Təkcə pul qazanmaq çox qaranlıq hədəfdir - Uğur hekayəsi

Təkcə pul qazanmaq çox qaranlıq hədəfdir - Uğur hekayəsi

Gənclik qəzeti
03 Fevral 2014, 13:16 3253
Rubrikamızın ilk qonağı keçmiş jurnalist həmkarımız, hazırda “Bakcell” şirkətində korporativ kommunikasiyalar bölməsinin rəhbəri vəzifəsində çalışan Süheylə Cəfərovadır. Gənc olmasına baxmayaraq, uğurlu karyera yolu keçən müsahibimizlə iş həyatında irəliləməsinin, bununla yanaşı, gözəl həyat yoldaşı və ana olmasının sirləri barədə danışdıq. Əvvəlcə S.Cəfərovanın təhsil və iş fəaliyyətinə nəzər salaq...

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Tələbəlik vaxtı “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq etmişəm, ingilisdilli “Caspian Business News” qəzetində işləmişəm. Sonra bir neçə PR şirkətindən dəvət aldım və dünyada məşhur olan bir neçə brendin PR işləri ilə məşğul oldum. Daha sonra beynəlxalq təşkilat olan Avrasiya Fondunda müsahibədən keçərək fondun Azərbaycan nümayəndəliyində xarici əlaqələr və proqram koordinatoru vəzifəsinə qəbul edildim. Bir müddət BMT-nin Əhali Fondunda kommunikasiyalar üzrə mütəxəssis qismində çalışdım. İki ildən çox burada fəaliyyət göstərdikdən sonra 2011-ci ildə “Bakcell“ şirkətinin elanı əsasında oraya müraciət etdim və işə qəbul olundum. Öncə media ilə əlaqələr üzrə baş mütəxəssis kimi çalışdım, sonradan şirkətin korporativ kommunikasiyalar bölməsinin rəhbəri vəzifəsinə keçdim.

- Jurnalistika fakültəsini seçəndə ailənizdən təpki gəlmədi ki?

- Ukraynada yaşayan valideynlərim nə qədər cəhd etsələr də, orada başqa sahə üzrə təhsil almağa razılaşmadım. O vaxt inanırdım ki, mən mütləq Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində oxumalıyam. Sonradan Rəsulzadənin adı universitetdən götürüləndə çox məyus olmuşdum. Düzdür, atam heç nə demirdi, amma anam jurnalistikanı seçməyimi istəmirdi, heç olmasa hüququ birinci yazmağımı istəyirdi. Mən də ixtisas anketini doldurmağa gedəndə söz verdim ki, birinci hüququ yazacağam. Amma orada əlim dinc dayanmadı və ilk sırada jurnalistikanı yazdım. Sonra jurnalistikaya düşəndə sevindim, çünki birinci hüququ yazsaydım, çox bal topladığıma görə oraya düşəcəkdim. Amma sonradan anladım ki, jurnalistika ilə məşğul olmaq üçün məhz jurnalistika fakültəsini bitirmək o qədər də önəmli deyil. Onu da deyim ki, orta məktəbdə dəqiq fənlərdən dərs deyən müəllimlərimiz seçimimə inanmadılar, onlar düşünürdülər ki, sənədlərimi Tibb Universitetinə verəcəyəm.

- Gənclərimizin bir çoxu fikirləşir ki, karyera qurmaq üçün mütləq ya pulun, ya da “dayday”ın olmalıdır. Sizcə, iş həyatında irəliləmək üçün nə lazımdır?

- Elə gənclər mənim ailəmdə, ətrafımda da var. Düşünürlər ki, tanış olmadan irəliləmək qeyri-mümkündür və ya bunu öz gücün hesabına etmək çox çətindir. Bir çoxları təhsilini başa vuran kimi hazır iş, yaxşı əməkhaqqı haqqında düşünür və buna çox asanlıqla nail olmaq istəyir. Məncə, bəzi gənclər sadəcə, tənbəldirlər və irəli getmək, ümumiyyətlə, iş tapmaq üçün cəhd etmirlər, nəticədə deyirlər ki, yaxşı yerdə işləmək, vəzifəyə keçmək üçün mütləq nəsə lazımdır. Düzdür, bəzən belə istisnalar var, amma bu, həmişə olmur. Öz simamda deyə bilərəm ki, elə bir adamım yoxdur ki, çətinə düşəndə, zəngg vuracağam, o, mənim arxamda dayanacaq. Ümumiyyətlə, karyera qurmaq istəyirsənsə, ilk növbədə məsuliyyətli olmalı və mütləq hədəflərini müəyyənləşdirməlisən. Hara getmək, nə etmək istədiyini bilməlisən. Təbii ki, bunun içərisində maddi hədəflər də var, amma daha çox, çatmaq istədiyin məqsəd var. Pul qazanmaq elə şeydir ki, onun saysız-hesabsız yolları mövcuddur və sən o yolların içində öz bacarığına, arzuna və prinsiplərinə uyğun olanı seçirsən. İnsan təkcə pul qazanmaq üçün iş axtarırısa, bu, çox ümumi hədəfdir. O zaman hansı tərəfə və necə getmək, haradan başlamaq lazım olduğunu bilmirsən. Bundan başqa, özünə inamın olmalıdır və öz ayaqların üzərində durmağı qarşına məqsəd qoymalısan. Məsələn, mən birinci kursdan bu yana valideynlərimin imkanı olmasına baxmayaraq, heç vaxt onlardan pul almamışam. İndiyə qədər təsəvvür etmirəm ki, evdən pul almaq nə deməkdir. Düzdür, ailəmdən məcburi şəkildə köməkliklər olub, böyük şeylərin hamısını əslində həm mənim, həm də həyat yoldaşımın valideynləri edib. Amma 18-19 yaşımdan etibarən evimizdən nəsə almağa pul istəməmişəm. Nə qazanmışamsa, ona da qane olmuşam.

- Karyera və ailə. Azərbaycan qadını üçün bu, çətin deyil ki?

- Etiraf edim ki, indiyə qədər “nə edim, necə edim” dediyim hallar olub. Amma bacarmışam. Əgər qadınsansa və karyera qurmaq istəyirsənsə, eyni zamanda ailən, övladın varsa, bir az mükəmməlliyə doğru qaçmaq, ona can atmaq insanı tez əldən sala bilər. Təsəvvür edin ki, çox yaxşı işçi olmalısan ki, karyeranı inkişaf etdirəsən, eyni zamanda yaxşı həyat yoldaşı, yaxşı ana olmalısan. Başqa prizmadan baxanda, yaxşı gəlin, yaxşı övlad olmalısan. Bunları düşünəndə və bütün sahələrdə yaxşı olmağa cəhd edəndə adam stress keçirir. Psixoloqların fikrincə, bütün sferalarda mükəmməl olmaq istəyinə çata bilərsən, amma 5-6 aydan sonra artıq yorulacaq və öhdəsindən gələ bilməyəcəksən. Buna görə də bir az rahat olmaq lazımdır. Təbii ki, təkbaşına hər şeyin öhdəsindən gəlmək qeyri-mümkündür, daim qayınanam, anam evdəki hansısa işimin qulpundan tutublar, uşağımın dayəsi köməklik edib. Elə hallar olur ki, söylədiyim istiqamətlərdən birində hansısa boşluq olduğunu hiss edirəm, amma dərinə getmirəm, çünki dərinə getmək insanı çox stressə salır.

- Qadının işləməsi vacibdirmi?

- Başıma gələn bir əhvalatı danışım. Bir dəfə ayağım burxulmuşdu, 3-4 gün gipsdə qaldı. İşlərim tökülüb qaldığından o cür də işə getdim. Qayınım Zamin məni yolda gördü. Axşam evə gələndə gördüm ki, qayınanamgil gülüşürlər. Dedilər ki, Zamin çox qanıqara gəldi və dedi ki, niyə onu işə göndərirsiniz, onun nəyə ehtiyac var. Deməyim ondadır ki, qadının işləməsi təkcə maddiyyata bağlı məsələ deyil. Amma qadın həm də iqtisadi baxımdan heç kimdən asılı olmamalıdır. Söhbət təkcə zərif cinsin karyera qurmasından, vəzifə sahibi olmasından getmir. Mən qadınların, qızların təhsil almasını, hər hansı sənətin, peşənin sahibi olmasını ətrafımdakı insanlar arasında çox təbliğ edirəm. Ailəmizdə də belə görmüşəm. Təhsil alan qızların sayının çox az olduğu bir vaxtda nənəm ali təhsil alıb və yaşadığı rayonda cəmi bir neçə qadın müəllimədən biri olub. Yenə də bu, “bütün qadınlar bir nəfər kimi ali təhsil almalı, ya da işləməlidir”demək deyil, amma söhbət əksəriyyətdən gedir.

- Süheylə xanım, ailəsinin işləyən qadına dəstəyi lazımdırmı?

- Əlbəttə, lazımdır. Dəstək həddən artıq böyük gücdür. Əvvəl ata-anamdan, sonra da yoldaşımdan çox ciddi dəstək görmüşəm. Hətta yoldaşım mənə mənəvi dayaq olmaqla, fiziki işlərimdə də yardım edir. Uşaqdan qabaq ev işlərinin 80 faizi mənim üzərimdə idi, amma mənim boynuma düşən bəlkə də işin 40 faizi idi, işin yarısını Şahin edirdi. Uşaqdan sonra isə işləməkdən daha çox qızımıza vaxt ayırmağa çalışırıq. Amma indi də nəyisə çatdıra bilmirəmsə, böyük məmnuniyyətlə, Şahin mənə kömək edir. Özü də evliliyimizin ilk günündən o, könüllü surətdə ev işlərini mənimlə bölüşdü. Bu məsələnin mənəvi tərəfi daha güclüdür, bu, insana rahatlıq verir, bilirsən ki, hər şeyi səndən gözləmirlər.

- Qızınıza vaxt ayıra bilirsiniz?

- Hərdən işə gedəndə Tomris deyir ki, “ana, sən yenə işə gedirsən?”. Ona demişəm ki, mən ancaq şənbə-bazar günü evdə olacam. Ona görə də o, mənim işə getməyimi istəməyəndə hər günə şənbə-bazar günü deyir. Sonra yolboyu qızımı fikirləşirəm ki, məni istəyir, ürəyi yanımda qaldı. Belə narahat olduğum məqamlar var. Lakin hesab edirəm ki, bu, ötəri bir şeydir, olmalıdır və axşam qızımın yanına qayıdacağam, şənbə-bazar günümü də onunla keçirəcəyəm. Onu da deyim ki, şənbə-bazar günlərinə, ümumiyyətlə, iş saxlamıram. Çox nadir hallarda xırda işim qala bilər. Düşünürəm ki, şənbə-bazar iş görmək günü yox, istirahət günüdür və bu günlərdə istirahət etmək lazımdır. Mən o günləri qızıma sərf edirəm, bəzən ailəlikcə teatra, konsertə, parka, qonaqlığa gedirik, kitab oxuyur, oturub nəyisə müzakirə edir, filmə baxırıq. Uşaq olmamışdan əvvəl də həmin günü ev işlərinə deyil, özümə həsr edirdim. Bəlkə də qadınların çoxu mənimlə razılaşmayacaq, amma cümə günü bir az gec yatıb şənbəyə iş saxlamamaq mümkündür.

- Yeri gəlmişkən, yoldaşınız da jurnalistika sahəsində çalışır və sizin redaktorunuz olub. Redaktorunuzdan evlilik təklifini necə aldınız?

- Detallarına varmayım, bu, kifayət qədər romantik təklif idi və qəbul etməmək mümkün deyildi. Həm də təkcə evlilik təklifi deyildi mənim üçün, söhbət sevgidən və həm də dostluq, birlikdəlik, inam və dəstək kimi böyük hislərdən gedirdi. 8 ildir ki, evliyik və çox tez-tez qarşılaşdığım müxtəlif hallar hər dəfə məni əmin edir ki, indiyə qədər verdiyim qərarlardan bəlkə də ən düzgünü bu olub.

- Deyilənlərə görə, ev işlərində əl qabiliyyətiniz yaxşıdır. Evdə yemək bişirirsiniz?

- Yoldaşım deyir ki, yer üzündə səndən yaxşı yemək bişirən yoxdur. Mənim mətbəx işlərim pis alınmır, özü də mətbəxdə vaxt keçirməyi çox sevirəm. Evdə olanda daha çox vaxtımı uşağıma ayırmaq istədiyimə görə yeməkləri uşağın dayəsi ilə 50-50-yə bölmüşük. Bəzən dayəyə zəng edirəm ki, hər şeyi doğrasın, mən özüm hazırlayacağam. Yoldaşım başqa adamın yeməyini yeyəndə necə olduğunu soruşuram, deyir, “yeməkdir də”. Elə deyən kimi artıq dərsimi götürürəm və çalışıram ki, sabah yeməyi özüm bişirim. Düzdür, çatdırmayanda məcbur qalıb asan başa gələn yeməklər də hazırlayıram və bu, problemsiz ötüşür. Hərdən deyirəm ki, “iki gündür sənə quru yemək verirəm, üzürlü say”. O da zarafata salıb deyir ki, “gülünü sevən tikanına da dözər”.

- Süheylə xanım, bundan sonrakı planınız nədir? 40 yaşında özünüzü harada görürsünüz?

- İlk növbədə harada olmağımdan asılı olmayaraq, mənəvi rahatlıq tapmalıyam. İndiki həyatımdan məmnunam. Çünki məni şəxsi mənada sıxan heç nə yoxdur. İşimin də, evimin də öhdəsindən gələ bilirəm. İnsanların işdəki, evdəki münasibəti məni qane edir. Hazırkı vəziyyətə görə heç nəyi dəyişmək istəmirəm. Amma təbii ki, insan getdikcə dəyişir. İndiyə qədər bir neçə dəfə ailə vəziyyətim və səhhətimlə əlaqədar xaricdə təhsil imkanlarından imtina etmişəm. Planlaşdırıram ki, ən yaxın vaxtda bu arzumu gerçəkləşdirim. Çox güman ki, biznes sahəsində təhsilimi davam etdirəcəyəm, amma karyera üzərində konkret “məhz bu yerdə olmalıyam” deyə bir şey yoxdur. Ən önəmlisi ailəm və uşağımdır. Bununla bərabər, karyera və təhsil, fəal vətəndaş olmaq və s. nə mümkündürsə, edərəm. Bəlkə 40 yaşımda yenə də bu vəzifədə qalacam, bu, zamana bağlı məsələdir. Hər halda hansısa hədəflər, planlar mütləq olmalıdır. Əks təqdirdə, nəyəsə can atmırsansa, həyat mənasızdır.

Lalə MUSAQIZIUğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">