• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Sofiyanın “bacısı” Bənövşəni yaratmaq istəyən ixtiraçı - İxtira

25.01.19 09:30 3950
Sofiyanın “bacısı” Bənövşəni yaratmaq istəyən ixtiraçı - İxtira
Oxumaq, öyrənmək, araşdırmaq onun üçün istirahətdir. Deyir ki, gecəsini gündüzünə qataraq, həyata keçirdiyi ixtiraların nəticəsini görəndə zövq alır: "Bizim sahə elədir ki, daim inkişaf etmək lazımdır. Bir yerdə dayanmaq olmaz. Gözləmək lazım deyil ki, kimsə ixtira edəcək, mən də istifadə edəcəyəm. Bunu sən özün də edə bilərsən”.

"İxtira” rubrikasının qonağı İlkin Nəsirlidir.

Gəncədə dünyaya gəlib və orta təhsilini də burada alıb. Daha sonra Azərbaycan Texniki Universitetində elektronika, telekommunikasiya və radiomexanika ixtisası üzrə təhsilini davam etdirib: "Təhsil aldığım sahəni çox sevirdim. Tələbəlik illərində də təmir işləri ilə məşğul olurdum. Universiteti bitirən kimi N saylı hərbi zavodda radiomexanika üzrə işə başladım. O iş yeri həyatımda çox böyük rol oynadı. Rəhbərimiz gənc kadrlara üstünlük verirdi və bu da bizdə motivasiya, özünə inam yaradırdı. Zavodda ən cavan mən idim. Buna baxmayaraq, hərbi texnika ilə işlədiyim üçün işim çox məsuliyyətli idi. Daha sonra dərəcəmi artırdılar və yavaş-yavaş müəssisə məni inkişaf etdirdi. İş saatımda kitab oxuyurdum, rəhbərlik görəndə, deyirdilər ki, işdən də önəmli kitabdır. 2 il sonra orada mühəndis vəzifəsinə getdim”.
Müsahibimiz hazırda həmin zavodun Yüksək Texnologiyalar üzrə istehsalat mühəndisi və DR Robot şirkətində elektronika departamentinin rəhbəridir.


- İlkin bəy, adətən, ixtira qabiliyyəti uşaqlıqdan öz siqnallarını verir. Sizdə bu sahəyə maraq nə vaxtdan yaranıb?
- Yadımdadır, qohumlar bizə oyuncaq hədiyyələr, maşınlar gətirirdilər. Mən onlarla oynamağı sevmirdim. Sökürdüm, daha sonra yığmağa çalışırdım. Həmin oyuncağın hazırı deyil, hazırlanma prosesi məni maraqlandırırdı. Qardaşım məndən fərqli olaraq, oyuncaqlarını sevirdi, qoruyurdu. Mən isə pultlu maşın alırdılarsa, düşünürdüm ki, necə olur bu maşın pultla idarə olunur? Bu, mənə daha maraqlı idi. Amma sökdüyüm heç bir maşını yığa bilmirdim. Səbəbini isə sonra araşdırdım ki, keyfiyyətsiz olduğu üçün yığmaq mümkün deyilmiş. Mən yığa bilmədikcə, inada düşürdüm ki, bu, necə ola bilər? Onların yığılma prosesinə o qədər baş "sındırırdım” ki... O vaxt nə internet resurslarımız, nə də o sahəni mənə öyrədə biləcək adam yox idi. Ona görə də, öz bildiyimi edirdim.

Orta məktəbdə oxuyarkən də bu maraq davam etdi. 7-ci sinifdən sonra qaldığım qəsəbənin hamısının kompüterlərini mən təmir edirdim. Atamın Bakıda internet klubu var idi. Elə oldu ki, həmin şirkət bağlandı və orada olan kompüterləri Gəncəyə köçürdük. 40 kompüterdən 5-6-sı işləyirdi. İlk təcrübəmi orada qazandım. Bütün kompüterləri təmir etdim və kurslara kirayə verdim.


- Bəs oyuncaqları sökəndə qardaşınız etiraz etmirdi?
- Onun oyuncaqlarına keçəndə qardaşım əsəbiləşirdi. O, oyuncaqlarına qarşı çox həssas idi. Amma mən də sökməsəydim, qırmasaydım öyrənə bilməzdim.

- "Su damcıları ilə yaranış” çox maraqlıdır. Axar suyun üzərində su damcıları ilə şəkillərin çəkilməsi, yazıların yazılması fərqli görüntü yaradır. Necə ərsəyə gəldi?
- Biz komanda olaraq 3 nəfərik. Bununla bağlı çox araşdırdıq. Daha sonra ultra texnologiya şirkətində proqramçı kimi fəaliyyətə başladıq. Sadəcə öz üzərimizdə işləyirdik ki, su ilə bunu yarada bilərikmi? Həqiqətən çox çətin proses idi. Əvvəllər bunu yaratmaq bizə sadəcə, nağıl kimi gəlirdi. Daha sonra Sabunçu rayonundan təklif gəldi ki, gənclər üçün təhsil mərkəzinə su, fontanla bağlı layihə verək. Su adı eşidən kimi elə beynimizdəki layihəni icra etmək qərarına gəldik. Proyektin mexaniki hissəsini Koreyadan gətirdik. Ən önəmli hissəsi, proqram təminatı və mikro-beyninin yaradılması idi. Hər ikisini özümüz etdik və sıfırdan yaratdıq. Proqram iki hissədən ibarətdir. İstədiyimiz şəkli əlavə edirik su vasitəsilə həmin şəkil canlanır. Damcıların köməyi ilə axar suda istənilən şəkli yarada bilərik. Bu proyekti əcnəbilər edib. İlk dəfə su damcıları ilə qurulmuş mənzərəni "Youtube”da görəndə həsrətlə baxdığımız, əcnəbilərin biliyinə qibtə etdiyimiz günlər var idi. Geri çəkilmədik. Aylarımızı, gecələrimizi verdik, qorxmadıq və ərsəyə gətirdik.


- Layihənin çətin tərəfi nə idi?
- Yaponiyada, Dubayda bu sistemi etmişdilər. Amma Azərbaycanda qətiyyən yox idi. Bizə də bu layihəni verdilər ki, yarat. "Bunu necə edə biləriklə” bağlı heç bir informasiyamız yox idi. Hər bir detalı sıfırdan qurduq. Hər zaman düşünürdüm ki, bunu yapon edə bilirsə, biz niyə bacarmayaq? Beynimizi istifadə etməklə uğur əldə edə bilərik. Gecə-gündüz işləyirdik. 6 ay sırf bu işin üzərində işlədik. 6-da işdən çıxırdıq. 7-dən 10-a qədər yatdıqdan sonra ofisə gedib səhərə qədər işləyirdik. Səhər də yenidən işə gedirdik. İşini sevirsənsə, çətin tərəfi yoxdur. Tək çətinliyim zamandır. Biz işə başlayanda vaxt uçurdu, çatdıra bilmirdik. Amma gecəmizi gündüzə qatsaq da, nəticəni görəndə, bütün çətinlikləri unutduq.

- İlk ixtiranızı necə xatırlayırsınız?
- İlk ixtiram zavod direktorunun mənə verdiyi layihə idi. Led işıqlardan qaçan işıqlar yaratmalı idim. Bunu yaratdıq, hazırda Naxçıvanda parklardan birindədir. İşıqlar bir-birini qovurlar. Çox fərqli və diqqətçəkən işıq formasıdır. Təklif olunan layihənin ilk olaraq beynimizdə canlandırırıq, xəritəsini çəkirik və həmin vaxt beynimizin bizə verdiyi cavab "hə” olursa, onu edirik. "Hə”dən sonra geriyə dönüş yoxdur, onu mütləq yaratmalıyıq.

- Bəs "ağıllı zibil qutusu” nədir?
- Zibil qutusuna yaxınlaşarkən qapaq özü açılır, uzaqlaşanda qapaq bağlanır. Qutu ilə təmas qətiyyən qurulmur. Bu layihəni öz marağımdan yaratdım. Hazırda zavoddadır.


- İxtiraçı olmaq həyat tərzinizə necə təsir edir?
- Mən həyatda çox tənbəl insanam. İxtiranı yaradan əsas səbəblərdən biri də tənbəllikdir. Fiziki iş ardınca qətiyyən qaçan deyiləm. Elektronikanı seçməyimin də əsas səbəbi o idi ki, fiziki işlərdən uzaq durum. Amma bu sahəyə gəldikdən sonra gördüm ki, beyin işi fiziki işdən daha çətindir. Çünki fiziki işlə 1-2 saat məşğul olub istirahət də bilirsən. Amma beyni istirahət etdirmək mümkün deyil. Əgər bir ideya varsa, o həll olunana qədər, 24 saat səni məşğul edir, yatanda da yuxularına girir.

- Bu gün də uşaqlığınızdakı kimi söküb-yığmağa meyillisiniz?
- Söküb-yığmasam da, gözüm daim axtarışdadır. Axırıncı dəfə "Pub”da oturmuşdum, qeyri adi sistem gördüm. Pivəni sən özün süzürsən, sayğac yazır və pulunu ödəyirsən. Bu sistemə baxdım və beynimdə xəritəsini çəkdim ki, bunu necə yarada bilərəm? Sahibinə yaxınlaşdım ki, bunu haradan alıbsınız? Dedi ki, xaricdən gətizdirmişəm. Biz ideya verdik ki, bunu biz yaradaq həm sizə daha ucuz olar, həm də gələcəkdə sistemdə problem olsa, Bakıdan rahatlıqla gəlib düzəldə bilərik. Qiyməti də ikiqat ucuza razılaşdıq. Əslində inanmadılar. Müdir gülə-gülə "edin” dedi. Amma edəcəyimizə qətiyyən inanmırdı. Bizi yola verdilər. Ay yarıma biz o sistemi düzəltdik. Əlavə olaraq, bizim sistemdə sayğacla bərabər, pulu da özü hesablayırdı. Üstəlik, onlar açarla açıb bağlayırdılar. Bizdə kart sistemi idi.


- Azərbaycanda ixtiraçı gənc çox azdır. Sizcə, bu nə ilə bağlıdır?
- Bizdə sürü psixologiyası inkişaf edib. Bir nəfər nəyinsə arxasınca gedirsə, bacaran da, bacarmayan da - hamı onun ardınca qaçır. Hələ ki, o axın bu sahəyə gəlməyib. Biz bakalavrı bitirəndə 300 nəfər idik. 300 nəfərdən 5-6 nəfər hazırda bu sahə ilə məşğul olur. İkinci səbəblərdən biri odur ki, elektronika sahəsində yaşlı müəllimlər tədris edir. Bu, çox müasir sahədir. Nanotexnologiyanın inkişaf etdiyi bir vaxta lampalardan dərs keçən müəllimlər var. Amma insanların özün də az günah yoxdur. Əgər bir şəxs istədiyini müəllimdən ala bilmirsə, onu haradansa almağa çalışmalıdır. Bu tələbat məsələsidir. Öyrənməyə tələbat olmalıdır. Mən çox oxuyur, araşdırıram. Bizim sahə elədir ki, daim inkişaf etmək lazımdır. Bir yerdə dayanmaq olmaq. Gözləmək lazım deyil ki, kimsə ixtira edəcək, mən də istifadə edəcəyəm. Bunu sən özün də edə bilərsən. Səhv etməkdən qorxmayın. Hər nə sənətdə olursan ol, işinin ən yaxşısı ol. Çünki ən yaxşı olduğun halda, həmişə rəqabət içində olursan. Rəqabət sənə yenilik gətirir. Başqa cür ayaqda durmaq mümkün deyil. Beyin, bilgi azadlığı olan yerdə, aşılmayacaq heç bir problem yoxdur.

- Sonrakı nəsil elektronikaya çox maraqlıdır. Sizcə, perspektiv varmı?
- Bu olmalıdır. Çünki külək artıq istiqamətini biz tərəfə tutub və gəlir. Biz bazara indi çıxmışıq. Öyrəndiyimizi də öyrətməliyik. Günümün 6-7 saatını öyrənməyə, araşdırmağa həsr edirəm. Öyrənmək mənim dincəlmək metodumdur. Nəyisə öyrənəndə, sevincdən uçuram. Bu, əsil istirahətdir. Öyrəndiyimi də öyrətməkdən zövq alıram. İnanıram ki, gələcək nəsil bu sahəni daha çox inkişaf etdirəcəklər.


- Həm də tədrislə məşğulsunuz?
- Çalışdığım zavodun mütəxəssislərinə tədris edirəm. Hazırda 20-30 tələbəm var. DR Robot şirkətində də tədris edir, təcrübəçi hazırlayırıq. Bundan əlavə, 2 aya tədris proqramını təqdim edəcəyik. Orada həm uşaqlar, həm də mühəndislər üçün xüsusi proqram nəzərdə tutulub. Əsas məqsəd isə ustalara təhsil verməkdir. Bu gün ustalarımızın 70 faizi şablonla işləyirlər. Yoxlama metodunu bilmirlər. Məsələn, telefonun ana kartında qısaqapanma olanda, bunu düzəldə bilmirlər. Bu gün "iphone 10” var, sabah "15” çıxanda bizim ustalar düzəldə bilməyəcəklər. Yaxud təzə, fərqli model telefon aparanda, onu geri qaytarırlar. Bu, problemdir. Bu proqrama hazırlaşmaq üçün ilk olaraq kitab hazırlayıram. Bizim bu sahədəki kitabların dili çox ağırdır. Sanki professorun oxuyacağı dildədir. Bizdə elmi sözlərdən çox istifadə edilir. Bu da, bu sahəni öyrənmək istəyənlərə yorucu gəlir. Elektronika elektronları hərəkət etdirir. Onun gördüyü işi insan gözü görmür. Onları elə izah etmək lazımdır ki, maraq yaransın və tez başa düşülsün. Mən tədris metodikamı fərqli qururam. "Youtubda” öyrədəcəyim sahənin videolarına baxıram. Ən rahat metodikanı tapır, özüm öyrəndikdən sonra fərqli formada izah edirəm ki, rahat anlaşılsın.

- Gələcək planlarınız nədir?
- Gələcəkdə Sofia kimi robot sistemi yaratmaq istəyirəm. Əslində bu, çox rahatdır. Beyin hissəsini yaratmışam, amma mexaniki hissəsi qalıb. Bədəninin formasını qurmaq lazımdır. Adı isə Bənövşədir. Ümumiyyətlə, yaratdığım bütün ağıllı sistemlərin adını Bənövşə qoyuram.

- İlkin bəy, sizin sənətdə uğurlu olmağın sirri nədir?
- Daim işləmək, oxumaq, araşdırmaq. İxtiraçı ilk olaraq təmirlə başlamalıdır. Təmirlə elementlərin yerini öyrənirsən. Artıq beynində xəritə yaranır. Mən iki il sırf təmirlə məşğul oldum. Bundan başqa, fərqli düşünsəniz, kiçik nailiyyətləriniz ölkə daxilində böyük sayıla bilər. Qırmaqdan, dağıtmaqdan, sındırmaqdan qorxmaq lazım deyil. Beynin söndüyü an, sən ölmüş insansan. Problem varsa, o, həll etmək üçündür.

Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər