• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Tarixə düşəcək 11-cilər - Araşdırma

08.05.20 11:00 2322
Tarixə düşəcək 11-cilər - Araşdırma
Ekspertlər bildirirlər ki, məzunlar "Son zəng"ə deyil, qəbul imtahanlarına fokuslanmalıdırlar

"Müəllimlərimiz, valideynlərimiz üçün xüsusi çıxışlar hazırlayıb, mahnı sözləri yazmışdıq. Sinif olaraq studiyaya gedib mahnı səsləndirməyi düşünürdük. Həmçinin, müxtəlif rəqs kompozisiyaları təqdim edəcəkdik. Heyf ki, heç birini edə bilməyəcəyik”.
Bu sözləri bizimlə söhbətində 11-ci sinif şagirdi Mərziyyə Aslanova dedi. Bəli, artıq bir müddətdir ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası Mərziyyə kimi bütün 11-ci sinif şagirdlərinin son zəng sevincini, qurduqları xəyalları ürəklərində qoydu.
Həmsöhbətim son zəngi böyük həvəslə gözlədiklərini deyir: "Nəinki bütün sinif, hətta, məktəb olaraq son zəngə hazırlaşırdıq. Amma son zənglə bağlı arzularımız heyf ki, həyata keçməyəcək. Heyf ki, düşündüklərimizin heç birini edə bilməyəcəyik. Ən çox ona görə pis oluruq ki, 11-ci sinfin son aylarını evdə keçirdik. Bunu yaşayan hər kəs bilir ki, məktəbin son sinfinin son ayları bir ömür unudulmayacaq xatirələrlə dolu olur. Şagirdlər bir neçə ay sonra ayrılacaqlarını bilərək doğmalaşırlar, müəllimlər şagirdlərlə daha çox vaxt keçirir. Lakin biz bunları yaşaya bilmədik”.

"Heç bir üzrlü səbəb uğurun yerini tuta bilməz”
Qəbul imtahanına hazırlaşmaqdan söz düşmüşkən, Qoşqar Məhərrəmov bildirir ki, heç bir səbəb uğura gedən yolda bizə maneə olmamalıdır: "Şagirdlər başa düşməlidirlər ki, dərs oxumaq, imtahana hazırlaşmaq onların məsuliyyətidir. Tədqiqatlar göstərir ki, bu mərhələdə müəllimin rolu 30 faizi keçmir. Daxili motivasiyası yüksək, idmanla məşğul olan, stressi özündən uzaq edən, depressiyaya düşməyən şagirdlər pandemiya dövrünü üstünlüyə çevirdi. Evdə olduqları dönəmi fürsət bilib fərdi olaraq dərslərini oxuyub, bilmədiklərini müəllimlərindən soruşdular. Həmçinin də onlayn dərslərə qoşulmaqla bu dönəmi ən az zərərlə keçirdilər. Amma əksinə, özlərini stressə saldılarsa, "müəllim yanına gedə bilmirəm”, "onlayn dərslər də keyfiyyətsizdir” və s. kimi bəhanələr gətirib dərs oxumaqdan yayındırlarsa, bilsinlər ki, bunlar uğurun yerini tutmur. Atatürkün çox gözəl bir sözü var, deyir ki, "heç bir üzrlü səbəb uğurun yerini tuta bilməz”. Yəni pandemiya dönəmini bəhanə gətirməməlidirlər. Ona görə şagirdlərə tövsiyəm budur ki, stressi tamamilə uzaq tutsunlar, heç nəyi bəhanə etməsinlər, dərslərinə fokuslanıb uğura doğru addımlasınlar. İnsanlar bilməlidirlər ki, öhdələrinə düşəni edirlərsə, onlardan asılı olmayanları boş verməli, nəticəyə qarışmamalıdırlar. Nəcib Fazil Qısakürəyin belə bir şeiri var:
Toxum səp bitməzsə, torpaq utansın.
Hədəfə çatmayan mizraq utansın.
Hey gidi köhlən at, qaçmağına bax,
Çatlasan, doğuran qısraq utansın.
Düşünürəm ki, bu şeir şagirdlərimiz üçün əsl motivasiya mənbəyi olacaq. Yəni öz üzərlərinə düşəni etsinlər, qalanını isə həyatın öhdəsinə buraxsınlar”.
Ekspertlərin də fikirlərindən aydın olur ki, son zəngin olmamağı elə də ciddi məsələ deyil. Bir müddət sonra ilin istənilən vaxtında yenidən bir araya gələrək kiçik yığıncaqla bunu həll etmək olar. Amma qəbul imtahanı sadəcə bir gün olacaq və növbəti illərinin aqibətini müəyyən edəcək. Ona görə də hazırda 11-cilərimizin qarşısında duran əsas hədəf qəbul imtahanı olmalıdır. Bütün mənfi fikirləri, emosiyaları bir kənara qoyub imtahana hazırlaşmalı və uğura gedən yolda qətiyyətlə addımlamalıdırlar.
Günel Azadə

banner

Oxşar Xəbərlər