Sosial şəbəkənin fenomen atası və ailəsi...- AİLƏ
Əsmət Rüstəmova: "Qızlar onlara sərhədlər qoyan oğlanlardan uzaq olsunlar”
Hər bir ailənin xoşbəxt olmasının, kiçik dövlətlərini
uğurla idarə etməsinin bir sirri var. Onların sirri ailədə qarşılıqlı olaraq
bir-birlərini anlamaqdan və pozitiv olmaqdan keçir. Deyirlər ki, bir-birləri ilə
danışmağa o qədər mövzuları olur ki, 10 dəqiqə belə küsülü qala bilmir, gün ərzində
yaşananları bölüşmək üçün bir-birlərinə "qaçırlar”.
"Ailə” rubrikamızın budəfəki qonaqları Rüstəm Rüstəmovla
Əsmət Rüstəmovadır. Müsahiblərimizin
Sofiya və Adelina adlı əkiz qızları var.
Məlumat üçün bildirək ki, Rüstəm bir çox atalardan
fərqli olaraq, dünyaya gələn əkiz övladlarının əziyyətini həyat yoldaşı ilə
birlikdə çəkir. Müsahibimiz adətən anaların etdiyi bütün işləri görür və təcrübəsini
"instaqram” səhifəsində gənc analarla bölüşür. Əsas məqsədi uşaq böyütmək işinə
ataları da cəlb etmək olan Rüstəm "İnstagramın” məşhur, fenomen atasıdır.
Həmişə olduğu kimi, cütlüklərin tanışlıq tarixçəsindən
başlayaq...
"Görüşə gəlmək
istəmirdi”
4 ildir ki, bir həyatı bölüşən cütlüyümüz əslində
uzaq qohum olublar. Lakin bir-birlərini xeyir-şər işlərində görüblər. Bir dəfə
də məclislərin birində Rüstəm Əsməti görüb və ona münasibət təklif edib: "Qohum
olsaq da, bir-birimizi yaxşı tanımırdıq. Düzünü desəm, mənim üçün qadının
xarici görünüşü mühüm rol oynayır. Əsmətin xarici görünüşünü çox bəyənirdim.
Toylardan birində diqqət etdim və gördüm ki, həm də pozitiv xanımdır. Toy şəkillərini
göndərmək məqsədilə qohumlardan Əsmətin nömrəsini aldım və ona yazmağa
başladım. Əsmət başa düşmürdü ki, mən qohum niyyətilə danışmıram. Görüşmək istəyəndə
Əsmət bəhanələr uydururdu. Mənimlə
görüşmək üçün canfəşanlıq etmirdi. Hər görüşümüz 5-6 dəfə xahiş etdikdən sonra
baş tuturdu”.
"18 yaşlı gəlin”
Əsmətin həmin vaxt 18 yaşı olduğu üçün bu münasibət
o qədər də rahat alınmayıb. Rüstəmlə aralarında 7 yaş fərq olması Əsməti
narahat edib: "Yaşım az idi və mən təhsil almaq istəyirdim. Ona görə heç bir
münasibətə hazır deyildim. Onlar da mənə söz verdilər ki, bizim münasibət sənin
oxumağına mane ola bilməz. Həqiqətən də belə oldu. Ailə qurduqdan sonra ali təhsil
almaq üçün Rüstəm və ailəsi mənə hər şəraiti yaratdı. Onlar özləri də məni təhrik
edirdilər ki, oxumaq lazımdır. Artıq 4-cü kursdayam. İmtahan ərəfəsidir.
Yoldaşım da mənə dəstək olur, evdə uşaqlara kömək edir”.
"Əsmətlə
yenidən cavanlaşdım”
Rüstəm düşünür ki, evlilik məsələsində təkcə iki gəncin
qərarı yox, ailələrin də qərarı önəmlidir: "Ailələr bir-birlərini mütləq
tanımalıdır və sevməlidir. Evlilikdə əsas sütunlarından biri budur. Bizim xoşbəxtçiliyimiz
onda idi ki, ailələr bir-birini əvvəldən tanıyırdı. İlk dəfə Əsmətin ailəsi də
yaş məqamına görə narahat oldular. Biz söz verdik ki, Əsmətin təhsil almasına şərait
yaradacağıq. Sonra Əsmətlə bir yerdə mən də yenidən tələbəlik həyatı yaşadım,
onunla yenidən cavanlaşdım”.
Əsmət deyir ki, 18 yaşı olmasına baxmayaraq, Rüstəmə
inanmasının və onu seçməsinin səbəbi Rüstəmin sevgilidən öncə onunla dost kimi
davranmasıdır: "Rüstəm güvənə biləcəyim insan idi. Sevgilidən, həyat
yoldaşından da vacib, mənə dost idi. Hər sirrimi, sözümü onunla bölüşə bilirəm.
Rüstəm problemlərimi dinləyə biləcək insandır. O, insanı başa düşən, ailəcanlı,
ən əsası, müsbət fikirli yaxşı insandır”.
"Küsmək də
olar, amma yerində...”
Rüstəmi isə Əsmətin gözəlliyi və pozitivliyi çəkib:
"Əsmətin xarici görünüşünü çox bəyənirdim. Bundan sonra hər dəfə bir yerə gedənə
bir-birimizi kəşf edirdik. Əsmətin ən çox bəyəndiyim xüsusiyyəti kinli olmamağıdır.
Mən küsmək məqamına çox diqqət edirəm. İnsanın həyatında hər problem, söz-söhbət
ola bilər. Küsmək də olar, amma yerində... Əsmət elə insandır ki, küsə bilər,
amma 5 dəqiqədən sonra barışar. Kinli deyil. Barışdıqdan sonra da əvvəlki söhbəti
açmır. Mənim üçün insanlarda diqqət etdiyim ən mühüm cəhət kinli olmamağıdır.
Uzun müddət küsülü qalan insanları sevmirəm. Biz də tez-tez küsürdük, amma tez də
barışırıq. Küsülülük müddətimiz 10 dəqiqədən artıq çəkmir. İndi uşaqlardan
sonra küsməyə də vaxt yoxdur”.
"Salatları
yemək hesab etmirəm”
Cütlüyümüzün bir-birlərində sevmədiyi cəhətə gəldikdə
isə hər ikisi yemək problemindən şikayətlənir. Əsmət deyir ki, Rüstəm yemək məsələlərində
çox problemli insandır: "Hər şeyə danışır. Hər yeməyi bəyənmir. Aclığa dözümü
yoxdur və yeniliyi sevmir. Mən yeni salatlar hazırlayıram, fərqli yeməklər kəşf
edirəm. Lakin Rüstəm bunların əksəriyyətini sevmir”.
Rüstəm: "Mən ənənəvi yeməkləri sevirəm, amma Əsmət
yeni yeməklər kəşf edib bişirir. Məsələn, julyen, ümumiyyətlə, göbələk tərkibli
yeməkləri sevmirəm. Salatları isə xüsusilə yemək hesab etmirəm. Mən tərkibində ət
olan yeməkləri sevirəm”.
Rüstəm isə Əsmətin evdə yemək yeməməyindən şikayətlənir:
"Əsmətin ən sevmədiyim cəhəti evdə yemək yeməməyidir. Məsələn, mən evdən
çıxanda yeyirəm, gedirik. Əsmətdən soruşuram ki, acsan? "Yox” cavabı verir. Elə ki çölə çıxırıq deyir ki, acmışam. Bu günə
kimi də o söhbət gedir. Əsmət gərək çölə çıxa, gəzə, sonra yemək yeyə. Evdə
yemir, çöldə qəşəng yeyir”.
"Küsülü qala
bilmirik”
Cütlüyümüz tez-tez dalaşsa da, bu, uzun çəkmir.
Deyirlər ki, danışılacaq o qədər söhbətlər var ki, uzun müddət küsülü qala
bilmirlər: "Hələ uşaqlar balaca olduğu üçün evdə əsəbi vəziyyətlər tez-tez
yaranır. Hər ikimiz yuxusuz olduğumuz üçün tez özümüzdən çıxırıq. Bir birimizin
xətrinə dəyirik. Bir anlıq hərə öz otağına çəkilir. Amma bir-birimizə danışacaq
söhbətlərimiz olduğu üçün tez darıxırıq. Məsələn, Əsmət küsübsə, ortaya bir söz
atıram ki, bu gün belə bir söhbət olub. Əsmətə də bu, maraqlı gəlir və bizim
küsülülüyümüz yadımızdan çıxır”.
"Sevgi ölmür,
amma bölünür”
Bəzi gənclər düşünür ki, evlilik sevgini öldürür.
Rüstəm bu fikirlə razı deyil, amma düşünür ki, sevgi ölməsə də, dünyaya uşaq gəldikdən
sonra bölünür: "Sevgi ölmür, amma bölünür. Uşaqlar öz sevgi paylarını alırlar.
Əgər əvvəl 100 faiz Əsmətə diqqət göstərirdimsə, indi məcburam ki, yarısını bölüm uşaqlara da verim. Mümkün
deyil ki, 100 faizin hamısı Əsmətə getsin. İstəməyinə istəyirsən, amma sevgini
təqdim etmək məsələsi var. Müəyyən səbəblərə görə, o sevgini əvvəlki kimi təqdim
edə bilmirsən”.
"Qadın
çirkinləşir...”
Əsmət isə düşünür ki, uşaq olduqdan sonra qadın
çirkinləşir və Rüstəmdə ən çox sevdiyi cəhət onun çirkinləşməsini özü bilsə də,
büruzə verməməyidir: "Qadın uşaq dünyaya gətirdikdən sonra əvvəlki kimi olmur.
Az da olsa formasını dəyişir. Amma bunu bilsəm də, Rüstəm məni kompleksə
salmamaq üçün hiss etdirmir”.
Rüstəm: "Uşaqlar olandan sonra diqqət bölündüyü üçün Əsmət
düşünür ki, mən onu əvvəlki kimi bəyənmirəm. Amma səhv düşünür. Əsmət uşaqlardan
öncə çox arıq idi. Ana olduqdan sonra azca kilo aldı. Əksinə, bu, mənə xoş
oldu. Mən bu formanı daha çox bəyənirəm. Mən Əsməti əvvəlki kimi də bəyənirdim,
indiki halını da bəyənirəm”.
"Yoldaşım mənə
göz verib, işıq vermir”
Xoşbəxt ailənin sirrinə gəldikdə isə Rüstəm deyir
ki, xoşbəxtlik düzgün seçimdən başlayır: "İlk olaraq düzgün seçim, sonra
qarşılıqlı anlayış, etibar, hörmət olmalıdır. Mən qadının pozitiv enerji verməsinə,
deyib-gülməsinə fikir verirəm. Düşünürəm ki, insan söhbət edərkən darıxmayacağı
insanla ailə qurmalıdır. İnsan var ki, çox gözəldir amma söhbət edəndə elə bil
soyuducu ilə danışırsan. Əsməti ona görə bəyənirəm ki, həm daxili qəşəngdir, həm də xarici. Azərbaycanda
qəşəng xanımlar çoxdur. Amma daxili gözəllik hər kəsə nəsib olmur”.
Əsmət: "Qızlar ailə qurarkən onlara sərhədlər qoyan şəxslərdən
uzaq olsunlar. Sonra şikayətlənirlər ki, yoldaşım mənə göz verib, işıq vermir.
Ailədə hər şey qarşılıqlı olmalıdır. Hər kəs həyatını normal yaşamalıdır.
Qısqanc tiplər dəhşətli olur. Onlara dəyər
verən, fikirlərinə hörmət edən insanlarla ailə qursunlar”.
Uşaqların tərbiyəsinə gəldikdə isə müsahiblərimiz
düşünür ki, oğlan və qız uşağı arasında fərq qoyulmamalıdır: "Qızlar da
oğlanlar kimi özlərinə inamlı böyüdülməlidir. Məsələn, uşaq yıxıldısa, tez
qaçıb durğuzmaq olmaz. Hər kəs övladını çox sevir, amma uşağın üstündə əsmək
düzgün tərbiyə metodu deyil. Uşaq bir yaşından sonra sərbəst həyata asta-asta
başlamalıdır. Özü dünyanı kəşf etməlidir. Hər şeyi asan əldə edə bilməyəcəyini
öyrənməlidir”.
Gənclərin ən
böyük səhvi...
Gənc ailələrə
məsləhət verən cütlüyümüz deyir ki, gənclərin
ən böyük səhvi ailə quran kimi uşaq dünyaya gətirmələridir: "Biz ailə quranda
yoldaşımın 18 yaşı var idi. O dövrdə uşaq planlaşdırmadıq, çünki hələ özümüz
uşaq idik. Gənclərin ən böyük səhvi odur ki, ailə qurarkən istər mənəvi, istərsə
də maddi baxımdan hazır olduqlarını planlaşdırmadan uşaq sahibi olurlar. Əgər sənin
imkanın buna çatırsa və valideyn olmağa hazırsansa, o zaman uşaq dünyaya gətirməyi
planlaşdır. Bizim qohumlarda belə bir şey var - evlənən gündən uşaqla
maraqlanırlar. "Bir şey var?” kimi suallar gənclərə təsir edir. Belə deyimlərə
fikir verməsinlər. Özləri hazır olanda uşağı dünyaya gətirsinlər. İstər
psixoloji, istər maddi, istərsə də mənəvi baxımdan hazır olmaq vacibdir”.
Aygün ƏZİZ