Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret
Dörd ilə yaxın vaxt keçsə də, I Avropa oyunlarının xatirələri
tükənmək bilmir. Görünür, Yay Olimpiya Oyunları səviyyəsində baş tutan bu
möhtəşəm yarışın xoş təəssüratları hələ uzun illər "köhnə qitə"nin
yaddaşından silinməyəcək. Şübhəsiz ki, yerli idmansevərlər üçün oyunları
unudulmaz edən məqamlar daha çoxdur. Bu baxımdan, ilk növbədə təmsilçilərimizin
yüksək səviyyədə çıxışını qeyd etmək lazımdır. Xatırladaq ki, Azərbaycan
komandası 56 medalla yalnız Rusiyadan geri qalmaqla, ikinci olmuşdu. Bu gün
tarixi oyunlarda ölkəmizin aktivinə ilk medalı yazdıran idmançıdan - karate
üzrə qadınlardan ibarət yığmamızın kapitanı İlahə Qasımovadan söhbət açacağıq.
Sadəcə, tamaşaçı kimi...
Qasımova İlahə İlqar qızı 14 oktyabr, 1992-ci ildə Bakıda dünyaya
gəlib. İlahənin karateyə gəlişi 9 yaşına təsadüf edib. Uşaqlıqdan döyüş
filmlərini, əsasən də Brüs Linin çəkildiyi kinoları izləməyi sevsə də, əslində,
ilk vaxtlar niyyəti peşəkar karyera qurmaq olmayıb. Qasımova karateyə gəlişinin
sırf təsadüf olduğunu deyir. Belə ki, tez-tez evlərinin yaxınlığında fəaliyyət
göstərən karate zalına gedib-gələn qızcığaz, Cahangir Babayevin keçdiyi məşqlərə
baxa-baxa yapon döyüş təlimini sevməyə başlayıb. Bir müddət sonra isə sözügedən
mütəxəssisin təklifi ilə özü də məşqlərə qatılıb. 10 yaşında respublika
birinciliyində bürünc medalı boynundan asan İlahə, ardınca qonşu Gürcüstanda və
Rusiyanın müxtəlif şəhərlərində baş tutan yarışlara da qatılaraq, mükafatçılar
sırasında yer alıb. Beləcə, karateyə qarşı sevgisi birə on artıb.
Valideynlərinin və Cahangir müəllimin böyük dəstəyini hiss edən Qasımova,
potensialına güvənərək, gələcəyini tatamiyə bağlamağı qərara alıb.
Bu arada, nəzərə çatdıraq ki, qəhrəmanımız hələ də Babayevlə birgə
çalışır.
Uğurların davamı
Aşağı yaş kateqoriyalarında dəfələrlə ölkəmiqyaslı yarışlarda
fərqlənən, davamlı olaraq beynəlxalq arenalarda mükafata layiq nəticələr
qazanan İlahənin ən diqqətçəkən uğuru 2010-cu ilə təsadüf edib. Belə ki, o,
həmin ildə Yunanıstanda baş tutan gənclərin dünya kubokunda fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. 2012-ci ildə Bakıda təşkil olunan Avropa
birinciliyində isə bürünc medalı boynundan asıb. 2012-ci ildə həm də ənənəvi
karate (şotokan) üzrə gənclərin dünya birinciliyinin qalibi olan Qasımova, bu
uğuru növbəti il də təkrarlayıb. Bu arada o, "Doha Open" və bu kateqoriyadan
olan turnirlərdə də bir neçə dəfə fərqlənib.
"Heç kim onu udacağımı
gözləmirdi"
"Bakı-2015" I Avropa Oyunlarında əsas ümid yerimiz güləş və
boks idisə, taekvondo və o zamanlar olimpiya növü olmamasına rəğmən, yarışın
proqramına salınan karatedən də gözləntilərimiz az deyildi. Mütəxəssislər ən
azından iki "qızıl" qazanacağımızı planlaşdırırdı. Tatami ustalarımız
isə gözləniləndən də yaxşı səviyyədə mübarizə aparıb, yarışın startındaca
bizləri, dördü qızıl olmaqla, altı medalla sevindirdilər. Yuxarıda
vurğuladığımız kimi, ilk medalımızın sahibi də 55 kiloqram çəki dərəcəsində
yarışan Qasımova olur. Belə ki, Lüksemburq, Türkiyə və Xorvatiyadan olan
həmkarları ilə bir qrupda yer alan İlahə, yalnız adı sonuncu qeyd olunan
ölkənin təmsilçisi ilə dueldən məğlub ayrılaraq, qrup ikincisi kimi yarımfinala
adlayır. Burada o, adlı-sanlı rəqibi, sonradan oyunların qalibi olan fransalı Emili
Toya uduzur. "Bürünc" medal üçün ispaniyalı Kristina Qarsiya Ferrerə
seçim yeri buraxmayan İlahə, adını Azərbaycan idman tarixinə əbədi həkk
etdirir: İlk Avropa oyunlarının ilk azərbaycanlı medalçısı. Qürurvericidir!
Yarışdan sonra verdiyi müsahibədə isə Qasımova deyirdi: "Avropa
Oyunlarına 2 ilə yaxın idi ki, hazırlaşırdıq. Məşqlərimi mütəmadi davam
etdirirdim. Bilirdim ki, yarışa gələn qızların heç biri məndən artıq deyil. Özümə
daim bu cür təsəlli verirdim. Doğma meydanımızda medalsız qalmaq istəmirdim.
Bunu heç vaxt özümə bağışlamazdım. İlk rəqibim Avropa çempionu idi. Heç kim onu
udacağımı gözləmirdi. Digər rəqiblərim kimi, ikinci rəqibim də güclü idi. Bəlkə
də, rəqiblərimin meydana rahat çıxmaları və özündən əminlikləri mənim
qalibiyyətimə kömək etdi. Udanda heç bilmədim hansı reaksiyanı verim. Ağlayım,
yoxsa sevinim?! Çox qəribə hisslər idi. Qələbə qazananda öncə müəllimə işarə
elədim ki, qələbə sizin üçündür. Cahangir müəllim çox həyəcanlı idi. Bu
qələbəni çoxdan gözləyirdik".
Bu uğurdan sonra o, Azərbaycan prezidenti İlham Əliyevin fərmanına
əsasən, "Tərəqqi" medalı ilə təltif edildi. Öz dili ilə desək, Avropa
oyunları 22 yaşlı İlahənin həyatında əsl dönüş nöqtəsi oldu.
Doğma "divarlar"
arasında daha bir nailiyyət
"Bakı-2015"dən sonra ölkə idman camiəsinin diqqət mərkəzinə
düşən qəhrəmanımız, üzərində əvvəlkindən ikiqat artıq məsuliyyət hiss etməyə
başlayır. Növbəti uğurlar da özünü gözlətmir. 2016-cı ildə Avropa çempionatının
komanda yarışında çempion olan Qasımova, növbəti ilin mayında Bakıda təşkil
olunan daha bir mötəbər yarışda - IV İslam Həmrəyliyi Oyunlarında fərqlənir.
Finala qədər qarşısıalınmaz olan İlahə, yalnız misirli Yasmin Attiayla bacarmır
- 2-3.
İdmandan uzaqlaşmaq
istəyirdi...
Bu yaşadək kifayət qədər adından söz etdirib, bəlli bir pilləyə çatsa
da, "hələ əsas hədəflərimə çatmamışam" deyir. Hər bir idmançı kimi o
da böyüklərin dünya və Avropa çempionatının mükafatçıları sırasında yer almaq,
Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq arzusundadır. Uğura gedən yolun
gərgin məşqlərdən keçdiyini anlayan təcrübəli karateçi, usanmadan, yorulmadan
hazırlığını davam etdirir. Deyir ki, əvvəllər bir neçə dəfə karateni buraxmaq
fikrinə düşsə də, son illər bu haqda ümumiyyətlə, düşünmür: "Bir ara
uğursuzluq zolağına düşmüşdüm deyə, idmandan getmək istəyirdim. Lakin
bacarmadım. Əslində, gedəsi bir yerim də yox idi. İdman mənim bacardığım yeganə
işdir. Məşqlərdən uzaqlaşdığım vaxtlarda daha aydın hiss elədim ki, mən
karatesiz yaşaya bilmərəm".
"Qızınız oğlumuzu
döyüb"
Təbiətcə çox sakit olan İlahə, istənilən halda, təmkinini pozmur.
Dediyinə görə, bu günə qədər sadəcə, bir dəfə əks cinsin nümayəndəsinə gücünü
göstərmək məcburiyyətində qalıb: "Mənim işim ancaq qızlarladır. O da
sadəcə, tatamidə. Həyatda xoşuma gəlməyən insanlar olub. Amma heç vaxt onları
döymək fikrim olmayıb. Oğlanlarla məşqdə döyüşürük. Bizim onlara heç vaxt
gücümüz çatmaz. Ola bilər ki, 1-2 xal irəli keçək. Amma oğlanlar bizi hər zaman
məğlub edir. Heç vaxt oğlanla tatami üzərinə çıxmaq istəmərəm. Həyatda da
oğlanlarla döyüşmərəm. Çünki ümumiyyətlə, davakar deyiləm. Həm də oğlanla
küçədə döyüşməyi özümə sığışdırmaram. Heç vaxt idmançı olduğumu bildirmirəm və
bildirmək də istəmirəm. Əgər kimsə həddini aşarsa, onda nəsə etməyə məcbur
olaram. İndiyədək bircə dəfə oğlana istəmədən cavab vermək məcburiyyətində
qalmışam. Qonşu oğlan mənə söz atırdı. Bu, çox davam etdi, bir dəfə özümdən
asılı olmayaraq ona yumruq vurdum. Gözünün altı şişmişdi. Valideynləri gəlib mənim
valideynlərimə deyiblər ki, qızınız oğlumuzu döyüb. Düzdür, həmin oğlan sonra
çox peşman oldu, üzr istədi. Özüm də pis oldum, gərək o cür bərk
vurmazdım".
Evdən məşqə, məşqdən evə...
Ənənəyə çevrilən kumir və hobbi ilə bağlı suallarımızı İlahə belə
cavabladı: "Kumirim yoxdur. Heç vaxt özümü kiməsə bənzətmək istəməmişəm.
Hobbiyə gəldikdə, açığı, əlavə məşğuliyyətə çox da vaxtım olmur. Evdən məşqə
gedirəm, ordan da evə dönürəm. Çox yorğun oluram deyə, gələn kimi yatıram. Boş
vaxt tapanda isə komanda yoldaşlarımızla, məşqçimizlə görüşüb, söhbətləşirik. Hərdən
də dostlarla kinoya gedirəm".
Portret
"Təsadüf” adlandırdığı karate ilə tanışlıq, onu hazırkı pilləyə
çatdırıb. Əbəs yerə demirlər ki, təsadüflər zərurətdən yaranır. "Karate
mənim yaşam tərzimdir" deyən Qasımova, bu gün özünü ən xoşbəxt idmançılardan
biri hesab edir. Özünü xoşbəxt hiss etməsi üçün səbəblər isə yetərincədir.
Ələlxüsus, İlahə ölkəmizdə kifayət qədər tanınır, sevilir. Təəccüblü deyil ki,
o, bir neçə olimpiya mükafatçımızla birgə "Bakı-2017" IV İslam
Həmrəyliyi Oyunlarının idmançı səfirləri arasında da yer almışdı.
Portretini formalaşdırarkən, idman uğurları ilə yanaşı, digər pozitiv
xüsusiyyətlərini vurğulamasaq, olmaz. Gülərüzlüyü, səmimiliyi ilə seçilən
Qasımova, zahiri gözəlliyinə görə də daim diqqət mərkəzindədir. Yəqin
razılaşarsınız ki, ilk baxışdan onu idmançıdan çox, məşhur geyim brendinin
reklam simasına bənzətmək olar. Elə özü də deyir ki, karateçi olmasaydım, çox
güman modellik peşəsini seçərdim.
Sahib