• cümə axşamı, 18 aprel, 16:16
  • Baku Bakı 22°C

“Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam” - Keçmişdəki mən

26.10.19 09:30 3021
“Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam” - Keçmişdəki mən
Sadə, mehriban kənd ailəsində böyüyüb. 3 bacı, 5 qardaş olublar. O, səkkiz uşaqlı ailənin sonbeşiyidir. Deyir ki, böyükdən balacaya növbə ilə bir-birinin paltarlarını geyinərək böyüyüblər. Təzə paltar alınanda isə, sevincinin həddi-hüdudu olmazmış. Elə ona görə də təzə paltar qoxusunu hələ də çox sevir. Söhbətə başlamazdan öncə "tarixi bir hadisəyə şahid oldun” - dedi, - "Vida” romanını yazıram!”.

Həmsöhbətimiz AYB sədrinin müşaviri, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylidir.

Müsahibim 1961-ci ilin dekabr ayında Cəbrayıl rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Elə uşaqlıq illəri də bu kənddə keçib: "Atam böyük mühasib vəzifəsində çalışıb. Anam universitet oxumasa da, savadlı qadın idi. Hamı kimi bizim də bağımız, bağçamız var idi. Mal-qoyun otarar, ot biçərdik. Öz zəhmətimizlə dolanan ailə idik. Qəribədir ki, iki yaşımda olan hadisələri indiyə kimi xatırlayıram. 5-6 yaşım olanda, böyük qardaşım məni çaya atmışdı. Gördüm ki, boğuluram, məcbur olub birtəhər sudan çıxdım. Elə həmin hadisədən sonra üzməyi öyrəndim. Mənim də dəcəllik etdiyim vaxtlar çox olub. Xüsusən evin sonbeşik oğlu olduğuma görə ərköyün böyümüşdüm. Qonşuların həyətində gördüyümüz mer-meyvəni uşaqlarla birgə dərib yeyərdik. Özümüzün böyük bağımız-bostanımız olmasına baxmayaraq, başqasının bağından nəsə oğurlayıb yemək bizə maraqlı gəlirdi. Uşaqlarla birgə qoyun otardıqdan sonra çayda çimərdik. Ot çalmağa gedəndə isə, ulaqlarımızı yarışdırırdıq”.

Məlum oldu ki, o pulu mən oğurlamışam

Yazıçı o qayğısız illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "Kənddə uşaqlıq illəri qaynar keçir. O qədər maraqlı əhvalatlar olub ki... Bir dəfə əmimgilə getmişdim. Onların həyətində qırmızıpipik, qara bir xoruz var idi. Xoruz üstümə necə cumdusa, cırıldayan taxta pilləkənləri sürətlə çıxıb evə keçdim. Kənddə heç kimin qapısı bağlı olmurdu. Stolun üstündə iki manat gördüm. O dövr üçün iki manat böyük pul idi. Evin balacası olduğuma görə uşaq vaxtı həmişə mağazaya məni göndərirdilər. Qonşumuzun uşağı ilə birgə mağazaya getdik. O iki manata sorma konfet, fit, bir kilo da qənd aldıq. Çünki kənddə bütün kişilər evə qənd alardı. Hələ o vaxta kimi mən bunun oğurluq olduğunu bilmirdim. Elə bilirdim ki, bu pulu özüm qazanmışam. Birdən kəndə hay düşdü ki, bəs, filankəsin evinə oğru girib, iki manatını oğurlayıb. Mənimlə mağazaya gedən oğlan evimizdəkilərə deyib ki, Elçinin iki manat pulu var idi, konfet aldı. Məndən bu iki manatı soruşanda, tapdığımı dedim. Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam. Əmim məni qorxutmaq üçün dedi ki, sənin şəklini "Kirpi” jurnalına verəcəyəm. Bibim də yalandan aldatdı ki, bu hərəkətinə görə səni məktəbə buraxmayacaqlar. Çox pis olmuşdum. Axırda atam gördü ki, pis oluram, mənə iki manat verdi ki, apar bu pulu, haradan götürmüsənsə, ora qoy. Bu hadisə mənim həyat dərsim oldu. Həmin gün başa düşdüm ki, icazəsiz nəyisə götürmək oğurluq sayılır”.

Müsabiqədən keçə bilmədim deyə, peşə məktəbinə getdim

Dərslərini yaxşı oxusa da, məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmir: "Orta məktəbin ilk 4 sinfini öz kəndimizdə oxusam da, 5-ci sinifdən Şükürbəyli kənd orta məktəbinə getdim. Hamı kimi mən də dərsdən qaçırdım, dəcəlliklərim çox olurdu. Amma çalışırdım ki, dərslərimi yaxşı oxuyum. Bütün günü oyun oynadığıma görə anam narahat olurdu. Çünki mənim təhsil almağımı arzu edirdi. Attestatımda demək olar ki, bütün qiymətlər 5 oldu. Amma məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmədim. Müsabiqədən keçə bilmədim deyə, peşə məktəbinə getdim. Traktorçu-maşinist ilk ixtisasım oldu. Dedilər ki, onsuz da universitetə qəbul olmamısan, əsgərliyə getməkdənsə, peşə məktəbində oxu. 86 manat təqaüd verdiklərinə görə peşə məktəbində traktorçu-maşinistliyi oxudum. Peşə məktəbini qırmızı diplomla bitirib əsgərliyə yollandım”.

Hərbi xidmət illəri isə Sibirdə keçib: "Mən piyada qoşunlarında xidmət etmişəm. Atıcılığı yaxşı bacardığıma görə, hərbi xidmətdə topçu idim. O illərdə davalarımız çox olurdu, tez-tez cığallıq edir, dalaşırdıq, hərdən də qonşu kənddəki diskotekalara gedirdik. Yeməkxanada bizim üçün bişirilən yeməklər o qədər bərbad idi ki, yeyə bilmirdik. Tez-tez hərbi dairələrə - təlimlərə gedirdik. Evdəkilər mənim tarix kitablarımı bağlama ilə göndərmişdilər. Boş vaxt tapan kimi tarix oxuyurdum”.

Qəsdən imtahanlara gec gəlirdim

Hərbi xidməti bitirdikdən sonra rayona qayıdan yazıçı, nəhayət 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olur: "Amma mən Moskvada təhsil almaq istəyirdim. Buna görə də iki il oxuduqdan sonra, 1986-cı ildə göndərişlə Lomonosov adına Moskva Dövlət Universitetinə getdim. Hər iki universitetdə tələbəlik illərim çox gözəl keçdi. Yaxşı oxuduğuma görə müəllimlərlə problemim olmurdu. Tələbə yoldaşlarımdan fərqli olaraq mən çox az, imtahana bir gün qalmış oxuyurdum. Çünki yaxşı "bazam” var idi. Qəsdən imtahanlara gec gəlirdim. Tələbə yoldaşlarım da mənimlə birlikdə imtahana girirdilər ki, onlara kömək edə bilim. Ən çox da qızlar məndən kömək istəyirdi.

Moskvada oxuyanda Rasinas adlı müəllim bizdən imtahan götürürdü. Deyəsən, iqtisadiyyat imtahanı idi. Çeçenistandan olan bir qıza kömək etdiyimə görə, müəllim xəbərdarlıq edib dedi ki, öz işinlə məşğul ol. Mən də hazırcavab olduğuma görə müəllimə dedim ki, biz elə öz işimizlə məşğuluq. Müəllim mənə 4, o qıza 5 yazdı. Dərslərə çox az gedərdim. Çünki orada sərbəst rejim var idi. Çalışırdım ki, daha çox gəzim. Moskvanın bütün teatrlarında olmuşam. Bir dəfə dostum Xaqani Tağıyevlə Böyük Teatra bilet almaq üçün üç gecə növbəyə dayanmışdıq. Vaxt tapdıqca konsertlərə gedirdik. Tələbəlik illərim çox zəngin keçib. Təşkilatçı olduğuma görə tez-tez tədbirlər təşkil edirdim. Bunun üçün mənə cəmi 4 saat vaxt lazım idi. Universiteti isə qırmızı diplomla bitirdim”.

Sənə iş taparıq

Hələ tələbəlik illərindən yazılar yazmağa başlayan Elçin müəllim deyir ki, hekayələri mətbuatda dərc olunurdu: "Öz hekayələrimi rus dilinə də tərcümə edirdim. O vaxt iş tapmaq çətin məsələ idi. Həmin ərəfədə Jurnalistlər Birliyinin sədri Hacı Hacıyevlə görüşmüşdüm. Allah ona qəni-qəni rəhmət eləsin, dedi ki, sənə iş taparıq. Kəndə gedib sevdiyim qadınla ailə qurdum. Təxminən bir həftədən sonra şəhərə gələndə mənə dedilər ki, Hacı müəllim səni axtarır. Məni "AZƏRTAC”-da işə götürdülər. Yazılan yazıların adını və müəllifini karta qeyd edirdim. 85 manat maaş alsam da, bu, yaradıcı iş deyildi. Çalışdığım müddətdə jurnalist kimi də fəaliyyət göstərməyə başladım. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətində də çalışdım. Amma orada da çox qala bilmədim. Bir müddət müxtəlif qəzetlərdə və mətbuat orqanlarında işlədim”.

Deyir ki, ilk maaşını "AZƏRTAC”-da işləyəndə alıb: "İlk maaşımı nəyə xərclədiyimi dəqiq xatırlamıram. Amma daha əvvəllər müxtəlif mətbuat orqanlarında qonorarla yazılar yazmışam. Yadıma gəlir, ən çox qonorarı mənə "Azərbaycan” qəzeti vermişdi. 190 manat o dövr üçün çox böyük pul idi. Qəzetin baş redaktoru isə Sabir Rüstəmxanlı idi”.


İlk sevgim qrup yoldaşım idi

1989-cu ilin noyabrında ailə həyatı quran yazıçı deyir ki, evliliyin ilk illərində müxtəlif çətinliklərlə rastlaşıblar: "Ötəri sevgi macərası hər kəsin həyatında olur. Bu, adətən orta məktəb illərinə təsadüf edir. Bizim də gənclik illərimizdə müxtəlif macəralarımız olub. Əslində harada oxumağımdan asılı olmayaraq, məni həmişə çox istəyirdilər. Səmimi və yaraşıqlı olduğuma görə diqqət çəkirdim. Amma ilk sevgim qrup yoldaşım idi. Biz universitetdə bir yerdə oxuyurduq. Orada tanış olsaq da, uzun müddət mənə razılıq vermədi. Beş-altı ildən sonra mənə "hə” cavabı verdi və nəhayət ailə həyatı qurduq. Bu il evliliyimizin 30 illiyi tamam olur. İlk illər müxtəlif çətinliklər yaşadıq. Bir otaqlı yataqxanada qalırdıq. Evə su gəlmirdi. Bir müddət sonra bu problemləri arxada qoyduq”.

İki övlad atası olan yazıçının hazırda bir nəvəsi də var. Deyir ki, nəvəm olandan sonra başa düşdüm ki, insanın həyatı nəvəsi dünyaya gələndən sonra başlayır: "Bir qızım, bir oğlum var. Oğlum 8-ci sinifdə oxuyanda, yaxşı yazılar yazırdı. Lakin fikirləşdim ki, bir ailəyə bir yazıçı bəsdir. Onların həkim olmağını istəyirdim, amma heç biri o sahəni seçmədi. Lakin sevinirəm ki, mənim əziyyətimi yerə vurmadılar. Qızım BDU-nun hüquq fakültəsini bitirib, İstanbul Universitetində magistr oxuyub. Oğlum İngiltərənin Newcastle Universitetini birinciliklə bitirib. Hazırda Frankfurtda maliyyə üzrə təhsil alır. Həyat yoldaşı Ayla xanım da onunla birlikdədir. Dövlətimiz sağ olsun. Dövlət proqramı çərçivəsində təhsil alırlar. Övladların tərbiyəsində ən əsas istiqamət düzgünlük və təmizlikdir. Həmişə istəmişəm ki, onlar ədalətli və düzgün insanlar olsun. Çalışmışam ki, heç vaxt əziyyət çəkməsinlər. Valideynlər həmişə övladlarının xoşbəxtliyini istəyir, amma yanaşmalar müxtəlifdir. Bəziləri istəyir ki, övladları qədər xoşbəxt olsunlar. Mən həmişə övladlarımın xoşbəxtliyini əsas götürmüşəm. Çalışmışam ki, onlar üçün əlimdən gələn hər şeyi edim. Onların təhsil alması üçün çalışmışam. Çünki təhsil gələcəyin zəmanətidir”.

Tövsiyə verməyi sevməsə də, rubrikanın ənənəsinə uyğun olaraq sonda yazıçı gənclərə öz sözlərini ünvanladı: "Bir dost o birindən soruşur ki, necə olur, sən bütün sahələrdə uğur qazanırsan? Dostu cavab verir ki, çünki mənim özümə yazığım gəlmir. Yəni demək istəyirəm ki, insan fədakar olmalıdır. Özünə yazığı gələn insan uğur qazana bilməz. Əgər yıxılırsansa, ayağa qalxıb davam etməlisən. Bilmək lazımdır ki, bütün uğursuzluqlardan sonra uğur gəlir. Sadəcə olaraq, o uğura doğru irəliləmək lazımdır. Arxaya baxmaq lazım deyil. Dayansan, həyata və ideallarına uduzarsan!”
Şəbnəm Mehdizadə









banner

Oxşar Xəbərlər