• cümə, 26 Aprel, 18:05
  • Baku Bakı 22°C

Tullantıları sənət əsərinə çevirən adam – Sadə peşə adamı

17.02.15 07:25 3850
Tullantıları sənət əsərinə çevirən adam – Sadə peşə adamı
İlk dəfə onun əl işlərini gördükdə bütün bunları regionda yaşayan, heç bir təhsili olmayan gəncin hazırladığına inana bilmədim. Amma elə insanlar var ki, doğuşdan istedadlı olurlar. Kimisi öz səsi, kimisi şeir yazmaq qabiliyyəti, kimisi zəka səviyyəsi, kimisi də qeyri-adi fikirləri ilə həmyaşıdlarından fərqlənir. Bəzi insanlar da var ki, bizim çölə atdığımız tullantılara sənətkar gözü ilə baxır, onlardan sənət əsəri düzəldərək, tullantıların əks tərəfini üzə çıxarır. “Sadə peşə adamı” rubrikasının budəfəki qonağı məhz belə insanlardandır.
27 yaşlı gənc müsahibimizin əl işləri təcrübəli sənətkarın əl işlərini xatırladır. Üstəlik, o, ərsəyə gətirdiyi sənət nümunələrini hansısa eskizdən, yaxud hazır alətlərdən deyil, çölə atılan tullantılardan, kibrit çöplərindən, dondurma çubuqlarından düzəldir.
“Nə kəşf edə bilərəm?”
Həmsöhbətimiz Astara rayon sakini Elçin Abdullayevdir. O, rayondakı, “kasıb” adlandırdığı kiçik emalatxanasında, kobud şəkildə desək, zir-zibildən suvenirlər düzəldir. Müsahibimizlə söhbət edərkən məlum olur ki, o, hələ hərbi xidmətdəykən bu işlə peşəkar şəkildə maraqlanmağa başlayıb. Hələ uşaqlıqdan qoz-fındıq qabıqlarını, kibriti bir-birinə yapışdırıb nəsə kəşf etməyə çalışıb: “Uşaqlıqda kibrit çöpləri mənə çox maraqlı gəlirdi. Bəzi uşaqlar kimi oyuncaqlarla oynamağı sevmirdim. Kibrit çöpləri ilə oynayırdım. Hər dəfə çör-çöpü qarşıma töküb “nə kəşf edə bilərəm?” - deyə düşünürdüm. Amma bir gün bunları düzəldib, onlardan pul qazana biləcəyim ağlıma belə gəlməzdi”.
“Bizim evdə tullantı olmur”
Özü bərbər olsa da, deyir ki, bu sənət ona mənəvi rahatlıq verdiyi üçün məşğul olur: “İşimdən fürsət tapdıqca boş vaxtlarımda burada işləyirəm. Beynimdə fantaziyalar yaradıram və kibrit çöpləri ilə yaratdığım fantaziyaya həyat verirəm. Suvenirlərin bəzəyini isə qoz, fındıq, badam, fıstıq, tum qabıqlarından, toyuq, balıq, mal ətinin sümüklərindən edirəm. Yemək yeyərkən, yolda gedərkən hər nə tullantı görürəmsə, bundan nə düzəldə biləcəyimi fikirləşirəm. Evdə, qohum-qonşuda hər kəs yemək bişirəndə tullantıları, qoz-fındıq qabıqlarını yığırlar. Nəyisə atmazdan əvvəl mənimlə məsləhətləşirlər. Hətta bizim evdə balığın sümükləri belə çölə atılmır. Balıq yeyəndə sümüklərini mənim üçün yığırlar. Qısa desək, bizim evdə tullantı olmur”.
Sənətə qiymət verilir
Müsahibimiz deyir ki, ən çox yelkənli gəmi suvenirlərinə tələbat var. Onun sözlərinə görə, kim nə sifariş verirsə, kibrit çöplərindən onu düzəltməyə qadirdir: “Astara kiçik rayon olduğu üçün burada o qədər də tanınmıram. Amma region da olsa, sənətə qiymət verənlər az deyil. Mənə nə sifariş verirlərsə, düzəldirəm. Bəzən kibrit çöplərindən məscid yığıram, bəzən də sifarişçi evini göstərir, o evin kiçicik maketini hazırlayıram. Bəzən düzəltdiyim suvenirləri Bakıya gətirib mağazalara satıram”.
“Mənə inanmırdılar...”
Maraqlısı odur ki, gördüyü hər şeyi, hətta görmədiklərini belə fantaziyaları ilə təsvir edən Elçinin rəssamlıq qabiliyyəti yoxdur: “Bəzən mənim bu işləri görməyimə ailəm belə inana bilmir. Çünki bizim ailədə incəsənətlə məşğul olan insan yoxdur. Əl işləri düzəltməyim əvvəllər dostlarıma, ailəmə gülünc gəlirdi. Hətta sifariş verənlər belə deyir ki, biz bu dərəcədə oxşadacağına inanmırdıq”.
“İşimdən zövq alıram”
Elçin əl işlərini 3 ildir satmağa başlayıb. Deyir ki, ən baha satdığı suveniri 300, ən ucuzunu isə 50 manata verib: “Düzdür, bəzən olur ki, dost-tanışa hədiyyə verirəm. Amma əl işlərimi 50 manatdan aşağı sata bilmərəm. Çünki hər suvenirin üstündə çox əziyyət çəkirəm”.
Sənətinin əsas sirrinin səbr olduğunu söyləyən müsahibimizin sözlərinə görə, bu sənətlə pul qazanmaqdan daha çox zövq aldığı üçün məşğul olur: “Əslində mən çox səbrsiz insanam. Amma olduqca səbr tələb edən bu iş mənim əsəblərimi sakitləşdirir, mənə zövq verir. Hər bir işim mənim üçün doğma övladım kimi əzizdir”.
İncəsənət qurban tələb edir
Sənətinin çətinliklərindən danışan Elçin deyir ki, incəsənət qurban tələb etdiyi üçün heç bir çətinlik onu yolundan saxlamır: “Belə bir deyim var: “İncəsənət qurban tələb edir. Mən də bu yolda gözlərimi, zehnimi qurban verirəm. Mən suvenirlərimlə nəfəs alır, yaşayıram. Yemək yeyəndə belə, hazır olan suvenirlərimdə nəyin çatmadığını düşünürəm”.
İşin tarixçəsi
Başına gələn maraqlı hadisələrdən danışan həmsöhbətimiz deyir ki, bəzən düzəltdiyi suvenirlərin hansısa hissəsinin tarixçəsini danışanda müştərilər gülürlər: “Məsələn, bir dəfə ailəmizlə birlikdə şam yeməyində kütüm balığı yeyirdik. Əslində hər dəfə balığın sümüklərini salfetkaya büküb sonra yuyub suvenirlərimdə istifadə edirəm. Amma bu dəfə balığın çənə sümüyü diqqətimi çəkdi. Gördüm ki, kütüm balığının çənə sümüyünü iki hissəyə bölüblər. Sümüyün ilk hissəsini görən kimi ofisimdə hazırladığım gəmi üçün beynimdə fikir yarandı. Digər sümüyü də tapdım. Onları yuyub təmizləyəndən sonra bir-birinə birləşdirib gəmi üçün brelok düzəltdim. Müştəri gəmini alarkən ən çox sevdiyi hissə məhz həmin brelok idi”.
Gələcək planlarından danışan müsahibimiz sonda vurğuladı ki, əsas məqsədi bu sənəti böyüdüb inkişaf etdirməkdir: “Mən adi ev şəraitində suvenirləri düzəldirəm. Düzdür, əvvəllər həvəskar kimi bu işlə məşğul olurdum. Ancaq tələbatı gördükdən sonra əsas məqsədim sənətimi ilk olaraq Azərbaycana tanıtmaq və inkişaf etdirməkdir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər