Ölü dənizin

Ölü dənizin "öldüyünə" şahidlik edən oğlan - Səyyah

Gənclik qəzeti
01 Noyabr 2019, 12:00 869
Deyir ki, səyahət etməyə uşaq yaşlarından başlayıb və bir çoxunu da tələbə vaxtı reallaşdırıb. İşlədikdən sonra isə bu ənənəni davam etdirib. 25 ölkə, 100-ə yaxın şəhərdə olub. "Səyyah” rubrikamızın budəfəki qonağı "Agro Food İnvestment” şirkətinin Aqrar layihələr üzrə mütəxəssisi Ramil Azməmmədovdur. Onunla İsrailə səfəri haqqında həmsöhbət olacağıq.
 
- Ramil bəy, müsahibə üçün ölkə seçimini sizin istəyinizə uyğun olaraq İsrail seçdik. Maraqlıdır, 25 ölkə arasından nə üçün bu ölkəni seçdiniz?
- Aqrar sahədə çalışdığım üçün İsrail, mütləq getməli olduğum ölkələrdən biri idi və qərar vermişdim ki, ora gedəcəyəm. Nə üçün İsraildən danışmaq istəyimə gəlincə isə çox maraqlı ölkədir, ora ilə bağlı sosial mediadan, dostlardan çox eşidirik. İsrail, haqqında stereotiplərin çox olduğu ölkələrdəndir. Ona görə, bu ölkədən danışmaq istədim.
 
- İsrail deyəndə bir çoxlarının ağlına top, tüfəng, silah, müharibə gəlir. Sizin vasitənizlə oranın turistik tərəfini də öyrənmək istəyərdik.
- (Gülür) Haqlısınız, İsrail haqqında mövzu açılanda, ən çox eşidilən sözlər bunlar olur. Yəni həmin ölkə haqqında xoş xəbərə nadir hallarda rast gəlirik. Hətta getməzdən əvvəl orada olan dostlar xəbərdarlıq etdilər ki, ölkəyə girişdə sərhəddə ən azı 2 saat saxlayacaqlar, sorğu-sual olacaq, yəni incidəcəklər, İsrailə gəlmək elə də rahat deyil. Amma mən ölkənin öz dəvəti ilə getdiyim üçün ciddi problemlə qarşılaşmadım. 5 dəqiqəyə pasport məsələlərini həll etdim. Aeroportdan şəhərin mərkəzinə doğru gedəndə, əvvəl eşitdiklərimdən əsər-əlamət yox idi. Məsələn, mərkəz şəhərlərindən biri olan Tel-Əviv Avropanın ən gözəl şəhərləri ilə müqayisə olunacaq dərəcədə turistik, beynəlxalq şəhərdir. Hər kəs öz işində, əyləncəsindədir.
 

 
- İsrailə səfəriniz nə zaman olub?
- 2018-ci ilin oktyabr ayında getmişəm. Kənd Təsərrüfatı Nazirliyində təşkil edilən 20 günlük bir layihə var idi. Həmin layihədə iştirak etmək üçün müraciət etmişdim. Onlar da qəbul edib, dəvət məktubu göndərmişdilər.
 
- Ora səfər etmək üçün viza tələb olunur, yoxsa, hər kəs səfər edə bilər?
- Bəli, İsrailə getmək üçün Azərbaycan vətəndaşları üçün viza tələb edilir. Amma bu, çox ciddi və çətin prosesdir. İsrail səfirliyi bu günə kimi getdiyim, gördüyüm və eşitdiyim ən ciddi təhlükəsizlik sisteminə malikdir. Ayaqqabının tikişindən, çəkisindən tutmuş, kəmərin hər santimetrinə qədər diqqətlə baxırlar ki, içində birdən silah-filan keçirmiş olarsan. Təhlükəsizliklə bağlı suallar verilir, yalnız "hə” və "yox” cavabı verməlisən. "Bəli”,  "xeyr” cavabları sorğunun yenidən başlamasına səbəb olur . Məsələn, məndən soruşdular ki, üzərində soyuq silah var? "Xeyr”  dedim. Bu zaman xahiş etdilər ki, sual, cavab zamanı "hə” və ya "yox” deyim. Qapıdakı yorucu təhlükəsizlik prosesindən keçib içəri girəndə, görürsən ki, gülərüz işçilər oturub. Görüş bitəndən sonra, hətta durub səni qapıya qədər yola salırlar. Yəni bayaqkı təhlükəsizlik işçiləri ilə bu işçilər tam ayrı dünyanın adamlarıdır. Təhlükəsizlik xidməti göstərdikləri münasibət ilə "İsrailə getmə”, içəridəkilər isə "qapıdakılara fikir verməyin, siz İsrailə mütləq gedin” deyir.
 
- İsraili qədim, yoxsa müasir ölkə adlandırmaq olar?
 - İsrailin həm qədim, həm də müasir hissələri var. Məsələn, Tel-Əviv şəhərinin böyük bir hissəsi çox müasirdir, qalan hissəsi isə qədimliyini  qoruyub saxlayıb. Ölkənin ən qədim yeri Qüds şəhəridir. Mənim üçün müqəddəs şəhəridir. Çünki həm xristian, həm müsəlman, həm də uidizmə aid məkanlar bu şəhərdə yer alır.
 
- Hansı maraqlı adət-ənənələri var?
- Orada qaldığım 20 gün müddətində, ən çox diqqətimi çəkən bazar günü işləmələri oldu. Şənbə günü onlarda dini bayram sayılır. Heç yerə getmirlər, həmin gün heç bir mağaza işləmir.  Hamı evində oturub dini ayinləri yerinə yetirir, istirahət edirlər. Həmin müddətdə texnologiyadan da istifadə edə bilməzlər. Hətta avtobusa, maşına belə minməməlidirlər. Şəhər boş görünür, turistlər üçün çox sıxıcı olur.
 
- 20 gün ərzində neçə şəhərə baş çəkə bildiniz?
- Bütün şəhərlərini gəzə bilmədim, cəmi 3 – Tel-Əviv, Hayfa və Qüds şəhərlərində oldum. Hər biri özünəməxsus həyat tərzi ilə seçilir.
 

 
- O zaman bir az həmin şəhərlərin özünəməxsusluğundan danışaq.
- İlk olaraq Tel-Əvivdən danışım. Hava limanından şəhər mərkəzinə təxmini 20 dəqiqəlik yoldur və taksi ilə 70-80 dollara gəlmək olur. Eyni zamanda pulsuz avtobus da fəaliyyət göstərir. Çox gözəl, təmiz, rahat, həm də çox bahalı və dinamik şəhərdir. Qaldığımız otel dənizdən 5 dəqiqəlik məsafədə yerləşirdi. Hər axşam 1-2 saatlıq şəhər turuna çıxırdıq. Gecə hər addımbaşı restoran, kafe və barlarda oturub yeyib-içən, deyib-gülən adamları görmək mümkündür. Dəniz qırağında gecə-gündüz qaçan, idman edənləri görəndə, elə bilirsən ki, bütün Tel-Əviv idmanla məşğuldur. Stress, qayğı və hər hansı bir problemdən əsər-əlamət yoxdur. Orada olarkən Ölü dənizə də baş çəkdik. Dəniz, doğrudan da ölüb, sadəcə özünə deyən yoxdur (gülür). Kosmetika şirkətləri dənizin cənub hissəsini kiçik hissələrə bölərək qurudub, oradakı minerallardan kosmetika istehsal edirlər. Dənizin suyu ildən ilə ciddi şəkildə azalmağa başlayıb. Bir səbəbi yağıntının olmamağı, digər səbəb isə kosmetika istehsalıdır. Amma Ölü dənizdə suyun üstündə uzanmaq gözəl təcrübədir. Məktəbdə coğrafiya dərsində müəllimimiz deyirdi ki, orda duzun miqdarı o qədər olur ki, suyun üstündə uzanırsan, amma batmırsan. Uşaqlıqdan maraqlı gəlirdi, canlı şahidi oldum, çox maraqlı yerdir. Suyun üstündə uzandım və istirahət etdim (gülür).

Tel-Əvivdən sonra ən çox Hayfa şəhərini sevdim. Daha yaşıl, havası gözəl və ruhu olan bir port şəhəridir. "Bahai Garden” hissəsindən baxanda qismən Bakıya oxşatmaq olur.

Daha sonra Qüdsə getdik. Tel-Əvivdən saat yarımlıq məsafədə, Ölü dənizin yaxınlığında yerləşən, dünyanın ən qədim və müqəddəs şəhərlərindən biridir. "Köhnə şəhər” adlanan hissənin, adından məlum olduğu kimi hər addımı tarixdir. Bir tərəfdə yəhudilərin ibadət etdikləri sinaqoq, bir tərəfdə xristianların ziyarət etdiyi kilsə, digər tərəfdə də müsəlmanların ibadət etdikləri məscid yerləşir. Burada çox asanlıqla "Yerusəlim sindromu”na tutulmaq mümkündür. Məscidlərin yerləşdiyi yerə keçmək üçün İsrail, ərəb polisindən keçməlisən. Normalda bura gələn dostlarım və tur rəhbərimiz demişdi ki, hazır ol "Quran”dan sorğu-sual edəcəklər. Polislərə yaxınlaşdıq, sadəcə haralı olduğumuzu soruşdular. Məscidlərin girişində duran mühafizəçi də, sadəcə "salam aleykum” deyir və səndən də "aleykum salam” cavabını gözləyir. Şəhərdəki bütün mağazalarda qiyməti ən azı 50 faiz endirmək olur. Çünki ilk soruşanda, ağıllarına gələn qiyməti deyirlər və sən də başlayırsan qiymət öldürməyə (gülür).
 
- Yerli mətbəx haqqında nə deyə bilərsiniz?
- Yerli mətbəxlə bağlı maraqlı bir hadisənin şahidi olduq. Demək, qaldığımız otelin yanında yerli ailə restoranı var idi, anası bişirirdi, oğlu xidmət göstərirdi. Biz hər dəfə ora gedənə "bu gün sizə özəl olaraq İsrail mətbəxinin ən dadlı yeməyini hazırlamışıq” deyirdilər. Yeməyin adını soruşanda maraqlı, fərqli bir ad eşidirdik, amma gətirəndə baxırdıq ki, bizim dolmadır. O biri gün yenə fərqli ad, amma görünüşcə bizim aşa oxşayır. Maraqlıdır ki, yerli mətbəx kimi təqdim etdikləri, əslində, osmanlıdan keçmədir.

 
- Yaşamaq üçün də bu ölkəni seçmək olar?
 - Açığı, yaşamaq üçün mənə elə də cəlbedici gəlmədi. Çünki iqlim şəraiti və dinlə bağlı bəzi məsələlərdən dolayı, yaşamaq üçün əlverişli deyil. İstirahət və gəzmək üçün maraqlı ölkədir, amma daimi yaşayış üçün yox.
 
- Ora getmək istəyənlərə nələri məsləhət görərdiniz?
- "Səhranın ortasında necə gözəllik qurmaq, az miqdarda resurslarla nələr əldə etmək, bu qədər ciddi siyasi problemlərin arasında necə böyük bir dövlətə çevrilmək olar” sualına cavab tapmaq istəyənlər mütləq İsrailə getməlidir. Getmədən əvvəl səfirliklə ciddi işləmək, onların tələblərini mütləq yerinə yetirmək lazımdır. Çünki çox ciddi qaydaları var. Düzdür, sorğu-sual çox olur, bu da normaldır. İsrail xalqı üçün ən əsas məsələlərdə biri təhlükəsizlikdir. 20 gün içində işimlə bağlı çox şey öyrəndim. Həmçinin bunu da bildim ki, İsrail üçün həyatı əhəmiyyət daşıyan iki məsələ var: təhlükəsizlik və su. Hakimiyyətə gəlmək istəyən istənilən siyasətçi xalqı bu iki məsələdən əmin etməlidir ki, onun səsini ala bilsin.
 
Günel Azadə