları yığıb, onların hörmətini qazanmışam. Bu, dörd ildə qazandığım ən böyük
nailiyyətdir.
- Bu parodiyaları
efirdə etsəydiniz, belə marağa səbəb olardımı?
- Məncə, daha çox marağa səbəb olardı. Təsəvvür
edin ki, həftədə bir dəfə mənim verilişim var. Həftə ərzində televiziyalarda
nümayiş olunacaq parodiyalardan qısa fraqmentlər olacağını düşünün. Çox insan
oturub iki saatlıq seriala baxa bilmir, ancaq o parodiyada, beş dəqiqəlik videomda
izahımla təqdimata daha maraqla baxarlar. Ora öz üslub tərzimi də qatıram. Bu
layihəni televiziyada istifadə etmək istəmərəm. Bu layihə mənim öz kanalımda
daha yaxşı izlənilir. Mənə televiziyada nümayiş etdirmək üçün müraciət etsələr
də, imtina etdim.
- Sizcə, bu gün
gənclər sosial şəbəkələrin yaratdığı imkanlardan yetərincə istifadə edə
bilirlərmi?
- Əvvəllər hər hansı bir qabiliyyətini insanlara
göstərmək çox çətin idi. Tək çıxış yolu televiziya idi. Televiziyaya da ancaq
nümunəvi insanları çıxarırdılar. İndi əgər sən keyfiyyətli bir iş görürsənsə,
bunu sosial şəbəkədə çox rahatlıqla hər kəsə göstərə bilərsən. Bu gün sosial
şəbəkədə keyfiyyətsiz işlərlə tanınanlar da var. Bəzən başa düşə bilmirəm ki,
insanlar bunun nəyini izləyir. Ona görə nəyin tutub, nəyin tutmayacağını
öncədən bilmək maraqlı deyil. Bəzən əziyyət çəkirsən, keyfiyyətli bir iş ortaya
çıxarırsan, baxırsan ki, izlənmir. Bəzən də mənasız bir şey çəkirsən və qısa
zamanda milyonlarla izləyicisi olur.
- Hazırda yeni
layihə gözlənilirmi?
- Çox yaxın bir zamanda həm Türkiyə, həm də Azərbaycan
tamaşaçısına maraqlı olacaq bir layihə düşünmüşəm. 5-10 dəqiqəlik maraqlı
videoroliklər olacaq ki, bu həm Türkiyə, həm də Azərbaycan izləyicilərinin
marağına səbəb olacaq. Hazırda həmin serialın hazırlıqları gedir. Gördüyüm
işlərin hamısını özüm edirəm. Qrim, geyim, montaj, səsləndirməni təkbaşına
görürəm, heç bir köməkçim yoxdur. Hər işin altından özüm qalxıram.
Xəyalə Rəis