“Tələbə vaxtı gecələri işləmişəm” - Keçmişdəki mən
Ötən illərinin hər bir dövrünü gözəl anlarıyla
xatırlayır, danışanda da xoş olanları ilə yada salır. Uşaqlıq, tələbəlik, hərbi
xidmət və iş həyatı... Bəs heçmi çətinlik görməyib? Deyir ki, çətinlikləri də
olub, çox əziyyətli yollardan keçib. Amma bu gün onlara köklənmir, əsas olan o
çətinliklərin həll olunması, artıq arxada qalmasıdır. Nə qədər çətinliklə
üzləşsə də, heç vaxt namərdlik, satqınlıq etmədiyini deyən müsahibimiz aktyor və
bədii qiraətçi, Azərbaycanın əməkdar artisti Azad Şükürovdur.
1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı
kəndində anadan olub. Elə uşaqlıq illəri də orda keçib: "Bütün kənd uşaqları
kimi ot da çalmışam, at da çapmışam, ilan da öldürmüşəm. Kəndə kino gələrdi,
məktəbin həyətində göstərirdilər. Firuz adında bir kinomexanikimiz var idi.
8-ci sinifdən başlayaraq onun yanında şagirdlik edirdim. Görünür, mədəniyyətə,
incəsənətə bağlılığımdan irəli gəlirdi. Bütün yayı axşamlar kino verirdik. Çox
yaxşı kənd idi, hamı bir-birini tanıyırdı. Bir adam rəhmətə gedəndə ehtiyac yox
idi ki, gedib kiməsə deyəsən. Kəndin özünün qəbirqazanı var idi, filankəsin
rəhmətə getdiyini eşidəndə heç ölü yiyəsindən soruşmazdı, bilərdi ki, o ölüsünü
qəbiristanlığın hansı tərəfində basdıracaq. Səhər tezdən gedib işini görərdi.
Yaxud, toy təyin olunanda atın üstündə bir nəfər kəndin içi ilə gəzib, hamıya
xəbər verərdi. İki-üç gün əvvəldən hamı yığışıb gəlirdi, kimdə nə var idisə,
gətirirdi, biri palaz, o biri qab və s. Toylarımız da maraqlı olurdu, bəzi vaxt
2 gün 2 gecə, 3 gün 3 gecə toy çalınardı. Ölüsü də, dirisi də urvatlıydı”.
Orta məktəbdə
oxuyanda Məhəmməd Füzulidən xoşum gəlmirdi
Deyir ki, kitab oxumağa həvəsli olub, məktəbdə
dərsdən yayınmayıb: "İnternet, kompüterimiz yox idi, əsas məşğuliyyətimiz kitab
oxumaq olurdu. Kənddəki kitabxanada olan bütün kitabları oxuyardıq. Hətta sonra
yoldaşlarla mübahisə də edərdik ki, sən filan kitabı oxumusan, yoxsa yox?
Məktəbdə də məsuliyyətli idim, valideynlərimin ikisi də müəllim idi. Hətta atam
uzun müddət məktəb direktoru da işləyib. Bu, mənim üstümə əlavə məsuliyyət
qoyurdu. Şairlər içərisində ən çox Məhəmməd Füzulini sevirəm, amma orta
məktəbdə oxuyanda ondan xoşum gəlmirdi. Çünki o şairi keçəndə müəllim mütləq
məni qaldırırdı, çətin əzbərlənən şeirləri öyrənə bilmirdim deyə, aşağı qiymət
yazırdı. Buna görə də bizim evdə əməlli-başlı narazılıq yaranırdı, atam deyirdi
ki, mənim oğlum ədəbiyyatdan 3 alıb gəlib”.
Müsahibimiz kənd mühitində yaşasa da, kəndə qapanıb
qalan uşaq olmayıb: "Rayonda müəllimlər evində bir dram dərnəyi fəaliyyət
göstərirdi. 9-cu sinifdə oxuyanda mən rayonda teatra gedib-gəlir, rayon
tədbirlərində iştirak edirdim. Adətən, orta məktəbi qurtarıb İncəsənət
Universitetinə gedən uşaqların əksəriyyəti bəyaz arzularla gəlir. Ya Rasim
Balayev olmaq istəyir, ya da Rac Kapur. Amma, mən uşaq vaxtımdan o mühitdə
olduğum üçün orta məktəbi qurtaranda şüurlu surətdə bilirdim ki, hara
gedəcəyəm”.
Mənə 2 yazdı
İncəsənət Universitetinə qəbul olmaq üçün Bakıya
gəlir, amma ilk cəhdi uğurlu alınmır: "İmtahana qədər çoxlu dondurma yemişdim
deyə, dişim şişmişdi. O halda getdim, imtahanı bizdən rəhmətlik Ədil
İsgəndərovla Rza Təhmasib götürürdü. Ədil müəllim üçün kurs yığırdılar.
İmtahana yaxşı hazırlaşmışdım, özümü xalq artisti kimi hiss edirdim
(red-gülür). Ədil müəllim mənə dedi ki, qadam, bir çıx ora. Amma dişim şişdiyi
üçün yaxşı danışa bilmirdim. Ədil müəllim dedi ki, qadam, sən deyəsən ovurduna
qoz qoymusan, get, qozu çıxaranda gələrsən. Mənə 2 yazdı. Kəndə getməyə də
utanırdım, çünki məktəb vaxtından dram dərnəyinə, teatra filan gedirdim rayonda
elə bilirdilər ki, qəbul olacam. Bakıda qalıb, tikintidə işə düzəldim. Axşamlar
ekskavatorçu kursuna yazıldım. 3-4 aydan sonra 6-cı dərəcə üzrə
ekskavator-maşinist vəsiqəsi aldım. Ekskavatorçu işləməyə başladım”.
Ekskavarotçu kimi çalışıb yaxşı pul qazanır, həftə
sonları isə ali təhsil almaq istədiyi istiqamətlə məşğul olur: "İndiki "Xətai”
metrostansiyasının yanında dram dərnəyi var idi. Şənbə-bazar ora məşqə
gedirdim. Sonra Milli Dram Teatrında kiçik rollar oynamağa başladım,
televiziyaya ayaq açdım. İkinci ili imtahana möhkəm hazırlaşdım. Yenə Ədil və
Təhmasib müəllim imtahan götürürdü, bu dəfə Təhmasib müəllim üçün kurs
yığırdılar. Ədil müəllim mənə baxdı, dedi: Qadam, deyəsən, qozu ovurdundan
çıxarmısan. O sözlər mənim üçün İncəsənət İnstitutunun diplomuna bərabər idi.
"Ədil müəllim, əgər, siz yenə 2 yazıb, burdan çıxarsanız, mənə bir o qədər
təsir eləməz, əsas odur ki, məni tanıdınız”,- deyib şirinlik etməyə başladım
(Gülür). Dedi ki, qadam, gopa basma, çıx səhnəyə. Qəşəng bir imtahan verdim,
iki 5, bir 4 yazdılar”.
Hər adam
mənim bişirdiyim xörəyi hazırlaya bilməz
Bakıda tək qaldığı müddətdə yemək bişirməyi, ev
işlərini görməyi öyrənir: "Bakıda bacılarım var idi, həm tələbəlik illərində,
həm də sonralar subaylıq dövründə deyirdilər ki, gəl bizdə qal. Amma
fikirləşirdim ki, özü yıxılan ağlamaz, ona görə zəhmətlərin hamısına
qatlaşırdım. Hər yeməyi bişirməyi öyrənmişdim. Hər adam mənim bişirdiyim xörəyi
hazırlaya bilməz.Ailə qurandan sonra hərdən istirahət günlərində
uşaqların istəyi ilə bu qabiliyyətimi nümayiş elətdirərdim. İndi isə qız köçüb,
oğlan da xaricdə işləyir. Yoldaşımla tək yaşayırıq. Lap evliliyimizin ilk
illəri kimi. Lazım olanda mən elə indi də ev işləri görməkdən çəkinmirəm”.
1982-ci ildə hərbi xidmətə yollanır. Deyir ki, o
illər qəribə keçib: "82-ci il SSRİ-nin yaranmasının 60 illik yubileyi idi. Mən
də rus dilini yaxşı bilirdim. Hərbi hissədə həyata keçirilməsi mümkün olan
yaxşı bir ssenari yazdım. Mövzu belə idi ki, Orta Asiyadan bir əsgər hərbi
xidmətə gəlir, nə rus dilini, nə bu adət-ənənəni yaxşı bilir. Təbii ki, onun
başına gülməli və pis əhvalatlar gəlir. Nəticədə başqa millətlərdən olan
insanlar buna kömək edirlər ki, hərbi xidməti yaxşı başa vursun. Rəhbərliyin
xoşuna gəldi, bu ssenarini bir neçə hərbi hissədə hazırlamağı təklif etdilər.
Əsgər deyil, yaradıcı bir həyat yaşayırdım”.
Tələbə vaxtı
daim gecələri işləmişəm
İnstitutu bitirəndən sonra təyinatını Lənkəran
Teatrına verirlər, 4 il orda çalışır, sonra karyerasını Bakıda davam etdirir:
"Biz oxuyanda institutda tələbələrdən 16 nəfərinə aktyorluqla bərabər
özfəaliyyət rəqs kollektivinin rəhbəri diplomu da verildi, onlardan biri də mən
idim. Bu hadisə institutun tarixində az-az olmuş bir şeydir. Aktyorluqla
bərabər rəqslə də məşğul olurduq. Lənkəranda 4 il çalışdıqdan sonra məni
instituta işə dəvət etdilər. Orda saat hesabı dərs deyirdim, həm də Tədris
Teatrında işləyirdim. 90-cı ildə tam ştata keçdim, səhnə danışığı kafedrasında
dərs deməyə başladım. O vaxtlar Şuşa Teatrı qaçqın düşmüşdü. Bu teatrın
kollektivi demək olar ki, hamısı mənim dostlarım idi. Biz yığışıb Şuşa
Teatrının fəaliyyət göstərməsi üçün müəyyən işlər gördük. İki ilə yaxın
universitetlə yanaşı, o teatrda da işlədim. 1992-ci ilin sonunda Bakı Bələdiyyə
Teatrı açıldı, 93-cü ilin yanvarından ora getdim. Orada uzun müddət işlədim.
İnstitutda da işlərim pis getmirdi. Baş müəllim, dosent, 2001-2006-cı illərdə
kafedra müdiri oldum. Yaradıcılıq işlərim çox olduğu üçün rəhbərlikdən mənə
imkan yaratmağı xahiş etdim. Sonra müəyyən xoşagəlməz hadisələr baş verdi və
gördüm ki, ən yaxşısı universitetdən getməkdir. Teatrdan da getdim. İki ilə
yaxın işsiz qaldım. Sonra universitetdən xahiş etdilər qayıtdım. Yenə də
kafedra müdiriyəm. Heç bir teatrda yoxam. Filmlərə çəkilirəm, mütəmadi olaraq
bədii qiraətlə məşğulam. Bədii qiraət həmişə çətinə düşəndə köməyimə çatır.
İndi həm də «Vicdan haqqı» serialına çəkilirəm”.
Bütün illərdən gözəl danışır. Bəs heç çətinliklərlə
rastlaşmayıb? "Bir mahnı var, deyir ki, gileylənmək zirvələrə ar gələr. Özümü
zirvə hesab eləmirəm, amma gileylənmək təbiətimdə yoxdur. İnstitutda oxumağa
gələndə atam, birinci kursda oxuyanda anam rəhmətə getdi. Allah
bacı-qardaşlarımın hamısının canını salamat eləsin, yanımda idilər, amma
geyimlə, dolanışıqla bağlı problemlərim var idi. Tələbə vaxtı daim gecələri
işləmişəm. Bakıya gəlib qeydiyyata düşmək, işə girmək də o vaxt çətin idi. Çox
əziyyətli yollardan keçib gəlmişəm, amma heç vaxt namərdlik, satqınlıq
eləməmişəm. Şükürlər olsun Allaha,o,həyatımın bütün çətin
məqamlarında başımın üstündə,arxa-dayağımolub”.
Uşaq yeməyini
tanışlıqla alırdım
28 yaşında isə ailə həyatı qurur. Gec ailə
qurmasının səbəbi isə özü üçün müəyyən şərait qurmaq istəyi olur: "İmkanlı adam
üçün ailə qurmaq problem deyil, çünki valideynləri onun üçün hər şeyi edirlər.
Amma mən hər şeyi özüm qurmalı idim, bunları edincə, yaş 28 oldu. Bu yaşda isə
adam bir az ağıllanır deyə həyat yoldaşı tapmaq da çətin olur (Gülür). Rəcibə
Heybətova adlı tələbə yoldaşım var. Ailə qurmuşdu, mən dəonun həyat
yoldaşı ilə dostluq edirdim,onlara gedib-gəlirdim. Bir günindiki
həyatyoldaşımı onlarda gördüm. Qəribə bir istilik yarandı. Tələbə
yoldaşım dedi ki, onun da valideynləri rəhmətə gedib. Görüşdük, ailə qurmaq
istədiyimi dedim. Mən söhbətdə bir az rəngsiz, boyasız danışan adamam, amma
razılıq aldım və evləndik. Bir qızımız, bir oğlumuz var”.
Ailə həyatı respublikada qarışıq dövrlərə düşdüyü
üçün ilk vaxtlar çətinlikləri olur: "90-cı illər, ərzaq çatmırdı, uşaq yeməyini
tanışlıqla alırdım. Hər səhər çantama bir torba qoyurdum ki, qarşıma nə çıxsa
alım. Ətlə yağ talonla idi. Ayda bir dəfə gedib alırdıq. Bazardan almaq
imkanında da deyildik. Ailəni təzə qurmuşduq, aktyor məvacibi nədir ki? Xanımım
əvvəl işləyirdi, sonra uşaqların ikisi də körpə olduğu üçün işləyə bilmədi.
Sonra yavaş-yavaş tanınmağa başladım, konsertlərə, el şənliklərinə dəvət
olunurdum, əlimə pul gəlirdi”.
Ailəliyin
medalı olsaidi, onutəntənə iləyoldaşıma verərdim
Deyir ki, uşaqlarının ikisi də mükəmməl təhsil
alıblar. Bunda isə xanımının rolu böyükdür: "Qızım Tuğra Musayeva Prezident
yanında İdarəçilik Akademiyasını bitirib, ADA Universitetində magistratura
oxudu, indi orda müəllim kimi çalışır. Oğlum də İT üzrə mütəxəssisdir, indi
Polşada yerləşən Amerika şirkətlərinin birindəişləyir. Həyat yoldaşım
uşaqların təhsili ilə çox ciddi məşğul olub, ikisi də rus və ingilis dillərini
mükəmməl bilirlər. Evdə də biz onlarla xüsusi proqramla işləyirdik. Bəlkə də bu
kiməsə gülməli görünə bilər. Uşaqlar folklorumuzu, adət-ənənəmizi yaxşı
bilsinlər deyə, həftədə bir dəfə bu istiqamətdə onlara əməlli-başlı dərs
keçirdik. Orta məktəbi rusca oxuyurdular və eyni zamanda ingilis dili ilə məşğul
olurdular. Fikirləşdik ki, zamanın nəbzini tutmağın başqa yolu yoxdur. Bunlar
yoldaşımın xidmətidir. Ailəliyin medalı olsaidi, onutəntənə
iləyoldaşıma verərdim. İndi o, nənədir, mən də baba. İki nəvəmiz var”.
Sonda müsahibimizin gənclərə məsləhətlərini də
aldıq: "Çox oxusunlar, çünki mütaliənin insana verdiyi qabiliyyəti heç nə əvəz
etmir. İkincisi, ağıllı olsunlar, addım atanda ətraflarına baxsınlar. Boş
olanda diqqətlə güzgüdə özlərinə nəzər yetirsinlər ki, mən kiməm, hara gedirəm?
Hamı vəzifə sahibi olmur ki. Hansı sahədədirlərsə, işlərini ən
yaxşısurətdəgörməyə çalışsınlar və bildikləri işi görsünlər.
Bildiyi işlə məşğul olmaq insanın ömrünü uzadır, adamın üzünü ağ edir, işindən
zövq alırsan. Vətəni sevsinlər, vətənpərvər olsunlar, baxsınlar, görsünlər bu
vətəni sevmək olar, yoxsa yox? Təbii ki, bir yerdə ki, sənin valideynlərinin,
babanın qəbri var,nəslin, köküno torpaqda basdırılıb, sənin adın o
torpaqla bağlıdır, sən onu sevməlisən. Teatra
tez-tez getsinlər. Teatr adamın zövqünü formalaşdırır”.
Aygün Asimqızı