• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

Təşəbbüskar olmaq lazımdır – Uğur hekayəsi

14.10.16 10:53 3863
Təşəbbüskar olmaq lazımdır – Uğur hekayəsi
Uğur qazanmağımızda ailədə aldığımız tərbiyənin əsas rol oynadığını düşünür. Deyir ki, məsuliyyətli insan olmağımız ailədə aldığımız tərbiyədən asılıdır. Uğur qazanmağımızda isə məsuluyyətli olmağımızın böyük rolu var. Müsahibimiz "AtaHolding”in Keyfiyyət şöbəsinin rəhbəri Elməddin Hüseynovla yaxından tanış olaq...

- Əmək fəaliyyətimə "Kentech” Qrupda mexanik kimi fəaliyyətə başlamışam. Daha sonra avtobioqrafiyamı Azərbaycan Dövlət Neft Şirkətinə göndərdim və Beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə mütəxəssis, aparıcı mütəxəssis kimi çalışdım. Sonra Group Motors MMC-də Keyfiyyət idarəetmə meneceri, yenidən Dövlət Neft Şirkətinin Ekol Mühəndislik Xidmətləri QSC-də Keyfiyyət idarəetmə meneceri işlədim. Üç ildir AtaHoldinq-in Keyfiyyət şöbəsində çalışıram.

- Dövlət Neft Şirkətində çalışandan sonra Group Motors MMC-yə keçdiniz. Səbəb vəzifə pilləsində heç bir irəliləyişin olmaması idi?
- Bəli, həm karyera yüksəlişi baxımından, həm də səlahiyyətlərimin, məsuliyyətimin artması baxımından Group Motors MMC-ni seçdim. Təcrübəmi xidmət sahələrində tətbiq etmək istəyirdim. Düzdür, Neft Şirkətində işlədiyim dövrdə tədris, tikinti və kimya sektorunda müəyyən layihələrimiz olmuşdu. Lakin idarəetmə sisteminin yaradılmasında, müştəri məmnunluğunun təmin edilməsi işini qurmaqda həvəsli idim. Buna görə özüm təşəbbüs göstərdim. Sözügedən şirkətdə vakansiya olmadığı halda, şirkətin rəhbərliyinə təklif göndərdim. Məni müsahibəyə dəvət etdilər. Müsahibələrdən keçdikdən sonra fəaliyyətə başladım. Təxminən 8 ay ərzində intensiv işlər getdi. İdarəetmə sisteminin qurulması elə bir fəaliyyət növüdür ki, bütün struktur bölmələri, hətta deyərdim, şirkətin bütün əməkdaşları ilə ünsiyyət qurmalı, onların fəaliyyəti ilə tanış olmalı və normativlər hazırlamalısan ki, onlar tətbiq edilsin. Nəinki fəaliyyətdə olan əməkdaşlar, yeni gələcək əməkdaşlar belə, bu normativlərlə tanış olub öz fəaliyyətlərində yararlansınlar. Bu, sistemin qurulmasının bir mərhələsi idi. İkinci mərhələ sistemin effektivliyinin qiymətləndirilməsidir. Bunun üçün dövri monitorinqlər həyata keçirilir, vizual müşahidələr aparılır, eyni zamanda, proqram təminatında zəruri qeydlərin aparılması izlənilirdi. Hətta burada müştərilərlə ünsiyyət qaydalarına da üstünlük verilirdi.

- Dediniz ki, vakansiya olmadığı halda, təşəbbüs göstərib şirkətin rəhbərliyinə təklif göndərdiniz. Amma gənclərimizin çoxu gözləyir ki, kimsə onlara vəzifə təklif etsin…

- Həyatda təşəbbüskar olmaq lazımdır. Nə qədər təşəbbüskar olsan, bir o qədər çox nailiyyət əldə etmiş olarsan. Həm də gənclərimiz gənc yaşdaykən daha böyük təcrübələr əldə etməyə çalışmalıdırlar. Çünki əldə etdikləri kiçicik təcrübə belə, onların bazarda rəqabət qabiliyyətini artırır, işsiz qalma ehtimalını azaldır. Böyük təcrübəyə sahib insanlar gələcəkdə bazar mühitində daha tez seçilir və qiymətləndirilirlər.

- Siz Dövlət Neft Şirkətinə yenidən dəvət aldınız. Avtobioqrafiyanızı göndərərək qəbul olunduğunuz şirkətə sonradan dəvət almaq necə bir hissdir?
- Gözəl hissdir. Bunu daha öncə ARDNŞ-də çalışdığım müddətdə xoş təəssürat qazanmağımın nəticəsi kimi qiymətləndirirəm. Ümumiyyətlə, hansısa şirkətdən ayrıldıqda, çalışıram, müsbət təəssüratla yadda qalım. Çünki şirkətlərin özü də mənim üçün bir müştəridir. O müştərini itirmək olmaz. Yaxud şirkətlərdə bir-biri ilə əlaqəli olan müxtəlif departamentlər ilin sonunda bir-birini qiymətləndirir. Bu nüansa da diqqət yetirmək lazımdır ki, eyni şirkətdə çalışdığın struktur bölmələrini də məmnun edəsən.

- Siz şirkətdə çalışarkən öz şirkətinizi qurdunuz və paralel olaraq öz işinizi davam etdirdiniz. Böyük şirkətlərdə vəzifələrdə çalışa-çalışa öz işinizi də davam etdirməyiniz çətin deyildi ki?
- Təşəbbüskarlıq və təcrübə layihələr qazandırırdı. Buna görə də konsultasiya şirkəti yaratmaq və bu təklifləri dəyərləndirmək qərarına gəldim. Amma bu işi tək görə bilməzdim, komandaya ehtiyacım var idi. Bu səbəbdən sözügedən istiqamətdə çalışan dost-tanışa işimlə paralel bir müddət təlim verdim. Təlim verdiyim yoldaşlarla layihələri bölüşürdüm. Düzdür, layihə üzrə idarəetmə mənim nəzarətimdə idi, amma tətbiq mərhələsi onlarda idi. İş yükü çox olurdu, çatdırmağa çalışırdım. Hətta, həftədə üç dəfə işdən sonra Xəzər Universitetində MBA dərəcəsi üzrə təhsil alır, boş qalan günlərdə isə işdən sonra idarəetmə sistemləri üzrə təlimlər verirdim. Səhər saat 9-dan axşam saat 10-a kimi tam məşğul qrafikdə çalışırdım. Etiraf edim ki, yorulurdum. Amma bazar gününü tam istirahətimə sərf edirdim ki, yeni iş həftəsinə enerji ilə başlayım.
Qeyd edim ki, işlərin çoxluğundan öz biznesimə bir müddətlik fasilə vermişəm, amma hərdən layihələr çərçivəsində konsultasiyalar verirəm.

- Daha sonra "AtaHolding”ə transfer etdiniz. Səbəb?
- Əsas səbəb təcrübəmlə "AtaHolding”in fəaliyyətinə dəyər qatmaq, holdinq idarəetməsində mərkəzləşmiş idarəetmə sisteminin qurulması təcrübəsini əldə etmək idi. Bank, sığorta, turizm, informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə keyfiyyət idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi məsuliyyətimin tərkib hissəsidir. Bu istiqamətdə "AtaHolding”də Keyfiyyət qrupu yaradılıb və qrup şəklində çalışırıq. Holdinqin törəmə təsərrüfat cəmiyyətləri olan "AtaBank” ASC, "AtaSığorta” ASC, "AtaTravel” MMC, "Excelsior Hotel & Spa Baku” hoteli ilə sıx işləyirik.

- Həm öz şirkətinizə rəhbərlik etmisiniz, həm də başqa şirkət üçün işləmək təcrübəniz var. Bunlar arasında fərq nədir?

- Öz biznesin olanda, demək olar, bütün profillərdə təşəbbüskar sənsən. Həm müqavilə üzrə xidmətin təmin edilməsi, həm hüquqşünas, həm maliyyəçi və s. olursan. Amma şirkət üçün çalışanda hüquqi məsələləri hüquq departamenti, maliyyə məsələlərini maliyyə departamenti həll edir. Ümumilikdə götürsək, elə də böyük fərq görmürəm.

- İşinizin xarakterinizdə qoyduğu iz…

- Atılan hər bir addımda çox qiymətləndirmə aparıram. Nəticənin də həmişə mükəmməl olmasına çalışıram. Bu, təkcə işdə deyil, ailə həyatında, dost-tanışla münasibətimdə də öz əksini tapır. Atılan addımlara çox həssasam.

- Son ənənəvi sualımız: uğur sirriniz nədədir?

- Uğur qazanmağımızda ailədə aldığımız tərbiyənin rol oynadığını düşünürəm. Çünki sənin məsuliyyətli böyüməyin ailədəki tərbiyədən asılıdır və məsuliyyətli insanın da uğur əldə etməsi qaçılmazdır.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər