• cümə, 19 Aprel, 05:46
  • Baku Bakı 18°C

Tələbələrə yayda səyahət və pul qazanmaq imkanı yaradan proqram

12.10.19 09:45 4022
Tələbələrə yayda səyahət və pul qazanmaq imkanı yaradan proqram
Yay aylarında tələbələrə həm iş, həm də səyahət imkanı yaradan "Work and Travel” (İş və səyahət) adlı proqram var. Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olanbu tələbəmübadilə proqramı 1949-cu ildə yaradılıb. Yəni 70 illik bir proqramdır. Azərbaycanlı tələbələr isə 15 ildir ki, bu proqrama qoşulurlar.
Proqramla bağlı məlumat əldə etmək üçün ölkəmizdə bu proqram üçün tələbələrin qeydiyyatını aparan "USE Study Group”un rəhbəri Mehman Bədəlzadəni redaksiyamıza dəvət etdik. O və proqram vasitəsilə ABŞ-a gedib, bir neçə gün öncə qayıdan tələbə Zirəddin Kazımlı redaksiyamızın qonağı oldular.

M.Bədəlzadə bildirdi ki, ölkəmizdə tələbələr yeni-yeni bu proqrama maraq göstərsələr də, Avropada tələbəliyini bu proqram vasitəsilə ABŞ-da keçirən yaşlı adamlar var: "Work and Travel” proqramı 1949-cu ildə yaradılıb. II Dünya Müharibəsindən sonra Avropada vəziyyət yaxşı deyildi, gənclər iş tapmaqda çətinlik çəkirdilər. Ona görə tələbələr yayda işləmək üçün Amerikaya gedirdilər, qazandıqları pulu Avropaya gətirirdilər. Bu gün Avropada bu proqramda iştirak edən 55-60 yaşında insanlar var”.

İngilis dilində danışıq qabiliyyətləri də yaxşı olmalıdır

Mehman deyir ki, ilk dəfə getdiyində onu aparan şirkət belə, bu proqramla bağlı detallı məlumata malik deyilmiş: "Tələbə vaxtı yay tətilimi necə maraqlı edə biləcəyimlə bağlı düşünürdüm. Araşdıranda, bu proqram qarşıma çıxmışdı, müraciət etdim. Hətta məni göndərən şirkətin özünün belə, bu proqramla bağlı ətraflı məlumatı yox idi. Mən onlara nə isə sual verəndə, o suala Amerikadakı şirkətlə danışıb cavab alıb, gəlib mənə deyirdilər. 2005-ci il iyunun 18-də yola düşdüm. Ümumiyyətlə, heç kim bilmirdi ki, mən hara gedirəm. 2006-cı ildə 6 qrup yoldaşım, 2 də sinif yoldaşımla bərabər getdik. Şirkət dost-tanış aparacağım halda mənə endirim təklif edirdi. 2005, 2006, 2007 və sonuncu 2008-ci ildə proqrama qatıldım”.

2009-da isə Mehman bu işin ölkəmizdə təşkilatçılığına başlayır. Deyir ki, "USE Study Group” hazırda bu işlə qanuni şəkildə məşğul olan yeganə şirkətdir: "2011-ci ildə ABŞ dövlət departamenti qərar çıxardı ki, bu proqramı təşkil edən şirkətin təsisçisi ən azı 2-3 dəfə bu proqramın iştirakçısı olmalıdır. O vaxt bizdə bu işi görən 37 şirkət var idi, onların heç biri qalmadı. Mən 2009-cu ildə təsis etmişəm, qərar 2011-ci ildə çıxıb”.

M.Bədəlov deyir ki, bu proqramda iştirak etmək üçün tələbələrin ilk olaraq ingilis dili bilikləri yoxlanılır: "Öncə ingilis dili biliklərini testlə yoxlayırıq, sonra dil biliyi ilə bağlı müsahibə mərhələsi olur. Orda işləyəcəkləri üçün ingilis dilində danışıq qabiliyyətləri də yaxşı olmalıdır. Müsahibədən uğurla keçdikdə, onları işlə təmin edəcək ABŞ-dakı şirkətlə əlaqələndiririk, "Skype” vasitəsilə görüntülü müsahibə edirlər. O müsahibədən sonra tələbəyə iş, qalmaq yeri tapılır, bu haqda ona məlumat verilir. Bildirilir ki, qaldığı yerin ödənişini işlədiyi yerdən aldığı maaşla verəcək. Tələbə hava limanına düşəndən, artıq istiqamətləndirilir”.

Proqram ödənişlidir, 2020-ci ilin yayında gedəcək tələbələr üçün bu il avqustun 1-də qeydiyyat başlayıb, gələn ilin aprelinə qədər davam edəcək. Proqram avqust ayında gələn tələbəyə 1850 dollara verilirsə, sentyabrda 1950 olur: "Aprelə qədər hər ay 100 dollar qiymət qalxır. Vaxt daraldıqca, ortaya daha çox iş çıxır, işləri daha sürətli həll etmək üçün daha çox pula ehtiyac olur. Ən son müraciət tarixi aprelin axırıdır. Ancaq o vaxta yerlərin qalıb-qalmaması artıq sual altında olur. Çünki hər ölkə üzrə proqrama qatıla biləcək tələbə sayı limitli olur. Azərbaycandan 130-150 nəfər tələbə göndərə bilərik”.


- Bəs tələbələrə təqdim olunan işlər nələr olur?
Mehman: Professional sahədə heç bir iş olmur, hamısı xidmət sektoru ilə bağlı işlərdir. Hovuz kənarlarında, çimərliklərdə xilasedici, əyləncə parklarında bilet satışı ilə məşğul ola bilərlər. Yaxud parka gələnlər üçün bələdçilik işləri olur. Barmen, ofisiant, resepşn və s.

- Azərbaycandan xanım tələbələr proqrama qoşulur?
Mehman: Mən bu işə başlayanda, ilk 5 ildə xanım müraciəti daxil olmadı. Amma son illər xanımlar da proqrama qoşulurlar. Bu il 150 tələbədən 6-7-si xanım oldu.
- Maraqlıdır, işləyən tələbələr nə qədər qazanırlar?
Mehman: Mən 2005-ci ildə gedəndə, proqramın qiyməti indikindən 40 faiz ucuz - 1300 dollar idi. Bilet pulu da ayrı olur. Mən o xərclədiklərimdən əlavə 6000 dollar qazanmışdım. İyunun 18-i getmişdim, sentyabrın 14-ü qayıtmışdım. Orda iş saatı həftəlik 40 saatdır. Artıq işlədiyin hər saatın ödənişi ayrı olur. Həftədə 40, 50, 60 saata qədər işləyənlər olur. Mən 20-30 saat əlavə iş götürürdüm. Xərclərimi çıxandan sonra Bakıda düşəndə əlimdə 6500 dollar pul var idi. 2-3-cü kurslarda məbləğ 2 dəfədən çox artdı. 4-cü kursda geri qayıdanda özümə maşın aldım.

Zirəddin Kazımlı: Oteldə təmizlikçi işində çalışdım. Özümə sosial sığorta nömrəsi alandan sonra başqa bir oteldə ikinci iş də tapdım. Otellər yaxın idi. Saat 4-də birindən çıxırdım, o birinə işə gedirdim. 3 aya 6-7 min dollar qazandım, məndə məbləğ az oldu. Belə ki, orda 15-20 min dollar qazananlar var idi. Evə isə min dollarla qayıtdım. Çünki özümə telefon aldım, bir də yığdığım pulla proqram bitəndən sonra səyahət etdim. Amma iş vaxtı da ABŞ daxilində səfərlərimiz olurdu.
Zirəddin bu səfərin ona qazandırdıqlarından da danışdı: "Pul, səfər imkanı öz yerində. Mən orda ingilis dili biliyimi inkişaf etdirdim. Bu səfərdə həm də pul xərcləməklə bağlı təcrübə əldə etmiş oldum. Biri var atanın pulunu xərcləyəsən, bir də var qazandığını”.

- Viza məsələsi necə həll olunur? Proqram üçün müraciət edən tələbələrin hamısına viza verilir?
Mehman: 96 faiz hallarda viza təsdiq olunur. Elə il olub ki, ümumiyyətlə, rədd cavabı almamışıq. Vizada əsas diqqət edilən məqam tələbənin həqiqətən də bu proqramı dərk edib-etməməsidir. Bəziləri hətta harada işləyəcəyini belə izah edə bilmir. Tələbə vizadan rədd aldığı zaman ödədiyi məbləğin 450 dolları tutulmaqla qalan məbləğ geri qaytarılır. Çünki bu məbləğ müəyyən ilkin proseslər üçün xərclənir. Bu işi təşkil edənlərin səfirliklə heç bir əlaqəsi yoxdur. Müqavilədə də qeyd olunur ki, viza bizdən asılı olan məsələ deyil.


- Tələbə proqramla gedirsə, sonra qayıtmaq istəmirsə, bu zaman necə olur?
Mehman: Tələbələr arasında gedib orada qalanlar da olur. Bu zaman o, qeyri-leqal olaraq orada yaşayır. Ən kiçik hadisə zamanı onun heç bir sığortası olmur. Biz tələbələrə sığorta hüququ veririk. Beş yüz min dollara qədər tələbənin sığortası olur, amma proqramın müddəti bitən kimi, sığorta da dayanır. Bizim proqramın vaxtı bitənə qədər tələbənin Amerika vətəndaşından təkcə səsvermə hüququ əskik olur.

- Tələbələri bu proqramla yalnız Amerikaya göndərirsiz?
Mehman: İndiyə qədər bizdən bu proqramla yalnız Amerikaya gedirdilər, artıq bu ildən İspaniya və Fransaya da göndərəcəyik. Müəyyən fərqliliklər olsa da, ümumi şərtlər eynidir. Amerikadan fərqli olaraq, İspaniyada yaşayış üçün yerə və yeməyə pul ödənilmir. Amma bu ölkədə maaş Amerikaya nisbətən aşağıdır. İspaniyada tələbənin gəliri işdən asılı olaraq 300-600 avro arasında dəyişir. İkinci işdə işləyərsə, 850 avroya qədər pul qazanmaq olur. İngilis dili biliyi olanlar bu proqrama qatıla bilər. Fransada isə fransız dili tələb olunur. Fransa ilə Amerikanın şərtləri eynidir.

- Maraqlıdır, pul qazanmaqla yanaşı, tələbələrin səyahətə vaxtı olur?
Mehman: 3 tip tələbə var. Bir tip ancaq işləməyə, pul qazanmağa gedir. İkinci tip həm gəzir, həm də qazanır. Üçüncü tip isə həftədə 40 saat iş götürür, əlavəsini istəmir, deyir ki, qalan vaxtımı ancaq gəzəcəm.

- Maraqlıdır, bu proqrama istənilən yaşda tələbə müraciət edə bilər?
- Proqrama bakalavr təhsili alan bütün kurs tələbələri qatıla bilər. Magistr təhsili alanlar isə yalnız birinci kursda müraciət edə bilərlər. Yaş həddi maksimum 24-dür. 50 yaşında universitetə daxil olan bir insan bu proqram üzrə müraciət edə bilməz.
Aygün Asimqızı






banner

Oxşar Xəbərlər