Telefonun yaddaşını necə tənzimləməli? - Texno-məsləhət
"Çəkdiyiniz şəkil və videoları təhlükəsiz qaydada
telefonda yox, onlayn saxlaya bilərsiniz”
Müasir
smartfonların əksəriyyəti yüksək keyfiyyətli foto və video çəkiliş funksiyasına
malikdir. Məhz buna görə də telefonun yaddaşında ən çox yer tutan foto və
videolardır. Bunlarla yanaşı, telefonun yaddaşında digər fayllar da saxlanılır
və yaddaş dolduqca, smartfonun işində müəyyən ləngimələr və "donmalar” müşahidə
oluna bilər. Əlbəttə ki, bu problemi
faylların silinməsi və yaxud "sərt” diskə köçürülməsi ilə həll etmək olar,
lakin əlavə avadanlığa pul xərcləmək istəməyənlər müasir texnologiyalar sayəsində
əlçatan olan, daha asan və təhlükəsiz üsullardan pulsuz yararlana bilər.
"CLOUD
STORAGE” - yəni "Bulud Anbarı”, smartfon və ya kompüterinizin daxili yaddaşı əvəzinə
sənədlər, təqdimatlar, cədvəllər və ən əsası şəkillər və videolarınızın onlayn
saxlanması üsuludur. Həmçinin bulud saxlama vasitələri, məlumatlarınızı istənilən
cihazınızdan əldə etməyə və fayllarınıza baxmaq hüququnu digər insanlara verməyə
də kömək edir.
Bulud
anbarları, həmçinin biznes məqsədləri üçün da istifadə oluna bilər. Belə ki,
lazım olan fayllar və sənədlərə giriş hüququnu şirkət əməkdaşlarına verib,
onlardan birgə istifadəni təmin etmək olar.
Adətən
"Cloud” xidmətləri çox da ucuz olmayan qiymətə təklif olunsa da, adi istifadəçilər
üçün internetdə pulsuz "Bulud Anbarı” imkanları mövcuddur. Aşağıda həmin xidmətlərin
ən təhlükəsiz və effektiv variantlarını təqdim edirik. Onlardan yararlanıb çəkdiyiniz
şəkil və videoları təhlükəsiz qaydada telefonda yox, onlayn saxlaya bilərsiniz.
1.
"Google
Drive” "Google” tərəfindən verilən pulsuz onlayn məlumatsaxlama xidmətidir.
Xidmət, istifadəçinin bütün kompüterlərində, planşetlərində və mobil
cihazlarında saxlanan faylları və şəkilləri sinxronlaşdırmaq imkanını verir.
Pulsuz olaraq isə 15 GB boş yer təklif edilir.
2.
"Microsoft
OneDrive” - internet əsaslı bulud və sinxronizasiya xidmətidir. "Microsoft”
hesabı olan bütün insanlar 5GB saxlanma yerindən pulsuz istifadə edir. OneDrive
tətbiqləri Windows PC və ya Mac əməliyyat sistemindəki faylları
sinxronlaşdırmaq üçün istifadə edilə bilər.
3.
"Yandex
Disk” - istifadəçilərə bulud serverlərində faylları saxlamağa və digərləri ilə
bölüşməyə imkan verən bir bulud xidmətidir. Pulsuz olaraq istifadəçilərə 10
GB-lıq yer ayrılır. Əlavə saxlanma yeri lazım olarsa, ödənişli əsaslarda müxtəlif
təkliflərdən yararlanmaq olar.
4.
"Samsung”
istifadəçiləri "Samsung Cloud” xidməti sayəsində öz şəkil və videolarını 15
GB-lik bulud anbarında saxlamaq imkanına malikdirlər.
5.
"Apple”
istifadəçiləri isə "İcloud” bulud anbarından yararlanır. Burada isə pulsuz təqdim
oluna yer 5Gb-dır.
Qeyd edək ki, bütün bu xidmətlərin istifadəçiləri, əlavə yer üçün
müvafiq ödəniş edərək daha böyük bulud anbarından istifadə imkanına malikdirlər.Aygün Əziz