AZE | RUS | ENG |

Su dostu, üzgüçülük həyat tərzi olan xanım - Portret

Su dostu, üzgüçülük həyat tərzi olan xanım - Portret
O, Azərbaycanın ən gənc olimpiyaçısıdır

Güləş, cüdo, boks üzrə mötəbər yarışlardan medal gözləyib, uğursuzluğa tənqidlə reaksiya verməyimiz nə qədər təbiidirsə, bəzi idman növlərinə səbir və ehtiyatla yanaşmaq bir o dərəcədə məqsədəuyğundur. Məsələn, biz, indi üzgüçülükdən dünya, olimpiya medalları tələb edə bilmərik. Əks halda, ədalət prinsiplərini pozmuş olarıq. Çünki ənənələr arasında böyük fərq var. Üstəlik, dünya səviyyəli üzgüçülərin yetişməsi üçün xeyli müddət lazımdır.
Bədən tərbiyəsi və idmanın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edən Azərbaycan dövləti, bu gün üzgüçülüyün kütləviləşməsi istiqamətində ciddi addımlar atır. Bölgələrdə tikilən, bir qayda olaraq yüksək keyfiyyətli hovuzlarla təchiz olunan olimpiya kompleksləri, o cümlədən beynəlxalq standartlara tam cavab verən Su İdman Sarayı sözügedən məsələyə əsaslı nümunədir. Nəticədə, uşaq və yeniyetmələrin bu idman növünə axını çoxalıb. Artıq ilk uğur qığılcımları da yaranıb. Üzgüçülərimiz mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edir, "səfər"lərdən əliboş dönmürlər. İnamla demək olar ki, böyük uğurlar çox da uzaqda deyil. Bu yazıda sizi, yüksək perspektiv vəd edən yeniyetmələrdən biri - az yaşına rəğmən, Azərbaycanın üzgüçülük simasına çevrilmiş Fatimə Alkərəmova ilə daha yaxından tanış edəcəyik.
 
Valideynləri narazı idi
 
Alkərəmova Fatimə Vüqar qızı 2002-ci ildə Bakıda dünyaya göz açıb. Üzgüçülüyə bir qədər gec - 10 yaşında başlayıb. Bununla belə, su ilə tez "dostlaşıb". Sağlamlıq naminə, yaxınlıqdakı "Sərhədçi" Olimpiya İdman Kompleksinə gedib-gələn Fatimə, dörd ay sonra məşqçisi İlqar Həsənlinin məsləhəti ilə "Şən delfin" Bakı açıq birinciliyində çıxış edərək, 50 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. Bu nailiyyət qəhrəmanımızı daha da həvəsləndirib. Beləliklə, maraqlarını peşəkar istiqamətə yönəldib. Valideynləri əvvəlcə narazılığını bildirsə də, Fatimə, inadkarlığı ilə onları yola gətirməyi bacarıb.
Fatimə, sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin qız nəvəsidir. Atası ixtisasca hüquqşünas, anası isə fizika müəlliməsidir. Ziyalı ailənin övladı olan Alkərəmova, beşinci sinfə qədər dərslərini əla qiymətlərlə oxuyub. Bu arada o, musiqi məktəbində pianino təhsili də alıb. Üzgüçülüyə başladıqdan sonra seçim arasında qalaraq, musiqi təhsilini dayandırmalı olub. Anası həkim, atası musiqiçi kimi görmək istəsə də, 10 yaşlı Fatimənin sadəcə, bir arzusu vardı: Üzgüçü olmaq.
Peşəkar məşqlərə Zamir Əzizovun yanında başlayır. Çox keçmir ki, ölkədaxili nailiyyətlər qazanır. Dəfələrlə ölkə çempionu, Bakı şəhər birinciliklərinin qalibi olur. Nəticədə beynəlxalq yarışların qapısı üzünə açılır. Fatimə, ilk yarışındaca rekord göstərici ilə yadda qalır. O, Belarusun Reçitsa şəhərində keçirilən yeniyetmələr arasında "Nadejda" kubokunda 50 metr məsafəyə sərbəst üzmədə bütün rəqiblərini qabaqlayaraq, yarışın rekordunu təzələyir. Ardınca Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan böyüklər arasında beynəlxalq turnirdə 1 qızıl, 3 bürünc medalla yadda qalır. Latviya açıq çempionatından isə vətənə 2 qızıl, 1 gümüş mükafatla dönür. Bu arada o, Kazanda baş tutan böyüklərin dünya çempionatının da iştirakçısı olur.
 
Ən gənc olimpiyaçımız
 
Sadalanan göstəricilər sayəsində dördilliyin zirvə yarışında iştirak hüququ qazanır. 14 yaşında Rio Yay Olimpiya Oyunlarında çıxış etməklə, tarixə ən gənc olimpiyaçımız kimi düşür. Sərbəst üsulla 100 metr məsafəni 59.43 saniyəyə qət edən Fatimə, 48 üzgüçü arasında 41-ci nəticə göstərir. Bununla da, ona bəslənən ümidləri doğruldur. Yarışdan sonra verdiyi iddialı açıqlamanı xüsusi qeyd eləmək lazımdır: "Əvvəllər 100 metr məsafəni bir dəqiqədən tez üzə bilmirdim. Mənim üçün bu, yaxşı nəticədir. Əsas arzum olimpiya rekordunu yeniləməkdir. İnanıram ki, vaxt gələcək, məqsədimə çatacağam".
2017-ci ilin martında Sloveniya açıq çempionatında rekord göstərici ilə yadda qalır. Bir ay sonra Belarus açıq çempionatında iştirak edərək, yekunda 1 qızıl, 2 gümüş medal qazanır.
 
Vətəndə iki "bürünc"
 
Mayda ölkəmiz daha bir mötəbər idman yarışına - İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu mötəbər yarışda iştirak etmək hər bir idmançı kimi Alkərəmova üçün də böyük şərəf və məsuliyyət idi. "Fatimə sınaqdan üzüağ çıxdı" deyə bilərik. 4 x 100 metr məsafəyə sərbəst estafet yarışlarında Alsu Bayramova, Yuliya Stisyuk və İlahə Rəciyeva ilə birgə çıxış edən Alkərəmova, 4 dəqiqə 8.37 saniyə nəticə ilə bürünc medala layiq görüldü. 4 x 100 metr məsafəyə kompleks estafet yarışlarında o, eyni heyətlə birlikdə 4 dəqiqə 34.42 saniyə nəticə ilə ikinci dəfə fəxri kürsünün üçüncü pilləsində yer aldı.
İki ay sonra isə Macarıstanın Györ şəhərində baş tutan Avropa Gənclər Olimpiya Festivalında həm şəxsi rekordunu müəyyənləşdirir, həm də ölkə tarixində ilkə imza ataraq, final mərhələsinə yüksəlir. Dediyinə görə, bu, karyerasının ən unudulmaz məqamlarıdır. Belə bir mötəbər idman tədbirində finala yüksəlib, beşinci nəticə göstərmək, 15 yaşlı üzgüçü üçün həqiqətən də əla göstəricidir.
 
Təəssüf, amma...
 
Alkərəmova, uğurlu çıxışlarını davam etdirməklə, yeniyetmələr arasında dördilliyin zirvə yarışına vəsiqə əldə edir. Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan sayca üçüncü Yay Olimpiya Oyunlarında Fatimə, 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çıxış edir. Lakin gözlədiyi nəticəni əldə edə bilmir. Belə ki, o, təsnifatdaca mübarizəni dayandırmalı olur.
"Məğlubiyyətlər məni yolumdan döndərə bilməz. Belə uğursuzluqlar böyük zəfərlərə doğru gedən yolun tərkib hissəsidir. Yalnız zəiflər ruh düşkünlüyü yaşayıb, işi yarıda buraxırlar. Güclü insanlar isə dərs çıxarıb, səhvlərini götür-qoy edir. Mən özümü iradəli insan hesab edirəm", deyir - Fatimə.
Yeri gəlmişkən, Alkərəmova Azərbaycan tarixində yeganə idmançıdır ki, əvvəlcə böyüklər, ardınca isə yeniyetmələrin olimpiadasında iştirak edib.
 
"Dünyaya üzgüçü olmaq üçün gəlmişəm"
 
"Başqa hansı idman növündə özünü sınamaq istəyərdin" sualımıza "dünyaya üzgüçü olmaq üçün gəlmişəm" cavabını verir. "Heç vaxt peşman olmamışam. Uşaqlıqdan su ilə aram yaxşı olub. Su mənim dostum, üzgüçülük həyat tərzimdir. Azərbaycanın adını, vətənimin üçrəngli bayrağını dünya üzgüçülük arenalarında zirvələrə qaldırmaq ən böyük arzumdur" deyərək, sözlərinə davam edir, vətənpərvər qızımız.
 
Mütəxəssis fikri
 
Üzgüçülük üzrə yığma komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov danışır: "Fatimə çox perspektivli üzgüçüdür. Ən əsası, fiziki, funksional göstəriciləri üzgüçülüyün tələblərinə tam cavab verir. Bizim ona inamımız böyükdür. Bu aralar nəticələrində durğunluq olsa da, ümid edirəm ki, hər şey qaydasına düşəcək. Əslində, bu durğunluq təbiidir. Üzgüçülük mürəkkəb komponentləri özündə birləşdirən, nəticələrin mövsümə görə dəyişdiyi idman növüdür. Durğunluq barədə konkret səbəb demək olmur. Kimsə deyirsə, deməli, həmin adamın bu idman növündən anlayışı yoxdur".
 
İntellektual

Fatiməni bir çox xüsusiyyətlərinə görə, nümunəvi idmançı adlandıra bilərik. Cəmi 16 yaşı olmasına rəğmən, əzmkar, qətiyyətli xarakterə, bir sözlə, əsl çempion ruhuna sahibdir. Bundan başqa, intellektual səviyyəsi yüksəkdir. İngilis və rus dillərini bilən qızımızın, mütaliə ilə arası əladır. Əsasən bədii ədəbiyyat nümunələrinə üstünlük verir. Ən çox sevdiyi müəllif isə Amerika yazıçısı Daniel Kizdir. Fatimə deyir ki, idmançı tək məşqlərlə kifayətlənməməli, zehni cəhətdən də özünü inkişaf etdirməlidir. Hazırda "Zəngi" liseyinin XI sinif şagirdi olan Alkərəmova, ali təhsilini Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almaq niyyətindədir.
Gələcəyini bütünlüklə idmana bağlayan Fatimənin dostları da bu peşənin sahibləridir. Dediyinə görə, həmkarları ilə dostluğu daha uğurlu alınır. Ən böyük dəstəkçiləri isə valideynləridir. Ata və anası demək olar ki, bütün beynəlxalq yarışlarda onun yanında olurlar. "Mənə qarşı həm dövlətimizin, həm də ailəmin böyük diqqət və qayğısı var. Üzərimə düşən vəzifə bu etimadı layiqincə doğrultmaqdır" deyir.
Digər növlərdə ölkəmizi təmsil edən idmançıların çıxışlarını da diqqətdə saxlayır. Güləş və boks yarışlarına xüsusi həvəsi var. Bəyəndiyi idmançı yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevdir.
Kumiri Maykl Felpsdir. Qadınlar arasında isə macarıstanlı üçqat olimpiya çempionu Katinka Hossuya pərəstiş edir. Arzusu Hossunun rekordlarını yeniləməkdir. Arzularının ardınca, gələcəkdə üzgüçülüyün böyük ənənələrə söykəndiyi xarici ölkələrdən birinə getməyi düşünür. Lakin istənilən halda, Azərbaycan bayrağı altında çıxış etməyi qarşısına məqsəd qoyub.
 
Portret

"İmkansız deyə, bir şey yoxdur. Yetər ki, işin içində ağıl və zəhmət olsun. Heç nəyə limit qoyma. Nə qədər çox xəyal qursan, o qədər uğurlu olacaqsan". Əfsanəvi Felpsin bu sözlərini Fatimə, həyat prinsipinə çevirib. O, uzun yolun başlanğıcındadır. Əminliklə demək olar ki, əzmi, peşəsinə tükənməz bağlılığı ilə hələ çox zirvələri fəth edəcək. Portretini çəkmək də çətin deyil: İnadkar, optimist və gülərüz.
Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN