• cümə, 26 Aprel, 07:38
  • Baku Bakı 12°C

Sosial şəbəkələrdə dostu necə seçək?- Diskussiya

08.09.18 09:00 2756
Sosial şəbəkələrdə dostu necə seçək?- Diskussiya
Sosial şəbəkələr insanların, xüsusilə də gənclərin həyatının önəmli hissəsini "ələ keçirib”. Dostluqlar, xəyanətlər, münasibətlər artıq real həyatdan virtuala keçib. Onlayn dost olur, bəzən bunu realda da davam etdiririk. Lakin hər zaman uğurlu dostluqlar qura bilmirik. Bəs, gənclər sosial şəbəkələrdə dostu necə seçir, dostluq təklifi göndərərkən, yaxud qəbul edərkən hansı nüanslara diqqət edirlər? Ümumiyyətlə sosial şəbəkələrdə ətrafımızı necə müəyyənləşdirməliyik?

Aygün Əlizadə:
- Düşünüərm ki, sosial şəbəkələrdə dost siyahısı hazırlayarkən ehtiyatlı olmaq lazımdır. Çünki müasir dövrdə bizim profilimiz CV rolunu oynaya bilər. Bu gün bizim haqqımızda ən çox məlumat verən mənbə facebook profilimizdir. Mən dostluq təklifini dəyərləndirərkən və seçərkən daha çox həmin şəxsin ana səhifəsində paylaşımlara baxıram. Neqativ paylaşımlar edənləri birmənalı qəbul etmirəm. Daha çox "bu dostdan mən nə öyrənə bilərəm” sualına cavab axtarıram. Əgər paylaşımları mənasız və maarifləndirici deyilsə, o şəxsi qəbul etmirəm.
Yusif Xantəmirov:
- Hazırda sosial şəbəkələrdən tanışlıq və sosiallaşmaq məqsədilə deyil, reklam, dinin təbliği, yaxud siyasi fəaliyyətlər üçün istifadə olunur. Bu səbəbdən seçərkən saxta profillərdən qaçıram. İkinci məsələ, şəklini paylaşmayan, özü haqqında məlumat olmayan insanları qəbul etmirəm. Dostluq təklifi göndərən şəxs tanış deyilsə, onunla ortaq dostlarımıza diqqət edirəm. Neçə ortaq dostumuz var və kimlərdir? Elə ortaq dostlar var ki, onlar həmin adamı dostluğuma qəbul etməyə yetərli səbəb deyil. Bir-iki ortaq dost olsa belə, o demək deyil ki, qəbul etməliyəm. Bu zaman da mərhələli şəkildə araşdırıram. Ən əsası, mənim dostluq prinsiplərimdə məşhur şəxslər ortaq dost sayılmır.
İsa Hüseynli:
- İnsanlar həm həyatda, həm də virtualda dost seçərkən ortaq cəhətlərin olmasına fikir verirlər. Sosial şəbəkələr də belədir. İlk olaraq diqqət etdiyim məsələ odur ki, mənim bu insanla hansı ortaq cəhətim var. Düşüncə tərzimiz, təfəkkürümüz necədir? Mən dostumla eyni təfəkkür və düşüncə tərzində olmalıyam. Bəzi insanlar təhlükəlidir, ehtiyatla davranmaq lazımdır. Digər yoldaşlar vurğuladı ki, ana səhifəyə baxıb necə dost olmasına qərar verirlər. Amma bununla düzgün seçim etmək olmur. Bir çox insanlar elə fikirlər paylaşır, düşünürsən ki, bundan ağıllısı yoxdur. Amma danışdıqca, kiminsə fikirlərini oğurladığının fərqinə varırsan. Hətta yazışma zamanı belə, düzgün cümlələr qura bilməyən, amma fəlsəfi paylaşımlar edən insanlar var. Ona görə də mən yoldaşlarımdan fərqli olaraq, ana səhifəyə baxıb qərar verə bilmirəm. Ana səhifə bizi aldada da bilər. Ancaq həmin insanla ünsiyyət qurduqdan sonra qərar verirəm ki, dostum ola bilər, ya yox.
Nəsibə Aslanova
- Mən məsələyə eyni aspektdən yanaşan insanlarla dostluq etməyi xoşlamıram. Sadəcə dini paylaşımlar, yaxud sadəcə siyasi paylaşımlar edənlər mənə maraqlı deyil. Mənə İsadan fərqli olaraq, öz fikrimdə olan dostları yox, fərqli fikirlərdə olan insanları dinləməyi sevirəm. Çünki eyni düşüncədə olan insanları ətrafıma toplasam, hər şeyə birtərəfli baxaram. Fərqli düşüncəli insanlarla dostluq edirəm, bəyənməsəm, dostluqdan çıxarıram. Sosial şəbəkələrdə real həyatdan fərqli olaraq, istənilən insanı rahatlıqla dostluqdan silə bilərsən. Dostluqdan çıxarmaq bir düymədən asılıdı.

- Şəkilsiz profillərə münasibətiniz necədir?
İsa Hüseynli:
- Profil şəkilsiz belə olsa, məlumatın bir hissəsini görmək olar. Əslində məxfi profillər mənə daha çox maraqlı gəlir. Düşünürəm ki, bu paylaşımı edən insan kimdir. Araşdırıram və elə insanları öyrənmək üçün dostluğuma qəbul edirəm. Bəlkə elə axtardığım insan budur? Mənim üçün şəklin olmaması böyük əhəmiyyət kəsb etmir.

Yusif Xantəmirli:
- Düzdür, oğlanlar da şəkillərini dəyişir. Amma əsasən xanımlar gizlədirlər. Mənim ciddi qəbul etmədiyim nüans xanımların hansısa müğənninin şəklini profil etmələridir. Pişik, mənzərə şəkli o qədər təsir etmir. Amma başqa insanların şəkillərini profil edən insanları dostluğuma qəbul etmirəm.
Aygün Əlizadə:- Oğlanlar da kifayət qədər digər insanların şəkillərini yerləşdirirlər. Bu mənə qəribə gəlir. Əgər oğlan öz şəklini qoymursa, demək özünə güvənmir. Bu da zəiflik əlamətidir.
Nəsibə:
- Mən facebookda şəkillərdən çox fikirlərə baxıram. Şəklin nə olması mənim üçün əhəmiyyətsizdir. Əslində şəkildən də insanın təfəkkürünü, fikrini müəyyənləşdirmək olur. Məsələn, biri var hamının yerləşdirdiyi şəkli profil etmək, biri də var tam fərqli şəkildən istifadə etmək. Bunun özü belə müsbət keyfiyyətdir.
İsa:
- İnsan özünü nə qədər gizlədirsə, başqa insanlar tərəfindən o qədər sirli və maraqlı görünür. Mən, oğlan, yaxud qız fərq etmir, profilində maraqlı şəkil yerləşdirəndə, deyirəm ki, bunu araşdırmaq lazımdır. Şərt deyil ki, dərhal dostluğa qəbul edəsən. Bəzi oğlanlar var ki, mənə dostluq göndərib qəbul etmirəm, amma söhbət edirəm. Hətta bir dostum var ki, facebookda dostluq etmişik, sonra real həyatda da görüşdüm. İndi çox yaxşı dostuq. Dünyada 10 fərqli insan varsa, biri odur. Ondan çox şey öyrənirəm, amma profil şəkli yoxdur. Mən bu dostluğu profil şəkli olmadığı üçün qəbul etməsəydim, bu gün onu tanımazdım.
Nəsibə:
- Sosial şəbəkələrdə məni ən çox narahat edən məsələ insanların müzakirəni davaya çevirmələri, kimisə səhv çıxarmağa çalışmalaırıdır. Hər insan fikri fərqli ola bilər. Amma anlaşılmazlıqda da anlaşmalıyıq.
Aygün:
- Nəsibə ilə razıyam. Sosial şəbəkələrdə özünü asıb-kəsməyə hazır olan tayfa var. Hansısa paylaşımı edəndə ağıllılar gəlib yönləndirirlər. Belə insanlarla əsəblərini korlamamaq üçün dostluq təklifini xüsusi araşdırmalı, yüz ölçüb, bir biçməlisən. Profilinin də məxfiliyini qorumalısan.
İsa:
- Sosial şəbəkədən kimi siyasət, kimi reklam məqsədilə istifadə edir. Əgər sosial şəbəkəyə daxil olursansa, profilinin məxfiliyi nəyə lazımdır? Məxfi etməkdə məqsəd nədir? Bəzən oğlanlar qızla tanışlıq, qızlar oğlan cəlb etmək üçün girirlər. Məxfiliyin olmasını mənasız hesab edirəm. Bir də adi insanların 4 min dostu var. 4 min dostu neynirsən?.. Yazır ki, mesajlar çoxdur, cavab verməyi çatdıra bilmirəm. Çatdıra bilmirsənsə, neynirsən o qədər dostu? Söhbət məşhur adamlar, yazarlar, şairlərdən getmir. "Layk et, layk gör” kimi statuslar mənasızdır. Sosial şəbəkələrdə insanlar bir-birini tanımalı və sosiallaşmalıdırlar.
Yusif Xantəmirov:
- Məxfilik lazımdır. Məsələn, mən professional olmasa da, şer yazırdım. Amma bir gün gördüm ki, başqa səhifələrdə mənim paylaşımlarımı öz adlarından paylaşıblar. Belə hallarla qarşılaşmamaq üçün məxfiliyi qorumalısan.
İsa:
- Əgər insanların oxuması üçün şer yazırsansa, niyə məxfi edirsən? Maraqlı paylaşımları məxfi etmək düzgün deyil.
Nəsibə:
- Sosial şəbəkəni məxfi, yaxud qeyri məxfi etmək insanın şəxsi fikridir. Kim necə istəyir, elə istifadə edə bilir. Bir çox hallarda səhifəni açıq edəndə, şəkillərindən başqa məqsədlər üçün istifadə edirlər. Bu səbəbdən məxfiliyi qorumaq lazımdır.
Aygün:
- Məxfilik məsələsi ilə tam razıyam. Hətta başıma gələn bir hadisəni də bölüşüm. Bir qız (qız profili ilə qeydiyyatdan keçib) mənim profilimdən şəkillərimi götürüb, məni şantaj edirdi ki, əgər mənə kontur yükləməsən, şəkillərini "odnoklassniki”yə yükləyəcəm. Buna görə ehtiyatlı olmaq lazımdır. Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri əslində bizim ona necə yanaşmamızdan asılıdır. Sosial şəbəkələr yeni yarandığı vaxtlar daha faydalı idi. Çünki insanlar daha çox öyrənmək, məlumat əldə etmək üçün istifadə edirdilər. Lakin son 3-4 ildə çox mənasız bir məşğuliyyətə çevrilib. Sanki insanların zövqləri dəyişilib. Lazımlı paylaşımlar bəyənilmir, boş, mənasız statuslar dəyərləndirilir. İnsanlar boş statuslara daha çox maraq göstərilər. Belə halların qarşısının alınması üçün dostluq siyahısına diqqət etməliyik.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər