AZE | RUS | ENG |

«Tələbə dostlarım mənə kassir deyirdilər» - Mən gənc olarkən

«Tələbə dostlarım mənə kassir deyirdilər» - Mən gənc olarkən
Çingiz Qənizadə: «Mənim var-dövlətim ailəm və dostlarımdır»


Rubrikamızın budəfəki qonağı deyir ki, 20 il ərzində ölkəmizdə keçirilən bütün parlament seçkilərində deputatlığa namizədliyini verib və nəhayət 2010-cu ildə arzusunu gerçəkləşdirə bilib. 35 yaşında Bakı şəhər prokuroru vəzifəsində çalışmış, hazırda 80 saylı İmişli-Beyləqan Seçki Dairəsini parlamentdə təmsil edən Çingiz Qənizadə deyir ki, həyatda küsmək, inciməklə istədiyinə nail olmaq mümkün deyil.

5 saylı trolleybusda şəhərlə tanışlıq

1957-ci ildə Ağdaşda aqronom ailəsində anadan olan müsahibimiz 6 uşağın birincisidir. Orta məktəbi Ağdaşda fərqlənmə ilə bitirən Ç.Qənizadə 1974 və 1975-ci ildə illərdə sənədlərini hüquq fakültəsinə versə də, müsabiqədən keçə bilmir. Sözügedən fakültəyə daxil olmaq üçün 2 il iş stajının olması vacib sayıldığından o, arzusuna çatmaq üçün bir az da gözləməli olur.

Bakıya ilk dəfə 17 yaşında gəldiyini və həmin günü olduğu kimi xatırladığını deyir: “Bakıya ali məktəbə sənədlərimi verməyə gəlmişdim. Səhv etmirəmsə, 5 saylı trolleybus vardı, Təzə Bazarın yanından Azneftə qədər gedirdi. Trolleybusla gedə-gedə Bakını seyr edirdim və əsrarəngiz hisslər yaşayırdım. Düzdür, indi trolleybus yoxdur, amma özüm sükan arxasında ikən həmin yolu keçəndə ilk dəfə Bakıya gəlib trolleybusla şəhəri dövrə vurduğum günü xatırlayıram. Yadımdadır, hətta trolleybusdan düşüb o vaxt Təzə bazarın qarşısında olan Sünbül kafesində yemək yemişdim”.

Ən yaxşı geyinən tələbə

Universitetdən kəsildiyinə görə 1975-77-ci illərdə Kiyevə hərbi xidmətdə olan Ç.Qənizadə əsgərliyini başa vurub Ağdaşda müəssisədən kənar mühafizə idarəsində çalışır. 1978-ci ildə isə imtahan verib Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur: “Musiqi məktəbinin tar sinfində oxuyurdum. Atam 10-cu sinfi bitirməyimə az qalmış məndən xəbərsiz Bakıda Musiqi Texnikumunun rəhbəri ilə razılıq əldə etmişdi ki, məktəbi bitirib orada tar sinfinə qəbul olum. Mənsə hüquqşünas olmaq barədə qərarımda qəti idim. Fikrimdən dönməyəcəyimi görən atam mənə dedi ki, “səni hüquq fakültəsinə qoymağa imkanım yoxdur. Amma sən özün girsən, on beş adamdan yuxarı, beş adamdan aşağı özüm səni geyindirib-gecindirəcəyəm”. Həqiqətən də atam dediyi kimi etdi, universitet illərində ən yaxşı geyinən tələbələrdən biri mən idim”.

Amma bahalı geyim Çingiz müəllimə “ucuz” başa gəlmir. Tələbəlik dövründə həmsöhbətimiz bahalı geyiminin “altını çəkməli” olur: “Birinci kursda oxuyurdum. Dediyim kimi, atam da məni yaxşı geyindirirdi. Fin istehsalı “tiklas” plaş, Şotlandiya istehsalı şərf geyinib, İsveçrənin qol saatını taxıb məntiqdən imtahana getmişdim. Məntiqdən dərs deyən Mahir müəllim bahalı geyimimə görə mənə “2” verdi. Düşünürdü ki, hansısa pullu kişinin oğluyam, ona pul verəcəm. Mən 2-ci dəfə də imtahan verdim, yenə yaxşı cavab versəm də “2” verdi. 3-cü dəfə “kəsilsəydim” universitetdən xaric olunacaqdım. Mahir müəllimi izlədim və təklikdə ona yaxınlaşıb söhbət etmək istədiyimi dedim. Bir az çək-çevirdən sonra universitetdən kənarda görüşməyə razılıq verdi. Ona necə bir ailənin övladı olduğumu, universitetə öz gücümə girdiyimi desəm də, inanmadı və dedi ki, “mən mütləq sənin arxanda kimin olduğunu bilməliyəm”. Bu da o demək idi ki, pul istəyir. Mən və digər 7 nəfər imtahanın nəticələrindən şikayət etdik, komissiya yaradıldı və mən də daxil olmaqla 4 nəfər imtahandan uğurla keçdik”.

İş üçün 24 cəhd

Onu da qeyd edək ki, universitetə daxil olanda Ç.Qənizadə artıq Bakıdakı “Lenin” adına toxuculuq kombinatında fəhlə işləyirdi: “Axşam növbəsində təhsil aldığıma görə oxuya-oxuya işimi davam etdirirdim. Sonra könüllü yanğından mühafizə idarəsinə düzəldim və orada müfəttiş vəzifəsində çalışdım. 4-cü kursda oxuyarkən təhsil aldığım universitetdə mühafizə rəisi yeri boşaldı və orada işləməyə başladım. 1984-cü ildə universiteti bitirdikdən sonra yenə mühafizə rəisi kimi çalışırdım. Amma boş dayanmırdım, iş üçün müxtəlif qurumlara müraciət edirdim. Prokurorluq orqanlarına 24 dəfə rəsmi müraciət etsəm də, tanışım olmadığına görə işə düzələ bilmirdim”.

Nəhayət gec də olsa Ç.Qənizadənin çabalarının nəticəsi olur və 1989-cu ilin sonlarında Ədliyyə Nazirliyində şöbə rəisinin müavini vəzifəsində çalışmağa başlayır: “O vaxt artıq Milli Azadlıq Hərəkatı başlamışdı. Nazirlikdə işləməyimə baxmayaraq, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin və Məclisin üzvü idim. Nazirlikdə işləsəm də 1990-cı il 20 Yanvar hadisələri zamanı Kommunist Partiyasından çıxdım. Yanvarın 22-də Ağdaşda 20 Yanvar şəhidlərindən birinin dəfn mərasimi idi. Elə dəfndəcə partiya biletimi cırıb atdım. Mənim kimi digərləri də bunu etdi”.

AXC-nin üzvü olduğuna görə təzyiqlərlə üzləşən Ç.Qənizadə şöbə rəisinin müavini vəzifəsində uzun müddət qala bilmir.

1992-ci ildə 35 yaşında Bakı şəhər prokuroru təyin olunur, general rütbəsi alır. 1993-cü ildə vəzifəsini itirir. Bu barədə özü belə deyir: «Siyasi mədəniyyət nümayiş etdirib getdim».

1994-cü ildə iki il əvvəl təsis edilən Demokratiya və İnsan Hüquqları Komitəsinə rəhbər seçilən Ç.Qənizadə indiyədək sözügedən komitədə çalışır: “1994-cü ildən siyasi fəaliyyətimi dayandırdım, Demokratiya və İnsan Haqları Komitəsinə rəhbər seçiləndən sonra isə bəyanat verdim ki, bundan sonra heç bir siyasi fəaliyyət göstərməyəcəyəm”.

Kassir Çingiz

Tələbəlik xatirələrini bizimlə bölüşən millət vəkilinin sözlərinə görə, tələbə yoldaşları ona kassir deyirmişlər. Buna səbəb isə həmişə Çingiz müəllimin üstündə pulunun olması və tələbə yoldaşlarının “bərkə düşən” kimi ona müraciət etmələriymiş: “İndi də tələbə yoldaşlarımızla görüşürük. Elələri var, deyir ki, o vaxt səndən 25 rubl almışdım, qaytarmamışam, yəqin faizi üstünə gəlir”.

Tələbəlikdə olduğu kimi, indi də qrip yoldaşları arasında təşkilatçılığı Çingiz müəllim edir: “Qrup yoldaşlarımı ailələri ilə birlikdə bir araya yığmaq, toya, yasa, gəzintiyə getməyi indi də mən təşkil edirəm. Həmişə deyirəm ki, mənim var-dövlətim ailəm və dostlarımdır”.

Tələbəlik illərində işlədiyi kombinatın yataqxanasında qalan millət vəkilinin sözlərinə görə, heç vaxt yemək-içmək problemləri olmayıb: “Otaqda 4 oğlan qalırdıq. Əli adlı otaq yoldaşımız vardı. O, kombinatın anbarında müdir olduğuna görə yemək-içməyimizi, gəzməyimizi təmin edirdi”.

“Enerjimi xalqa sərf etmək istəyirdim”

Ç.Qənizadə bir maraqlı faktı da bizimlə bölüşdü. Deməyəsən, həmsöhbətimiz 1990-cı ildən bu yana bütün parlament seçkilərində iştirak edib. 20 il ərzində deputat olmağa cəhd etsə də, bu, yalnız 2010-cu ildə, cəhdlərinin 20-ci ilində baş tutub və seçkilərdə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilib: “Düşünürəm ki, insan mübariz olmalıdır. Mən küsüb, inciyib, ruhdan düşüb namizədliyimi verməsəydim, istədiyimə nail olmazdım”.

Həmsöhbətimiz deputat olmağı bu qədər arzulamasının və bu yolda 20 il dayanmadan mübarizə aparmasının səbəblərindən də danışdı: “Enerjimi, biliyimi xalqa sərf etmək istəyirdim və bunu millət vəkili kimi reallaşdıra biləcəyimi düşünürdüm”.

Onu da deyək ki, Ç.Qənizadə vaxtilə təhsil aldığı universitetə 1997-ci ildə dissertant kimi qəbul olur və Cinayət hüququndan 2004-cü ildə “Mütəşəkkil cinayətkarlıq və onunla mübarizə” mövzusunda namizədlik işini müdafiə edir. Hazırda doktorluq işinin üzərində işlədiyini bildirən müsahibimiz ümid edir ki, tezliklə doktorluq işini də başa çatdıraraq müdafiə edəcək.

Sonda qeyd edək ki, müsahibimiz 25 yaşında 4-cü kursu bitirəndə öz sinif yoldaş ilə ailə həyatı qurub. Bir oğlu, bir qızı var. Oğlu atasının yolu ilə gedir, hazırda prokuror vəzifəsində çalışır, qızı isə həkimdir.

Lalə MUSAQIZIMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202