Tələbələr müəllim rolunda - Reportaj

Tələbələr müəllim rolunda - Reportaj

Gənclik qəzeti
24 May 2019, 15:00 4227
Bir universitet təsəvvür edin, jurnalist yetişdirən. Bir də auditoriya təsəvvür edin, müəllimlərin deyil, tələbələrin mühazirə dediyi. Və bir də tələbə-müəllim sevgisi canlandırın gözlərinizin önündə. Elə bir sevgi ki, siz o sevgini məhz o auditoriyada duya bilərsiniz. Müəllimləri onlara mətbuatın tarixindən bəhs edir, eyni zamanda hər bir tələbəsini öz övladı kimi sevir, onların qayğıları, istəkləri ilə maraqlanır. Belə bir mühitdə insan çalışmaq, öyrənmək, nələrsə əldə etməyə çalışır. Və yeri gələndə öyrəndiklərini yoldaşları ilə bölüşür. Biz də belə bir auditoriyanın qonağı olduq.

Belə ki, mayın 22-də Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin 2-ci kurs tələbələrinin "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası” mövzusunda mühazirəsində iştirak etdik. Bu dəfə müəllim deyil, tələbələr öz yoldaşları və müəllimləri qarşısında mühazirə deyirdilər. Hələ yolun başında olan bu gənclər həmin dövrün nüfuzlu şəxsiyyətlərindən, onların cəmiyyətə təsirindən danışırdılar. Onlar öz mühazirələrində videoroliklərlə danışdıqları şəxsiyyətlər haqqında apardıqları araşdırmanı diskussiya şəklində təqdim edirdilər. Tələbələr ilin yekun mühazirəsi üçün həm cümhuriyyətə qədər olan ziyalılarımızın, həm də cümhuriyyət dövrünün ziyalılarının fəaliyyətini araşdırmışdılar.
 

 
Tələbə metodikası
 
Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyaminqızı tələbələrinin belə əməyindən məmnun görünürdü. Bizimlə söhbətində tələbələrdə özünə güvən, inam hissinin yaranması üçün bunun vacib olduğunu vurğuladı: "Bir gün tələbələrimdən bir neçəsi auditoriyada mühazirə demək istədiklərini dedilər. Onlara "niyə də olmasın?” dedim və mühazirə deməyin metodlarından bəhs etdim. Əslində belə bir addım atmağın özü böyük bir risk idi. Bu gənclərin özlərində bu güvəni, inamı hiss etmələri məni çox sevindirdi. Onlara istədikləri mövzuda mühazirə deyə biləcəklərini bildirdim. Mühazirə üçün slaydların hazırlanması, məlumatların toplanması, eləcə də mühazirənin deyiliş şəkli tələbələrin özlərinə məxsusdur. Onlar bu auditoriyada özlərini realizə edəcəklər”.
 
Pedaqoqumuz tələbələri haqqında fərəhlə bəhs edirdi. Deyir ki, bu günün tələbələri tamamilə fərqlidir: "Onların dünyaya baxışı, informasiya dairəsi fonunda tələbələri ələ almaq, diqqətini özünə çəkmək çox çətin bir prosesdir. Ümumiyyətlə dərsə maraq yaratmaq üçün mühazirəni dialoq şəklində qurmaq lazımdır. Qarşı tərəfi danışdıranda, bu daha maraqlı olur. Bu gün tələbələrimiz bu metoddan da istifadə edəcəklər”.  
 
Layihənin təşkilatçılarından biri olan tələbə İbrahim Məmmədli ilə söhbət etmək imkanımız oldu. O deyir ki, tələbələrin öz yoldaşlarına mühazirə deməsi onlara stimul verir: "Bu mühazirə bizlərə özgüvən qazandırdı. Auditoriya qarşısında çıxış etmək imkanı əldə etdik və qazandığımız bu təcrübənin bizə bundan sonrakı dərs prosesində də böyük yardımçı olacağına əminik. Biz mühazirədə auditoriya qarşısında çıxış edən müəllimlərimizin nələr hiss etdiyi, onların dərs prosesində yaşadıqları ilə az da olsa tanış olduq. Fərqinə vardıq ki, əslində parta arxasında əyləşən bizlərə qarşıda dayanan pedaqoq olmaq asan görünsə də, heç də elə deyilmiş”.
 
Digər təşkilatçı Ürfət Mirzəyev isə Qərənfil xanımın tələbələrə özlərini ifadə etməsi üçün əlverişli şərait yaratdığını bildirdi. Tələbə yoldaşları ilə müəllimlərinə müraciət edərək belə bir addım atmaq istədikərini bildirdikdə, Q.Dünayminqızı bu təklifi müsbət qarşılayıb. Nəticədə onlar özlərini sübut etmək üçün hərəkətə keçiblər.
 

 
Həyəcan və özünəinam...
 
Tələbələr bir-bir tribunaya çıxır, öncədən müəyyənləşdirdikləri çıxışı auditoriyaya təqdim edirdilər. Ümumilikdə 6 tələbə auditoriya qarşısına çıxdı. Nəzrin Kərimova mühazirə zamanı salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin həyat və yaradıcılığına nəzər saldı. Onun keçdiyi həyat yolunu hazırladığı slayd vasitəsi ilə təqdim etdi. Emin Nəcəfli isə slayda ehtiyac duymamışdı. O, Əli bəy Hüseynzadə haqqında öyrəndiklərini auditoriya ilə bölüşdü və auditoriyanı ələ almağı bacardı. Günəş Mehdiyeva isə satiranın ustadı, ictimai xadim, filosof  Mirzə Ələkbər Sabir yaradıcılığına müraciət etmişdi. Onun slaydı isə bir qədər fərqli idi.  Belə ki, "M.Ə.Sabir XXI əsrdə şəhərimizə qonaq gəlsəydi, hansı hadisələrlə üzləşərdi?” deyə müqayisəli şəkildə diskussiya apardı. Gülçin İsgəndərova Cəlil Məmmədquluzadənin ana dili qayəsi üzərində çalışmışdı. "Molla Nəsrəddin” jurnalının yaranması, jurnalın oxuculara verdiyi mesajlar burada öz əksini tapmışdı. Arifə Mirzəliyeva  Haşım bəy Vəzirovun ömrünə, gördüyü işlərə işıq tutdu. Aycan Məmmədzadə isə Fətəli xan Xoyski haqqında hazırladığı slaydı fərqli ampluada təqdim etməyə çalışdı. Sonda isə İbrahim  Məmmədli bizə Səməd bəy Mehmandarov haqqında danışdı. 

Tələbələrin mühazirələri onları dinləyən tələbə yoldaşları və müəllim heyəti tərəfindən yüksək qiymətləndirildi. 
 

 
Pedaqoq olmaq asan deyil
 
Jurnalistika fakültəsinin dekan müavini, dosent Könül Niftiyeva tələbələrin belə situasiyaları yaratmasını müsbət qiymətləndirdi. Onlara gələcəkdə özlərini realizə etmələri üçün bu kimi imkanlardan istifadə etməyi məsləhət gördü: "İndi dövr, zəmanə başqadır. Tələbələr artıq bildiklərini auditoriya ilə bölüşür, rahatlıqla araşdırmalar edə bilir, həmin məlumatları slayd vasitəsi ilə təqdim etmək imkanına sahibdirlər. Yəqin ki, auditoriya qarşısına çıxanda müəllimlərinizin orada hansı hissləri keçirdiyini hiss etdiniz. Heç vaxt unutmayın ki, savadlı, alim olmaq, bütün biliklərə yiyələnmək mümkündür, ancaq pedaqoq olmaq asan deyil. Bu çox çətin və məsuliyyətli peşədir”. 
 
Radio-televiziya ixtisasını tədris edən pedaqoq Leyla Rəşid Qərənfil xanımın bu gün dərs dediyi hər bir tələbəsi ilə qürur duya biləcəyini vurğuladı: "Bugünkü tələbələr gələcəyin jurnalisti, media sahəsinin işçiləri olacaq. Onların hazırladığı mühazirələr tələbələrdə təqdimat mədəniyyəti vərdişinin yaranmasına köməkçi oldu. Təqdimatı necə hazırlamaq, onu necə təqdim etmək vərdişinin yaranması çox müsbət haldır. Eyni zamanda, bu siz tələbələrdən əziyyət tələb edir. Əziyyət isə öyrənmək, qazanmaq deməkdir. Mühazirə zamanı tələbələrin araşdırmalar etdiyini, əziyyət çəkdiklərini gördüm. Gələcək üçün bu vərdişləri mənimsəmək böyük bir işdir və bu işdə hər birinizə uğurlar arzu edirəm”.
 

 
Etika-politologiya fənnini tədris edən Afaq Sadıqova tələbələrin çıxışlarının sonunda onlara uğurlar arzuladı: "Bu gün tələbələrimizin çıxışından aydın oldu ki, sizlər mətbuat tarixini siyasiləşdirə bilirsiniz. Sizin müstəqil fikirlərinizin və məsələyə öz siyasi baxışlarınızın olması məni sevindirir. Bu gün bu ali təhsil ocağında elə sizlərin arasında təhsil alan elə tələbələrimiz var ki, onlar tapdanmış cığırla getmirlər. Özləri bir cığır açmağa çalışırlar. Xırda olsun, ancaq özününkü olsun. Kimisə yamsılamaaq, kiminsə yolunu getmək xüsusiyyətinizin olmaması məni məmnun edir. Bu işdə Qərənfil xanıma da təşəkkür düşür ki, sizin kimi gənclərə mətbuatı sevdirə bilir. Bu günün gəncləri nədənsə qəzetçilikdən uzaq düşürlər. Və mətbuatın tarixini oxumaq istəmirlər. Onları daha çox vizuallıq maraqlandırır. Ancaq bir həqiqət var ki, keçmişimizi bilməsək, gələcəkdə büdrəyərik”. 
 
Daha sonra Qərənfil xanım tribunaya yaxınlaşdı və mühazirədə iştirak edən tələbələrə, o cümlədən müəllimlərə təşəkkürünü bildirdi. O, mühazirə deməyin çətin və bir o qədər də məsuliyyətli bir iş olduğunu, əgər mövzu mətbuat tarixindən gedirsə, ikiqat ağır olduğunu qeyd etdi: "Çünki mətbuat tarixi fənni tarixi faktlardan ibarətdir. Bizim tələbələrimiz də sizlərə məhz həmin görkəmli şəxsiyyətlər haqqında məlumat verdilər, araşdırmaları ilə sizləri tanış etdilər. Mən bu gənclərimizin gələcəyinə inanıram. Onların peşəkar jurnalist və ən əsası, bir fərd kimi yetişməsində az da olsa əməyim varsa, nə xoş mənə. Bundan sonra da tələbələri bu tip layihələrdə çox görəcəksiniz”.  
 
Hələ onların qarşısında uzun bir yol var. Gedəcəkləri ünvan qarşılarına qoyduqları hədəfdən və istəkdən asılıdır. Müəllimlərinin isə onlara ümidləri sonsuzdur. Biz gələcək davamçılarımıza bu şərəfli yolda uğurlar arzulayırıq. 
 
Xəyalə Rəis