• cümə axşamı, 28 mart, 16:22
  • Baku Bakı 16°C

Televiziyaya səmimiyyət gətirən adam – Keçmişdəki mən

19.06.15 14:38 3225
Televiziyaya səmimiyyət gətirən adam – Keçmişdəki mən
Özü də səsi kimi səmimi, sadədir. Dinləməkdən doymursan. Həm səsləndirdiyi mahnılarını, həm də söhbətini... Müsahibimiz televiziyaya səmimiyyət, pafosdan uzaq nitq gətirən, öz məktəbi olan Rafiq Hüseynlidir. Azərbaycan Dövlət Televiziysında aparıcıların bədii rəhbəri, xalq artisti, dövlət mükafatı laureatı, professor... Ən əsası isə tamaşaçıların vaxtilə televiziya ekranlarından sevə-sevə dinlədiyi, indi də sevə-sevə xatırladığı Rafiq Hüseynli. Uşaqlıq və gənclik illərinə nəzər salaq...
Tacir ata, hakim ana...
Atası Şuşadan, anası Maştağadandır. Hər ikisi Bakıda ali təhsil alanda tanış olublar. Müxtəlif ali məktəblərin tələbələrinin görüşü zamanı... Bu izdivacdan bir qız, bir oğlan dünyaya gəlib. Əslən Şuadan olsalar da, İçərişəhərdə məskunlaşıblar.
Atası ticarətlə məşğul olub. Böyük Vətən Müharibəsi zamanı döyüşlərə qatılıb. Cəbhədən ağır vəziyyətdə qayıtdığından ayaqlarını itirmək təhlükəsi ilə üzləşib, amma sonradan ayaqlarının sağlamlığı qismən qayıdıb və axsaya-axsaya gəzib. İxtisası hüquqşünas olan anası isə müharibə illərində hakim işləyib. Atası cəbhədən qayıdıb yenidən ticarətlə məşğul olduğundan anasını işləməyə qoymayıb.
Müsahibimiz çox erkən, 13 yaşında atasını itirib. Ailə çıxılmaz duruma düşüb. Bu zaman anası işləmək məcburiyyətində qalıb. Amma işə xeyli ara verdiyindən yenidən hüquqşünas kimi deyil, ikinci diplomu ilə məktəbdə ibtidai sinif müəlliməsi. İki övladını çox çətinliklə böyüdüb boya-başa çatdırıb.
Yığma komandanın kapitanı
Uşaqlıq illərinə gəlincə, R.Hüseynli İçərişəhərdə böyüyən uşaqların əksəriyyəti kimi dəcəl olub: “İçərişəhərin öz abı-havası var idi. Məhlədə hamı kimi mən də siqaret çəkməyi öyrəndim. İdmana marağım var idi. Futbol, voleybol oynamağı sevirdim. Hətta voleybolda yeniyetmələr arasında yığma komandanın kapitanı idim”.
Oxuduğu rus məktəbində də davakarlığı ilə seçilib: “Siniflər arasında dava düşəndə İçərişəhərdən olduğumdan mənə toxunmazdılar, çəkinərdilər. Deyə bilmərəm, məni kimsə döyüb, amma mən döymüşəm. Davakar olsam da, müəllimlər nədənsə məni çox istəyirdilər. Dərslərimi pis oxumasam da, əlaçı deyildim. Humanitar fənləri daha çox sevirdim. Kimya, fizika, həndəsə kimi dəqiq fənləri zəif qavrayırdım”.
“Yalandan dedim ki, televiziyaya marağım var”
İdmandan əlavə, musiqi ilə də məşğul olub. Tar sinfində təhsil alıb. Dediyinə görə, məktəb dövründə günü çox ağır keçib: “Məktəb, idman, musiqi; vaxtım belə keçirdi. Məktəbi bitirəndən sonra sənədlərimi şərqşünaslığa vermək istədim. Amma məktəbi bitirən il şərqşünaslığa rus bölməsi üzrə qəbul olmadı. Dedilər, rus bölməsinə qəbul bir ildən bir keçirilir. Düşündüm ki, bir il işləyərəm, növbəti il sənədlərimi verərəm. Ailəmin də vəziyyəti ağır idi. Anama işləyəcəyimi deyəndə, “harada” sualını verdi. Biz də həmin vaxt televizora baxırdıq. Dedim, televiziyada. Orada tanışımızın olmadığını bildirdi. Mən də dedim ki, özüm gedib iş istəyəcəyəm. Belə də etdim. Kadrlar şöbəsinin müdirinin yanına girib iş istədim. Haradan gəldiyimi, kimin oğlu olduğumu soruşdu. Mən də dedim ki, “bunun nə dəxli var ki?! Mən sizdən böyük vəzifə istəmirəm, sadə bir iş verin, fəhlə götürün”. Düşünürdüm ki, bir il işləyəndən sonra sənədlərimi instituta verəcəyəm. Məni işıqçı götürdülər. Televiziyanın sədri məzuniyyətdə olduğundan bir ay əmrimi vermədilər. Bir ay sonra sədr Teymur Əliyevlə görüşdüm. Yalandan balaca vaxtımdan televiziyaya həvəs göstərdiyimi, marağımın olduğunu dedim. Həyatımda yalan danışan insan deyiləm. Məktəbdə də yalan danışanda qızarırdım, hamı bilirdi ki, yalan deyirəm. Buna görə yalan danışmazdım. Amma iş üçün yalan danışmaq məcburiyyətində idim”.
Diktorlar müsabiqəsindən kəsilir
Beləcə, yavaş-yavaş televiziyada özünə yer edir. Əvvəl adi işıqçı işləyir, sonra studiyaya işıqçı keçir, diktorlar oturan səhnəni işıqlandırır. Bu işlər ona maraqlı gəlməyə başlayır və yavaş-yavaş televiziya abı-havasına alışır. Şərqşünas olmaqdan vaz keçir. Sənədlərini indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif ixtisasına verib qəbul olur: “Artıq mənim üçün ali təhsil almağımın əhəmiyyəti yox idi. Çünki işləyirdim. 1966-cı ildə proqram direktorumuz təklif etdi ki, diktorların müsabiqəsində iştirak edim. Məktəbi rus dilində bitirdiyimdən məndən Azərbaycan Televiziyasında diktor çıxacağına inanmırdım. Etiraz etsəm də, müsabiqədə iştirak etməyim üçün təkid etdi. Getdim, amma müsabiqədən keçmədim. 5-6 ay evdə özüm Azərbaycan dili ilə, diksiyamla məşğul oldum və ikinci dəfə bir də müsabiqədə iştirak etdim. Bu dəfə keçdim və bununla da karyeram başladı. Əvvəl təcrübəçi diktor, sonra diktor, sonra 1, 2, 3-cü dərəcəli diktor, sonra da Moskva tərəfindən ali dərəcəli diktor adını aldım. Televiziyada sədr müavini vəzifəsinə qədər yüksəldim”.
“Dedilər ki, bunu televiziyadan rədd edin”
Amma diktor olması asanlıqla başa gəlmir. İlk dəfə televiziyaya çıxması heç də uğurla nəticələnmir: “Ekrana ilk dəfə çıxanda istər-istəməz səhv olur. Mən də ekrana ilk dəfə çıxanda Mərkəzi Komitədən zəng etdilər ki, bu kimdir işə götürmüsünüz, rədd edin. Mərkəzi Komitədən deyilən söz qanun idi, dedilər, qurtardı. Bu, mənim üçün faciə idi. Nəbi Xəzri olmasaydı, bəlkə də diktor olmazdım. Nəbi Xəzri təkidlə mənim diktor işləyəcəyimi dedi. O dövrdə televiziyada, bütün diktorlarda pafos var idi. Mən ekrana çıxıb adi qaydada danışdım. Mətnarası belə çıxırdı ki, mənəm də, Rafiq, gəlmişəm sizə xəbərləri oxuyum. Dedilər, xəbərləri belə oxumazlar. Mənə başqa verilişlər verdilər. Sonra gördülər, televiziyaya xeyli məktub gəlir, mənim oxumağımı bəyənirlər, tədricən xəbərləri də oxumağa başladım”.
Həmsöhbətimiz televiziyaya səmimiyyət gətirdiyini deyir: “Pafosdan uzaq bir nitq gətirdim. Tamaşaçı süniliyi aparıcının gözlərindən hiss edir. Bu baxımdan həmişə deyirəm ki, ustadım olmayıb, özüm öz məktəbimi yaratmışam. İndi də məktəbimin davamçıları çoxdur”.
İlk maaşı ilə anasına soyuducu alır
R.Hüseynli ilk maaşını indiki kimi xatırlayır: “İşıqçı kimi 70 rubl aldım. Hələ məktəbdə oxuyanda inşada yazmışdım ki, birinci maaşımla anama soyuducu alacağam. Kasıb olduğumuza görə bizim soyuducumuz balaca idi. İlk maaşıma da soyuducu aldım”.
Dostbaz
Televiziyada işlədiyi dövrlərdə işinə çox vaxt sərf edib: “Çünki lazımlı diktor idim. Əsas verilişləri, xəbərləri mənə verirdilər. Buna görə, demək olar, saat 10.00-dan 22.00-a qədər işdə olurdum. Bəzən 21.00-da məni evdən götürür, kinoteatrdan çıxarırdılar ki, xəbər oxumalıyam. Müəyyən dövr də diktor qrupunun rəhbəri olmuşam”.
İşlə nə qədər çox məşğul olsa da, heç vaxt dostlarla münasibətləri axsatmayıb: “Dostbazam, kişi məclislərini xoşlayıram. Hesab edirəm ki, kişi, məclislərdə kişi kimi formalaşır. Müəyyən problemlər də kişi məclisində həll olunur. Müxtəlif sahənin insanları ilə dostluq edirsən, problemlərin də həll olunur”.
İnstitutdan qovulur
Maraqlıdır ki, məşhur diktor institutu 10 ilə bitirib: “Keçmiş SSRİ-nin bütün respublikalarında Azərbaycan Televiziyasının proqramı ilə çıxış edirdim. Ayda 2-3 dəfə ezamiyyətə gedirdim, vaxtım çox az idi. Elə olurdu, imtahanlarda iştirak edə bilmirdim. Müəllimlər məni o vaxt yeganə olan Azərbaycan televiziyasının diktoru kimi yaxşı tanıdıqlarından qiymətlərimi yazırdılar. Amma müəllimlərdən biri ilə aramızda problem olduğundan, qiymət yazmayacağını dedi. Rektora bildirdi ki, “institutda ya Rafiq, ya da mən qalacam”. Rektor məni çağırıb dedi ki, get gəz. Beləcə, ikinci kursu bitirib institutdan qovuldum. Ali savada ehtiyacım olmadığından, bu, mənə təsir etmədi. Bir neçə ildən sonra təsadüfən rektorla eyni yas məclisində üzbəüz oturmuşduq. Nə etdiyimi soruşdu. Zarafatla gəzdiyimi bildirdim. Xatırlatdım ki, “gəz demisiniz, gəzirəm”. Təklif etdi ki, 3-cü kursdan təhsilimi davam etdirim. Dərsə gedəndə gördüm ki, vaxtilə dava etdiyim tələbə orada oxuyur. Rektora dedim ki, o adamla eyni auditoriyada otura bilmərəm. Dedi, “onda get, 4-cü kursda otur”. Fərq imtahanı çox idi. Məni institutdan qovduran müəllimlə sonradan dostlaşdıq, bütün fərq imtahanlarımı verməyə kömək etdi”.
Beləcə, 4 ilə bitirməli olduğu institutu 10 ilə qurtarır. Həyat elə gətirir ki, qovulduğu institutda sonradan dərs də deyir.
“Qızım barədə çox düşünürəm”

Qeyd edək ki, Rafiq Hüseynlinin 13 yaşlı Leyli adında qızı var. Deyir ki, nə yoldaşı, nə də özü qızlarının dərslərinə müdaxilə etmirlər: “Bütün dərslərini 1-ci sinifdən özü edir. Bu il 9-cu sinfə keçir. Bircə əlavə ingilis dili müəllimi tutmuşuq. Bir də Rəssamlıq Akademiyasına hazırlaşdığından rəsmə gedir. Çox istedadlıdır, gözəl rəsmlər çəkir. Sərgisi də olub. Gələcəyin rəssamı kimi ona şərait yaradıram ki, hər il yoldaşımla birlikdə yayda hansısa ölkəyə getsin. 13 yaşı olmasına baxmayaraq, roman da yazır. Qızım olduğuna görə demirəm, maraqlı yazır, romanında ruhlarla söhbət də yer alır. Əsas odur ki, 13 yaşlı uşağın əsərini oxusunlar, onun nə düşündüyünü görsünlər. Qızım barədə çox düşünürəm. Mənim yaşım çox, qızımın yaşı azdır. Nə vaxt dünyadan gedəcəyimi bilmirəm. Qızımı buna hazırlayıram. Söhbət zamanı deyirəm ki, mən atasız böyüdüyüm kimi, o da atasız böyüyə bilər, buna hazır olmalıdır. Həmişə də tapşırıram ki, atasının adına layiq olsun”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər