• cümə, 29 Mart, 08:36
  • Baku Bakı 5°C

Tilsimi yubileyində qıran “savaşçı” - Portret

27.04.19 11:00 3226
Tilsimi yubileyində qıran “savaşçı” - Portret
İdmanda Azərbaycan izi dedikdə, ilk olaraq ağıla güləşçilərimiz gəlir. Dünya və Avropa çempionatlarını böyük ümidlərlə gözləyir, olimpiadalarda gözümüzü pəhləvanların yarışına dikirik. Güləşçilərimiz son illər inamı artıqlaması ilə doğruldublar desək, yanılmarıq. Xatırladaq ki, London olimpiadasını "qızıl dubl"la başa vuran güləşçilərimiz, Rioda 18 çəki dərəcəsinin tən yarısında mükafata sahib çıxmışdılar. Bəs astanasında olduğumuz "Tokio-2020" qarşımızda hansı üfüqləri açır? 8-14 aprel aralığında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan Avropa çempionatının nəticələrinə əsasən, belə qənaətə gəldik ki, pəhləvanlarımız "gündoğar ölkə"dən də dünyaya səs sala bilərlər. Bir az da nikbin yanaşsaq, burada qazanılan 13 medal XXXII zirvə yarışında daha yaxşı göstəricilərə imza atmaq potensialında olduğumuza işarədir. Bu dəfə sizi, həmin qitə mücadiləsinin əsas qəhrəmanlarından biri ilə yaxından tanış edəcəyik. 30 yaşının tamamında ilk AÇ medalını qazanan Ağahüseyn, əslində, Azərbaycan güləşsevərləri üçün yad sima deyil.
"Əvəzində 10 uşaq göndərəcəyəm"
Mustafayev Ağahüseyn Təbriz oğlu 11 aprel 1989-cu ildə Neftçalada anadan olub. Orta təhsilinə şəhərin seçilən tədris ocaqlarından birində başlasa da, oxumaqla arası olmayıb. Bu səbəbdən də, cəmi 8 yaşında olarkən, idmana yazılıb. Lakin ilk olaraq güləşi deyil, ölkəmiz üçün ənənəvi hesab edilən digər təkmübarizəli idman növünü - boksu seçib. Beşinci sinfi bitirdən sonra isə Bakıya gələrək, təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirib. Cəmi bir il boks bölməsində oxuyan Ağahüseynin, güləşə keçməsində hazırkı məşqçisi Nazim Əlicanovun təkidləri həlledici rol oynayıb.


Əlicanov danışır: "Bir gün eşitdim ki, boksdan bir uşaq tez-tez bizimkilərlə güləşir. Dedilər, yaman güclü uşaqdır. Dedim, gətirin bura, bir baxım. Zalda ən təcrübəli, istedadlı uşaqlardan olan Famillə güləşdirdim, gördüm ki, əməlli-başlı pəhləvandır. Fikirləşdim ki, bunu əldən vermək olmaz. Boks məşqçisi Şahin müəllimə təklif elədim ki, sən onu mənə ver, mən də əvəzində sənin yanına 10 uşaq göndərəcəyəm. Razılaşmadı. Dedi, bu boyda zalda düz-əməlli yumruq atan elə budur, əldən verə bilmərəm. Amma mən israr elədim, nəhayət, nəticə hasil oldu. Lakin tələbələrimdən bir nəfər də olsun, boksa keçməyə razılıq vermədi. Şahin müəllim indi də bu əhvalatı yadıma salır. Deyir, mənə yaxşı tələ qurdun (gülür)”.
Dünya və Avropa çempionatlarında uğursuz olsa da...
Cəmi yeddi ay sonra şəhər birinciliyində fərqlənən Ağahüseynin, ölkədaxili qələbələri bir-birini əvəz edir. Mütəmadi olaraq həm yeniyetmələr, həm də gənclər arasında ölkə birinciliklərinin qalib və mükafatçıları sırasında yer alır. Lakin qitə mücadilələrində uğurun ardını gətirə bilmir. Belədə, dünya birinciliklərindən də kənarda qalır. İlk qitə medalını (gümüş) nə az-nə çox, 20 yaşında qazanan Mustafayev, həmin il dünya birinciliyində də ikinci pillədə yer alır. Bir il sonra hərbçilər arasında dünya çempionatının və karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olur. Növbəti illərdə Rusiya Federasiyasında, o cümlədən Gürcüstan, Türkiyə və Polşada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alan Ağahüseyn, Heydər Əliyevin xatirəsinə həsr olunan "Qran Pri"də də fərqlənir. Böyüklər arasında ilk mundial sınağı isə 2013-cü ilə təsadüf edir. Mübarizəni ilk mərhələdəcə dayandıran Mustafayev, bundan üç il sonra Avropa çempionatında debüt edir. Riqada baş tutan əsas qitə yarışında təcrübəli pəhləvanı medaldan sadəcə, bir mərhələ ayırır. Bununla belə, həmin il yenidən hərbçilərin dünya çempionu adını qazanan Ağahüseyn, 2017-ci ildə də Parisə - dünya çempionatına aparılır. Uğursuzluğa düçar olan təcrübəli güləşçi, növbəti ildə baş tutan AÇ və DÇ-dən kənarda qalır.

"Ağahüseyndən əlini üz"
Buxarestdə baş tutan son Avropa çempionatındakı uğurlu göstəricidə sərbəst güləşçilərimiz əsas pay sahibidirlər. 3 qızıl, 1 gümüş, 2 bürünclə, yekunda Rusiya və Türkiyədən sonra üçüncü olan komandamızın, bu səviyyədə çıxışı gözlənilən idi desək, yanılmarıq. Mükafatçılar arasında sadəcə, bir sürpriz ad var ki, bu da yazının qəhrəmanıdır. Əlicanov deyir ki, çempionata yola düşməzdən əvvəl heç kim ona inanmırdı. Hətta komanda yoldaşları yarızarafat-yarıgerçək deyirmişlər ki, Ağahüseyndən əlini üz. Üstəlik, bəxt də ondan üz döndərmişdi. Mustafayev, ilk mərhələdəcə yarışın əsas favoriti ilə üz-üzə gəlməli idi. Gerisini öz dilindən eşitsək, yaxşıdır: "Hər şeyə rəğmən, özümə güvənirdim. Yarışa çox yaxşı hazırlaşmışdım. İçimdə bir əminlik vardı ki, bu dəfə tilsimi qıracağam. Videoyazıları izləyib, bütün rəqiblərimin güclü və zəif tərəflərini öyrənmişdim. Əsas diqqətimi isə rusiyalı ikiqat dünya çempionu Maqomedrasul Qazimaqomedova yönəltmişdim. Elə ilk görüşdəcə onunla üz-üzə gələcəyimə, hamıdan fərqli olaraq, sevinirdim. Çünki məndən fərqli, o, çox çəki salır. Çəki salan adamlar da ilk görüşdə özlərini ağır hiss edirlər. Çempionluğu əldən verməyimə gəldikdə, bunda əsasən özümü günahlandırıram. Amma rəqibin bədəninin yağlı olması və bunun hakiminin diqqətindən qaçması da az rol oynamadı. Üç cəhddə sırf buna görə fənd tətbiq edə bilmədim. Mustafa Kayanı buna qədər üç dəfə udub, üç dəfə də uduzmuşdum. Mən bütün görüşlərdə onu böyük üstünlüklə məğlub etmişdimsə, o, cüzi fərqlə qalib gəlmişdi. İstənilən halda, xoşbəxtəm. Bu medal həyatımda ən gözəl ad günü hədiyyəsidir".

Etiraf

N. Əlicanov: "Əsas odur ki, tilsimi qırdıq. Medal ona böyük stimul verdi. Zədədən uzaq olsa, dünya çempionatından da mükafatla qayıdacaq.
Qazaxıstanda baş tutacaq mundial həm də lisenziya xarakterli olduğundan, əsas diqqətlər olimpiya çəki dərəcələrinə yönələcək. Cari tsikl ərzində qeyri-olimpiya dərəcələrində yarışan pəhləvanların əksəriyyəti çəkilərini dəyişməyi düşünsə də, Ağahüseyndə vəziyyət fərqlidir. Etiraf edir ki, bundan sonra üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevlə rəqabət aparmağın heç bir faydası yoxdur. Çəkisini qaldırmaqda problem yaşadığından, yuxarı dərəcədə çıxış etməyin də istənilən effekti verməyəcəyini düşünür. Bir sözlə, diqqətini dünya və Avropa çempionatlarına yönəldib. Karyerasını daha üç il davam etdirməyi düşünən 30 yaşlı pəhləvan, "dünya çempionluğu mənə bəs edər" deyir.
Rusların qənimi
"Birinci nömrə" kimi güləşməyə üstünlük verən Mustafayev, yorulmadan, sonadək hücum taktikası qura bilir. Elə bu göstəricilərinə görə də, dəfələrlə məşhur rusiyalı güləşçilərin dizini yerə gətirməyi bacarıb. Avropa çempionatında sadəcə, bir mükafatı olsa da, Rusiyada baş tutan turnirlərdə dəfələrlə fərqlənib. Hər halda, sirr deyil ki, bütün yarışların aşkar favoriti olan Rusiya güləşçilərinin çoxluq təşkil etdiyi yarışlar, rəqabət səviyyəsinə görə, qitə çempionatından geri qalmır. Bu arada, Əlicanov güləş üslubuna görə, onu, dünya və Avropa çempionu Xəzər İsayevə bənzədir.

Oğluna "köçən" arzu
İdmançı həyatına boksla başlayıb, güləşdə karyera quran Ağahüseyn, hər iki növdən daha çox, cüdonu sevir. Kumiri də güləşçi yox, tatami ustasıdır. Belə ki, kiçik yaşlarında olimpiya çempionumuz Nazim Hüseynovu özünə örnək seçən Mustafayev, boksa yox, məhz cüdoya yazılmaq istəyib. Sadəcə, dediyinə görə, o vaxtlar rayonda cüdo məşqçisi tapılmayıb. Cüdo ilə bağlı arzularını hələ də yaşadan Ağahüseyn, oğlu Təbrizi gələcəkdə bu növdə görmək istəyir.
Portret

İnadkarlıq ön plana çıxır. Heç vaxt cəhd etməkdən yorulmayan, bütün uğursuzluqlara rəğmən, inamını itirməyən Ağahüseyn, ruhən çempiondur. Bu enerjinin, əzmin haradan qaynaqlandığını isə çox düşünməyə gərək yoxdur. Axı onun müəllimi də zirvəyə doğru olduqca mürəkkəb yol qət edib. İlk və yeganə Avropa çempionluğunu 32 yaşında qazanan Nazim Əlicanov, görünür, bütün mübariz keyfiyyətlərini tələbəsinə aşılamağı bacarıb.

Sahib



banner

Oxşar Xəbərlər