AZE | RUS | ENG |

“Təməlində sevgi var” şüarı ilə əlavə dərs vəsaitləri hazırlayan oğlan

“Təməlində sevgi var” şüarı ilə əlavə dərs vəsaitləri hazırlayan oğlan
Bəhram Oruclu: “Uşaqlar üçün iş görmək zövqlüdür”

27 yaşı var, yəni hələ gəncdir. Bizdə, adətən, dərslik və dərs vəsaitlərini daha çox yaşlı adamların hazırlamasını lazım bilirlər, ancaq o, gənc yaşda bu məsuliyyəti də üzərinə götürüb. Çətin olsa da, bu işin öhdəsindən gəlmək üçün çalışır, araşdırmalar aparır. Müsahibimiz "Çinar Yayımları”nın icraçı direktoru Bəhram Orucludur.

- Bəhram bəy, uşaqlar üçün əlavə dərs vəsaitləri hazırlamağa necə başladınız? Sizdə bu maraq necə yarandı?
- Bu işə başlamamışdan əvvəl tədris mərkəzlərində çalışırdım, məntiq, riyaziyyatla bağlı şagirdlərə dərs keçirdim. Həmin mərkəzlərdə ibtidai siniflər üçün sınaq imtahanı keçirilirdi, bununla uşaqların biliyi yoxlanılırdı. İşin içində idim və bu sınaq imtahanlarında olan sualların keyfiyyətsizliyini, necə gəldi sual tərtib edildiyini müşahidə edirdim. Buna görə, ibtidai siniflərin sınaq imtahanları üçün riyaziyyat və məntiqdən suallar hazırlamaq qərarına gəldim. Hazırladığım sualların səviyyəsi həm şagirdlər, həm də valideynlər tərəfindən bəyənildi. Eyni zamanda bu işi görəndə, bu sahədə peşəkar olan ibtidai sinif müəllimləri ilə görüşürdüm, təklif və rəylərini öyrənirdim. Artıq həmin müəllimlərlə müəyyən əlaqəmiz də yaranmışdı. Bir gün 272 nömrəli məktəbin müəllimi Sevil Qulubəyova mənə dedi ki, qabiliyyətin var, tərtib etdiyin suallar da yaxşıdır, niyə bu bacarığını kitaba çevirməyəsən? Müəllimin bu fikri məni silkələdi və bu barədə düşünməyə başladım. Əlavə dərs vəsaiti hazırlamağın heç də asan proses olmadığını bilirdim, amma 2015-ci ildə onun təkidi ilə bu sahədə işləməyə, araşdırmalar aparmağa başladım.
 


- Araşdırmanız nədən ibarət oldu?
- Təhsilin önəmli məqsədlərindən biri uşaqları "həqiqi həyata” hazırlamaqdır. Onlarla əlavə dərs vəsaiti kitabı var. Lakin biz bunu unutmamalıyıq ki, təhsil yalnız bir kitab və sınaq imtahanından ibarət deyil. Şagirdlərə bu istiqamətdə dərs verdiyim üçün onların harada büdrədiyini,  hansı vəsaitlərə ehtiyaclarının olduğunu müəyyən qədər bilirdim. Ancaq yenə də kitab layihələri hazırlamağa başlamamışdan əvvəl digər ölkələrin də dərsliklərini araşdırmağın lazım olduğunu düşündüm və təhsil sistemi bizə yaxın olan xarici ölkələrə yollandım. 2015-ci ilin yayında xaricdə 30-a yaxın nəşriyyatda görüşlərim oldu, proseslə tanış oldum. Əlbəttə ki, bu iş təkcə ölkələri gəzməklə olmurdu. Dərslik müəlliflərimizi axtarmağa başladım və onların təcrübələrindən yararlandım. Kitablar hazırlanan ərəfədə gecə-gündüz araşdırma aparırdım. Köhnə dərsliklərimizi, milli kurikulumun strukturunu, müəllimlər üçün metodik vəsaiti, ibtidai sinif dərsliklərinin standartlarını, testologiyanı hər gün araşdırırdım. 2015-ci ildə təməli qoyulan işin nəticəsində, 2 ildən sonra - 2017-ci ildə 12 kitab çap edildi. 1-2-3-4-cü siniflərin hər biri üçün riyaziyyat, məntiq və azərbaycan dili üzrə əlavə dərs vəsaiti olan kitablarımız nəşr olundu. Riyaziyyat və məntiq vəsaitlərinin hazırlanmasında mənimlə yanaşı, həmmüəlliflər də var idi, azərbaycan dilini isə digər müəlliflər hazırladı.
 
- 2015-ci ildə 23 yaşınız var idi. Bizdə, adətən, dərslik və dərs vəsaitlərini daha çox yaşlı adamların hazırlamasını lazım bilirlər, onların təcrübəsinin çox olduğunu əsas gətirirlər. 23 yaşda bu işin məsuliyyətini üzərinizə götürmək çətin gəlmirdi?
- Əlbəttə ki, çox çətin idi. Səmimi münasibətim olan bəzi müəllimlər deyirdilər ki, bizdə belə bir psixologiya var ki, kitabı alarkən, birinci müəllifinə, onun nə dərəcədə tanınmış olmasına baxırıq, sizi bu sahədə tanımırlar. Bunun fərqində idim. Lakin mən söz verdim ki, yeniliklərimlə bu sahədə özümü isbat edəcəyəm. Dərsliyin vəzifəsi şagirdə qaydaları, anlayışları, tərifləri əzbərlətməkdən ibarət olmayıb, onlarda müstəqil düşünmə, tənqidi təfəkkürü inkişaf etdirməkdir. Bu baxımdan ibtidai siniflər üçün hazırladığımız vəsaitlərdə sual və çalışma modelləri düşündürücü, fənlərarası inteqrasiya olmalı, tərtibat və dizayn baxımından digərlərindən seçilməli idi. Şükürlər olsun ki, biz bunu bir "Çinar Yayımları” ailəsi olaraq bacardıq. Biz daim yenilikləri izləyirik, kitablarımızın bu qədər sevilməsinin səbəbi budur. Digər tərəfdən, bizim kitablarda şablon suallara rast gələ bilməzsiniz. Suallarımızın hamısı düşündürücü, məntiq yönümlü, inteqrasiyalıdır. Bizim kitablarla işləyən ibtidai sinif müəllimləri ilə söhbətləşsəniz, sualların şagirdlər üçün çox faydalı olduğunu deyəcəklər. Çünki biz kitab hazırlayarkən bütün şagirdlərin eyni bilik səviyyəsində olmadığını nəzərə alırıq. Buna görə də, kitablarımızdakı sualları asan, orta və çətin olmaqla 3 səviyyəyə ayırmışıq. Bu baxımdan kitabdakı yeniliklər, sualların keyfiyyəti bizi irəli apardı. Kitab valideynlər, müəllimlər tərəfindən qəbul olundu və müəllifin yaşı ilə bağlı olan məsələlər də gündəmdən düşməyə başladı.
 


- Suallarınızın çətinliyi hansı səviyyədədir? Çünki dünya təcrübəsi ibtidai siniflərdə şagirdləri çox çətinə salmamağın tərəfindədir.
- Ümumiyyətlə, tədris prosesində sualların səviyyəsi və şagird biliyinin düzgün şəkildə ölçülməsi ən aktual məsələlərdəndir. Bu proses hər ölkədə müxtəlif şəkildə aparılır və hər ölkənin də özünə xas qiymətləndirmə mexanizmləri var. Məsələn təhsilin ən inkişaf etdiyi ölkələrdən olan Finlandiya ibtidai təhsil prosesi şagirdi çətinə salmamaq və qiymətləndirmə aparmamaq üzərində qurulsa da, Sinqapurda ibtidai təhsil proqramı, testlərin səviyyəsi və qiymətləndirmə prosesi şagirdlər üçün olduqca ağırdır. Hətta bu ölkədə əksər ailələr övladını 3-4 yaşından repetitorlara yönləndirir.  Biz isə beynəlxalq təcrübə ilə yanaşı, suallarımızı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin meyarlarını baza qəbul edərək tərtib edirik. Təhsil Nazirliyinin qiymətləndirmə strategiyasında yeni yanaşması bundan ibarətdir ki, 12-15-20 suallıq yeni qiymətləndirmə meyarları tətbiq olunsun və bu sualların içindən çətin səviyyəli olanlara xüsusi olaraq yuxarı bal verilsin. Biz də sual hazırlayarkən bunu nəzərə alırıq. Əgər 12-15 suallıq test tərtib ediriksə, bir neçəsini çətin veririk ki, həmin sinifdə olan istedadlı şagirdlərin də inkişafına dəstək ola bilək. Bu baxımdan kitablarımızda  çətin suallara rast gəlinməsi normal haldır.

- İşə başlamaq üçün lazım olan maliyyədən, əldə edilən gəlirdən danışaq.
- Təbii ki, işə başlayanda əlimdə müəyyən qədər maliyyə var idi, amma bu işi görmək üçün kifayət etmirdi. Dost-tanış sayəsində maliyyə məsələsini həll etdik, işlərimizi gördük. Gəlirə gəlincə, heç vaxt bu işdə pulu düşünmədim. Bizim şüarımız "Təməlində sevgi var”dır. Biz işimizə sevgi ilə yanaşırıq. Təhsil elə bir sahədir ki, siz burada öncə gəliri düşünəcəksinizsə, işiniz uğurlu olmayacaq. Bu iş fədakar insanların işidir.
 


- Sizin kitablarınız yalnız testlərdən ibarətdir?
- Testlərlə yanaşı, çalışma kitablarımız da artıq nəşr olunub. Uşaq ədəbiyyatı sahəsində də işlər gedir.

- Bu, əlavə dərs vəsaitidir, yəni istəyən alıb istifadə edir. Ona görə, düşünürəm ki, işin həm də bir reklamı olmalıdır. Bu cəhətdən hansısa iş aparılırmı?
- Kitablarla bağlı animasiya reklamlarımız hazırlanıb, sosial şəbəkə səhifələrimizdə paylaşılıb. Təbii ki, reklama müəyyən qədər büdcə ayırmaq lazımdır, amma mənə görə, keyfiyyətli işin reklama ehtiyacı yoxdur. Bizi reklam edən, kitablarımıza bələd olan şagirdlərin valideynləri, keyfiyyətli işə dəyər verən müəllimlərdir. Əlbəttə, mən də dayanmıram, vaxt olduqca tədris müəssisələrinə baş çəkirəm, müəllimlərin fikrini öyrənirəm. Bizi reklam yox, işimizin keyfiyyəti tanıtdı.

Məsələn, biz hər ay Türkiyənin "Okulistik” təhsil şirkəti ilə bir yerdə ibtidai siniflər üçün sınaq imtahanı keçiririk. Bu imtahanlarda dünya təcrübəsindəki ən son yenilikləri tətbiq edirik. Sonuncu imtahanımız bir neçə gün əvvəl oldu. Hər şagird üçün ayrıca panelin olması, imtahanın içərisindəki funksionallıq imtahanı valideynlərə, şagirdlərə sevdirdi. İmtahanın nəticəsi çıxanda cavab kağızının onlayn qrafik təsvirindən tutmuş, şagirdin hər mövzuda bilik səviyyəsinə qədər, bir-bir platformada bildiririk. Məsələn, bu şagird riyaziyyatın filan mövzusundan zəifdir. Valideyn də o statistikanı əlinə alır və müəllimlə bir yerdə uşağın zəif olduğu istiqamətdə işləyə bilir. Heç bir təhsil müəssisəsi bunu etmir.

- Subaysınız, övladınız yoxdur. Bəs kitaba valideyn gözü ilə baxa bilirsiniz?
- (Gülür) Ümumiyyətlə, uşaqlarla işləmək maraqlıdır, onlar üçün iş görmək zövqlüdür. Valideyn gözü ilə baxmaq üçün valideynlərlə çox ünsiyyətdə olmağa çalışıram. Onlarla isə əsasən sınaq imtahanlarımızda təmasda oluruq. Valideynlərin fikrini öyrənirik, kitablarla bağlı hər hansı bir səhv görüb-görmədiklərini, təkliflərini öyrənirik. Düzdür, hər işin 100 faiz hər kəs tərəfindən bəyənilməsi çətin məsələdir. İradlar da olur, bəzən valideyn zəng vurur ki, bu kitabda şəkil, yaxud rəng çoxdur. Və təklifləri mütləq nəzərdən keçiririk. Kitab işi elədir ki, yeniliyi mütləq tətbiq etməlisən. Təəssüf ki, satılan kitabların əksəriyyətində yenilənmə getmir. Əgər bu gün Təhsil Nazirliyi 2-ci sinif dərsliyində hər hansı mövzunu dəyişibsə, yaxud kitabın sonunda olan mövzunu əvvələ keçirilibsə, biz mütləq onu əlavə dərs vəsaitimizdə düzəltməliyik ki, müəllim üçün rahat olsun. Düzdür, bu, ayrıca maliyyə tələb edir, amma "təki pul gəlsin” deyib köhnə qaydada işləməklə də irəli getmək olmaz.
 


- Müəllim və valideynlərin fikrini öyrənirsiniz, bəs uşaqlar?
- Əslində, bunu özüm qeyd edəcəkdim, siz sual verdiniz (gülür). Çox vaxt vəsait yayıma buraxılmamışdan əvvəl, şagirdlərə onun müəyyən hissəsini təqdim edirik, oxuyub işləmək üçün müəyyən vaxt veririk. Hansısa mövzuda, suallarda problem varsa, bir də onların gözü ilə baxırıq. Sualın qoyuluşunu şagird tam anlaya bilirmi? Vəsaitin tərtibat və dizaynını bəyənirmi? Bəzən müəllifin, redaktorun görmədiyi səhvi şagird tutur. Bu, önəmli nüansdır. Bu baxımdan, bir vəsaitin hazırlanması olduqca çətin prosesdir.

- Animasiyalar da hazırlamağa başlayıbsınız. Bir az da bu haqda məlumat verin...
- Biz kitabla kifayətlənmək fikrində deyilik, bu yaxınlarda "Sultan” animasiya studiyası ilə bir yerdə "Uşaq və buz” və "Aydanın rəsmi” adlı iki animasiya filmi hazırladıq. Həmin filmlər məktəbəqədər uşaqlar və birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Hazırda öz şirkətimizin nəzdində "Çinar” animasiya studiyası da qurulma ərəfəsindədir. Senaristlər, animatorlar bizimlə əməkdaşlıq edə bilərlər. Məqsədimiz tədrisyönümlü animasiyaların hazırlanmasıdır. Bir çox fənlərin tədrisində müəllimlərimiz əziyyət çəkirlər. Şagirdlərə dərsi maraqlı etmək üçün təqdimatlar hazırlamaq müəllimlər üçün çox əziyyətli və vaxt aparan işdir. Bunları düşünərək artıq yavaş-yavaş tədrisyönümlü animasiyaların hazırlanmasına başlamışıq. Yolumuz uzundur, 2-3 il vaxtımızı alacaq, amma əminəm ki, nəticədə çox faydalı  tədris resursları əldə olunacaq.
 


- İş uğurlu alınanda, adam daha çox yeniliklər etmək istəyir. Maraqlıdır, planda daha nələr var?
- Ümumiyyətlə, şirkətimiz daima inkişaf etmiş ölkələrin təhsil sahəsindəki yeniliklərini öyrənir və bu innovasiyaların ölkəmizdə tətbiqi ilə də məşğul olur. Son bir il ərzində tərəfimizdən iki mobil tətbiq istifadəyə verilmişdir. Bunlar "Texno Çinar” və "Çinar ATOM” (Ağıllı Test Oxuma Modulu) mobil tətbiqidir. "Texno Çinar” mobil tətbiqi istifadəçilərinə imkan verir ki, onlar bizim nəşriyyata aid test kitablarındakı sualların həllini izləyə bilsin. Bu da valideynlərimiz tərəfindən böyük rəğbətlə qarşılaıb. Çünki onlar artıq müəllimin köməyinə ehtiyac duymadan da öz övladlarına sualları başa sala bilirlər. "Çinar ATOM” mobil tətbiqi isə test cavablarını vaxt itirmədən yoxlamağa imkan verir. Belə ki şagirdlərimiz xüsusi hazırlanmış cavab kağızına öz cavablarını qeyd edərək, mobil telefonda tətbiqə daxil olub mövcud cavab kağızının şəklini çəkməklə həmin an cavab əldə edirlər. Həmçinin, bu tətbiq şagird barədə statistika məlumatları da təqdim edə bilir. Adı çəkilən tətbiqlərdə hazırda təkmilləşdirə işləri gedir. Yeni tədris ilindən mobil tətbiqlər daha mükəmməl şəkildə istifadəçilərin ixtiyarına veriləcək.

- Bəs yuxarı sinif şagirdləri üçün vəsaitlər olacaq?
- Hələ ki, məktəbəqədər və ibtidai sinif şagirdləri üçün vəsaitlərin hazırlanma prosesi davam edir. Bu sahədə planlaşdırılan vəsaitlərin tam tərtibindən sonra yuxarı siniflər şagirdləri üçün də layihələndirilən işlərimizin icrasına başlayacağıq.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945