• şənbə, 27 Aprel, 00:28
  • Baku Bakı 14°C

Sürət, həzz, həyəcan… - Reportaj

10.06.16 12:04 2374
Sürət, həzz, həyəcan… - Reportaj
Sürət, həzz, həyəcan… Odlar Yurdunun sürətin zirvəsində olacağı günə artıq sayılı günlər qalıb. İyunun 17-18-və 19-u Bakının mərkəzi küçələri dünyanın ən məşhur 22 "Formula 1” pilotunun sürət yarışındakı gərgin rəqabətinə səhnə olacaq.
Biz də paytaxt Bakıda "Formula 1” yarışmasına hazırlıq işlərini işıqlandırmaq və şəhərin mərkəzindəki yeniliklərlə tanış olmaq üçün yarışın keçiriləcəyi mərkəzi küçələrə yollandıq.
Şəhərdə işlər sürətlə davam etdirilir. Artıq iyunun 14-dən etibarən Avropa Qran Prisində iştirak edəcək komandaların texniki heyətləri və pilotlar ölkəmizə təşrif buyuracaqlar.
9 tribuna, 20 döngə
Neftçilər prospekti, Hökumət evi və Qız qalasının qarşısı kimi əsas mərkəzi hissələrdən keçəcək bolidlər üçün qarajlar artıq tikilib, bəzi küçələrdə təhlükəsizlik baryerləri quraşdırılıb. Yarış qülləsi adlanan pit binası kompleksində təmir işləri bitib, son hazırlıqlar görülür.
"Formula 1” avtomobillərinin yarış halqası bəllidir. Yollar yarış standartlarına uyğun təmir olunub. Yarış halqaları 9 tribunadan, 20 döngədən ibarətdir. Belə ki, yarış iştirakçıları Abşeron tribunasından start götürüb, elə bu tribunada da turu bitirəcəklər. Marşrut xətti Xəzər, İçərişəhər, Filarmoniya, Azneft, Qız Qalası, Muğam, Sahil, Bulvar tribunalarından keçəcək. Ən böyük tribuna Azadlıq meydanında salınır.
Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer deyir ki, tribunaların artıq 7-si quraşdırılıb: "Yarışdan sonra tribunalar söküləcək. Artıq 7-si quraşdırılıb, hazırda Abşeron tribunasında inşa işləri davam edir. Doqquzuncu tribuna isə Four Season hotelinin qarşısında quraşdırılacaq. Artıq İçərişəhər, Azneft, Sahil, Qız Qalası, Filarmoniya, Bulvar və Xəzər tribunalarında tamamlanma işləri görülüb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il "Formula 1” Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyunun 16-dan əvvəl başa çatdırmaq əzmindədir”.



"Təəccübləndim”
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək, Bakı Şəhər Halqasında hazırlıq işlərinin gedişatı ilə yaxından tanış olub.Vaytinq və onun komandasının ötən ay keçirdiyi təftişdən cəmi bir neçə həftə sonra baş tutan sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların "Formula 1” Qran Pri yarışının keçirilməsinə hazırlıq səviyyəsi bir daha qiymətləndirilib. Aparılan hərtərəfli təftiş işlərindən sonra Vaytinq son işləri tamamlanmaqda olan şəhər trekindən böyük məmnunluğunu ifadə edib: "Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək, trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”.

Ucuz biletlər qurtarıb

Biletlər Bakı Şəhər Halqasının rəsmi səhifəsində onlayn satılır. Biletləri www.bakucitycircuit.com veb səhifəsindən almaq mümkündür. "Formula 1” fanatları Park Bulvar AVM, 28 Mall, Port Baku TC, F1 əyləncə mərkəzində və Su İdmanı Sarayında fəaliyyət göstərən bilet satış mərkəzlərindən də bilet əldə edə bilər. Ötən ilin dekabrından satışa çıxarılan biletlərdən qiyməti 30-140 manat arası olanlar artıq qurtarıb. Hazırda satışda qalan biletlərin ən ucuzunun qiyməti 190 manat təşkil edir.
Xəzər və Bulvar tribunasının biletləri 190 manata təklif edilir. Bu tribunalardan bilet alanlar bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanına sahib olacaqlar. Digər tribunalar yarış məkanının müxtəlif strateji məkanlarında yerləşdirilib və azarkeşlərə həm şəhərin füsunkar mənzərəsini, həm də nəfəsçəkən yarış anlarını yaxından izləməyə şərait yaradır.


"Böyük həyəcan və ajiotaj var”
Ən bahalı biletlər isə 4 min manatdır. Bilet qiymətləri haqqında məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyir ki, 4 min manatlıq biletləri onlar müəyyənləşdirməyib. Onun sözlərinə görə, bahalı biletlər Paddok Klub (Paddock Club) deyilən yerə aid biletlərdir ki, qarajların üstündə yerləşir: "Həmin yerlərə olan biletləri əsasən şirkətlər alır. Dünyada, adətən iş adamları, şirkətlər öz qonaqlarını həmin yerlərə bilet alıb dəvət edirlər, özləri üçün xüsusi otaqlar ayırıb VİP qonaqlarını qarşılayırlar. Həmin yerlərə biletin qiymətini isə biz yox, "Formula 1” özü müəyyən edir. Tribunalarda olan yerlər üçün qiymət 19 dollardan başlayır”. N.Arpadarai qeyd edib ki, dekabrdan biletlər satışa buraxılıb, azərbaycanlılarla yanaşı, əcnəbilər də maraq göstərir: "Bilet Azərbaycan vətəndaşlarına 20-40 faiz endirimlə satılır. Dekabrda satış başlayanda ən ucuz biletimiz 19 dollardan başlayırdı. Bu, birgünlük ayaqüstü olan yerlərə aid idi. Üçgünlük biletlər isə 89 dollar civarında təqdim olunurdu. Satışda qalan hazırki biletlərin qiyməti 90 dollardan 590 dollaradək təklif edilir”.
Təşkilat nümayəndəsi vurğulayıb ki, qiymətə sırf "Formula 1” yarışı daxil deyil: "Üçgünlük yarışlar üçün bilet alan şəxs bu müddət ərzində səhərdən axşamacan "Formula 1” şəhərciyində yerləşən əyləncə mərkəzlərinə sərbəst şəkildə daxil ola biləcək. "Formula 1” saatyarım davam edən yarışdır. Ondan öncə GP 2 yarışı keçiriləcək, bileti olan insanın həmin yarışa da baxmaq imkanı olacaq. Bulvar ərazisində çoxsaylı əyləncəli məkanlar olacaq, 3 böyük səhnə quraşdırılacaq. Bütün bunlar bilet alan şəxslər üçün ödənişsiz təklif ediləcək. Bundan başqa, onlar həm də üç gün ərzində dünya ulduzlarının konsertinə giriş əldə edirlər. Xarici ölkədə Enrike İqlesiasın konsertinə bilet 100 dollardan aşağı olmur. Amma "Formula 1” üç dünya ulduzunun - Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın konsertini təklif edir. Həmçinin pilotlarla avtoqraf sessiyalar da mümkündür. Bu baxımdan təklifləri ayrı-ayrılıqda hesablasaq, "Formula 1” biletinin qiymətləri baha deyil. O qiymətə həm konsertlər, həm "Formula 1” yarışları, həm pilotlarla görüş, eyni zamanda çoxsaylı əyləncələrə qatılma imkanı var. Bir sözlə, bilet alan insan səhərdən axşamacan əyləncəli gün yaşayacaq”.
Onun fikrincə, 10 mindən çox turistin gələcəyi gözlənilir: "Biz hələ bir neçə ay öncə deyirdik ki, satışdan razıyıq. Hotellərdə satışlar kifayət qədər yaxşı gedir. Çünki biz bu layihəyə biznes layihəsi kimi baxırıq. "Formula 1” həm təbliğat, həm də turizm potensialının inkişafı baxımından fayda verəcək. Artıq bir neçə hoteldə yerlər tutulub. Böyük həyəcan və ajiotaj var. Bilet satışının intensivliyi göstərir ki, düşündüyümüz kimi, 10 mindən artıq turist ölkəmizə səfər edəcək”.


Əsas tribuna
Ən böyük tribuna Abşeron tribunasıdır. Bura 5 min izləyici tutumuna malikdir. Bu tribunada yarışları izləmək istəyənlər 750 AZN ödəməlidir. Abşeron tribunası yarışı dəqiq və yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşir. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına (əsas tribuna) bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcanverici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları Pit Yolu, start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər.
Qeyd edək ki, 30 minə yaxın tamaşaçı eyni anda "Formula 1” yarışını tribunalardan canlı izləyə biləcək.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər