“Synergy Baku” Şimali Kiprdə yarışacaq
Bu gün
Lefkoşada II Beynəlxalq velosiped yarışı start götürəcək. Şimali Kipr Türk
Cümhuriyyətinin himayədarlığı ilə 16-18 fevralda baş tutacaq bu idman
mübarizəsində 16 ölkəni təmsil edən 18 komanda iştirak edir. Bunların arasında
Almaniya, Bolqarıstan, Fransa, İtaliya, Qazaxıstan, Makedoniya, Ukrayna,
Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və s. ölkələrin komandaları var.
Azərbaycanı
bu yarışda bir çox beynəlxalq velosiped turlarında uğurlu çıxışı ilə yadda
qalmış "Synergy Baku” komandası təmsil edir.
Müxtəlif ölkələrdən gəlmiş velosipedçilərin "Yaşam sürdükcə... sürdükcə
kəşf et” şüarı altında həyata keçirilən bu idman mübarizəsi dörd mərhələdən
ibarətdir. Beynəlxalq yarışmanın təşkilatçıları onun yadda qalması üçün maraqlı
marşrut seçiblər. Belə ki, 250-yə yaxın idmançının iştirak edəcəyi və çoxsaylı
qonaqların da izləyəcəyi yarışma ölkənin paytaxtı Lefkoşadan start götürəcək və
bir neçə mərhələdə (Karpaz limanı, Magusa şəhəri, Girne şəhəri və Lefkoşa
məhəlləsi) davam edəcək. Ümumi uzunluğu 182 kilometr olan marşrut Aralıq
dənizinin mənzərəli sahillərini əhatə etməklə, gözoxşayan dağ ətəklərindən
keçəcək və sonda tarixi-mədəni əhəmiyyəti danılmaz olan Lefkoşada yekunlaşacaq. Qeyd edək ki, artıq ənənə şəklini alan bu
beynəlxalq yarışmanın keçirilməsində başlıca məqsəd Şimali Kipr Türk
Cümhuriyyətində insanların gümrahlığına və sağlamlığına xidmət edən velosiped
idmanını geniş yaymaq və onun daha da inkişaf etdirilməsinə nail olmaqdır. Bu
idman mübarizəsindən istifadə edərək, bu il də dünyanın qabaqcıl velosiped
turizmi mərkəzlərindən biri olmağa iddialı olan Şimali Kiprin əlverişli coğrafi
özəlliyini, özünəməxsus iqlimini, gözoxşayan təbiət guşələrini və tarixi-mədəni
abidələrini başqalarına tanıtmaq da yerli təşkilatçıların niyyətlərindəndir.
Təşkilatçılar tədbirin yaddaqalan
olmasını təmin etmək məqsədilə yarışmanın son günü üçün maraqlı mədəni proqram
hazırlayıblar. Qaliblərin mükafatlandırılmasından sonra paytaxtda gerçəkləşəcək
"Velosiped festivalı”nda müxtəlif idman performansları nümayiş olunacaq, musiqi
bayramı təşkil ediləcək.
Aysel Əliyeva,
Lefke
Avropa Universitetinin magistri