Sığorta yığımları ilə ödənişlər arasındakı böyük fərq
Ekspert deyir ki, bazar inkişaf etdikcə, fərq də azalacaq
İcbari
sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və
ya 17.1 mln. manat artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən
məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 522.5 mln. manat məbləğində sığorta haqqı
toplanıb, 201.7 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5%
və ya 3.6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4.9
mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət
icbari şəxsi sığortası (9% və ya 1.1 mln. manat artım) növləri olub. Vergi
sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi
güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması
ilə əlaqədar, ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi
əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə
xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə 29% (8.1 mln. manat) artım olub. Ödənişlərdə keçən ilin müvafiq
dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə 10.4 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası
üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.6 mln. manat
artım olub. Azalma isə əsasən tibbi sığorta (1 mln. manat) və hərbi
qulluqçuların dövlət icbari şəxsi sığortası (2 mln. manat ) üzrə olub.
Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən
asılı olaraq dəyişib.
Sığorta
yığımları ilə sığorta ödənişləri arasındakı fərq nisbəti 321 milyon manata
yaxındır. Bəs görəsən bu fərq nisbətinin belə böyük olmasının səbəbləri nədir?
Ümumiyyətlə, dünya təcrübəsində ümumi situasiya necədir?
Sığorta üzrə mütəxəssis Kamran Babayevqeyd etdi ki, mənfəət normasının yüksək olmasının bir sıra səbəbləri var.
Mütəxəssis bildirdi ki, sığorta bazarı inkişaf etdikcə, bu fərqin aradan
qalxacaq: "İnkişaf etmiş ölkələrdə belə, mənfəət normasına demək olar ki,
tək-tük hallarda rast gəlinib. Adətən sığorta ödənişləri ilə sığorta yığımları
arasındakı fərq inkişaf etmiş ölkələrdə xeyli aşağı olur. Yəni dünya
təcrübəsində belə böyük fərq normal deyil. Hal-hazırda Azərbaycanda sığorta
bazarı öz inkişaf dövrünü yaşayır. Buna görə də, göstəricini yaxşı
qiymətləndirmək olar. Bazarın potensialı böyük olsa da, hələlik sığorta sahəsi
bizdə tam inkişaf etməyib. Mənfəətin böyük olmasının müxtəlif səbəbləri var. Əsas
səbəblərdən biri vətəndaşların sığorta hüquqlarını hələ də tam bilmədikləri ilə
bağlıdır. Böyük əksəriyyət sığorta haqqında az məlumatlıdır. Bu sahədə
maarifləndirmə işləri də zəif aparılır. Bölgələrdə insanların əksəriyyəti
sığorta haqqında məlumatsızdır. Hadisə olduğu zaman öz haqqını tələb etməyən
insanlar var. Bu da məlumatsızlıqdan irəli gəlir. Düzdür, son illər ərzində bu
sahədə inkişaf hiss olunur. Aparılan maariflənmə işləri sığorta ödənişlərinin
artmasına səbəb olur. İnsanlar yavaş-yavaş öz hüquqlarını öyrənir və sığorta
ödənişlərini tələb edirlər. Digər tərəfdən, sığortanın bütün növləri bizdə
inkişaf etməyib. Bəzi sığorta növləri var ki, zərəri az, yaxud yox
dərəcəsindədir. Hadisə tezliyi yüksək olan sığorta növlərinin zərəri o qədər də
böyük olmur. Məsələn, əmlak sığortasında hadisə tezliyi çox aşağıdır. Avtomobil
sığortasında isə hadisə tezliyi yüksəkdir. Əmlak sığortasının zərəri çox aşağı
olduğu üçün ödənişlər yığımlardan çox azdır. Sığorta bazarı inkişaf etdikcə,
aradakı fərq də azalacaq”.
İqtisadçı alim Vüqar Bayramovsöylədi ki, hər bir şirkət çalışır ki, illik mənfəəti böyük olsun: "Sığorta
şirkətləri, adətən çalışır ki, yığımlarla müqayisədə sığorta ödənişlərini daha
az həyata keçirsinlər. Dünya praktikasında belə mənfəət normasına çox nadir
hallarda rast gəlinir. Mənfəət normasının yüksək olmağı, sığorta xidmətlərinin
bahalı olması ilə bağlıdır. Sığorta ödənişlərinin az olmasının digər bir səbəbi
sığorta hadisələrinin az olması ilə bağlıdır. Nə qədər az sığorta hadisəsi baş
verirsə, şirkətlər o qədər az ödəniş həyata keçirir. Qeyd olunan rəqəmlər
şirkətlərin birbaşa əldə etdiyi gəlirin göstəricisidir. Bu göstərici ondan
xəbər verir ki, şirkətlər daha çox gəlir əldə ediblər. Beynəlxalq təcrübədə də
sığorta şirkətləri daha çox gəlir əldə etməyə çalışır. Amma dünya ölkələrində
sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq o qədər də böyük olmur.
Əslində 300 milyon böyük mənfəət normasıdır. Şirkətlər çalışmalıdır ki, sığorta
haqları əlçatan olsun. Daha uyğun sığorta haqlarının tətbiqinə ehtiyac var.
Sığorta haqlarının yüksək olması sığorta ödəmələrinə mənfi təsir göstərir. Bu
göstərici sığorta hadisələrinin az, sığorta haqlarının xidmətinin baha olması
ilə birbaşa bağlı olan məsələdir. Ona görə də, şirkətlər öz xidmətlərini
əlçatan etməlidir. Əslində bu hal da şirkətlərin daha böyük mənfəət əldə
etməsinə şərait yaranacaq. Xidmətlərin ucuz olması, vətəndaşların bu sahəyə
marağını daha da artıra və sığorta bazarını böyüdə bilər”.
Şəbnəm Mehdizadə